Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_rufett.jpgRüfət Muradlı

Sentyabrın 25-də İraq Kürdüstanı müstəqillik referendumu keçirmək niyyətindədir. Baxmayaraq ki, rəsmi Bağdad bu addımı ölkənin ərazi bütövlüyü üçün təhlükə adlandıraraq qınayıb. Şübhəsiz indi referendumun təxirə salınmasına çağıran ABŞ da vaxtilə İraqı de fakto parçalayıb Şimalda Kürd İqlimi - Adminstrasiyası yaradanda kürdlərin bir gün dövlət iddiasının böyüyəcəyini də gözəl bilirdi, əslində bu ideyaya ilham verən də elə məhz qərbin özü idi. Təəsüf ki, Türkiyə və Azərbaycan olaraq biz də qərbin Orta Şərqlə bağlı planlarının məcrasını yalnız seyr etməklə kifayətləndik. Halbuki 2020-ci ilədək Yaxın Şərqin xəritəsinin yenidən cızılacağını sezməmək yalnız sadəlövhlük ola bilərdi. Amma haqlı olaraq belə bir sual ortaya çıxır. Vaxtilə İraqa hücumu qadağan edən 2 mart təzkirəsinə görə Türkiyəni də "cəzalandırmağı" düşünən Ağ Ev öz demokratiya prinsiplərinə adekvat olmayan şəkildə təpədən dırnağadək silahlanan kürdlərə yardım etdiyi halda illərdir İranda sivil, demokratik mübarizə aparan Azərbaycan türklərinin durumuna nədən maraq sərgiləmir? Dövlətsiz kürdlərin dövlət yaratması üçün İraqı parçalayacaq qədər israrlı olan qərb görəsən nə səbəbə görə ötən əsrin 20-ci illərinə qədər İranda daim dövlətin başında qərar tutan, bir sözlə dərin dövlətçilik ənənəsinə sahib Güney Azərbaycan türklərinin taleyinə bu qədər biganə qaldı? Sualın cavabını tarixdə aramaqla bəlkə də müəyyən sonuclar ala bilərik. Amma yanlışlarımızdan qaynaqlanan və bu gün etiraf edəcəyimiz məqamlar da az deyil. Yəni biz Güneyli, Quzeyli Azərbaycan olaraq bölünmüş millət olduğumuzu dünyaya yetərincə çatdıra bildikmi? Haqqımızın bəşəriyyətə tanınması yolunda kifayət qədər lobbiçilik fəaliyyəti göstərə bildikmi? Dünyanın dörd bir nöqtəsində milli mübarizə yolunda fəaliyyət göstərən soydaşlarımızın birliyinə nail olduqmu? Quzey Azərbaycan olaraq Güneyin sorunlarına nə qədər maraq göstərdik və yardım etdik? Güney Azərbaycandan cəlayi vətən olub Avropa və Amerikaya mühacirət edənlər öz aralarında fikir ayrı seçkiliyindən qurtulub bir masa arxasında əyləşərək illərdir yaşadıqları soruna çözüm yolu aradılarmı? Yəqin ki bu kimi analoji suallar uzana bilər.

