Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_CNGZXANN.jpg
ELŞƏN İSMAYIL 

"Bir mismarı kiçik bilmә. Bir mismar bir nalı, bir nal bir atı, bir at bir sәrkәrdәni, bir sәrkәrdә bir ordunu, bir orduda bir dövlәti xilas edir"

ÇİNGİZ XAN

  Min il bundan öncə idi. Doğuda (Şərqdə) bir xanlıq vardı. Bu xanlıq zaman-zaman Quzeydən gələn yadelli köçəri tayfaların, Güneydən (Cənubdan) Çin imperiyasının, Batıdan yerli tayfaların tez-tez hücumlarına məruz qalırdı. Uzun müddət dirənişdən sonra Xan çarəni elin Qam-ına (Şaman-ına) sormaqda gördü və onu saraya gətirtməsi üçün onlarca çapar göndərdi. Çünki Qam ara müharibələri qızışandan sonra, deyilənə görə, Quzeyə - dağlara çəkilmişdi... Uzun axtarışlardan sonra Xanın çaparları onu bir mağarda tapdılar və saraya gətirdilər.

    Saraya gələn Qam Xanın qarşısına çıxanda öncə dərin-dərin ona baxdı, sonra bığ altından gülümsəyərək ədəb əlaməti olaraq azacıq boynunu əydi.  Xan da öz böyüklüyünü göstərmək üçün ayağa qalxdı və Qama oturmaq üçün xüsusi yer göstərdi. Qam ədəblə Xanın xahişini nəzərə alıb həmin yerdə oturdu. Xanın əmriylə bir müddət kiçik ziyafət verildi, sonra Qamın xahişiylə onlar nisbətən qaranlıq və bir bəndənin görmədiyi sakit bir otağa gəldilər.

    Otaqda yalnız Xan və Qam vardı. Xanın nə soracağını arxasınca çapar gələn andan duyan Qam gülümsəyərək:

Xan sağ olsun, elə indicə xüsusi bir ayinlə sizin bütün nigaranlığınızı və sorularınızın cavablarını öyrənəcəyəm. Sadəcə adamlarınıza əmr edin sizə verəcəyim bir yazıdakı siyahını bulmanız gərəkməkdədir – dedi və xurcunundan bir kağız parçası çıxarıb Xana uzatdı.

    Xan da kağızı alar-almaz dərhal adamlarına Qamın istəklərini yerinə yetirmələri üçün əmr etdi.

    Çaparlar yenə yola çıxdılar və dünyanın 4 bir yanına səfər etdilər. Nəhayət, bir aydan sonra çaparlar kağızda yazılanların hamısını tapıb gətirdilər. Bu ərəfədə Qam Xanın onun üçün xüsusi olaraq ayırtdığı otaqda qaldı və güclü bir ayinlə bütün qutsal ruhları, qutlu Dörd Ünsür qoruqçularını, Ana Təbiətin övladlarının ruhlarını, yeraltı səltənətlərin sahiblərini, bir sözlə bütün dini-fəlsəfi inancların təməl varlıqlarını köməyə çağırdı...

    Beləliklə, uzun müddət istiarədən sonra Qam həmin otağa çaparların tapıb gətirdiklərini 8 guşəli ulduz formasında düzdü. Onlar xüsusi ləvazimatlar idi. Tapmaq, bir yerə toplamaq isə çox çətin olsa da Xanın çaparlarına əmr verdiyi zaman dediyi sözlər çox təsirli olmuşdu.

Bu bir məmləkət məsələsidir və onu yerinə yetirmək hər birinizin borcudur. İşdir kim əliboş geri dönərsə onu təsəvvür edə bilməyəcəyi şəkildə şiddətli ölüm gözləyir – deyə Xan çaparlarını ləvazimatların vacibliyinə inandıra bilmişdi.

    Ləvazimatlar olduqca qəribə və bulanması müşkül şeylər idi. Məsələn, mavi fil dişi, tək göz timsah dili, təkbuynuz cöngə qulağı və s. kimi şeylər...

    Və Qam ayinə başladı:

Qutlu Ruhdan yarandıq biz,

Onunla var cüssəmiz.

Təkəm, varam, demə, ey Qam

Sən Tanrısan, Tanrı da biz...

 

Dörd, beş, altı, yeddi, səkkiz,

Qutlu Ruhun rəqəmləri

Sən Doğadan gəlmisən bil,

Doğa yalnız Tanrıdan iz...

