Əfqan Muxtarlıya məhdudiyyətlər qoyulub

Hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlının bəzi məhdudiyyətlərlə üzləşdiyi bildirilir.
Sozcu.az xəbər verir ki, Bu barədə avqustun 24-də Əfqan Muxtarlı ilə telefonda danışan həyat yoldaşı Leyla Mustafayeva məlumat yayıb:

“Əfqan Muxtarlı deyir ki, saxlandığı 17 saylı cəzaçəkmə müəssisəsindən vəkil Nemət Kərimliyə zəng vurmasına icazə verməyiblər. Həmçinin, ona göndərilən kitab və pulu çatdırmayıblar”- deyə Leyla Mustafayeva qeyd edib.

L. Mustafayevanın sözlərinə görə, jurnalist ona qarşı təxribat ola biləcəyini ehtimal edir:

“Deməsinə görə, cəzaçəkmə müəssisəsində vəziyyət gərginləşib. Bir dostu ona poçt vasitəsilə pul gondərib. Verməyiblər, deyiblər ki, gələn həftəyə qaldı”.

Xanımı vurğulayıb ki, Elman Fəttahın müəllifi olduğu “Yeni avtoritarizm və Azərbaycan” kitabı da jurnalistə göndərilsə də verilməyib:

“İki həftədir saxlayırlar və qadağan olunmayan kitabı həbsxanaya buraxmırlar”.

Vəkil Nemət Kərimli isə bildirib ki, yaxın günlərdə Əfqan Muxtarlı ilə görüşüb bütün bu məsələlərə aydınlıq gətirməyə çalışacaq.