Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_ceyhunnnnbf.jpg
Ceyhun Nəbi

   XX əsrdə Azərbaycan milli mücadilə tarixi o qədər rəngarəng olub ki, uğur və uğursuzluqlarla müşayət olunan bu tarix bir çox dönməz istiqlal mübarizlərinin simasında Azərbaycan xalqının düşüncəsinə özünə yer tapib. Hər zaman düşmən qüvvələrin marağında məmləkətimiz olan Azərbaycanı əsarətdə saxlamaq, onun üzərində hökmranlığı həyata keçirmək əsas məqsəd olub. Millətimizin milli düşüncəsini məhv etməklə, dilimizi korlamaqla, təhsilimizi əlimizdən alıb, bizi kölələşdirərək özlərinin imperialist maraqlarını təmin edən həmin qüvvələr milli mövcudluğumuzu təhlükə altına qoyurdular.

    Azərbaycanda milli oyanış, müasir milli dövlətçilik ənənələrinin əsasının qoyulması, Bir millət olaraq özünüdərk ümumtürk milli oyanışının tərkib hissəsidir. Hansı ki, bu oyanış təhsildən başladı. Yeni-üsul ( Üsuli-Cədit ) məktəblərinin yaradılması, Cəhalətin hökmranlığı altında inləyən Türk-İslam dünyası parlayan bir ziyanın yandığı istiqamətə yönəldi. Bəli bu istiqamət Kırım idi, parlayan ziyamız isə İsmayıl Qaspıralı Hoca. Cəhalətin bütləri dağılmağa başlayırdı, mollalar müəllimlik etməyə, məscidlər isə məktəblərə çevrilirdi.

    Azərbaycanda mütərəqqi ziyalılar başda Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov kimi şəxsiyyətlər Qafqazdakı müsəlmanların xilası üçün mayak rolunu oynayırdılar. Başlayan həmin yol Azərbaycanı dünyəvi dəyərlər üzərində qurulmuş Cümhuriyyətə doğru aparırdı. 1918-ci ilin may ayının 28-də Azərbaycan öz istiqlalını əldə etdi, dünyəvi dəyərlərlə öz Cumhuriyyətini qurdu. Bu böyük mücadilənin nəticəsi idi. Bəziləri üçün bu sadəcə təbii reallıq kimi qəbul oluna bilər, inqlab oldu, Çar devrildi və bunun nəticəsində Azərbaycan dövləti quruldu.  Bunu heç kəs inkar edə bilməz, bu həqiqətən olub amma əsl reallıqlarıda unutmaq olmaz. Çar yıxıldıqdan sonra burada Sovet dövlətidə qurula bilərdi, din xadimləri  tərəfindən dini dövlətdə qurula bilərdi, amma bu belə olmadı. Dünyəvi dəyərlərə söykənən respublika quruldu. Bu respublikanı quranların fikir və düşüncələri çox dərin köklərə sahib idi. Onlar müasir dünyanın mahiyyətini dərk edə bilir, sağlam gələcəyə baxış konsepsiyaları olan siyasi fenomenlər idi. Bu qurulan Cumhuriyyət o qədər mükəmməl idi ki, orada hər kəs haqqını əldə edirdi. Hətta 5-3 kənddən ibarət olan etniklər belə parlamentdə təmsil olunmaq haqqına sahib olmuşdular. Azərbaycana, müsəlmanlara zərbələr vurmuş Ermənilər hökmətdə təmsil olunur, çoxluğu müsəlmanların təşkil etdiyi bir toplumun idarəçilyini təşkil edirdilər.

      Qürurumuz olan Cümhuriyyətimiz çox yaşaya bilmədi, tezliklə Bolşeviklər onu devirdi. Özünün qaniçən, qanlı rejimini qurdu. 100 ildən artıq sürən əsarətin son verib, sevinc şərbətini içdiyimiz bir zamanda soyuq şimalın daha kəskin, dahada iti yeni bir qılıncı başımızın üzərini aldı. Bəli bu BOLŞEVİZM idi.  Həyatımızı qanlara boyadılar. İstiqlalımızın keşikçiləri yenidən işğalla barışa bilmədilər və vətənimiz Azərbaycanı üsyançı etirazları bürüdü. Qarabağ, Gəncə, Zaqatala və s yerlərdən işğala yox sədaları gəlirdi.