 

Yerdir, göydür, ruhdur Tanrı,

Yusif, Kənan, Nuhdur Tanrı,

Sultan Xızır olsun kömək,

Onunku tək Ruhdur Tanrı...

 

Biz Dörd Ünsürə bağlıyız,

Onlar varsa, biz də varız.

“HÜ” deyən Dərvişlərik biz,

Odda yanmaz Səməndəriz...

 

Torpaqdan yetişdim gəldim,

Sulardan içdim də gəldim,

Havadan bircə uddum,

Alov içrə bişib gəldim...

 

Pirim gül açmış ki mənim,

Göy Tanrıdan var diləyim,

Güney, Quzey, Batı, Doğu

Mənim olsun, “HÜ” söyləyim...

 

Tanrı varsa, mən də varam,

Yer üzündə aşkaram,

Qılınc kəsməz Qutlu Sözüm

İlə Tanrıya mən yaram...

 

Mən Şaham, Şah da mənəm,

Pir mənəm, Xanəgah da mənəm,

Tanrı ilə xəlvətdəyəm,

Dün, bu gün, sabah da mənəm...

 

Bu sözləri deyərkən Qam yerində var-gəl edir, əlindəki kiçik qavalı çalır, tez-tez qurd kimi ulayırdı:

Au, au, au deyək,

Tanrı üçün “HÜ” söyləyək!

Biz ki Bozqurd övladıyıq,

Onun tək şərəflə ölək...

 

Au, au, au qardaş,

Mən qurdam, sən mənə yoldaş,

Pirmisən, ya nəsən,

Qarşında çöküb deyək “Alaş”!...

 

Au, au, au derik,

Qurdlar təki biz yaşarıq.

Fikrimiz Tanrıya varmaq,

Onun üçün Söz qoşarıq...


Au, au, au təki,

Budur Tanrının sözləri,

Zamanında gəlmişdi O,

Bizə baxar Qurd gözləri...

 

Kürşad olduq, qırx bir çəri,

Məhv eylədik  min naçarı,

Qılıncımız hər an kəsər

Boğazından xain əri...

 

Biz Doğudan, biz Batıdan,

Güney, Quzey – hər bir yerdən,

Toplaşarıq vahid arxa,

Turan üçün keçib tirdən...

 

Au, au, au, qardaş,

Mən qurdam, sən mənə yoldaş,

Tanrı bilir, Haqq mənəm,

Haqq məndədir, qərib qardaş...

 

Au, au, au deyək,

Tanrı üçün “HÜ” söyləyək!

Zaman varsa biz də varıq,

Qamlar ölməz heç vaxt, bilək...

  Beləcə uzun müddət ayin davam etdi. Və nəhayət 3 saat sonra yerdə düzülmüş səkkizguşəli şeylər öz-özündən yanmağa başladı. Onsuz da bayaqdan Qamın hərəkətlərindən, qeyri-adi sözlərindən və rəqsindən qorxan Xan, indi daha da bərk qorxmağa başlayıb, bir anlıq otaqdan çıxmağa çalışsa da Qam ona izn vermədi və ucadan var gücüylə:

Otur - deyə qışqırdı.

    Xansa bərk qorxduğu və Qamın bu dəqiqə ruhunun tamam başqa aləmdə olduğunu düşünərək sadəcə onun əmrinə uymağı məsləhət bildi.

    Xan haqlıydı. Qam ruhən burada deyildi. Onun cismində artıq sayı bilinməz qutlu ruhlar dolaşırdı. Gözləri çevrilmiş, ağzı əyilmiş, saqqalı qaşına qarışmışdı. Xanın yerində kim olsa idi qorxudan ürəyi partlardı, ancaq cəsarətli Xan hər şeyə dözüb axırı gözlədi. Təxminən bir saat sonra Qam özünə gəldi və danışmağa başladı:

Təxminən yüz il sonra, bəli düz yüz il sonra bu məmləkət tarixə düşəcək. Özü də olduqca qeyri-adi və mistik bir hadisənin sayəsində. Elə bir hadisə ki, sadə insan beyni onu təsir etməyə yetməz. Onu ancaq biz – Qamlar anlarıq və qəbul edərik.

    Hövsələsiz Xan:

Axı de görüm nə olacaq? Bizim, xalqın halı necə olacaq, Qam, qurban sənə... – dedi.

