Xəbər lenti

rufatmuradli2.jpg
 Rüfət Muradlı

( Cumhuriyyətimizin 100 illiyinə silsilə yazılardan) 

Yanvarın 11-də Azərbaycan Xalq Cumhuriyyətinin Paris Sülh Konfransında tanınmasının 98-ci ili idi. Bir tikə çörək sorağında olub çiynində güzaranının ağırlığını gəzdirən əksəriyyət üçün adi təqvim günü kimi görünən 11 yanvar tarixi Azərbaycanın Dövlətçilik tarixinin mübaliğəsiz ən şərəfli və önəm kəsb edən səhifələrindəndir. Hətta bu dönəmin araşdırmaçıları 11 yanvarın yenicə ayaq tutan Azərbaycanımız üçün 28 May İstiqlal Günümüz , ya 15 sentyabr Bakının bolşevik daşnak ünsürlərindən təmizlənməsi günü qədər mühüm olmasına təkid edirlər. Amma əvvəlki illərdə olduğu kimi bu il də ölkənin bir qrup Cumhuriyyət dəyərlərinə sahib çıxan ziyalısı istisna olmaqla vətənimiz üçün taleyüklü sayılan bu günlə bağlı cəmiyyətdə yenə səssizlik müşahidə olundu. Özü də artıq ənənəyə çevrilən bu səssizlik 2018-ci ilin ölkə prezidenti tərəfindən "Cumhuriyyət ili"kimi elan olunmasından cəmi bir gün sonraya təsadüf etdi. Beləcə "Cumhuriyyət İli" Cumhuriyyətin ən önəm daşıyan günlərindən birinə bu şəkildə biganəliklə start götürdü. Analoji yanaşmaya dörd il öncə Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illiyində də şahid olduğumuz üçün təəcüblənməyin əbəs olduğu qənaətindəyəm. Amma özünü AXC-nin varisi hesab edən Azərbaycan Respublikasının hakimiyyəti və vətəndaşları üçün, özəlliklə dövlətimizin xarici siyasəti baxımından 1920-ci ilin 11 yanvar tarixinin önəmi haqda xatırlatmağı özümə borc bilirəm. 

1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinin açılışından bir ay sonra Parisdə 1-ci Dünya Savaşının qalib ölkələri tərəfindən və 27 ölkənin təmsil olunduğu Versal Sülh Konfransı çağırıldı. "Böyük dördlük" - ABŞ prezidenti Vudro Vilson, B.Britaniya baş naziri Lloyd Corc və Fransa baş naziri Jorj Klemanso və İtaliya baş naziri Vittorio Orlandonun əsas rol oynadığı bu konfransda məqsəd Almaniya və məğlub dövlətlərlə sülh müqavilələrini hazırlamaq idi. Bu hadisə Şərqdə bizə ilk Cumhuriyyət qürurunu yaşadan kişilər üçün Azərbaycan Xalq Cumhuriyyətini , onun sərhədlərini, ərazi bütövlüyünü Avropada tanındırmaq baxımından da böyük bir fürsət idi. Hələ 1918-ci ilin noyabrında Parlamentimizin sədri Əlimərdan bəy Topçubaşovun Antanta dövlətlərinin İstanbuldakı nümayəndələrinə göndərdiyi memorandumda Azərbaycanın ərazisi müəyyənləşdirilmişdi. Bu məsələ sonralar daha geniş şəkildə Paris Sülh Konfransına hazırlanan sənəddə də qeyd olunmuşdu. Ona görə də parlamentin ilk tədbirlərindən biri konfransa tam səlahiyyətli, geniş hüquqa malik nümayəndə heyəti göndərmək idi. Diplomatik missiyanın tərkibi elan olundu, çoxpartiyalılıq əsasında Azərbaycan Sülh Nümayəndəliyi yaradıldı. Əlimərdan bəy Topçubaşov nümayəndə heyətinin rəhbəri təyin edildi. "Müsavat" partiyasından Məmməd Həsən Hacınski və Ceyhun bəy Hacıbəyli, "Hümmət"dən Əkbər ağa Şeyxülislamov, Sosialist Partiyasından Məhəmməd Məhərrəmov, "İttihad"dan Miryaqub Mirmehdiyev, görkəmli fikir böyüklərimiz Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə isə konfransda bitərəf kimi təmsil olundular. Tam tərkibli heyət 1919-cu il yanvarın 4-də Bakıdan İstanbula yola düşdü. İstanbulda tam üç ay viza gözləyən heyətimiz müəyyən sorunlar yaşadıqdan sonra aprelin 22-də Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadəsiz İstanbulu Parisə doğru tərk etdilər. Nəhayət heyətimiz mayın 2-də Fransaya çatır. Azərbaycan Cumhuriyyəti hələ bundan sonra saysız haqsızlıqlar və əsassız iddialarla üzləşəcəkdi. Çünki həmin dövrdə qonşu Ermənistanın hərbi təcavüzünə və beynəlxalq aləmin təxribatlarına məruz qalan Azərbaycanda həm də ağır iqtisadi böhran və daxili qeyri-sabitlik hökm sürürdü. Bundan başqa, Azərbaycandan xeyli əvvəl Parisə çatıb orada güclü təşviqat aparan Ermənistan Versal konfransından Türkiyə, Gürcüstan və Azərbaycana ərazi iddiasını bildirmişdi. Birinci Dünya müharibəsində məğlub olan Osmanlı imperiyası hərbi qüvvəsini Cənubi Qafqazdan çıxarandan sonra ermənilər daha da fəallaşmış, ərazi iddiası ilə Versalda məsələ qaldırmışdılar. Qeyd etmək yerinə düşər ki, həmin konfransda irəli sürülmüş ərazi iddiaları və qaldırılmış sərhəd mübahisələrinə baxmayaraq, diplomatik nümayəndə heyətimizin gərgin siyasi mübarizəsi nəticəsində digər torpaqlarla bərabər Qarabağ bölgəsi də 27 dövlət tərəfindən de-fakto Azərbaycan Respublikasının ərazisi kimi tanındı.
