Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_ceyhunnnnbf.jpg
Ceyhun Nəbi

Azərbaycan xalqı 19-cu əsrin sonları  20-ci əsrin əvvəllərində  milli oyanışın, milli özünüdərkin əsas mərhələsinə qədəm qoymuşdu. Çar Rusiyası ərazisində yaşayan digər müsəlman türklər kimi Azərbaycan Türkləridə başlayan yeniləşmə və oyanış hərəkatında aktivlik edirdilər. Bu hərəkatda əsas Kırım Türkləri, Kazan Türkləri və Azərbaycan Türkləri başlayan bu önəmli prosesin önündə gedirdilər. Bu proses Türk millətinin, Rusiya ərazisində yaşayan digər müsəlman xalqların ümmətçilikdən millətçiliyə keçid mərhələsi kimi qiymətləndirilir. Bizləri bütünlükdə müsəlman kimi adlandırırdılar, bizi dini adımızla çağırırdılar. Dini inancı milli mənsubiyyət halına çevirmişdilər. Rusiyada Müsəlman Türklər həmin mərhələdən başlayaraq dini mənsubiyyətlə milli mənsubluğu fərqləndirməyə başladılar. Bu 5-10 günə baş tutacaq bir məsələ deyildi. Bunun üçün Türk Müsəlman fikir və əməl sahiblərinə uzun bir zaman lazım olmuşdu. Rusiya müsəlmanları arasında bu prosesin başlanğıcını Kırım Türklərindən İsmayıl bəy Qaspıralı başlatmışdı. İsmayıl bəy Qaspıralı çox çətinliklə Müsəlman Türklər arasında bağlar quraraq onları vəhdətə gətirmiş və bir amal uğrunda mübarizəyə səsləmişdi. Azərbaycandan Əlimərdan bəy Topçubaşi, Əli bəy Hüseyinzadə, Əhməd bəy Ağaoğlu, Hacı Zeynalabidin Tağıyev, din xadimlərindən Axund Molla Məhəmməd Pişnamazzadə həzrətləri və s, Kazan Türklərindən Yusif Akçura, Fatih Kərimi, Sədri Məqsudi Arsal, Zakir Ramiyev, din xadimlərindən Fəxrəddin Rizaəddin, Əbdürrəşid İbrahimi, Musa Carullah Bigiyev kimi böyük şəxsiyyətlər bu prosesə yön verən, onun idealoji əsaslarını formalaşdıran əsas simalar idi.
b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_cc1.jpg

Azərbaycan ümumtürk milli oyanış mərhələsində bu prosesin ən ağır yükünü üzərinə götürmüş məmləkət sayılırdı. Bildiyimiz kimi Azərbaycan Ədəbiyyatda, mətbuatda, musiqidə, yeni dövlət idarəçilik modelinin tətbiqində bütün türk məmləkətlərini üstələyirdi. Bu möhtəşəm zəkadan, üstün ağıldan xəbər verirdi. Mirzə Fətəli Axundovun, Həsən bəy Zərdabinin, Üzeyir Hacıbəylinin simasında biz bu ilklərə imza atmışıq. Bu Azərbaycan Türkləri adına böyük xoşbəxtlik, bizlərə sevinc hisləri bəxş edən hadisələrdir.

    Çar Rusiyasının bütün diqqəti üstün zəka və ağıl sahibləri olan Azərbaycan Türklərinin üzərində idi. Basqı, təyziq, soyqırım, talançılıq siyasəti ilə Azərbaycan Türkləri sıxışdırılır, öz haqqlarından məhrum edilirdi. Məqsədli şəkildə Çar Rusiyası Qafqazda hakim qüvvə olan Azərbaycan Türklərini digər millətlərlə ədavətə sövq etməklə, onlar arasında qanlı düşmənçilik toxumları səpərək Azərbaycan Türklərinin oyanış gücünü sarsıtmaq, yerindəcə boğmaq məqsədi güdürdülər.

     Çar Rusiyasının yerli məmurları digər millətləri maliyyələşdirir, silahla təmin edir, onlara öz mənəvi dəstəyini verməklə Azərbaycan Türklərinin üzərinə göndərirdi. Azərbaycan Türkləri yenicə birlik uğrunda təməl daşları atdığı bir məqamda dağıdıcı, nifaq salan ünsürlərin ( Əsasən Ermənilər )  aktivləşməsi milli birlik işi uğrunda mübarizə aparan şəxslərin işini çətinləşdirirdi. Azərbaycanın öndə gələn ziyalıları, din xadimləri, nüfüz sahibləri başqa formatda işlər görməklə bağlı düşünürlər.