    Səbirli Qamsa öz növbəsində:

Tanrı yer üzünə enəcək. Həm də illər öncəki kimi qurd cismində deyil, bu dəfə insan kimi – deyə izah etməyə çalışdı.

Ağlı tamam çaşmış Xan, bu cümlələrin nə demək olduğunu qətiyyən anlamadı və:

Axı, nə demək istəyirsən, dəyərli və çox hörmətli Qam? – deyə soruşdu.

Qam nurani şəkildə gülümsədi və:

Sənin soyundan bir cəsur igid peyda olacaq. O illərdir pərən-pərən düşmüş bütün yerli tayfaları, ailələri birləşdirəcək. Günaha batmış bütün bəndələrsə onun qəzabına düçar olacaq. O kimsəyə acımayacaq. Tanrı yolundan uzaq düşmüş hər kəsi öldürəcək, özü də ağır biçimdə - deyə cavab verdi.

Qamın sözlərindən heyrətlənən Xan:

Yəni bizi, mənim soyumdan olan bir ər duya imperatorluğuna çatdıracaq? Amma günahlar olan hər kəsi Tanrı kimi cəzalandıracaq? – udqunaraq soruşdu.

    Qam hiddətləndi:

Tanrı kimi deyil. O Tanrının özü olacaq. Yeniyetmə çağında Tanrının qutsal ruhu onun cisminə enəcək və bir zamanlar olduğu kimi yenə də Tanrı yer üzündəki ədaləti bərpa etmək üçün özü işə əl atacaq. Günahkar bütün bəndlər onun qəzabına düçar olacaq. Güneydəki Şeytan məmləkəti (Çini nəzərdə tutur) onun ahından tarimar olacaq. Paytaxtları dağılacaq. Əhali acından qırılacaq. Nəhayət Batıya doğru böyük bir Turan imperiyası uzanacaq. Bütün millətlər onun üçün sadəcə bir insan olacaq. O kimsəyə fərq etmədən ədalətlə yer üzündə Ulu Tanrının krallığını var edəcək. Və nəhayət onun sərhədlərində dünyanın dörd cəhəti birləşəcək... – kimi başqa sözlərlə məmləkətin, səltənətin və bütün dünyanın gələcək taleyini beləcə açıqladı Qam...

    O hadisədən uzun illər keçdi. Və təxminən yüz il sonra fevral ayında, Onon çayının sahilindəki Delyun-Boldox adlı yerdə dünyaya gəldi, Qamın haqqında danışdığı igid...

    Təxminən on-on beş il də keçdi. Ara müharibələri hələ də davam edirdi. Xarici yadellilər birləşərək yerli tayfaları aldadıb bir-birinə qarşı qoymuşdular. O zamanların “At-arvad-silah” kimi namus məsələsi də yerli tayfalar arasında əsas müharibə bəhanəsi idi. Qalib gələn hər sərkərdə digərinin hərəmini məcburi şəkildə aparır və ondan tayfanın yeni nümayəndəsini doğması üçün istifadə edirdi. Düzdür burada kişilərin qadın hərisliyi də əsas rol oynayırdı...

    Günlərin bir günü obasından didərgin düşmüş bir yeniyetmə yorğun, bitkin halda bir təpəyə sarı gəldi. Bir ağac altında yuxuya gedərək rahatlamaq istədi. Elə bir neçə dəqiqə keçmişdi ki, yuxudan bir qurd ulaması səsiylə oynanan oğlan gecənin qaranlığında ay işığında bərq vuran nəhəng bir qurdun şahidi oldu. Uzun müddət heyrətlə ona baxdı və nəhayət qeyri-ixtiyari şəkildə qarşısında diz çökdü. Qurd isə öz növbəsində bir müddət uladı və ona doğru baxaraq gülümsədi. Sonra üzərinə atıldı. Və tərəflər arasında dərin bir çarpışma başladı. Nəhayət oğlan qurdu var gücüylə göyə qaldırıb yerə çarpdı. Qurd isə hələ də nurani tərzdə gülümsəyirdi. Və anidən dil gəlib dedi:

Ey, Tanrının qutlu bəndəsi, sən xalqını, dövlətini, soyunu qurtaran, yer üzündəki bütün haqsızlığı bitirən bir Ər olacaqsan. Tanrı səni qutsadı. Artıq sənin cismin, ruhun, bütün varlığın ona aiddir...