Birinci Dünya müharibəsinin rəsmən başa çatdığını elan edən tarixi Versal Sülh Konfransı 15 fəsil 440 maddədən ibarət idi və bütün maddələr ABŞ, İngiltərə, Fransa kimi qalib dövlətlərin maraqlarına hesablanmışdı. Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan, Osmanlı imperiyası və Rusiya da müttəfiqlərinə xəyanət edən bolşevik rejimi kimi toplantıya dəvət edilməmişdi. Qalib dövlətlərin əsas məqsədi dünyanın gələcək aqibətini öz maraqları məcrasına yönəltmək idi. Almaniya 1914-cü il avqustun 1-dək olan ərazilərinin səkkizdə birini itirdi. Konfransda qaliblər məğlubları ən ağır, dözülməz və təhqiramiz şərtlərlə yüklədilər. Bu isə məğlub edilən dövlətlərdə və əsasən Almaniyada millətçiliyin güclənərək faşizmə keçməsinə, Rusiyada isə fəhlə-kəndli inqilabının proletariatın diktaturası ilə nəticələnməsinə təkan verən amillərdən biri oldu. Faktiki olaraq Versal müqaviləsi İkinci Dünya müharibəsini qaçılmaz edirdi.
Şərqdən qanadlanan kommunizm kabusundan vahimələnən Avropa və ABŞ Rusiyaya da ən ağır şərtlərini diktə etmişdilər. Təsadüfi deyil ki, Lenin bu müqaviləni ən yırtıcı, irticaçı və hətta qul müqaviləsi adlandırmışdı. Konfransda Rusiya iştirak etməsə də, "rus məsələsi" güclü yerdə dayanırdı, kommunizmin Qərbə yayılmaması, Şərqlə Qərb arasında mühafizə səddi kimi kordon dövlətlərin yaradılmasına qərar verildi. Çar Rusiyasının süqutundan sonra yeni müstəqil dövlətlər yaranırdı ki, bunlardan biri də Azərbaycan Xalq Cumhuriyyəti idi. Azərbaycan ilk dəfə idi ki, çətinliklə də olsa müstəqil dövlət kimi tarixi əhəmiyyəti olan beynəlxalq konfransda iştirak edirdi. Versal konfransı keçmiş rus imperiyasının ərazi bütövlüyünün tanınmasını nəzərdə tutsa da, xalqların öz müqəddəratını sərbəst təyin etmək prinsipini elan etmişdi. Bu isə Azərbaycana dövlət müstəqilliyini möhkəmləndirməyə imkan yaradırdı.
Parisə gəldikdən sonra nümayəndə heyətinin ilk mühüm işi "Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh Konfransına memorandumu adlı sənədi konfransın keçirildiyi ingilis və fransız dillərində hazırlayıb nəşr etdirmək oldu. 50 səhifə 14 bölmədən ibarət memorandumda Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, iqtisadiyyatı, müasir durumu haqqında ümumi məlumat toplanmışdı. ABŞ Prezidenti Tomas Vudro Vilson tamamilə ermənipərəst mövqeyi ilə tanınırdı. Hətta o, Ermənistan üzərində ABŞ-ın mandatını rəsmiləşdirmək üçün senata müraciət etmişdi. Lakin onun təklifi 1920-ci il iyunun 1-də ABŞ Senatında 21 səs leyhinə, 52 əleyhinə olmaqla rədd edilmişdi. Vilsonun düşüncələrinə görə, insan haqları deyəndə yalnız "Böyük Ermənistan və ermənilərin xilası" düşünülməli idi. Tarixi "Sevr müqaviləsi"ni tərtib edərkən VI bölmənin 86-cı maddəsinə əsasən Türkiyənin Ərzurum, Trabzon, Van və Bitlis əraziləri Ermənistana verilməli idi. Lakin həmin vaxt bütün cəbhə boyu hücuma keçən qəhrəman türk ordusu düşmən tapdağında olan ərazilərini təmizləyir və Vilsonun "Sevr anlaşması" cəmi iki həftə yaşayır.
