Xəbər lenti

elseneeeeee.jpgElşən Əlisoy

Yol gedərkən birdən kiminsə məni çağırdığını eşidib ayaq saxladım. Xətrini istədiyim ,öz zəhməti ilə dolanan bir tanışımdır. Görüşüb hal-əhval tutduqdan sonra onun üzündə olan gərginliyi görüb nə olduğunu sotruşdum. Sarsıdıcı bir cavab: “İNTİHAR EDƏCƏM!”

Milyardların talan edildiyi bir məmləkətin sosial problemlərdən bezərək intihar etməyə hazırlaşan vətəndaşını dinləmək çox ağırdır. İntihara hazırlaşan bu insanın arzuları kiçikdir, çox kiçik. Sadəcə uşaqlarına bir tikə çörək qazana bilməkdir bu adamın ən böyük arzusu. Bunu həmin insana aid etməsəm də, bəzən haqqı uğrunda keçirilən mitinqlərdə iştirak etməyə cəsarəti çatmayan adamların intihar etdiyini eşidəndə çox təəcüb qalıram. Aksiyada iştirak etməyə cürəti çatmır, ancaq özünü asaraq intihar edə bilir, çox qəribədir elə deyilmi?

Tarixdə “Kərbəla məktəbi” kimi tanınan İmam Hüseyn qiyamının ən böyük devizi bu olmuşdur, “Əgər dininiz yoxsa, heç olmasa azad insan olun”. Bəli, azad insan olmaq haqqı uğrunda fədakarlıq etməyi bacarmaq deməkdir. Haqq uğrunda mübarizə isə intihar etmək yox, haqqını tələb edərək ona sahib durmaqdır. Allah insanı “faili Muxtar”, yani azad olaraq yaratdı. İnsan isə özünü qul hiss edib bəndəyə qul olduqda haqqını da, ləyaqətini də əldən verdi.

Bunu ona görə qeyd etdim ki, intihar edəcəyini deyən şəxs dindardır. Bizim yaşadığımız bütün problemlərin başında azad insan ola bilməməyimiz durur. Azad insan xoşbəxt insan deməkdir. Azadlığı ən böyük sərvət adlandırıblar. azadlıq olmayan yerdə qazandıqların da sənin olmaya bilər. Hansısa məmurun oğlunun “ayı əti” sifariş verərək mlyonlar xəricləməsini eşidən vətəndaş, buna hiddətlənməli, hesab sormalıdır. Hansısa məmurun sarayında brilyant qaşlarla bəzədlmiş aksessuarları görəndə vətəndaş bunun ondan oğurlanan pullar hesabına əldə edilib –edilməməsi haqqında maraqlanmalıdır. Cəmiyyət dövlətinin sahibi olarsa haqqı pozulmaz və intihar etmək məcburiyyətində də qalmaz. İntihardansa “vətənimə necə sahib olum” haqqında düşünmək lazımdır. İntihar iradəsi zəif olan insanların edəcəyi əməldir. İntihar həm də yaradana asi olmaqdır. İNTİHAR ÇIXIŞ YOLU DEYİL!

Təbii ki, mən bunu “intihar edəcəyəm” deyən həmin tanışıma da dedim. İnsan ruhunun bədbinləşməsinə imkan verməməlidir. Allaha asi düşməkdənsə çıxış yolunun harda olduğu haqqında düşünmək lazımdır. Hər bir bəlanın bir çıxış yolu var. Hər bir dərdin də özünün məlhəmi mövcutdur. Bizim düşdüyümüz bu acı durumun da çarəsi özümüzdədir. Sadəcə haqsızlığa etiraz edib, haqqımızı tələb etməyi bacarmalıyıq.

Bir dəfə də təsadüfən bir nəfərin telefonla hansısa məmura yalvardığını eşitdim. Adam telefonda nə vaxtsa oğlunu işə düzəltməyə söz vermiş bir adamla danışırdı. Xəttin o başında olan adama o qədər qurban olum, ayağının altında ölüm dedi ki, az qaldım adama yaxınlaşaraq “kişi kiməsə yalvarmaz” deyim. Ancaq bu vərdişin çoxlarında bir adət halına gəldiyini bildiyim üçün vaz keçdim. Azadlığı əldən vermiş insanın kölə halı budur. Ya intihar edirsən, ya kiminsə ayağına düşüb yalvarırsan. İntihar, kiməsə bir tikə çörək üçün yalvarmaq azad insaların xislətindən uzaqdır. Azad insanlar azadlığın qalibiyyəti üçün düşünür, azadlığın bayrağını qaldırmaq üçün savaşırlar. Böyük fəlsəfə alimi Fərabi buyurub: “Azadlığın ən böyük düşməni beyindən çıxmayan fikirdir, çünki o, insana daxildən hakim olur”. Sadəcə beyinlərdən kölə pisxologiyasını çıxardıb atmaq yetərlidir.  Kölə pisxologiyasından azad olmaq, azadlığa qovuşmaq deməkdir.

SOZCU.AZ

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.