    Həmin mərhələdə milli qüvvələrin tək güvənc yeri sağlam və güvənilən bilən insanların çoxluq təşkil etdiyi Gəncə idi. Əlbəttə ki, həmin çirkin oyunların getdiyi məqamda Azərbaycan ziyalıları əl-ələ vermişdilər amma onların mübarizə qalası Gəncə idi. Gəncədə sağlam qüvvələrin vəziyyəti nəzarətdə saxlaması oranı sonuna qədər ən güvənilir məkan kimi saxlayırdı. Gəncədə bu işdə ən önəmli şəxslər Axund Molla Məhəmməd Pişnamazzadə, Ələkbər bəy Rəfibəyli, Hacı Məhəmmədhüseyin Rəfiyev, Yusif bəy Yusifbəyli, Mirzə Məhəmməd Axundzadə, Həmid bəy Yusifbəyli, Ələsgər bəy Xasməmmədli, İsmayil xan Ziyadxanli, Sarı Ələkbər İmamquluoğlu, Qaçaq Dəli Alı və s sayılırdı. Sonrakı mərhələdə  Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Xəlil bəy Xasməmmədli, Nağı Şeyxzamanlı, Məmmədbağır bəy Şeyxzamanlı, Həsən Fəttah Başoğuz, Musa Rəfiyev, Məşədi Əli Rəfiyev, Abuzər bəy Rzayev, Xudadat bəy Rəfibəyli, Adil xan Ziyadxanli, Huseyinqulu xan Xoylu və s şəxslərlə birlikdə Gəncə milli qüvvələrin alınmaz qalasına çevrilmişdi.
b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_cc2.jpg

    Bu yazıda Azərbaycan Türkləri qarşısında ictimai-siyasi, mədəni və pedoqoji sahədə böyük xidmətlərdə bulunmuş milli böyüklərimizdən Həmid bəy Yusifbəyli haqqında danışacağıq. Yuxarıda sadaladığımız böyük prosesin bu və ya digər formada əsas simalarından biri heç şübhəsiz Həmid bəy Yusifbəylidir.

  Həmid bəy Yusifbəyli Azərbaycan Cümhuriyyəti ikinci Rəisi-Vükaləsi ( Baş naziri ) olmuş Nəsib bəy Yusifbəylinin böyük qardaşı idi. Yüksək əxlaqı, böyük istedadı, yüksək intelekti, dünya tarixində dövlət idarəçiliyinin ən mədəni formada, liberal dəyərlər üzərində həyata keçirilməsinin ən böyük nümunəsini yaratmış Nəsib bəy Yusifbəylinin formalaşmasında onun böyük qardaşı Həmid bəy Yusifbəylinin böyük xidməti olmuşdu. Həmid bəy Yusifbəyli böyük dəyərlərin daşıyıcısı, öz bilgiləri ilə yaşadığı mühitdə inqilabi şəkildə fərqlənən, yenilikçi, liberal dəyərləri mənimsəmiş,  elm və təhsildən yana olan, dövrün dili ilə desək firəng qiyafəli, firəng fikirli bir şəxsiyyət idi.

     Həmid bəy Yusifbəyli Gəncənin ən tanınmış soylarından olan Yusifbəylilər soyundandir. Yusifbəylilərin babası Usub bəy Cavad xanın vəziri, bacısı Şüküfə xanim isə Cavad xanın həyat yoldaşı idi. Hər iki tərəfli böyük xana yaxınlıqları olub və onun yaninda inam və etibara sahib olublar. Usub bəyin bilikli və savadlı olması onun xanın yanında vəzir olmasına səbəb olub. Yusifbəylilər ailəsində siyasətə və dövlət işlərinə marağında tarixi baxımdan dərin kökləri mövcuddur.

