Xəbər lenti

sahbazxudu.jpg
Şahbaz Xuduoğlu

Gənc Mehman həbs olunandan sonra xeyli müddət özümə gələ bilmədim. Gördüyüm işə belə qəzəblənirdim. Adam gərək gördüyü işi qəzəblə yox, sevgiylə görsün. İşi gördüyün ölkəyə də, mühitə, ortama da sevgi olmalıdır. Gənc Mehman gəclərin rəmzi idi. Xüsusən yaradıcılıq həvəsi olan gənclər üçün nümunə yaradırdı. Ona baxan gənclər, daha mübariz daha qorxmaz olurdu.

Böyük Mehman sabitlik idi. Bu sabitliyi o, Turanı bu illərə gətirib çıxarmaqla, ən kritik məqamlarda belə təmkinli davranışı ilə qazanıb.

Hər zaman həqiqətə ən yaxın məlumatlar mənbəyi kimi TURANa etimad etmişik. TURAN informasiya məkanında ciddi təməli olan, ondan sonra yaranan qurumlar üçün əyanı nümunədir. Bu gün onu dağıtmaq informasiya məkanında fəaliyyət göstərən digər qurumları dağılmaq təhlükəsi ilə üz-üzə qoymaq deməkdir.

Mehman Əliyev Azərbaycan jurnalistikasının, ictimai mühitinin ən çəkili adamıdır. Tamamilə ümidsiz məqamlarda belə ümid işığı yandıra bilirdi. Hər zaman elə danışırdı ki, sanki islahatlar qapımızın ağzındandır. Sadəcə qapını açmaq qalır...

Sabitlik orduya, polisin gücünə arxalana bilməz. Sabitlik Mehman Əliyev kimi insanların azadlıq mühitində işləməsi, yaşaması və yaratmasıdır.

Elmar Hüseynov qətlə yetirilməzdən öncə ölkədə qətlə yetirilmək ehtimalı olan ictimaiyyət nümayəndələri və jurnalistlərdən ibarət bir siyahı haqqında məlumat dolanırdı. Həmin siyahın başında Mehman Əliyevin də adı vardı.

QHTlər bağlananda, vətəndaş cəmiyyətinin nümayəndələri həbs olunanda da həbsi gözlənilən insanların adları arasında yenə də Mehman Əliyevin adı var idi.

Vətəndaş cəmiyyətinə gələn bəlalar hər zaman Mehman Əliyevə də toxunub. İndi durum fərqlidir. Artıq əvvəli vətəndaş cəmiyyəti və əvvəlki media yoxdur. Amma Mehman Əliyev və onun TURANI əvvəlki mühitdən qalan son nümunə idi. Artıq o da bu gün yoxdur. Azərbaycan müstəqilliyi dövründə vətəndaş cəmiyyəti, demokratik cəmiyyət adına nə qazanıbsa onlar bir-bir aradan götürüldü. Və nəhayət növbə Turana və Mehman Əliyevə çatdı...

Mehman Əliyevin həbsinə Sifarişin də hardan gəlməyi məni heç maraqlandırmır. Hər hansı bir mülahizə irəli sürmürəm. Mən kitab nəşr edirəm. Azərbaycanı sevirəm. İnsanlarımızın maariflənməsi üçün hər cür fədakarlığa hazıram. Yaxşı müəllif tapıb, keyfiyyətli kitab nəşr etməkdən zövq alıram; kitab sahəsini elə bir səviyyəyə gətirim ki, gələcəyimiz savadlı, məlumatlı, təhsilli insanların əlində qalsın. Doğma dilimizdə tapılmayan ədəbiyyat qalmasın. Amma Mehman Əliyev kimi insanların həbsini görəndə siyasi mühitdən uzaq olan, yalnız öz sahələrinin inkişafına xidmət edən insanların ümidləri qırıldığı kimi mənim də işimin əhəmiyyəti heç nə olur...

Mehman Əliyev əvvəliki təmkini ilə bu tuzaqdan da keçəcək. Necə ki hamı keçib. Amma görək Azərbaycan bu qeyri-müəyyən oyunların içərisindən keçə biləcəkmi? Mehmanı həbs edən Azərbaycan çoxmu müstəqil, hüquqi, dünyəvi bir dövlət olaraq ayaqda qala biləcək?!

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.