Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_kockunlerr.jpg
Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Komitəsinin növbəti iclasında dondurulmuş əmək haqlarının verilməməsi ilə bağlı məsələlər müzakirə olunub, bir sıra qərarlar qəbul edilib.

Sozcu.az xəbər verir ki, iclasda Müdafiə Komitəsinin üzvləri Akif Nağı, Əlövsət Sadıqlı, Akif Hüseynov, Könül Bəşirova, Vidadi Turablı, İradə Əliyeva və digərləri çıxış edərək fikirlərini bildiriblər. İclasda ötən həftə Nazirlər kabineti qarşısında piket keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə edilmiş müraciətə mənfi cavab verilməsi xüsusi olaraq müzakirə olunub. BŞİH-in cavabında məcburi köçkünlərə məsləhət görülüb ki, məsələni “daha sivil yolla həll etmək” üçün müvafiq dövlət qurumlarına müraciət olunsun. Müdafiə Komitəsində BŞİH-in bu cavabı müzakirə olunub, sonra isə aksiya keçirmək üçün təkrar müraciətin göndərilməsi qərara alınıb.

BŞİH-yə göndərilən təkrar müraciətdə göstərilir:

Biz, “Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Komitəsi”nin aşağıda imza edən üzvlərinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanununa uyğun olaraq, “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” 1994-cü il, 181 nömrəli qərarının II bəndinin icrasının qeyri-qanuni dayandırılması ilə müvafiq təhsil, səhiyyə və mədəniyyət işçilərinin hüquqlarının pozulması, onlara “dondurulmuş iş yerləri üzrə orta aylıq əmək haqları”nın ödənilməsinin qanunsuz olaraq dayandırılmasına etiraz olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin binasından azı 300 m. məsafədə piket keçirmək haqda qərar qəbul etmişik. Piketin 2017-ci il noyabrın 1-də, saat 12 00 dan- 13 00 dək 50 nəfərin iştirakı ilə keçirilməsi nəzərdə tutulur. Piket iştirakçıları müvafiq məcburi köçkünlərin hüquqlarının bərpa olunması, orta aylıq dondurulmuş əmək haqlarının ödənilməsinin bərpa olunması və yaxud onların ixtisaslarına uyğun işlə təmin olunması tələbləri ilə çıxış edəcək, buna uyğun şüarlar səsləndirəcək, plakatlar qaldıracaqlar. Piketin keçiriləcəyi yer kimi Şəhidlər Xiyabanından Nazirlər Kabinetinə tərəf düşən yolda səkinin bir tərəfində bir sırada düzülərək keçirilməsi və ya BMT-nin Azərbaycan üzrə Nümayəndəliyinin qarşısından Nazirlər Kabinetinə tərəf düşən yolda səkinin bir kənarında bir sırada düzülməklə keçirilməsi və ya Axundov bağında keçirilməsi tərəfimizdən məqsədə uyğun hesab edilir.

Bildiririk ki, aidiyyəti olan müvafiq dövlət orqanlarına, o cümlədən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Baş Naziri cənab A.Rasi-zadəyə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Ə.Həsənova problemlə bağlı dəfələrlə rəsmi müraciət edilib, lakin son 10 ayda nəinki problemin həlli istiqamətində hər hansı bir təşəbbüs göstərilib, hətta müraciətlərə cavab belə verilməyib.

Xahiş edirik ki, göstərilən ünvanların birində piketin keçirilməsi üçün qanunvericiliyə uyğun şəraitin yaradılması və təhlükəsizliyin təmin olunması üçün tapşırıqlarınızı verəsiniz.
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.