    Həmid bəy Yusifbəyli Yusif bəy Yusifbəylinin böyük oğlu idi. Həmid bəy Yusifbəyli 1873-cü il oktyabr ayının 13-də Gəncə şəhərində dünyaya göz açıb. Bir sıra mənbələrdə Həmid bəyin təvəllüdü 1878-ci il və ya 1879-cu il qeyd edilir.  Yusif bəy Yusifbəylinin övladları haqqında “ Əməl Böyüklərimiz ” adlı kitabın Hörmətli professorumuz Ədalət Tahirzadənin mükəmməl araşdırması olan “ Nəsib bəy Yusifbəyli” adlı bölməsində oxuyuruq : 13 oktyabr 1873 doğumlu Həmid bəy, 5 iyul 1881 doğumlu Nəsib bəy, 17 aprel 1879 doğumlu Şükufə xanım, 15 may 1883 doğumlu Dilşad xanım, 19 sentyabr 1885 doğumlu Xanım xanım, 7 iyul 1889 doğumlu Almaz xanım (1). Sonradan Həmid bəyin 1896-ci ildə daha bir qardaşı olur adını Eyyub qoyurlar.

    Həmid bəy 1895-ci ildə Gəncə klassik gimnaziyasını bitirdikdən sonra 1898-ci ildən “ Məktəbül-Xeyriyyədə” müəllim işləmişdir(2) . “ Məktəbül Xeyriyyə 1896-cı ildə təsis edilmişdi. Məktəbül-Xeyriyyənin qurucusu Axund Molla Məhəmməd Pişnamazzadə idi. Məktəbül-Xeyriyyə yeni üsul ( Üsuli-Cədit ) məktəblərindən idi. O dövrdə müsəlmanlara dünyəvi təhsil verən milli məktəb sayılırdı. Məktəbin müəllim kadrosu arasında Məhəmməd Pişnamazzadə, Mirzə Məhəmməd Axundzadə, Abdulla Sur, Rus dili müəllimi Həmid bəy Yusifbəyli və s yer almışdı. Müəllimlərdən Abdulla Sur burada həm oxumuş, sonra isə müəllimlik etməyə başlamışdı. Bu haqqda İqbal qəzetində Hüseyin Cavidin Abdulla Surun vəfatı ilə bağlı yazısında diqqəti cəlb edən məqamlar var. Həmin yazıda Hüseyin Cavid Rza bəy Qaraşarlının nitqini verir.
cc3.jpg

   Nitqdən :  Mərhum Abdulla əfəndi 1877 tarixində təvəllüd etmiş və 1896-cı sənəsində açılan məktəbi-xeyriyyədə təhsilə şüru etmiş. Sonra məzkur məktəbdə müəllim təyin edilərək tədris etməyə başlamış. 1900 sənəsində məzkur milli məktəb şəklindən çıxıb rus-müsəlman məktəbi olmuş. Bir neçə ildən sonra bu qəyyur cavan Tiflis şəhərinə getmiş, orada “Şərqi-Rus” qəzetəsinə mühərrir və müsəhhih olmuş, sonra Bakıya gedib beş-altı ay qədər də orada iqamət edərək, oradan doğru İstanbula getmiş. Üç sənədən ziyadə fəqr və fəlakət içində, orada fəna və ucuz lokanta “restoran”larda yemək yeyərək, gecə-gündüz təhsil ilə uğraşıb durmuş. Mərhumun böylə üful etməsinə əsl səbəb də İstanbulda keçirdiyi günlər olsa gərək... Çünki onu məhv edən bu xəstəlik orada ikən başlamışdır. Mərhum İstanbulda ən çox lisan, tarix və ədəbiyyat ilə iştiğal etmişdir. İkmali-təhsil etdikdən sonra doğru Gəncəyə gələrək, mədrəseyi-ruhaniyyədə millət yavrularının gözünü, fikrini açmağa başlamışdır. Mərhumun lisana, osmanlı ədəbiyyatına dair tətəbböatı var, eyi əsərlərdir, hənuz təb olunmamışdır. Kərbəla vaqiəsinə dair də tətəbböatı var, qəzetlərdə nəşr olunmuş. Ruscadan bir coğrafiya kitabı tərcümə etmiş, Şünası mərhumun “Şair evlənməsi” ünvanlı vodevilini Azərbaycan türkcəsinə təhvil etmiş və üç cild üzrə şüəranın gözəl mənzumələrini toplayıb müntəxəbat (xrestomatiya) etmək istəyirdi ki, vəfat etd (3).

