Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_elmanbey.jpgElşən Əlisoy

Ta qədimlərdən bayraqdarlara da bayraq qədər hörmət qoyub, bayraq qədər  dəyər verərdilər. Hər adam bayraqdar ola bilməzdi. Bayraqdar o adam olmalı idi ki, cəsarəti ilə yanaşı bayrağı özünün namusu, qeyrəti və şərəfi bilsin.  Dinimiz islamda da bayraqdar şərəfli şəxslərdən seçilər və ələmdar adlandırılarmış.  Təəssüf ki, bu gün Azərbaycanda, əsasən də hakimiyyət düşərgəsində bayraq dəyər kimi yox, bəzək əşyası kimi qəbul edilir. Elə olmasaydı dünyanın ən hündür bayraq dirəyini düzəltdikləri ilə yalandan fəxr etməkdənsə, neçə illərdir o bayrağı ürəyində daşıyan  Bayraqdar Elman Türkoğlunun yataqxanada qocalmasından xəcalət çəkərdilər.

Əgər hakimiyyətdə üç rəngli bayrağımıza dəyər verən bir kimsə olasaydı, evsiz bayraqdarın olduğu bir məmləkətdə bayrağı masasının üstünə bəzək əşyası kimi qoymağa utanar, vicdan əzabı çəkərdi. Ancaq hardadır bunlarda o vicdan...!

Bəli, Milli Azadlıq Hərəkatının ən fəal mübarizlərindən biri, həm də, bu mübarizəyə şəxsi maraqlarından yanaşmayan və hərəkatdan şəxsi mənfəət güdməyən az sayda insanlardan biri olan Elman Türkoğlunun yaşadığı acınacaqlı həyat, vicdanı olan hər bir Azərbaycanlını düşündürməlidir.

Azərbaycan xalqının bir mənalı olaraq Bayraqdar kimi tanıdığı bu dəyərli insan məcburi köçkünlərin məskunlaşdıqları yataqxanada ailəsi ilə birlikdə kiçik bir otaqda yaşayır. (Buna yaşamaq demək olarsa)

Məlumata görə, həmin yataqxanada məskunlaşan məcburi köçkünlər yaxın zamanlarda yeni evlərə köçürüləcəklər. Elman Türkoğlunun isə taleyinin necə olacağı sual altındadır.  Media və cəmiyyət olaraq hər birimiz Elman bəylə şəxsi münasibətimizin necə olmasından aslı olmayaraq,  uzun illər Azərbaycan Bayrağını, ürəyində və çiyinlərində daşıyan bu mübariz insanın yanında olmalı, mənzillə təmin olunmasına dəstək olmalıyıq.

Bayraqdarı evsiz-eşiksiz olan bir ölkənin vətəndaşlarının vətənpərvərlikdən dəm vurmasına haqqı çatırmı?!

Prezident media nümayəndələrinə növbəti dəfə ev verdi. Təbii ki, burda məqsəd heç də jurnalistlərə dövlət qayğısı göstərmək yox, hakimiyyətin siyasi iflasa doğru getdiyi bir dönəmdə medianı zərərsizləşdirmək və ictimai rəyi özlərinin “məsləhət bildikləri” yönündə  formalaşdırılmasına nail olub, vətəndaşlarımızı doğru informasiyasız qoymağa hesablanan addımdır.

Əgər dövlət başçısının da qarşısında diz çöküb öpdüyü müqəddəs bayrağı çiyinlərində daşıyan bayraqdarın yaşamağa evi yoxdursa,  mən “mənzil paylama” siyasətində heç bir səmimiyyət görmürəm. Hakimiyyətin media nümayəndələrində çox ciddi bir umacağı var.

Deputatxanaya baxsanız görəcəksiniz ki, orda oturanların böyük əksəriyyəti Elman Türkoğlunun zamanında hərəkat yoldaşları olsalar da, oturduqları kürsü, əldə etdikləri dəbdəbəli həyat gözlərini kor edib, vicdanlarını möhürləyibdir. Mandat qazanan köhnə “hərəkatçılar”ın bir nəfərinin də olsa Elman Türkoğlu ilə maraqlandığını, onun mənzillə təmin edilməsi üçün hansısa dövlət qurumlarına  müraciət etdiyini  eşitməmişəm. Mən tanıdığım Elman Türkoğlu onların yardımına möhtac adam da deyil, bu sadəcə onların boyuna düşən bir vicdan borcudur.

Bayraqdarlar da bayraq qədər müqəddəsdir!  Elman Türkoğlu onsuz da cənnətdə olacaq evinin tədarükünü görüb.  Allah ələmdarın çəkdiyi əziyyətləri mütləq qiymətləndirəcək. Sadəcə olaraq siz də qiymətləndirin ki, bəlkə bu əməlinizə görə, qiyamət günü hansısa günahlarınızın baxışlanmasına nail olasınız.

SALAM OLSUN SƏNƏ, EY BAYRAĞIMIZI VƏTƏN DƏRDİ KİMİ QƏLBİNDƏ GƏZDİRƏN ƏLƏMDAR! 

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.