Xəbər lenti

elsenelisou34.PNGElşən Əlisoy

"Azəri-Çıraq-Günəşli" yatağının  2050-ci ilədək işlənməsi üzrə müqavilə imzalanması ilə Azərbaycanın Qərbdən umduğu demokratiya ümidini elə həmin neft borularının içi ilə də buraxdılar dənizin dibinə.

Azərbaycan hakimiyyəti haqqında ABŞ və Avropa mətbuatında yazılan "ifşaedici" araşdırma yazılarından sonra bu müqvilənin imzalanması bir daha göstərdi ki, siyasətdə humanizm anlayışı deyilən bir anlayış yoxdur. Siyasətdə güclərin iqtisadi və siyasi maraqları və o maraqları təmin etmək üçün vasitələr var. Qərb və Avropa mətbuatının Azərbaycan hakimiyyəti haqqında yazdıqları yazılar Azərbaycanın başı üzərində oynayan həmin maraqların təmin edilməsinə xidmət edən bir vasitədir.

"The Guardian" qəzetinin Azərbaycan hakimiyyətinin ölkədən çıxartdığı 2.9 milyard dollarla bağlı yazısından ruhlanan Azərbaycanın bir çox siyasilərindən fərqli olaraq, məsələyə ən düzgün münasibət sərgiləyən siyasətçi Aqil Səmədbəyli oldu. Aqil bəyin, "Dostlar, heç kim Azərbaycandan demokratiya istəmir! Hamı Azərbaycandan mənfəət istəyir-mənfəət!" - fikri bu gün öz yerini tutdu. Həqiqətən Qərb - Avropa Azərbaycanda demokratiya istəsəydi özlərinin ən böyük demokrat adlandırdıqları Əbülfəz Elçibəyin hakimiyyətdə qalmasına maraqlı olardılar.

73 ildən sonra qurulan cümhuriyyətimizin devrilməsində Rusiya və İran kimi diktatura yandaşı olan dövlətlərlə yanaşı, özünü demokratiya carçısı kimi sırıyan Avropa dövlətlərinin də eyni safda yer tutması onu isbatladı ki, Azərbaycanda demokratik cümhuriyyətin bərpa olunmasında bu dövlətlərin heç biri maraqlı deyil və buna mane olmaq üçün bir-birləri ilə  düşmən olanlar belə eyni safda yer ala bilirlər.

Yeni müqavilədə payı olan dövlətlər ( Britaniya, Amerika , Hindistan, Yaponiya, Norveç, Türkiyə) qoyduqları yatırımı qorumaq və gözlənilən iqtisadi qazanclarını təmin etmək üçün İlham Əliyev hakimiyyətinin yanında olacaqlar. Bəzi dövürlərdə hansısa məsələ ilə bağlı hakimiyyəti tənqid etsələr belə, Azərbaycanda Əliyev hakimiyyətinin dəyişməsində bu ölkələrin heç biri bu günə qədər olduğu kimi,  bundan sonra da maraqlı olmayacaq.

"Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının 2050-ci ilədək işlənməsi barədə müqavilənin imzalanması Rusiyanın marağına uyğun olmadığı üçün Rusiyanın buna qarşı sərt təpki göstərəcəyini gözləyə bilərik. Rusiyanın isə siyasətinin ana xəttində zorakılığın və terrorun yer tutduğunu diqqətə alsaq, yaxın zamanlar da Azərbaycanda nə hakimiyyətin, nə də xalqın ürəyini açmayan hadisələrin olacağı mütləqdir. (Allah qorusun)

Azərbaycanda 5-ci kalonun güclənməsi haqqında uzun müddətdir ki, hakimiyyət və müxalifətin bəzi qanadından yayılan informasiyaların məqsəd və məramı artıq üzə çıxmağa başlayıb. Düzdür Azərbaycanda 5-ci kalon adlanan qüvvələr mövcuddur və bu qüvvələr əsasən hakimiyyətdə təmsil olunsalar da, xalqın içinə, o cümlədən də tanınmış təşkilatlara o qədər də sızmağı bacarmayıb. Bu təbliğatın aparılmasında hesab edirəm ki, ən əsas niyyət, Qərbin iküzlüyünə etiraz edən vətənpərvərlərə 5-ci kalon damğası vurmaqdır. Yaqin ki, hakimiyyət bundan sonra milli fəallarımızı 5-ci kalon adlandıraraq həbs edəcək.

Azərbaycan xalqı azad olmaq, normal hüquqi dövlət qurmaq istəyirsə, bunu özü etməlidir. Azərbaycan müxalifətinin liderləri həqiqətən də demokratik cəmiyyətin qurulması uğurunda mübarizə apardıqlarını iddia edirlərsə, bir cəbhədə birləşməlidirlər. Şəxsi maraqlarını, şəxsi iddialarını millətin maraqlarından üstün tutan siyasilərdən isə qurtulmaq millətin rifahına uğurunda  ən böyük xidmət olacaq.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.