       Abdulla Surla ( Məhəmmədzadə ) bağlı bu yazı bizə bəzi məqamların üzə çıxmasında yardımçı olur. Həmid bəy Yusifbəylinin rus dilindən dərs verdiyi Məktəbül-Xeyriyyənin mövcudluq tarixi dəqiq tarixlərlə verilir. 1896-1900-cu illər. Məktəbül-Xeyriyyənin sonrakı taleyidə orada qeyd edilir. Məktəb 1900-cu ildə Rus-Müsəlman məktəbinə çevrilib. Məktəbin formasını dəyişməsinində səbəbləri var. Milli məktəblərin movcudluğu, milli müəllim kadrolarının fəaliyyəti və təşkilatlanması Rusiyanın Qafqazdakı məmurlarını narahat etmiyə bilməzdi. Məktəb daxilində müəyyən müəllimlər çirkin vasitələrlə ələ alınaraq məktəbin rəhbərliyinin və əsas müəllim kadrosunun fəaliyyəti məhdudlaşdırıldı. Onların bir hissəsi həbs olundu, bir hissəsi isə sürgünə göndərildi. Məktəbin qurucusu və rəhbəri Axund Molla Məhəmməd Pişnamazzadə daxil olmaqla milli müəllim kadroları təqib və sürgünlərlə üzləşməli oldu.
b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_cc4.jpg

   Məktəbül-Xeyriyyənin fəaliyyətini dayandırması ilə bağlı “Tərcüman” qəzetində “Məvareyi Qafqazda Şeyxülislamlıq məsələsi” başlıqlı yazıda Şeyxülislam Axund Molla Məhəmməd Pişnamazzadənin tərcümeyi-halında maraqlı məlumatlar var. Yazının müəllifi baş redaktor İsmayil bəy Qaspıralıdır. Həmin yazıdan oxuyuruq :

      “1895-ci ildə atası rəhmətə getdikdən sonra Gəncə vilayət məclisinin sədarətinə keçmişdi. Bu işə keçər-keçməz Qafqazda ilk usuli-cədid məktəbləridən məşhur “ Məktəbi-xeyriyyə”-ni təsis etmiş və məktəbdə böyük bir kitabxana yaratmışdı. İstanbuldan 1 müəllim cəlb etmişdi. Əhalinin cəhalət və təəssübünə əhəmiyyət belə verməyərək Məktəbi-xeyriyyə köhnə adət və mərasimləri qaldıraraq daha ciddi, zamana uyğun bir sıra adətlər tətbiq etməyə başladı. Məsələn həyat yoldaşı vəfat etdiyi zaman halva ehsan etməyərək 100 rubl məktəbə, 400 rublda kasıblara vermiş. Axund Molla Məhəmməd Pişnamazzadə tənqidçilərinin dediqodularını bir qulağından aldı, o biri qulağından çıxardı. Axund bu zaman inadcıl bir adama təsadüf etdi. Hacı Molla Atakişiyə rast gəldi. Bu adam Axundun hərəkətlərini dayandırmaq istədi amma dayandıramadı. Bir sıra Ermənilərə, Ruslara müraciət etdi. Bunlar Axund üçün bütün Qafqazlı müsəlmanları ləkələyəcək tələlər hazirladı. Axund sabiq canişin tərəfindən Tiflisə dəvət edildi. Tiflisdəykən 1900-cu il dekabr ayının 18-də polislər, jandarmalar, tərəfindən iqamətgahı basılaraq dusdaq ettilər. Həmin gecə Gəncədə bir çox evlərdə əməliyyatlar keçirilərək bir çox adamlar həbs olundu. Məktəbül-Xeyriyyənin kitabxanası möhürləndi, məktəb zorla daxiliyyə nəzarətinin himayəsinə alındı. Tutulanların bir hissəsi Tiflisdə Mehdi qalasında ( Matex qalası ), bir hissəsidə Gəncə həbsxanasında siyasi məhbuslar kimi təyziqlər gördülər. Müxtəlif vaxtlarda 27 kişini həbsə attılar.

    Axund güya Osmanlı, İran, Əfqan hökümətləri ilə münasibətdə imiş. Onları Rusiya əleyhinə sövq edirmiş. Qafqazda böyük inqilab hazırlayırmış.

    Hər kəsdə bu haqqsızlığa qarşı bir nifrət oyandı. Digər tərəfdən Hacı Atakişi hökümət himayəsi altında rahat rahat keçinirmiş. Bol-bol maaş alırmış.