Belə bir şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin Versalda nələrlə üzləşəcəyini düşünmək çətin deyildi. Lakin ABŞ Prezidenti Vilson yaxşı bilirdi ki, kommunizm kabusu Qərbdən daha sürətlə Qafqaza yayıla bilər. Bu amilə görə o da, Avropa dövlətləri də Azərbaycanın müstəqilliyinin tanınması istiqamətində müəyyən addımlar atmaq məcburiyyətində idilər. O, konfransda rəsmi şəkildə Azərbaycan məsələsini gündəmə gətirdi və cümhuriyyətin nümayəndə heyətini rəsmən tanıdığını bəyan etdi. ABŞ, Böyük Britaniya, Fransa və İtaliya hökumətlərinin iştirakı ilə Dördlər Şurasının iclasında Azərbaycan məsələsi müzakirə olundu. Tarix elə gətirdi ki, 1919-cu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin birinci ildönümünü nümayəndə heyəti Parisdə qarşılamalı oldu. ABŞ Prezidenti Vilson Ə.Topçubaşov başda olmaqla nümayəndə heyətini bu münasibətlə şəxsən qəbul etdi. Topçubaşov ABŞ Prezidentinə Azərbaycan haqqında geniş məlumat verdi, ölkənin sülh konfransından istədiklərini yazılı şəkildə ona təqdim etdi. Altı bənddən ibarət olan sənəddə Azərbaycanın müstəqilliyinin tanınması, Vilson prinsiplərinin Azərbaycana da şamil olunması, Azərbaycanın da Millətlər Cəmiyyətinə qəbul olunması, ABŞ Hərbi departamentinin yeni müstəqilliyini qazanmış dövlətə yardım etməsi öz əksini tapır. Nümayəndə heyəti ABŞ-la Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasını xahiş etsə də, müsbət cavab almır. Dünyanın Azərbaycanın maraqlarına laqeyd yanaşmasına baxmayaraq, milli hüquqlarının tam qətiyyətlə müdafiəsinə qalxan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi xadimləri bir çox çətinliklərdən sonra 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında ilk uğuru əldə edir. Qeyd etmək yerinə düşər ki, Osmanlı ilə sotun yaşayan Ermənistanın tanınması isə yanvarın 19-dək uzanır. Versal Ali Şurasını təşkil edən müttəfiq ölkələr yekdilliklə Azərbaycan dövlətini tanıdıqlarını bəyan edirlər və bu barədə Topçubaşova konfransın rəsmi sənədi təqdim olunur. Görkəmli siyasi xadim Parisdən Azərbaycan Xalq Cumhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəyliyə yazırdı: "Siyasət qədər dəyişkən və çox elastik heç nə yoxdur, bizim də azad və müstəqil yaşamaq ümidlərimizin möhkəmləndiyi bir dövr başlanır. Biz heç vaxt ümidimizi itirmirdik. Ona görə də belə hərəkət edirdik ki, xalqımızın müstəqil yaşaya biləcəyinə, hər hansı yolla olursa-olsun müstəqillik əldə edəcəyimizə inanırdıq. Belə dəyərli xoşbəxtliyin çətinliyindən biz heç vaxt çəkinməmişik, çəkinməyəcəyik də. Çünki biz bu səadətə bərabər olan heç nə tanımırıq".
