Əbülfəz Sadıqbəyli azadlıqda – Yenilənib

Bu gün, martın 6-da Qaradağ Rayon Məhkəməsində hakim Fuad Huseynovun sədrliyi ilə Müsavat Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli və digər iki nəfərə qarşı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Müşavirədən sonra – saat 17:30 hakimin elan etdiyi hökmə əsasən Əbülfəz Sadıqbəyli ittiaham edildiyi maddə üzrə təqsirli bilinib. Məhkəmə müsavatçı gəncin 11 ay müddətinə azadlığının məhdudlaşdırılması haqqında hökm çıxarıb və o, məhkəmə zalında azadlığa buraxılıb.

O, həbsdən çıxan kimi jurnalistlərə verdiyi açıqlamasında hökmü əsassız saydığını və apelyasiya şikayəti verəcəyini bildirib.

“İndi şərti olaraq azadlıqda olsam da, yaxından-uzaqdan heç bir əlaqəmin olmadığı cinayət işi üzrə siyasi sifarişlə 3 ay həbsdə saxlanmışam. Mənim müdafiəm üçün əziyyət çəkən hər kəsə minnətdarlığımı bildirirəm”, – deyə, Əbülfəz Sadıqbəyli bildirib.

***

Bu gün saat 11:30-da başlayan prosesdə dövlət ittihamçısı çıxış edib və Əbülfəz Sadıqbəylini ona elan edilən ittiham üzrə təqsirli bilinməsini və barəsində 2,6 ay müddətinə azadlığın məhdudlaşdırılması hökmünün çıxarılmasını istəyib.

Vəkil Osman Kazımov bildirib ki, bu, Əbülfəz Sadıqbəylinin məhkəmə zalından azad olunması deməkdir.

Hakim müşavirəyə gedib, məhkəmənin hökmü saat 14:00-da elan olunacaq.

Prosesdə Müsavat başqanı Arif Hacılı, partiyanın bir qrup təmsilçisi, jurnalistlər və Əbülfəz Sadıqbəylinin yaxınları iştirak edirlər.

İttihama əsasən, Əbülfəz Sadıqbəyli yol polisinə “Nikoyl” bankının krediti ilə aldığı “Niva” markalı avtomobilə görə borclu qaldığı 5 min 100 manatın ödənməsi barədə saxta arayış təqdim edərək maşını öz mülkiyyətinə keçirib.

Müsvatçı gənc Cinayət Məcəlləsinin 178.2.4, və 320-ci maddələri ittiham olunur (dələduzluq və saxta sənəd hazırlayıb ondan istifadə etmək).

Əbülfəz Sadıqbəyli 2018-ci ilin noyabrında həbs edilib. Ayın 21-də Səbail Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Müsavat Partiyası bəyan edib ki, Əbülfəz Sadıqbəyli siyasi motivlərlə həbs olunub. Hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.