Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_sexavett.jpgSəxavət Tağlar

(Təçrübəli təhsil təşkilatçısı, kamil ağsaqqal Barat Həsənovun əziz xatirəsinə)

Səkkiz il əvvəl! ...5 dekabr 2009 ci il! Günorta saat iki olardı. Imişli TŞ-nın məsul işçisi Əlmirzə Şirinovun gözlənilməz zəngi... Sızıltı və üzüntü ilə verdiyi bir xəbər- Barat müəllimin, kamil bir ağsaqqalın, bir məktəb rəhbərinin dünyasını dəyişməsi xəbəri gözlərimdən od çıxardı, vücudumu silkələdi...
... Həkimxan müəllimlə (Muradxanlı kənd tam orta məktəbinin direktoru) kənd qəbirsanlığında, dəfn mərasiminə çatdıq. İlahi, bəd xəbər nə yüyrək, nə iti olur. Barat müəllimi sevən, ona yanan bütün insanlar hamsı burada idi. Bir kəndin, bir elin kamil bir ağsaqqalı, kamil bir ziyalısı ilə son vida anına gəlmişdilər. Hər kəsin də üz-gözündə kədər, qəm-qüssə. Fəryadlı insanların içində mərhumla uzun illər çiyin-çiyinə işləmiş dostları Səlim Məhərrəmovu, Əli Nəcəfovu daha təlatümlü gördüm. Zənn etdim ki, onlar da mənim kimi düşünür: Sənə nə oldu, Barat müəllim!

...Bacısı Nərgizin sızıltısı, fəryadı ərşə çəkilmişdi:

Əzizim qara, qardaş!
Ürəyim yara, qardaş,
Bizdən ayrılıb bu gün
Gedirsən hara, qardaş?!

Bu sızıltını, bu itkini, bu fəryadı İmişli rayonunun Boşçallar kənd tam orta məktəbinin müəllim-şagird kollektivi, üzüntüdə iştrak edən hər kəs yaşayırdı...

Həsənov Barat Səhliyalı oğlu 1942 ci ildə İmişli rayonunun Boşçallar kəndində anadan olub. BDU-nın tarix fakultəsini bitirdikdən sonra doğulub boya-başa çatdığı kənddə müəllim, dərs hissə müdiri, məktəb direktoru kimi fəaliyyət göstərib. Onun yüzlərlə şagirdi elm, təhsil, mədəniyyət, səhiyyə və kənd təsərrüfatının müxtəlif sahələrində şan-şöhrət sahibidirlər. Respublikamızda iqtisadiyyatın yüksəlməsində, onun dinamik inkişafında öz töhfələrini verillər. Hər kəsin də qəlbində Barat müəllimin xatirəsi əbədidir, tükənməzdir, əzizdir.
b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_berattt.jpg
... Sadəlik, təvazökarlıq, əməksevərlik Barat müəllimin ən yüksək keyfiyyətlərdən idi. O, həmişə öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirər, dostluqda, yoldaşlıqda kollektivçilikdə etibarı ilə seçilərdi. Kim bilir, bəlkə elə bu keyfiyyətlərdir onu İmişlinin pedaqoji ictimaiyyətinə, rəhbərlik etdiyi kollektivə və ümumən, tanıyanlarına, ünsiyyətdə olduğu hər kəsə sevdirən. Kim bilir... Kim bilir...

... Onu bilirəm ki, yaxın dostu Vahid Tağıyev (TŞ-nın müdir müavini) bu itkiyə dözmür, “bu itki təhsilmizin, ziyalılığmızın itkisidir” deyir:
­- Uzun illər Barat müəllimlə isti münasibətim olub. Onu həmişə sədaqətli, işgüzar, əqidəsi-amalı təmiz görmüşəm. İşində diqqətcil, məsuliyyətli idi. Parlaq xatirəsi həmişə qəlbimizdə yaşayacaq!

Yaxın dostu, sirdaşı Əli Nəcəfov (Buludlu kənd tam orta məktəbinin direktoru) qəhər və göz yaşları ilə danışır:
--Dosluqda, yoldaşlıqda Barat müəllim mənim üçün zirvə idi! Ucalıq idi! Məsləhət yeri idi! Amansız əcəl onu əlimizdən tez aldı... Mən bu itkini əbədi olaraq yaşayacağam.
Əlimdə qələm ikən düşünürəm. Barat müəllimlə bağlı xatirələr birmi-ikimi. Hansını yazım, hansını dilə gətirim. O qədər şirin söhbətləri, ağıllı məsləhətləri olub ki...
Şöbə müdirimiz Ramiz Əmirov sənin xətrini necə istəyirdi, sənin yolunu necə saxlayıdı?! Onun təcrübəli bir məktəb rəhbəri, həssas bir insan itkisinə yanımı daha qabarıqdır. Sizin hüznlü gününüzə məzuniyyətdən qayıtdı! Övladlarnıza təsəlli verdi, bizə təsəlli verdi!

...Nə edək , işinə əl uzada bilmədiyimiz UluTanrının məsləhətinə! Hökmünə! Ona şükür ki, Fərahim kimi, Sabir kimi, Niyaməddin kimi, ağıllı və Barat müəllimin tərbiyəsilə böyümüş övladlarınız var. Onlar səkkiz ildir sizsiz günlərin acısını yaşayırlar, ağrısını çəkirlər. Biz də onlarlayıq, biz də doğmalarınla birlikdə bu acını, bu ağrını yaşayırıq. Bacın oğlu, kürəkənin, dostumuz Qaməddin Şükürovla Sizin Boşçallar kəndinin ziyalılığından, təhsilimizin inkişafından, yol verilmiş nöqsanlardan və ürəyimizi üşüdən çatışmamazlıqlardan tez-tez söhbət açırıq. Hər dəfə də yerin göründüyü dilə gəlir... Həmişə ruhun qarşısında hesabatlı olacağıq. Həmişə əziz xatirəni uca tutacağıq, Barat müəllim! Allah sənə rəhmət eləsin! Qəbrin nurla dolsun, Barat müəllim!

Bölmənin digər xəbərləri

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.