    Gəncə Üsyanı üsyanların içində o qədər qanlı və şiddətli oldu ki, orada təslimiyyət bayrağı qalxmamışdı, şəhərin əhalisi son damla qanına qədər döyüşmüşdü və Azərbaycan Cumhuriyyəti gözlərini bu şəhərdə yumdu, hansı ki, onun qürurlu 3 rəngli bayrağıda bu şəhərdə ilk dəfə millətimizə həqiqi istiqlalı dadızdırmışdı.

    Gəncədə üsyanın qələbə ümidlərinin tükənməsi çox mucahidlərin, vətənpərvərlərin, istiqlal dirənişçilərinin oranı tərk edib, siyasi mühacirətə getməsi ilə nəticələndi. Bir çoxları getdi, bir çoxları təslim oldu, bir çoxlarıda qaçaqlığa keçdi. Üsyan və üsyandan sonrakı dəhşətli hadisələri təsəvvür etmək çox çətindir. Üsyan bitdi amma Gəncədə asıb kəsənlər qurtarmadı. Yenədə həmin ki, qaydada öz cəlladlıqlarını davam etdirirdilər.

     Bu kiçik verdiyim başlıq barışmaz bir mücahid olan Çingiz Göygölün ( Çingiz Muxtar oğlu Hacızadə ) həyatı ilə sıx bağlı məqamlardır. Çingiz Göygöl kimdir  ? Çingiz Göygöl adını Azərbaycan istiqlalı ideyasını zehniyyətində daşıyan hər bir vətənpərvər tanımalıdır. Azərbaycan Milliyyətçilər Dərnəyinə başqanlıq etmiş, “Türk izi”, “Mücahid” kimi dərgilərin sahibi olmuş, onun çıxarılmasını təşkil etmiş, Azərbaycan Siyasi Mühacirətinin Türkiyədə gənc simalarının bir ideya, bir təşkilat ətrafında birləşməsinin əsas təşkilatıçılarından biri, dönməz istiqlalçı, düşüncəsi sağlam, böyük vətənpərvər, mücahid qələm sahibi olan bir şəxsiyyətdir.

    Çingiz Göygöl Cümhuriyyətin 100 tələbəsindən biri, Azərbaycan Cumhuriyyəti baş naziri olmuş Nəsib bəy Yusifbəylinin qızı Zöhrə Göygölün həyat yoldaşı Mirzə Göygölün qardaşıdır. Çingiz Göygöl 1909-cu ildə Gəncə şəhərində doğulmuşdu.  Atası Muxtar, anası Yaqut xanım olub.

    Mirzə Göygöldə ( Hacızadə ) Azərbaycan siyasi mühacirətinin öndə gələn əsas simalarından biri idi. Azərbaycan Cümhuriyyəti tərəfindən oxumağa göndərilmiş, 100 tələbədən biri olan və Berlində oxumuş Mirzə bəy Türkiyənin ən tanınmış Kənd Təsərüfatı üzrə mütəxəsislərindən biri hesab olunurdu. Bununla bağlı bir çox kitabında müəllifidir. Çingiz Göygöl Türkiyə gələrkən böyük qardaşı olan Mirzə Göygöldən böyük dəstək görmüşdü. Mirzə bəyin Zöhrə xanım ilə evliliyindən 4 övladı olmuşdu. Səlçuq, Oğuz, Şölə və Dəmir.