Dövlətin tanınması Azərbaycan nümayəndə heyətinə Versal Sülh Şurasının müxtəlif, o cümlədən hökumət başçıları səviyyəsində keçirilən iclaslarında rəsmən iştirak etmək, öz hüquq və ehtiyacları haqqında danışıqlar aparmaq imkanı vermişdi. Nümayəndə heyəti o dövrün beynəlxalq səhnəsində həlledici təsirə malik olan siyasi xadimlər - Lloyd Corc, Klemanso, lord Kayzen, Çerçil, Vilson, Foş və digərləri ilə konfransın bütün iclaslarında bir yerdə oturmaq, onlarla müzakirələr aparmaq imkanı qazanmışdı. Sonda bu müzakirələr müttəfiq dövlətlər tərəfindən Azərbaycana yardım göstərilməsi haqqında qərarın qəbul edilməsi ilə nəticələndi. Böyük Britaniyanın dövlət xadimi lord Kayzen Azərbaycanın dövlət müstəqilliyini qorumaq məqsədilə ona yardım göstərilməsini təklif etmişdi. O, 1920-ci ilin əvvəllərində İngiltərə parlamentində azərbaycanlılara və Anadolu türklərinə qarşı ermənilərin törətdikləri vəhşiliyi dünyaya bəyan etmiş, çıxışını belə bitirmişdi: "Mənə elə gəlir ki, siz erməniləri 8 yaşında təmiz və məsum bir qız zənn edirsiniz. Bu fikirdə çox yanılırsınız. Halbuki ermənilərin son vəhşi davranışları ilə nə qədər qantökən olduqlarını özləri büsbütün isbat etmişlər". Sonralar Azərbaycanın Paris Sülh Konfransında iştirak edən nümayəndə heyəti lord Kayzeni həmişə böyük hörmətlə xatırlayırdılar.
Nümayəndə heyətimizin beləcə bir illik keşməkeşli, fədakar fəaliyyəti müsəlman şərqində doğan Azərbaycan gerçəyinin dünyada tanınması ilə sonuclandı. Başda Əlimərdan bəy Topçubaşov olmaqla nümayəndə heyətimiz Sülh Konfransında o qədər aktiv və əsaslı faktlara söykənən fəaliyyət sərgilədilər ki, iştirakçılarda hətta Qafqaz Respublikalarından yalnız Azərbaycanın öz imkanları hesabına yaşaya bilməsi qənaəti hasil edildi. Artıq yanvarın 14-də Azərbaycan Parlamenti 11 yanvar tarixinin önəmini nəzərə alaraq tətil günü kimi elan etdi. Düz 98 il öncə dövlətçiliyimiz və xarici siyasətimiz üçün bu şərəf tarixi yazıldı.
Sual doğa bilər ki, bəs nə üçün bir neçə ay sonra Azərbaycanın işğalına dünyanın reaksiyası olmadı? Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyəti yaxınlaşan "qırmızı təhlükə"ni nəzərə alaraq Antanta ölkələrindən yardım, əslində Rusiyadan müdafiə olunmaq üçün 60 minlik hərbi qüvvə istəyini irəli sürür. Lakin yenicə müharibə alovundan çıxan , milyonluq tələfat verən və yorğun Avropa üçün yenidən Rusiya ilə müharibə yaşamaq iştirakçılar tərəfindən məqbul sayılmadı. Nəzərə alsaq ki, o dönəmdə heç beynəlxalq hüquq da bu günkü şəkildə yerinə oturmamışdı. Amma inkar edilməz faktdır ki, Azərbaycan Xalq Cumhuriyyətinin iki illik varlığı belə Sovetlər tərkibində müttəfiq respublika kimi də olsa mövcudluğunu saxlamasına səbəb oldu. Necə ki, sonralar Stalin " Bizi federativ dövlət quruluşu yaratmağa vadar edən, Qafqazda yaşanan milli dövlət istəyi oldu" demişdi. Gerçəkdən Azərbaycan Cumhuriyyətini ərsəyə gətirən başda Məhəmməd Əmin Rəsulzadə olmaqla sayı heç 100 nəfəri keçməyən o fədakarların simasında biz milli dövlətçilik istəklərinin nə qədər önəm daşıdığının , nə qədər müqəddəs olduğunun tarixin müxtəlif səhnələrində şahidi olduq. Əlimərdan bəyin hətta Cumhuriyyətin süqutundan sonda Lozanna və Genuya konfranslarındakı fəaliyyətləri də bir əsr öncə bizə fəxr yaşadanların yüksək dövlətçilik düşüncəsinin və vətəndaş mövqeyinin göstəricisi sayıla bilər. Bu günün pəncərəsindən bir əsr öncəyə nəzər salanda 23 aylıq mövcudluğu ilə Şərqdə Cumhuriyyət ənənəsinin əsasını qoyan AXC-nin meydana çıxmasında əməyi olan hər bir fərdin fədakarlığına heyran olmaya bilmirsən. "11 yanvar" fatehlərinin Paris Sülh Konfransında Azərbaycan adına imza atdıqları böyük uğur isə bu günümüzün diplomatları üçün əvəzsiz bir nümunə, mühüm təcrübə məktəbi sayıla bilər. Yetər ki, Cumhuriyyətimizə "konyuktur eynəyi" ilə deyil, dəyər ölçüsü kimi baxaq, o dəyərlərə inanaq və sahib çıxaq!
Sozcu.az

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.