Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_resader.jpgRəşad Ergün

Rejissor Edvard Zvikin Con Loqanın ssenarisi əsasında çəkdiyi “Sonuncu samuray” filmini sevə-sevə izləmişəm. Möhtəşəm filmdi. İnsan oğlunun qeyri-bərabər savaşda nəyə qadir olduğunu göstərir. Zərrə qədər, yağış damcısı boyda ümidin arxasınca gedib, daha müasir silahlarla silahlanmış böyük bir orduya qarşı savaşı göz önünə sərir.

Bizi tarix boyu təpikləyiblər, əziblər, parçalayıblar, şimala, cənuba bölüblər. Daha güclü, daha qüdrətli Azərbaycan görmək arzusunun qarşısında hər dəfə ya rusu, ya farsı, ya da başqasını görmüşük. Savaşmışıq, parçalanmışıq, sonra yenə bölünmüşük, yenə savaşmışıq, yenə...

8 dekabr Azərbaycan üçün daha bir savaş günü olacaq. Futbolda uzun illər əzilən, üzülən bir xalq, məmləkət üçün. İllərlə futbol sevgisinin qarşılığı sevinc olmayan, “bu oyunda kim uduzdu, kim uddu” sualının “biz uduzduq” cavabı sadəcə, son bir neçə ildə dəyişən millət üçün.

O gün - dekabrın 8-də - “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində “Fiorentina” ilə qarşılaşıb, 1/16 final mərhələsinə vəsiqə qazanmaq üçün savaşacağı gün azərbaycanlıların nə məişət qayğıları azalacaq, nə sabaha olan inamı artacaq, bilirəm. Yenə işıqpulu, qazpulu, supulu dərdi. Yenə intihar xəbərləri, yenə ərzaqların qiymətinin yenidən bahalaşa biləcəyi ilə bağlı xəbərdarlıqlar. Yenə hansısa boşboğaz deputatın məsuliyyətsiz açıqlaması... O gün çiyinləri qiymət artımının ağırlığı altında əzilən, başı ailəsinin qarşısında hər gün bir az da əyilən azərbaycanlı üçün möcüzə baş verməyəcək, anlayıram. Hə, dekabrın 8-də hansısa möcüzə baş verməsə, gün azərbaycanlılar üçün həmişəki qaydada başlayacaq. Amma günün sonu...

O günün sonu - 8 dekabr gecəsi taleyinə ya acgöz qonşuları tərəfindən, ya da hər zaman məişət problemləri altında əzilmək yazılan azərbaycanlılar üçün əzilmədiyi, zəfər qazandığı bir gecə ola bilər. O gecə işıqpulu, supulu, qazpulu, çörəkpulu dərdindən Qarabağı unudan azərbaycanlıların “Qarabağ” dediyi gecə ola bilər.

O gecə dinlərə, dillərə, təriqətlərə, hakimiyyəti söyənlərə, hakimiyyəti öyənlərə bölünmədən yaşaya biləcəyimiz bir gecə ola bilər. O gecə acla toxun sevgini, sevinci bərabər şəkildə bölüşə, paylaşa biləcəyi bir gecə ola bilər. “Qarabağ”ın uzun bir dövrdə qapazaltı, gözü yaşlı, başı daşlı olan Azərbaycan futbolunda yazacağı tarixin, qazanacağı zəfərin sevincini, nəşəsini paylaşacağımız bir gecə... Qarabağı xatırlayacağımız, “Qarabağ”ın uğuruyla Qarabağda da uğur qazana biləcəyimizə inanacağımız bir gecə... Zəif olmadığımıza, zəfər qazanmağı hər kəs kimi haqq etdiyimizə inanacağımız bir gecə...

O gecə - 8 dekabr gecəsi Qarabağ adlı utancımızı bir neçə saatlıq da olsa, “Qarabağ” adlı futbol klubunun qələbəsiylə, zəfəriylə unuda biləcəyimiz gecə ola bilər.

O gecə - 8 dekabr gecəsi sadəcə, Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarını doldurmaq, “Qarabağ”ı qələbəyə səsləmək lazımdı. Qarabağ üçün, Azərbaycan üçün, qürurumuz, kimliyimiz, kişiliyimiz, əzilməyi haqq edən xalq olmadığımızı göstərmək üçün!

Zərrə qədər, yağış damcısı boyda ümid varsa, getməlisən... o ümidin arxasınca getməlisən. “Qarabağ”ın dekabrın 8-i gecəsi arxasınca gedəcəyi ümid yağış damcısından daha böyükdü. Yağış damcısından daha böyük olan o ümidi 9 milyonluq xalqın sevinc dolu göz yaşına çevirmək artıq sənin əlindədi, “Qarabağ”!

Komanda.az

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.