        Çingiz Göygöl elə bir dövrdə doğulmuşdu ki, həmin dövrdə Azərbaycan Erməni qırğınlarından əziyyət çəkmiş, vandalist zehniyyətli Ermənilərə qarşı mübarizələr təşkil etmiş mücahidlərin, Difai fədailərinin təqib və sürgünlərə məruz qaldığı dövr idi. Axund Molla Məhəmməd Pişnamazzadə, Həmid bəy Yusifbəyli, Mirzə Məhəmməd Axundzadə kimi qorxmaz, cəsur və milli müsəlmanların keşiyində dayanmaqdan qürur duyan şəxslərin sürgünlərə göndərildiyi vaxtlar idi. Çox təbii bir məqamdır ki, Çingiz Göygöl uşaq olduğundan olan bütün bu hadisələrdən xəbərdar ola bilməzdi. Amma O, elə bir mühitdə doğulmuşdu ki, həmin dövrdə onun doğulduğu bu şəhər milli mücadilənin sarsılmaz qalası idi. Rus Çarlıq İrticasının, onlara əl altılıq edən Ermənilər bütün yerlərdə məqsədlərinə vara bilsələrdə sarsılmaz milli qalamız olan Gəncədə bir dirənişlə, təpki ilə üzləşmişlər. Gəncənin milli zehniyyətli ziyalıları, din xadimləri, öndə gələn ağsaqqalları zülümkarlara qarşı vəhdət çırağı yandıra bilmişdilər.  

    Çingiz Göygöl doğulduğu zaman milli düşüncəmizin kök saldığı dövr idi. O Rus çarlığı zamanını, Azərbaycan Cümhuriyyətini, Sovet Bolşevizmini görmüş bir insandır. Bütün  bunlardan sonra o siyasi mühacirətə getdi, böyük bir mücadilə səhvəsi yaratdı. Türkiyədə özünə geniş çevrə quraraq Azərbaycan istiqlal davasına qüvvət verərək milli amallarımızın reallaşması üçün əlindən gələni etdi. Niyazi Yusifbəyli ( Kürdəmir ), Səffət Zərdabi  ( Həsən bəy Zərdabinin oğlu ) , Fətəli Xan Xoyiskinin qardaşı oğlu İsgəndər xan Xoyiski, Hidayət Turanlı, Mehmət Altunbay ( Hürriyyətə uçan ilk türk, Gəncəli Qaçaq İbrahimin oğlu ), İstiqlal şairimiz Həmid Dönməz, Əhməd Ulusoy, Əziz Alpout kimi həqiqi mücahidlərlə birlikdə 1952-ci il fevralın 8-də  Azərbaycan Milliyyətçilər Dərnəyini qurdular. Bunların hər birinin gəncliyi cəhənnəmlərdə çeynənmiş, dəhşətli bir faciə, insanlığın qanını donduran bir dramdır. Kimiləri üçün məlum olan, kimiləri üçünsə məlum olmayan. Onları birlikdə var edən zülmkarların zülmünə qarşı mübarizə, Bolşevizmə, bu iyrənc zehniyyətə qarşı nifrət, Azərbaycanın istiqlalı, böyük Türk millətinin hürriyyətçilik sevdası idi. Xalqların həbsxanası Sovetlərin varlığı onların narahat edən əsas məqam idi.

    Çingiz Göygöl Azərbaycan Cümhuriyyətinin mühacirətə getmiş siyasi rəhbərləri ilə əlaqələr qurmuş, həmin liderlərin milli mücadilə ilə bağlı tövsiyyələrindən yararlana bilmişdi. Həmin liderlərin arasında başda Azərbaycan Cümhuriyyəti Ədliyyə Bakanı Xəlil bəy Xasməmmədli, Azərbaycan Cümhuriyyəti Əmniyyət Bakanı Nağı bəy Şeyxzamanlı, Azərbaycan Cümhuriyyəti Parlamanı əzalarından Şəfi bəy Rüstəmbəyli, Məmmədsadıq Aran kimi şəxsiyyətlər önəmli rol oynamışdı.   

     Çingiz Göygöl çıxardığı dərgiləri, yazdığı məqalələr, kitabları və tutduğu mövqeyi ilə əsl anlamda əsl mücahid idi. Bu araşdırmamda “ Mücahid bir imza” başlığı onun xarakteri, dərin düşüncələri, dönməz mövqeyi və qızıl qədər dəyərli olan qələmi ilə bağlı bir məqamdır. Gəncə ictimai-siyasi mühitindən bir çox dəyərli qələm sahibləri çıxmışdı. Əhməd Cəfəroğlu, Səlim Rəfiq Rəfioğlu kimi bir çox qələm sahibləri bu zəngin elmi, idealoji bazaya sahib məkanın yetirmələri idi.