     Tam 14 ay sonra işin əsassız olduğu hökümət tərəfindən) anlaşıldı. Məhbuslar buraxılsada bəziləri bir müddət Xarkovda, Türkistanda sürgündə qaldı.(4)

      Həmid bəy Yusifbəyli Axund Molla Məhəmməd Pişnamazzadənin yaxın çevrəsində olmuş, onun güvəndiyi əsas şəxslərdən biri sayılırdı və ona görə bu həbslər və sürgün dalğasında öz payını almışdı. Məktəbül-Xeyriyyədən başlayaraq 1909-1910-cu illərdə Difai liderlərinin təqiblərlə üzləşdiyi dövrə qədər biz Pişnamazzadə ilə Həmid bəyin çiyin-çiyinə olduğunu görürük. 2-ci sürgün həyatından sonra Həmid bəy siyasi işlərdə aktivlik etmir. Pişnamazzadə ilə Həmid bəyi həmdə qohumluq əlaqələri birləşdirirdi. Həmid bəyin bacısı Şüküfə xanım ilə Şeyxin qardaşı Ağası Pişnamazzadə ailə həyatı qurmuşdular.
cc6.jpg

  Həmid bəy 18 dekabr 1899-cu ildə fəaliyyətinə görə həbs edilərək Tiflis şəhərinə aparılmış və 1900-cü ilin yanvarından başlayaraq 14 ay Matex həbsxanasında, 1904-cü ilin dekabrınadək Türkistanda sürgündə olmuşdu (5)

       Həmid bəy Yusifbəylinin sürgündən qayıtması yeni siyasi stiuasiyanın başlanğıc dövrünə təsadüf edir. Həmin dövr Çar Rusiyası ərazisində yeni siyasi munasibətlərin formalaşdığı dövrdür. Rus-Yapon müharibəsi, Qafqazda millətlər arasında münasibətlərin gərginləşməsi, Tətillər, Dumanın təşkili və s. Həmin dövrdə Rusiyanın həm daxili, həmdə xarici siyasətdə vəziyyəti gərgin idi. Həmid bəydə sürgündən qayıtdıqdan sonra siyasi aktivliyini artırır, təşkilatı işlərdə yer alır, həmin məqamda müsəlmanların taleyi ilə bağlı bir çox məsuliyyətli qərarların verilməsində iştirak edir.

      1905-ci ildə Gəncədə “Türk Sosial-Fedaralist İnqilab Komitəsi” adı altında fəaliyyət göstərən bir təşkilat yaranmış onun intibahnamələri çap olunub yayılmağa başlamışdı. Bu təşkilat Azərbaycana müxtariyyət və Rusiyanın fedarativ şəkildə qurulması ideyasını ortaya qoyan ilk siyasi qüvvə idi. Məhz bu Komitənin əsasında “Qeyrət” təşkilatı yaranmışdı. Sənədlərdə “ Tatar Sosialistlər, fedaralistlər, inqilabçılar partiyası” adlanan təşkilatın rəhbərliyinə Ə.Rəfibəyli, Ə.B.Xasməmmədli, Yusif bəy Yusifbəyli və Həmid bəy Yusifbəyli daxil idi. Bu partiyaya sədrlik etmək Həmid bəyə həvalə olunmuşdu(6).

      Həmin dönəmdə Azərbaycanda Çar Rusiyası məmurlarının özbaşnalığı, Ermənilərin Azərbaycan Türklərinə qarşı soyqırım siyasəti Azərbaycan ziyalılarını narahat edirdi. Bu özbaşnalığa son vermək, Ermənilərin qeyri-insani əməllərinin qarşısını almaq üçün həlledici qərarların verilməsinin zamanı idi. Vəziyyət günü-gündən gərginləşirdi. Müsəlman Türk ziyalılar qanlı hadisələrə yol açacaq hadisələrin baş verməməsi üçün önləyici tədbirlər görürdü. Sabiq Azərbaycan Cümhuriyyəti Əmniyyət naziri olmuş Nağı Şeyxzamanlının xatirələrində bu hadisə ilə bağlı müəyyən qeydlər var. Nağı bəy xatirələrində qeyd edir :

