Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_rufetmuradli1.jpg
 Rüfət Muradlı

Uzunillər yaddaşlardan silinməyəcək qədər dəhşət saçan, atanın öz oğlu ilə öz dörd övladını və xanımını öldürərək öz yaşadığı evin zirzəmisində basdıraraq gerçəkləşən insanlıq faciəsi neçə gündür ki, ölkə gündəmini məşğul etməkdədir. Doğulub boya başa çatdığım Salyan üçün isə gerçəkdən inanılmaz bir şok effekti yaradıb bu faciə.. Ənənələrə bağlı, məhəllələrdə insanlar arasında sayğının hökm sürdüyü, ən önəmlisi də əsasən hər kəsin bir birinin əsl nəslini tanıdığı Salyanda bu faciənin baş verməsi salyanlılar üçün həm də təəccüb doğurdu. Qatil - manyak gerçəkdənmi Salyan mühitində yaşayıb? Bu adam belə bir vəhşiliyə necə imza atıb? Salyanda bu anadək belə adamın mövcudluğu haqda yəqin ki, indi hər kəsin düşüncəsində suallar dolaşmaqdadır. Amma dəyişməyən acı bir reaallıq var. Təəsüflər olsun ki, cəmiyyətimiz artıq bu cür valideyn və övlad qatillərilə , sadist Fərhadlarla tez tez rastlaşmaqdadır. Niyə? Bu nədən qaynaqlanır? Bu suallara verilən ilk cavablar biri də yəqin əhalinin çətin iqtisadi durumu ilə bağlı olacaq. İqtisadi çətinliklərin ölkəni öz burulğanında boğduğu mövcud durumda insanımız bir də qanunsuzluq, cəzasızlıq gerçəyi ilə üz üzədir. Təpədən dırnağadək rüşvət içində çabalayan hüquq mühafizə sistemimiz haqda isə uzun uzadı danışmağa gərək duymuram. Zatən görünən kəndə heç bələdçi də gərəkməz. Qayıdaq məşum qətl olayına.
Qətlin həyata keçirildiyi, eyni zamanda "soyqırım" yaşayan ailənin uzun illər məskunlaşdığı "Zavod" məhəlləsi ilə müəəyən qədər tanışlığım var. Salyan Pambıqtəmizləmə Zavodunun ətrafında yerləşən küçələrə ümumi olaraq Zavod məhəlləsi adı veriblər . "Zavod" uşaqları əsasən mənim də təhsil aldığım 4 saylı məktəbdə oxuyardılar. Ona görə o məhəllədə tanışlarım az deyil. Müəllimlərim, sinif yoldaşlarım da o cümlədən.. Sözümün intəhası isə yenə qətllə bağlıdır. Necə olur ki, 2014-cü ildə baş verən və insanlığa sığmayan bu qətl bu anadək açılmamış qalmışdır? 2015-ci ilin noyabrın 1-də keçirilən parlament seçkilərində Salyan 59 saylı seçki dairəsindən deputatlığa namizəd kimi mən də iştirak etdim. Təvazökarlıqdan uzaq olsa da rayonumun tarixində öz unikallığı ilə seçilən və insanımızda ümid qığılcımları yaradaraq onların seçki məntəqəsinə getməsinə səbəb olan bir kampaniya apardıq. Təsadüfi deyil ki, noyabrın 1-də baş tutan seçkidə mənim favorit məntəqələrimdəm biri , bəlkə də birincisi məhz qətlin törədildiyi Zavod məhəlləsində yerləşən 10 saylı məntəqə seçki komissiyası idi. Baş verən qətl olayı yaddaşımda seçki günü orada - Zavod məhəlləsində baş verənləri bir daha canlandırdı. Mənim müşahidəçim Vahid bəy seçki günü bir yaşlı qadının plaşının altından 34 ədəd bülleten aşkar edərək mənə zəng vurmuşdu. Mən də dərhal oraya getdim. Ora çatarkən məlum oldu ki, bu saxtakarlıq məhz məntəqə sədrinin istəyilə baş tutub. Mən məntəqə sədrindən bu əməlin cinayət olduğunu bilirsinizmi? - deyə soruşduğumda Zavod məhəlləsinin sahə müvəkkili seçki məntəqəsinə daxil olaraq qapıları bağladı və hər kəsi bayıra çıxardı. Polis zabiti daha bir cinayət törədərək seçkimprosesini əngəlləyirdi. Bir anın içərisində polis rəisinin müavini və onlarla əməkdaş, DSK sədri və müavinləri o məntəqəyə gəlib olaya müdaxilə edərəkmbizi oradan uzaqlaşdırmağa çalışdılar. Mən isə israrla məntəqədəki seçkinin nəticələrinin ləğv edilməsini tələb edirdim. Hər şey ondan sonra baş verdi. Bir neçə saatın içində məntəqədəki müşahidəçinin qardaşı və mənim başqa bir qohumuma həbs ediləcəklərilə təhdidlər başladı. Mənim polisinin seçkidəki qanunsuzluqlarla bağlı ortaya qoyduyu iradə isə ikrah doğururdu.Hər halda bu iyrənc səhnəni yəqin ki, seçkilərə qatılan hər kəs təcrübə etmişdir. Amma Zavod məhəlləsində baş verən bir seçki saxtakarlığına anında reaksiya verib hərəkətə keçən polisin 5 günahsız insanın ölümünə üç il boyunca bu şəkildə məsuliyyətsiz, səhlənkar yanaşması qəbul ediləsi deyil. Dönəmin hüquq mühafizə orqanlarının, özəlliklə sahə müvəkkili, cinayət axtarış bölməsi təkcə Salyanımızın deyil, bütövlükdə Azərbaycanın adına qara ləkə olan bu insanlıq cinayətinə görə birbaşa məsuliyyət daşıyırlar. Əgər bu ölkədə qanunlar azacıq da olsa işləyirsə, qanımızı donduran bu cinayətə görə təkcə Fərhad, ya Fəqan deyil, üç il boyunca o vəhşilərin Salyanın havasını udmasına səbəb olanlar da haqq etdikləri cəzaya çatmalıdırlar.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.