    Azərbaycan milli aristokratiyasının əsas qalası sayılan Gəncənin bu tipli dühaları yetirməsinin tək səbəbi Gəncədə sağlam milli düşüncəyə sahib ictimai, siyasi və elmi mərkəzlərin mövcud olması idi. Hansı ki, Gəncədə bu işlərin önündə Şeyxülislam Axund Molla Məhəmməd Pişnamazzadə, Ələkbər bəy Rəfibəyli, Hacı Məhəmmədhüseyin Rəfiyev kimi sağlam mövqeyli, məqsəd və məramı eyni olan  hörmət sahibləri gəlirdi. Pişnamazzadə Həzrətlərinin rəhbərliyi altında mövcud olmuş “Məktəbül-Xeyriyyə” dərsxanası, “Mədrəseyyi-Ruhaniyyə” kimi milli düşüncəyə yer vermiş məktəblər, Difai, Qeyrət kimi partiya və ictimai təşkilatların, Müsəlman Xeyriyyə Cəmiyyətlərinin formalaşdırdığı mühitdən millətə xidmət üçün bu möhtəşəm simalar çıxa bilərdi.
b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_ceyhhhun.jpg

 

     Çingiz Göygöl “Türk izi”, “Mücahid” kimi dərgilərdə çıxardığı yazılarda əsas qayə istiqlalçılıq, milli birlik, Bolşevizmə nifrət idi. Dar imkanlar çərçivəsində Çingiz bəy böyük işlər bacarmışdı. Rəhbəri olduğu Azərbaycan Milliyyətçilər Dərnəyi, çıxardığı dərgilər, kitablar həmin dövrdə dəyəri ölçüyə gəlməz dərəcədə çox böyük işlər idi.

      Çingiz Göygölün Bolşevizmə dərin nifrəti var idi. “Mücahid” dərgisinin 1957-ci il iyun ayında çıxmış 9-cu sayında “ Mühafizəsi lazım gələn milli ruh”  başlıqlı məqaləsində buna rast gəlmək olar.Çingiz bəy həmin məqalədə orada yaşayanlarla bağlı qeyd edirdi :XX əsrin heç şübhəsiz ən bədbəxt insanları kommunist rejimi və diktaturası altında yaşayanlardır. Bolşevik kommunist tələsinə düşən bu zavallılar, bir ovuc kommunist aristokratiya-sının rifahı və səadəti və yenə bu güruhun hiylə və əməlləri üçün çalışmaqda və yüzdə-yüz istismar edilməkdədir. Dəmir Pərdə içərisində haqq və hüquqdan məhrum, atılmış bir əşya kimi qalmaqda, hər cür hürriyyətləri əllərindən alınmış, makinadan durmadan, dinlənmədən, yarı ac və yarı çılpaq Sovet imperializminin çarxını çevirməkdədirlər. ( Nəsiman Yaqublu “ Azərbaycan Mühacirət irsi” səh: 174 )

   Çingiz Göygöl həmin məqalədə Kommunizmin rus şovnizminin bir masqası olduğunu    qeyd edir. Digər xalqlara məxsus olan istehsal məhsulları, onların ərazisində yetişən mehvələr belə hətta rusların adına çıxılır, onların kimi qələmə verilir. Çingiz Göygöl bütün bu çirkin və iyrənc siyasətlərdən xilas olmağın yollarını “Milli Ruhun” güclənməsində görürdü. Həmin məqalədə qeyd edirdi : Kommunistlərin iqtisadi, ictimai və kültürəl bü-tün basqı və imha (məhv) siyasətlərinə qarşı, istilada olanların ciddi və daimi müqavimətləridir. Əlbəttə bu amili əsaslandıran ruhun “Milli Ruh” olduğunda kimsə tərəddüd etməz. Bolşevik kommunistlərin üzərində həssaslıqla durduqları və imhası və tənəzzülə uğradılması üçün ən çox məşğul olduqları yenə “Milli Ruhdur”. Bu ruh, insanlara hürriyyət, millətlərə beka (gələcək) təmin edən ən mühüm ünsürdür. Bolşevik kommunistlərcə təqibə uğrayan insanlarda milli ruh ən üstün vəsf olunandır. (Nəsiman Yaqublu “ Azərbaycan Mühacirət irsi” səh : 176 ) .