     Qafqaz general-qubernatorunun icazəsi ilə Bakıda qəzet çıxaran, xalqın xüsusi ilədə ziyalıların sevgisini qazanmış olan və milli Azərbaycan işləri ilə məşğul olan Ağaoğlu Əhməd bəy Gəncəyə gəlmişdi. Xalq hökümət tərəfindən böyük məscidə dəvət edilmişdi. Məscid ağzına qədər dolu idi. Məndə orda idim. Əhməd bəyi ilk dəfə idi görürdüm. Ağaoğlu minbərin ikinci mərtəbəsinə qalxaraq xalqa müraciət etməyə başladı: “ Möhtərəm Gəncəlilər, Türklərlə ermənilər arasında baş verən son hadisələr hamımızı mütəəssir etdi. Nə müsəlmanlıq, nə də insanlıq bu vəhşi hərəkətlə razı olmaz. Bu hadisə niyə baş verdi, nə üçün oldu, səbəbkarı kimdir deyə tədqiqat və münaqişəyə başlasa, heç bir nəticə əldə etməyəcəyik. Türklər və Ermənilər olub keçənləri unutmalıdırlar. Bilməlidirlər ki, yer üzündə Allahın yaratdığı yırtıcı heyvan vara başqa heyvanları parçalayarlar, ancaq həmcinslərinə əsla toxunmazlar. Çox acıdır ki, vəhşi heyvanların etmədiklərini insanlar edirlər, bir-birlərinə atılırlar. Unutmamalıyıq ki, rus idarəsindən əsrlərcə əvvəl Qafqazda Türklərlə Ermənilər dost və yaxın qonşu olaraq yaşamışlar. Tarixdə bu xoşagəlməz hadisəyə bənzər heç bir hadisə baş verməmişdir” (7)

       Ziyalılar millətlər arasında gərginləşən münasibətləri sülh yolu ilə yoluna qoymağa çalışırdılar. Amma bunun qarşısını almaq çətinləşmişdi. Müxtəlif yerlərdə ziyalılar, din xadimləri, ticarət adamları təşkilatlanmağı və basqılara cavab verməyi birinci məqsəd kimi qəbul edirdilər. Gəncədə Şeyxülislam Axund Molla Məhəmməd Pişnamazzadənin rəhbərliyi ilə “Difai” partiyası önləyici tədbirlər görürdü. Difai partiyasının Gəncədə fəaliyyətində və idarə olunmasında Ələkbər bəy Rəfibəyli, Hac Məhəmmədhüseyin Rəfiyev, Ələsgər və Ələkbər Xasməmmədovlar, Mirzə Məhəmməd Axundzadə və Həmid bəy Yusifbəyli xüsusi rol oynayırdı.

     Difai partiyasının fəaliyyət istiqaməti Müsəlman Türklərə qarşı zərərli ünsürləri zərərsizləşdirmək, onların basqılarına son qoymaq idi. Arxiv sənədlərində ən fəal Difai rəhbərlərindən biri kimi Həmid bəy Yusifbəyli qeyd edilir. Difainin fəaliyyəti məhdudlaşdırılarkən və liderlərin həbsi zamanı bu üzə çıxır.      Həmin sənədlərdən bəzilərini gözdən keçirək :

    Difainin Yelizavetpoldakı təşkilatının ləğv edilməsi tədbirləri 1908-ci il iyun ayında başlandı. 1908-ci il iyunun 24-nə кеçən gecə Yelizavetpolda kütləvi axtarışlar aparıldı. Axtarışlar zamanı M. M. Pişnamazzadə, Ə. Rəfibəyov, Ə. Xasməmmədov, M. Q. Rəfiyev və H. Usubbəyovun evlərində rus, fransız və türk dillərində çoxlu miqdarda inqilabi ədəbiyyat aşkar edilmişdi (8) İkinci bir fakt :

     M. Axundov, H. Usubbəyov, M. İsmayılzadənin evlərində də xeyli miqdarda qeyri-leqal ədəbiyyat və silah aşkar edilmişdi. Bu şəxslər həbs edilmiş, sonra isə 1909-cu il avqustun 4-də polisin aşkar müşahidəsi şərti ilə azad edilmişdilər (9)

    Bütün bu faktlara əsasən Çar Rusiyasının jandarm idarəsi Həmid bəy Yusifbəylini nəzarətdə saxlayırdı. Sənədlərdən göründüyü kimi bütün axtarışlarda onun yaşadığı ünvanda var. Həbs və sürgün dalğası başladıqda Həmid bəy Yusifbəyli sürgün həyatı yaşamağa məcbur oldu. Bu haqqda qeyd edilmiş sənədlərdən :

      “Tiflis Quberniya Jandarm İdarəsinin rəisi vəzifəsini icra edən podpolkovnik Başinski öz raportunda Yelizavetpol komitəsinin bütün rəhbər heyətini (10 nəfər) aşkar polis nəzarəti altında inzibati qaydada sürgün etməyi təklif edirdi. Lakin onlardan yalnız iki nəfəri - N. Axundov Səmərqəndə və H. Usubbəyov Baxçasaraya sürgün edildi. Onlar 5 il sürgün həyatından sonra çarın 21 fevral 1913-cü il tarixli fərmanına əsasən Romanovlar hakimiyyətinin üç yüz illiyi münasibətilə amnistiyadan sonra 1914-cü ildə vətənə qayıtdılar(10).

