Xəbər lenti

elsennbvvnvnvn.jpgElşən Əlisoy

Əbülfəz Elçibəy haqqında “Sənə bir daş atar yerindən duran” yazan şairi BƏY-ə və Azərbaycana daş atanlarla bir yerdə görmək üzür adamı.

Nəsə son zamanlar ümid gözlədiklərimizin çoxusu ümid işığını söndürməklə məşğuldur...

Hardasa bircə dəfə təsədüfən qarşılaşıdğımız günü "Tanrının bizə mükafatı" kimi dəyərləndirdiyimiz Ramiz Rövşən, Leyla Əliyevanın Qəbələdə yerləşən "Heydər Əliyev" konfrans zalındakı poeziya axşamında Heydər Əliyevlə İlham Əliyevin diqqət və qayğısından bəhs edən filmi izləyir.

Çıxışın dinləməmişəm. Heç axtarmadım da...

Ramiz Rövşənin cavabını öz şerində tapdım:

“Mən belə adamam məndən uzaq gəz
Uzaq gəz xeyirimdən, şərimdən mənim”

Düşünürəm ki, niyə bizim ziyalılarımızn iradəsi, arxalarınca ümidlə yürüyən sadə insanlar qədər olmur? Axı illərdir ki, aclıq, səfalət içində azadlıq və haqq uğrunda yürüyən bu sadə insanların adları heç tarixin bir küncündə belə olmayacaq. Axı bu sadə insanlar öz qanları ilə bu insanları ucaldıblar.

Ramiz Rövşən qaçdı, onu sevən gözlərdən qaçdı. Həm də könüllü olaraq...

Qaçdım məni sevən gözlərdən daha
Hamının sevgisi gözündə qalsın
Ev tikən deyiləm sözlərdən daha
Qoy hamı o çölün düzündə qalsın

Bir dəfə Rasim Balayev onu qınayanlara belə cavab vermişdi:

- Mən qəhrəman deyiləm axı, qəhrəmanları oynamışam: “Mən filmdə Nəsimini, Babəki, Beyrəyi oynamışam, amma həyatda faktiki mən Nəsimi, Babək, Beyrək deyiləm axı”.
Əslində Rasim Balayevin bu cavabı səmimi bir etiraf idi: “Bu o demək deyil ki, mən həyatda Babəklik, ya da Nəsimilik etməliyəm”.

Bəli,düşdüyümüz facilərdən biri də, Nəsimini oynayan aktyordan Nəsimilik gözləməyimiz, “Özümə bir Vətən düzəldəm gərək, Bundan da mehriban, bundan da qəşəng” yazanlardan Vətən bənnalığı ummağımızdır.

Mən şer əzbərləyə bilmirəm. Heç Ramiz Rövşənində şerlərinin çoxunu əzbərdən bilmirəm. Ancaq nədirsə,məndə heç özümə də məlum olmayan bir hissdir Ramiz Rövşən sevgisi.

“ZİYALI” kəlməsini dilimə gətirəndə bu kəlməni Ramz Rövşənsiz təsəvvür edə bilməyənlərdən biriyəm mən.

Ancaq Ramiz Rövşən mənə və mənim kimilərə şeri ilə cavab verib, sadəcə anlamamışam.

Yox heykəl ummuram bu yer üzündə
Mənim daş olmağa yoxdu həvəsim
Daş olub lap ulu Füzulinin də
yanında durmağa yoxdu həvəsim.

Bəli, şair bunu çoxdan deyib. Sadəcə sevgi gözlərimizi elə tutub ki, gerçək gözümüzə görünmür.

Nəysə, daha bir ümid, daha bir sevgi məzara çömüldü,. Həm də adsız və baş daşısı olmayan bir məzara...

Bunu da şair özü deyib:
Milyon-milyon qəbir varsa,
Bir qəbirsiz şair varsa…
Üzündə bir sağ yer varsa,
Dünyanın tfu üzünə..!
 
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.