    Çingiz bəy “ Mühafizəsi lazım gələn milli ruh”  adlı məqaləsində sonda bunları qeyd edir : Milli ruhun mövcudiyyəti ilə “Millətlərə istiqlal, in-sanlığa hürriyyət” təmin edilə bilir. Milli ruhun mühafizəsi üçün bütün millətlərin müştərək qüvvə sərf etmələri zərurəti, bu gün dünənədən daha çox ehtiyac halındadır. Kommunistlər bu ruhun imhası (məhvi) üçün hər gün bir az daha hiylə və də-sisə (aldatma) yolları kəşf edərək insanlığı köləliyə sürüklə-məkdədir (Nəsiman Yaqublu “ Azərbaycan Mühacirət irsi” səh :178 ).

     Çingiz Göygölün ən dəyərli məqalələrindən biridə  “Mücahid” -in 1957-ci il, sentyabr ayı, 10-cu sayında çıxmış “15 sentyabr 1918” adlı məqaləsidi. Bu məqalə digər məqalələrlə müqayisədə tarixi əhəmiyyət kəsb edir, tarixi hadisələrlə özündə milli cümhuriyyətimizinin mövcudiyyət dövrünü canlandırır. Həmin məqalədə Çingiz bəy 15 sentyabr 1918-ci ildə Bakının İşğaldan azad edilməsini, qazanılmış şanlı zəfərin mahiyyətini izah edir. Ənvər Paşanın qardaşı, Qafqaz İslam Ordusu komandani Nuri paşanın millət tərəfindən necə sevinclə qarşılanmasını, hətta xalqın öz dəyərli övladlarını belə ona qurban verə bilməsi səhnəsini canladırır. Nuri Paşa Gəncəyə gələrkən belə hadisələrdən biri Gəncə yaxınlığında olan Seyfəli  ( Əhməd Cavadın doğulduğu kənd )kəndindən bir varli bəyin öz oğlunu paşaya qurban verməsi qeyd edilir. Həmin məqamdan Nuri Paşa ilə varlı bəy arasında maraqli unsiyyət olmuşdu :

    Paşa: “Neçin oğlunuzu qurban vermək istədiniz?” – deyə soruşanda bu cavabı almışdı: “Mənim minlərcə qoyun, inək, öküzüm vardır. Bunların hamısı pulla alınır. Fəqət oğlum sevgimin ta özü, ciyərimin bir parçasıdır. Uzun düşündükdən sonra, sizlərə layiq bir qurban tapa bil-mədim. Ancaq oğlumu layiq gördüm” (Nəsiman Yaqublu “ Azərbaycan Mühacirət irsi” səh: 181 ).

   Çingiz  Göygöl Azərbaycanda Qafqaz İslam Ordusuna, onun baş komandanı olan Nuri Paşaya olan yüksək münasibətin, xilaskarlıq missyasının mahiyyətini açıb ortaya qoyur. Çingiz Bəyin məlum məqaləsinə əsasən aydın olur ki, Gəncədə Şah Abbas Məscidinin həyətindəki parkda Qafqaz İslam Ordusunun türk mehmetçiyinə abidə qoyulubmuş.

    Çingiz bəyin dəyərli məqalələri ilə yanaşı 1958-ci ildə Türkiyədə “Mücahit nəşriyyatı” tərəfindən çap olunmuş birinci kitab olaraq yazmış olduğu “ Kominist Rusiya və Müsəlmanlar” kitabı böyük əhəmiyyət kəsb edir. 64 səhvədən ibarət olan kitab girişdə daxil olmaqla 10 bölmədən ibarətdir. Kitabda Çarlıq və Sovetlər zamanı Rusiyada müsəlmanların və türklərin  vəziyyəti təhlil edilir. Rusların Müsəlman Türkləri necə parçalaması, onları basqı və təyziqlərə məruz qoyması, əsarətdə olan xalqların öz istiqlaliyyəti uğrunda mübarizəsindən və Ruslara qarşı  dirənişindən bəhs edir. Qafqaz, Kırım, Kazan Türklərinin əsarətdə milli zehniyyətin bərqərar olması üçün ortaya qoyduğu əməli işlərin inkişaf yoluna nəzər salınır. Kitabın girişində Çingiz bəy yazır :