     1910-cu ildə Qafqaz canişini Vorontsov-Daşkovun hökmü ilə Həmid bəy Yusifbəyli Qafqazdan 5 illik müddətinə Kırıma, Baxçasaraya sürgün edilmiş və orada bir müddət qardaşı Nəsib bəyin qayınatası İsmayil Mirzə Qaspiralinin evində yaşadıqdan sonra İstanbula mühacirət etmişdi ( Nazif Qəhramanlı-“ Nəsib bəy Nümunəsi”, səhvə :229 ). 

    Həmid bəy sürgündən döndükdən sonra siyasi işlərdə aktivlik etmir, amma arxiv sənədlərində onun sıravi partiya üzvü olduğu üzə çıxır. 1941-ci il 17 iyul tarixində onun həbsi zamanı aparılmış dindirilmədə Həmid bəy Yusifbəylinin istintaq işindən oxuyuruq, istintaqı aparıb Şirinov :

    Sual - Bizə məlumdur ki,  Musavat partiyasının üzvü olmusunuz. Bu belədirmi ?

   Cavab –Mən xatırlayıram ki, mənim yanıma Axundov adlı birisi gəlmiş və məni Müsavat partiyası sıralarına yazmışdı.

   Sual – Beləliklə, siz rəsmən Müsavat partiyası sıralarında olmusunuz...

   Cavab – Məni partiya yazsalar da mənim buna istəyim olmamışdır.

   Sual – Sizin istəyiniz olmadan oraya necə yaza bilərdilər ?

   Cavab – Görünür, onlar Müsavat partiyasının xadimi olan Nəsib bəy Yusifbəylinin qardaşı kimi nüfuzumdan istifadə etmək istəmişlər (11)

   Buradan görünür ki, O siyasi işlərdə ancaq partiya üzvü olmaqla kifayətlənib, partiya işlərində aktivlik etməyib. Həmid bəy sürgündən döndükdən sonra ailə həyatı qurur. Həmid bəy Azərbaycan Cümhuriyyəti Əmniyyət naziri olmuş Nağı Şeyxzamanlının əmisi qızı Səriyyə Şeyxzamanlı ilə ailə həyatı qurmuşdu. Onların 1915-ci ildə övladları dünyaya gəlmişdi. Adını Ənvər qoymuşdular. Həmid bəy iki dəfə ailə həyatı qurub, ikinci həyat yoldaşı isə Bilqeyis Nəcəf qızı Cuvarlı idi.

     Həmid bəy Yusifbəylinin diqqət cəlb edən əsas cəhətlərdən biri onun elmi və pedoqoji fəaliyyətidir. 1898-ci ildə atasi ilə birlikdə Gəncədə evlərində yaratdıqları Puşkin kitabxanası təqdirəlayiq bir xidmət idi. Həmin kitabxanaya kitablar Rusiya, Osmanlı və İran kimi ölkələrdən gəlirdi. Sonradan bu kitabxana Ozan məscidinə köçrülüb.

    Həmid bəy Azərbaycan Cümhuriyyəti yıxıldıqdan sonra pedoqoji fəaliyyətinə son verməmiş Sovetlər dönəmində Mirzə Fətəli Axundov adına Gəncə Türk Pedoqoji Texnikomunda dərs vermişdi. Həmid bəy orada köhnə dostlarından İdris Axundzadə ilə birlikdə çalışmışdı. Həmid bəyin bir sıra dəyərli dostları və yaxın ünsiyyətdə olduğu şəxslər var idi. Onlar Mirzə Məhəmməd Axundzadə, Cavad bəy Rəfibəyli, Əhməd Cavad və s idi. Xatırladım ki, Həmid bəy həmdə Əhməd Cavadın müəllimi olmuşdu. Azərbaycanda ilk dəfə Rus dili üzrə professor dərəcəsi Əhməd Cavad alıb, onun Rus dilindən ilk müəllimi Həmid bəy Yusifbəyli olmuşdu. 