    Oğlansa öz növbəsində heyrətlə qurda baxır, nə olduğunu anlamağa çalışırdı ki, elə bu an qurd qeyb oldu. əvəzində oğlanın dizləri ağırlaşdı. Beli büküldü, qeyri-ixtiyari şəkildə qurd kimi ulamağa başladı. Tədricən yanları, budları, ayaqları, əlləri, çiyinləri böyüdü və iri cüssəli bir igid oldu. Gözləri bir anda maviləşdi. Dırnaqları itiləşdi. əlləriylə təpəni dırmaşıb o yana – öz elinə qayıtdı.

    Qısa müddətdə Qamın dediyi kimi tayfanın başına keçən Ər, xüsusi ağlı, gücüylə bir çox yerli tayfanı birləşdirdi. Bir tək qardaşlığı Camuqa qalmışdı. Ona da tabe olması üçün xəbər göndərdi. Biət etməyi qəbul etməyən Camuqanı isə ağır bir məğlubiyyət və qədim törələrə əsasən şiddətli ölüm qarşıladı. Öz arzusuyla və tayfa böyüklərinin rizasıyla beli sındırılan Camuqadan sonra Ər bütün məmləkəti birləşdirib xarici düşmənlərə doğru yol aldı.

    Çox güclü və yeni tipli ordu yaratdı. Bütün Doğunu qısa müddətdə öz nəzarəti altına alıb Şeytan məmləkəti – Çini də diz çökdürdü. Qamın dediyi kimi düşmənlərinə acımadı. Ona tabe olmayan hər kəsi dəhşətli tərzdə ölümlə ödülləndirdi. Çinin paytaxtını tutmaq üçünsə dəhşətli döyüş taktikasından istifadə edib şəhər əhalisini acından qırdı. Tanrı yolundan uzaqlaşmış bütün günahkar tezliklə onun cəhənnəmində yandılar... Və nəhayət bir neçə il ərzində Doğudan Batıya, Okeanından Okeana böyük bir imperiyanın sahibi oldu...

    Günlərin bir günü zaman yetişdi, Tanrı vaxt, vədənin bitdiyini duyub onun cismini tərk etməyi qərarlaşdırdı. Və böyük bir cahan imperatoru – Çingiz xan, Cuçi, Çağatay, Ugedey, Tuluy və digərləri başda olmaqla, bütün övladlarını başına yığıb öz dərin vəsiyyətini etdi:

Övladlarım, Uca soyumun davamçıları, ulusumuzun qoruqçuları, məni diqqətlə dinləyin. Tarix bundan əvvəl var idi, bundan sonra da var olacaq və saysız-hesabsız imperiyalar ard-arda gəlib gedəcək, siz isə bircə şeyi yaxşı yadda saxlayın. Nə olursa olsun, əsla Haqqa, Tanrıya üz çevirməyin. Yer üzündə ədalətlə hökmdarlıq edin. Soyunuza, ulusunuza sahib çıxın. Çalışın özünüzdən olanlarla ədavətə girməyin. Xarici düşmənlərinizin hiyləsinə aldanmayın. Qadın da olsa sizi bir xoş təbəssümüylə qərarınızdan döndərə, dolayısıyla bütün xalqı təhlükədə qoya bilər. Gərək olmadığı müddətcə belinizə, əlinizə və dilinizə sahib çıxın... Məzlumlara arxa olun, zalımlara od püskürün. Düşmənlərə əsla acımayın. Çünki bu gün öldürmədiyiniz hər kəs sabah bir ordu olub üzərinizə gələ bilər və o zaman sizin üçün çox gec olar. Unutmayın, heç vaxt bir mismarı kiçik bilmәyin. Bir mismar bir nalı, bir nal bir atı, bir at bir sәrkәrdәni, bir sәrkәrdә bir ordunu, bir orduda bir dövlәti xilas edə bilər... – və s. kimi sözlərlə Çingiz Xan öz xələflərinə hər şeyi miras qoyub dünyanı tərk etdi...

    Zaman keçdi. Çingiz Xandan sonra onlarla, yüzlərlə, minlərlə hökmdar dünyaya gəldi. Ancaq heç birisi onun qədər ağıllı, onun qədər səbirli, onun qədər ədalətli ola bilmədi. Çünki o Tanrının qutsal ruhunu daşıyırdı...

 

 

 

 

 

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.