    Sovet Rusiyasında kominist hakimiyyəti altında yaşamağa məcbur edilən Müsəlmanların, koministlər tərəfindən məruz qaldıqları işgəncələrə dair zaman-zaman gündəlik qəzetlərdə, məcmuələrdə yazdığım yazılar üçün aldığım məktublar məni yenidən bu mövzunu incələməyə və daha geniş oxucu kütləsinə xitab etmək üçün bu balaca kitabı yazmağa sövq etdi (Ç.Göygöl, Kominist Rusiya və Müsəlmanlar, səhvə: 3 ) .

    Çingiz Göygöl “ Kominist Rusiya və Müsəlmanlar” kitabında Azərbaycan milli hərəkatının ilkin dövrlərdə Çar Rusiyasına qarşı mübarizəsindən və Rus ordusunun “Eşalon davasında” ( tarixdə Şamxor davası kimidə xatırlanır, C.N ) tərksilah edilməsindən söz açır.

     Çingiz bəy yazmış olduğu kitabın “ Müsəlmanlarda istiqlal məfkürəsinin bərqərar olması” adlı bölməsində həmin dava ilə bağlı qeyd edir :

      Azərbaycanda Bakıdan başqa Qarabağ, Gəncə, Şamaxı və s şəhərlərdədə Rus ordusundan təxris olan Ermənilər mövcud olduğu kimi bütün Azərbaycan şəhərlərində mövcud olan Xiristiyanlarda böyük miqdarda silah var idi. Üstəlikdə əsgərlik elmini bilən, hərbi zabitlər mühim miqdarda idi. Azərbaycanda isə Müsəlmanlar əsgərliyə qəbul olunmadığından əsgərlik elmini bilmədikləri kimi, silahlarada nadir halda rast gəlinirdi. Şəhərləri təhdid edən silahlı Xiristiyan yığınına birdə Eşalon qüvvəti əlavə ediləcək olarsa böyük təhlükə yarana bilərdi. Fəqət Gəncə Milli Komitəsi Eşalonu silahdan təcrid edərsə, Gəncə və Qarabağda toplanan Erməni silahlılarının hücuma keçməsi və Qarabağla Gəncənin məhv olması qeyri-mümkün ola bilərdi.  Milli Komitə vaxt qazanamaq istərkən, Milli Hökümət zamanında millət vəkili olmuş və Kominist işğalı zamanında məşhur Bitdili İmamı üsyanının qəhramanı olan şəhid Hacı Axund ( 30-cu illərdə Şəmkirdə üsyan başcısı olmuş Hacı Axund Əhməd Nuruzadə, C.N ) adamları ilə birlikdə Gürcüstan sərhədində tanınmış bir körpübaşı olan Nadir qalasının hakim təpəsini işğal etmişdilər. Burada toplanmış mərhum Hacı Axundun adamlarının hamısı silahlı olduqları iddia ediləməzdi. Fəqət cəsarət və imanları sayəsində xalqın böyük ölçüdə güvənini qazanmışdılar. Eşalon Azərbaycan torpaqlarını keçməyə hazırlanarkən, Nadir qalasında toplanan bir ovuc qəhraman Eşalonu pərişan etməyə bəs etmişdi. Gəncənin kənarında yer alan qəhraman Məmmədqasımın dəstəsi isə daha əzimli və imanlı idi. Gəncəbasarda qəhramanlığı ilə ad çıxarmış idi ( Məmmədqasım uzun illər kominist işğalçı qüvvələrinə qarşı dirəniş göstərmiş və onlarla böyük çapda mücadilə etmiş və adına dastanlar yazılmış Gəncəli bir qəhramandır ) Məmmədqasımın qüvvələrindən bir qismi yardıma gedərək, irəliləyən qüvvələri durdurmuşdu. Böyük