Əgər yanılmıramsa Güney xaricində siyasi fəaliyyət göstərən fərd və qurumların son dəfə bir araya gəlməsi 2014-cü ilin martına təsadüf edir. Ondan öncəki Amsterdam və Brüssel toplantılarından sonra bir birlərinə qarşı ağır ittihamlarda bulunan ( təəsüflər olsun) bəzi Güneyli soydaşlarımız nəhayət incikliyi kənara qoyub 2014-cü ilin mart ayının 15-də Kopenhagendə bir araya gələrək Güney Azərbaycanın keçici Mühacirət Parlamentinin yaradılması haqda bəyannamə də imzaladılar. Şübhəsiz bu heyət Güney adına bütün qrupları əhatə etməsə də, ilkin mərhələ üçün , özəlliklə incik tərəflərin əl sıxışması acısından qənaətbəxş sayıla bilərdi. Təəsüflər olsun ki, Güneyli , Quzeyli soydaşlarımız arasında böyük sevinc və qürur hissilə qarşılanan bu olaya reaksiyalar da birmənalı olmadı. Yaxşı xatırlayıram. İlk öncə toplantıya dəvət olunmayanların etirazı yüksəldi. Bəziləri sanki "Güney Azərbaycanın istiqlalı üçün Təbrizdə seçki keçirilib və bəziləri haqsızlıqla seçki siyahısına daxil edilməyib" kimi ironiyaya səbəb olacaq bir tablo yaratmışdı. Elə o günlər Keçici Parlamentin yaradılması haqda qaldırılan iddialar öz önəmini itirdiyi bir zamanda 15 mart bəyannaməsinə imza atarkən "imzasına sahib çıxmayan şərəfsizdir!" deyə həmin toplantı iştirakçılarına xitab edən başqa biri də gözlənilməz şəkildə mövqe dəyişərək 9 nəfərlik işçi qrupunun fəaliyyətini əngəlləməyə başladı. Həmin şəxs hətta 15 mart toplantısında bəzi məqamların gizli qalması haqda alınan sonucları da ayaq altına qoyaraq 2014-cü ilin aprel ayından başlayaraq əlindəki media imkanlarından istifadə edərək uzun illərdən sonra güneyli soydaşlarımızın əldə etdiyi uğura qarşı çıxış etməyə başladı. Beləcə Güney Azərbaycan insanının, soydaşlarımızın böyük ümid bəslədiyi Mühacirətdə Keçici Parlamentin yaradılması əleyhinə başlanan hücum getdikcə daha da şiddətləndi. Sonucda proses səngidi və dayandı. Halbuki o toplantıya qatılanlar yaxşı bilirdilər ki, Kopenhagen iclası Orta Doğudakı proseslərin fəallaşdığı, İraq və Suriyadakı olayların səngimədiyi bir zamanda Güney Azərbaycan üçün həyati önəmə malik toplantılatdan biri idi və ilk oturumda uğurlu sonuca da varmışdı. Lakin Güney Azərbaycanla bağlı keçirilmiş əvvəlki görüşlərin, toplantıların uğurlarını əngəlləyən məlum qüvvə yenə də boş dayanmadı və öz işini gördü. Sonucda Güney üçün daha bir şans əldən verildi. Halbuki beynəlxalq arenada , mötəbər qurumlarda Güney Azərbaycan adına təmsilçilik haqqının bir qrup ya fərd tərəfindən irali sürülməsi əvəzinə , bu hüququn Müvəqqəti Mühacirət Parlamenti adına təyin edilməsi daha təsirli olmazdımı?! Beynəlxalq qurumlara "Biz də 35 milyonluq Güney Azərbaycan olaraq öz dilimizdə yaşamaq, yaratmaq, öz dövlətimizi belə qurmaq haqqına malikik!" mesajının bir parlament ya məclis qrupu tərəfindən təqdim edilməsi daha effektif sonuca səbəb olmazdımı?! Təəsüf ki, bu fürsət də itirildi. Təsəvvür edin , həmin qurum formalaşsaydı 2014-cü ildən ötən üç ildən artıq bir zaman kəsiyində Güney Azərbaycanla bağlı nə qədər təsirli addımlar ata bilərdi. Nə yazıq ki, 35 milyon soydaşımızın taleyinə uzanan qara əllər bu dəfə də , özü də sapı özümüzdən olan baltaların köməyilə önəmli bir prosesi əngəlləməyi bacardı. Halbuki, Orta Şərqdə baş verənlər kontekstində soydaşlarımızın bu addımı çox vacib və önəmli idi. Necə ki, uzun illər İraq kürdləri, Türkiyədə və İrandakı soydaşları ilə kordinativ şəkildə çalışaraq öz millətləri üçün uğura gedən yolu hamarlamışlar və bu gün artıq onun bəhrəsini görməkdədirlər. Amma təəsüflər olsun ki, Güney Azərbaycan adına atılan hər bir addım isə prosesin daxilindən, daha korrekt ifadə etsən prosesə yerləşdirilmiş ünsürlər vasitəsilə tormozlanmaqdadır. Və həmin ünsürlər ifşa olunmadıqları sürəcə prosesə təmənnasız dəstək verən və perspektiv vəd edən hər kəsi ləkələməklə Güney Azərbaycan hərəkatından uzaqlaşdırmağa ciddi cəhdlə çalışırlar. Sonuc isə göz önündə..

Bu gün Güney Azərbaycanın qonşuluğunda yeni, Urmunu, Xoyu, Qoşaçayı, Makını, Səlması, hətta Təbrizi belə hədəf ala biləcək, Naxçıvana da ərazi iddiası irəli sürən Kürdüstan adlı dövlət yaradılmaqdadır. Düşünürəm ki, bu olay Güney Azərbaycan üçün növbəti həyəcan təbili hesab olunmalı və prosesə adekvat addımlar atılmalıdır. Əks halda heç uzaq perspektivdə belə Güney Azərbaycan adına hər hansı pozitiv dəyişiklik olacağı real görünmür.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.