Əbülfəz Sadıqbəylinin məhkəməsində dövlət ittihamçısı vaxt istədi

Fevralın 27-də Qaradağ Rayon Məhkəməsində hakim Fuad Huseynovun sədrliyi ilə Müsavat Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli və digər iki nəfərəqarşı cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim əvvəlcə “Nikoyl Bankın” öz mülki iddiasından imtina etdiyi barədə ərizəni elan edib.

Daha sonra o, bildirib ki, iş üzrə təqsirləndirilən şəxs, Nikoyl Bankın keçmiş əməkdaşı Kamran Abbasov onun barəsində AR CM-nin 73-cü maddəsinin tətbiq olunmasını istəyib.

Lakin məhkəmədə məlum olub ki, bank işçisi həmin maddənin tətbiq olunması üçün zəruri şərtlərdən birini texniki səbəblərə görə yerinə yetirməyib. Bu maddənin tətbiq olunması üçün Kamran Abbasov dəyən ziyanın bir misli məbləğində dövlət nəfinə pul ödəməlidir. Xatırladaq ki, cinayət işinə səbəb olan arayışı Əbülfəz Sadıqbəyliyə Kamran Abbasov verib və o, məhkəmədə özünü qismən təqsirli bilib.

Kamran Abbasov deyib ki, o son günlər ərzində pulu ödəmək istəsə də, bankda vəsaiti qəbul etməyiblər. Hakim pulun hansı banka və hansı rekvizitlər əsasında ödənilməli olduğunu keçmiş bank işçisinə izah edib.

Daha sonra çıxış üçün söz dövlət ittihamçısına verilib. Lakin o, ödənişlə bağlı məsələnin tam həll olunmadığını bildirərək, çıxışa hazır olmadığını deyib.

Hakim Kamran Abbasova dövlət hesabına pul keçirmək üçün, dövlət ittihamçısına isə çıxışa hazırlaşmaq üçün 1 həftə vaxt verib.

Məhkəmə martın 6-da saat 11:30-da davam edəcək.

Prosesdə Müsavat başqanı Arif Hacılı, partiyanın bir qrup təmsilçisi, jurnalistlər və Əbülfəz Sadıqbəylinin yaxınları iştirak ediblər.

“Nikoyl Bankın öz iddiasını geri götürməsi fonunda martın 6-da Əbülfəz Sadıqbəyli azad oluna bilərmi?”

Jurnalistlərin bu sualını cavablanıdaran vəkil Osman Kazımov müsbət cavab verib. O qeyd edib ki, Əbülfəz Sadıqbəyliyə qarşı ittihamlar əvvəldən əsassız olub.

İttihama əsasən, Əbülfəz Sadıqbəyli yol polisinə “Nikoyl” bankının krediti ilə aldığı “Niva” markalı avtomobilə görə borclu qaldığı 5 min 100 manatın ödənməsi barədə saxta arayış təqdim edərək maşını öz mülkiyyətinə keçirib.

Müsvatçı gənc Cinayət Məcəlləsinin 178.2.4, və 320-ci maddələri ittiham olunur (dələduzluq və saxta sənəd hazırlayıb ondan istifadə etmək).

Əbülfəz Sadıqbəyli 2018-ci ilin noyabrında həbs edilib. Ayın 21-də Səbail Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Müsavat Partiyası bəyan edib ki, Əbülfəz Sadıqbəyli siyasi motivlərlə həbs olunub. Hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.