     1920-ci ildə Azərbaycan Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğala məruz qaldıqdan sonra Həmid bəyin qardaşı Azərbaycan Cümhuriyyəti baş naziri Nəsib bəy Yusifbəyli müammalı şəkildə şəhid edildi və hətta nəşi belə tapılmadı. 1921-ci ildə Həmid bəyin atası Yusif bəy rəhmətə getdi. Bundan sonra bütün ailənin yükü Həmid bəyin üzərinə düşdü. Şəhid edilmiş qardaşının ailəsinin taleyi ilə maraqlanmaq, onlara kömək olmaq Həmid bəy tərəfindən həyata keçirilirdi.

     Şəfiqə xanım Qaspıralı Türkiyə mühacirətə getdikdən sonra Həmid bəy Yusifbəyli ilə məktublaşmış və onların vəziyyəti ilə maraqlanmışdır. Həmid bəyin Şəfiqə Soltan xanıma göndərdiyi məktublardan birində Həmid bəyin qardaşının ailəsinə necə sayğı göstərdiyini sezmək olur. Təxmini 1921-1925-ci illər arasında Gəncədən Şəfiqə xanıma göndərilmiş məktubdan :

     “ Əzizim Şəfiqə ! Yazdığınız məktublardan fəqət biri buraya vasil oldu, oxuyub nəhayət mükkədər olduq. Nə etməli, qədər belə imiş. Üç ay əvvəl sizə 100 banknot göndərmişdim. Bilmirəm aldın, yaxud almadın... Bu dəfə üç Osmanlı lirəsi ilə iki dənə rial göndərəcəyəm. Altın göndərmək mümkün olmadığı üçün banknot sürətində gətirəcəklər. Alan günü məlumat vermənizi rica edirəm. Özünüz bizim halımızı, zənn edərim bilirsiniz. Mehdinin uşaqları, dayım, qardaşımda öhdəmdə olduğunu bilirsiniz. Çarə olarsa canımı belə qardaşımın balalarına verməyə hazıram. Cocuqların sinifdən sinifə keçdiklərini bilib çox şad oldum. Əgər mümkün olursa pul lazım olduqca Süleyman bəydən alın. Oda buraya müraciət etsin. Əgər cocuqları orada oxutmaq mümkün deyilsə göndərin buraya gəlsin. Getdikcə burada məktəblər artmaqda və yaxşılaşmaqdadır. Qızım Zöhrənin məktubuna çox şad oldum. Niyazinin məktubunun qisalığı nədəndir, yoxsa bizi unutmaq fikrindədir ? Mümkün olduqca məktub yazınız. Bu il bir az pambıq əkmişəm, məhsul yaxşı olarsa yenə pul göndərəcəyəm. Baqi salam və ehtiram, cümlə tanışlara salam söyləyiniz. KARDEŞİNİZ (Həmid bəy Yusifbəyli ).

     Həmid bəy bu sıxıntılı və əzablı yollarla son dayanacaq həbsxana olmaqla çətinliklərlə üzləşmişdi. Onunda taleyinə qardaşı Nəsib bəy kimi mümmalı ölüm yazılmışdı. Hər ikisinində nə nəşi ortaya çıxdı, nədə ki, məzaları var.

( Əməl Böyüklərimiz, səhvə: 269 )

(Nazif Qəhramanlı - “Nəsib bəy Nümunəsi”, səhvə :226 )

( Mərhumun təşyii - cənazəsi mərasimi “İqbal” qəzeti, 16 may 1912-ci il) 

( Tərcüman qəzeti, 7 avqust 1909-cu il, səhvə : 4 )

( Nazif Qəhrəmanlı “ Nəsib bəy Nümunəsi”, səhvə : 227 )

(Nazif Qəhrəmanlı “ Nəsib bəy Nümunəsi”, səhvə: 228 )

( Nağı Şeyxzamanlı -“Xatirələrim”, səhvə : 17 )

(ГИААР: ф.62. оп.1, д.59, лл. 79, 87.)

( Багирова И. Политические партии и организации Азербайджана в начале XX века, с. 187 )

(ГИААР: ф.62. оп. 1. д.59. л. 163 об )

( Nazif Qəhramanlı, “ Nəsib bəy Nümunəsi ”, səhvə : 20 )

 

    

 

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.