ordu irəliləyə bilməyəcəyini anlayaraq dərhal təslim olacağını bildirmişdi. Milli Komitənin əmniyyət işlərini idarə edən gənc və enerjili əmniyyətçi Eyyub Rəfibəyli ( Ələkbər Bəy Rəfibəylinin qardaşı oğlu, Gəncə Üsyanından sonra siyasi mühacirətə gedib, C.N)komandanın təslim şərtlərini gətirən hərbiçini sağ-salamat Milli Komitəyə gətirmişdi. Birinci karvana silahlarını təslim edərək Rusiyaya getməsinə icazə verildi. Sülh danışıqları üçün əvvəlcə bizə keçən zirehli qatarın Nadir qalasına yaxınlaşması anında eşalonun anlaşma şərtlərini pozaraq, qatar üzərinə top atəşi açması və orada olan könüllü hərbiçilərimizdən Məhəmməd Rəfini (Tanınmış Gəncəli tacir və xeyriyyəçi Hacı Məhəmmədhüseyin Rəfiyevin nəvəsi, Azərbaycan Cümhuriyyəti Milli Bankının ilk sədri Məşədi Əli Rəfiyevin oğlu. C. N ) və başqalarını şəhit etməsi, dəstələrə bölünmüş qüvvələrimizin sakit olmayan kin və nifrətinin kükrəməsinə səbəb olmuşdu. Minlərcə hər yaşdan olan xalq, Rusların bu namərdcə hərəkətinin intiqamını almışlardı. Eşalon komandanı yalvarırcasına atəşin kəsilməsi üçün yüzlərcə ağ bayraq çıxarmaqla təslim olduqlarını bildirmişdi. Bir ovuc qəhraman dəstələrindən göstərdiyi şücaət və cəsarətiylə ciddidən ağıllar üstü möcüzələr yaratmışdı. Təlim-tərbiyə görmüş və sayıca 3-5 misli üstün qüvvələrə sahib olan Eşalonun, bir ovuc, əsgərlik elmi ilə heç ünsiyyəti olmayan, üstəlik zəif silahlarla  Hacı Axund dəstəsinə məğlubiyyəti ciddidən qəhramanlıq timsalı bir möcüzə təşkil etmişdi. Eşalonun pərişan halı və minlərcə ölü, yaralı, eyni zamanda acınacaqlı bir hal və mənzərə təşkil etməkdə idi. Gəncə Milli Komitəsinin və əmniyyət təşkilatının yerində tədbirləri ilə Eşalonun yaralıları tez Gəncəyə, xəstəxanalara, hətta evlərə aparıldı. Səyyar səhiyyə qurupları Rus eşalon yaralılarının şəhərə göndərilməyənlərini yerindəcə müalicə etməyə başlamışdı. Rus eşalon komandanı  Müsəlmanların böyük və insani rəftarlarına qarşı böyük minnət hissi duymuş və Milli Komitəyə bir qilincla bir top hədiyyə etmək sürəti ilə “ Sizlər anadan doğma qəhraman olduğunuz qədər insani hisslərə sahib, müstəqil yaşamağı haqq etmiş bir millət olduğunuzu bizə qarşı rəftarınızla isbat etdiniz” . Biz sizin haqqlı, bizim haqqsız olduğumuza inanmanızı istəyirəm, demişdi. Milli Komitə Əmniyyət rəisliyinin aldığı yerində bir tədbirlə, Eşalon silahlarının 60 % -ni tərklə Azərbaycan torpaqlarını keçirdilər. Hacı Axundun, Məmmədqasımın, və Qaçaq Qənbərin, Həsən Binhektar ilə Sarı Ələkbərin qüvvələri Eşalonun Azərbaycan torpaqlarını burunları qanamadan keçməsini təmin etmişdi (Ç.Göygöl, Kominist Rusiya və Müsəlmanlar, səhvə : 19,20,21 ) .  

    Eşalon davası ( Şamxor davası )1918-ci il 8 yanvarda Çar Rusiyasının uzunmüddətli işğalından sonra ilk dəfə olaraq Gəncə Milli Komitəsinin Şəmkir stansiyasında Rus ordusunun tərksilah edilməsi hadisəsidir. Həmin hadisə xalq arasında böyük sevincə səbəb olması, uzun müddətdən sonra bütün imkanların tükəndiyi dövrdə Rusların məğlubiyyətə uğradılması bir sıra yazarların əsərlərində, məqalələrində, söylədiyi nitqlərdə böyük qəhramanlıq hadisəsi kimi qiymətləndirilir. Çingiz bəyində xatirələrində bu hadisə böyük təsirlər bağışladığına görə öz kitabında həmin hadisəyə yer verib.

    Çingiz bəy öz kitabında Bolşeviklərin Müsəlman, Türk məmləkətlərində hakimiyyəti  zamanı onların Bolşeviklərə qarşı üsyanlarındanda bəhs edir. Həmin üsyanlarla bağlı “ Kominist Bəyannaməsi” adlı bölmədə qeyd edir :

    Müsəlman aləminin koministlərə qarşı üsyanı müdəmadi olaraq davam etmişdi. Şimal Türklərinin Çatal üsyanı, Şeyx Şamilin nəvəsi Səid bəyin üsyanı, Qazaxıstan və Özbəkistan üsyanı və yenə Azərbaycanın Zaqatala və Şəki üsyanı bu dövrə təsadüf edir. Qabaqda yeri gəldikcə bəzi üsyanlardan bəhs edəcəm. Bu üsyanlardan sonra koministlər daha ciddi tədbirlər almaqda gecikmədilər. Müsəlman münəvvərlər bu dəfə bütünlüklə məhv olmaya və sürgün məruz qaldılar. Gəncədə 14 – 70 yaş arası bütün kişilər həbsxanalara atıldılar. Hər gecə çekistlər ( əksəriyyəti könüllü Gəncə Ermənilərindəndir) həbsxanaya gələrək, boylu-buxunlu, əli silah tutan hərkəsi xalqın arasından seçərək alıb aqibəti məchul yerə aparırdılar. Beləcə minlərcə Gəncəli Müsəlman ölümə aparıldı. Gəncədə elə bir ailə təsəvvür edə bilməzsiniz ki, üzvünün birini bu üsyanda itirməmiş olsun. Satılmış Qarayev, Həmid Sultanov, Bağırov kimi koministlərdə Gəncədə Türk və Müsəlmanların məhv olmasını artırmaqdan başqa bir iş görməmişdilər. Bunların Gəncəyə gəldiyini eşidən xalq onlara söz göndərərək bu qətliamın qabağına keçilməsini istəmişdilərsə, “ İnqilab əlehdarı Gəncənin təmizlənməsini bizlər şəxsən edəcəyik” sözləri ilə böyük miqyasda qətliamı dəstəkləmişdilər (Ç.Göygöl, Kominist Rusiya və Müsəlmanlar, səhvə: 31, 32 ).

    Bu araşdırmamda Çingiz Göygölün mətbu və elmi yaradıcılığı ilə bağlı müəyyən qədər məlumat verdim. Əlbəttə ki, onun fəaliyyət və yaradıcılığını bir məqalə ilə ifadə etmək olmaz. Bizə məlum olan və olmayan Çingiz Göygölün çox yazıları mövcuddur. Bildiyimiz kimi onun əsas yazıları “ Mücahid” və “ Türk izi”-də gedib. Bütün bu dərgiləri toplamaq və yazıları tamı-tamına əldə etmək indiki məqamda imkanlarımız xaricindədir. Bacardığımız qədər bu yazıların müəyyən hissəsini əldə etmişik və etməkdəyik. Zamanlada inanıram ki, biz onun yazılarını əldə edəcəyik. Uzun müddət digər Azərbaycanlı siyasi mühacirlər kimi Çingiz bəydə araşdırılmayıb və müəyyən araşdırmacıların diqqətini cəlb etməyib. Son zamanlar Çingiz bəy və digər Azərbaycan Milliyyətçilər Dərnəyinin üzvülərinin yaşam və mücadilələri ilə bağlı araşdırmacılarda maraq artıb. İnanıram ki, biz bütünlükdə onların yaradıcılıq yollarına, yaşam və mücadilələrinə işıq sala biləcəyik.

Sozcu.az

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.