Xəbər lenti

elseneeeeee.jpgElşən Əlisoy

Hər dəfə evə gedəndə ovçu kimi yavaş-yavaş televizorun pultuna yaxınlaşıb, gizlincə onu götürməyə cəhd edirəm. Oy daa, anam pultu tez əlinə götürüb,- “görürsən, verilişə baxıram”- deyə mənə baxıb qaşqabağını sallayır. Hər dəfə onun gözündən axan yaşları görüb Xoşqədəmi də söyürəm, onu kanala çıxaranı da. Bu hallar demək olar ki, mənim gündəlik həyatımın ən acı hissələridir.

Evimizdə hər gün sanki matəmdir, göz yaşları axır. Kanalın biri itkin düşənləri axtarır, biri bəxti açılmayanların bəxtini açır, biri cin çıxarır. Reytinq xətrinə hər kanal min hoqqadan çıxır, ara yerdə ağu deyib ağlaşanlar da bizlərin anaları olur ki, bunun da qarşılığında apteklərdən qucaq-qucaq ürək dərmanlarını nisyə götürməyə məcbur oluruq.

ATV kanalında yayımlanan “Səni axtarıram” verilişinin iyrənc kadrlarına baxanda onların bu vicdansızlıqlarının hansı kateqoriyaya aid olduğunu nə qədər fikirləşdimsə də, tapa bilmədim. Açığı, heç əməlli-başlı söyüş də söyə bilmədim. Bütün növ söyüşlər çox zəif səslənirdi.

Xoşqədəmin illər əvvəl çəkilmiş şəklinə baxanda fikirləşirəm ki, görəsən Doğuş onu o zaman görsəydi, hansı hissləri keçirərdi.  Nə isə, söhbət kiminsə cismani görünüşündən getmir, sadəcə bu adamın verilişi kimi vücudu da saxta imiş demək... Allah bu estetik əməliyyatı çıxaranın atasına lənət eləsin.

İllərdir ki, evlərimizə soxulan bu cür şou-proqramlar xalqı idarə etməyin ən bağışlanmaz formasıdır. Bunu açıqlamasında  verilişdə baş verənlərdən kanal rəhbərliyinin xəbərinin olduğunu deməklə, Xoşqədəm Hidayətqızı özü də təsdiqlədi. Bu, vətəndaşlarımıza verilən dəyərin ən dəqiq nümunəsidir məncə.

“Kişini xərəkdə gətirək, dursa, şey olacaq. Nəsə eləyək, kişi durmasın”,- deyən Xoşqədəmə həkim adını daşıyan birinin “kişiyə yarım kub iynə vuraq durmasın”,- deyə məsləhət göstərməsi xəstənin sol ayağının yerinə sağ ayağını kəsən ağ xalat geyinmiş cəlladların N qədər olduğundan xəbər verir. Hippokratın ahı tutsun sizi!

“Müsəlmanın ahı tutsun”,- ona görə demədim ki, müsəlmanın ahı tutmur, tutsaydı, bu günə qalmazdıq.

Xoşqədəm kimilərdən sadəcə soruşmaq lazımdır, “ANALARIMIZIMIZIN AXAN GÖZ YAŞINA DƏYƏRDİMİ SƏNİN SAXTA REYTİNQİN?  Ümidsiz insanların hissləri ilə oynamaq, xəstə bir insanın efir xatirinə ayaqlarını işgəncə makinasındaymış kimi bağlamağı demək hansı inancla uyğun gəlir? ŞEYTAN DA BU CÜR ETMƏZDİ MƏNCƏ...

Həmin videonu göstərməyəcəm anama.  Sadəcə bağlayacam, deyəcəm işləmir kanallar. Qəlbən bir dərdlinin dərdinə acıyıb göz yaşı tökən adama “sənə göstərilənlər sadəcə bir vicdansızlıq imiş”,- demək çox çətindir. Bağlayacam, pozacam televiziya ekranından arvadını dalına mindirib gəzdirən gədələrin verilişlərini. Bağlayaq, saxta göz yaşlarının, saxta gülüşlərin evlərimizə girməsinə imkan verməyək. Hər verilişdən sonra kadr arxasında yəqin ki, bizi necə ağlatdıqlarını deyib qəhqəhə çəkən vicdansızları silək televiziyalarımızn ekranlarından. RƏDD OLSUNLAR!

P.S. Bu arada mənim də canım qurtaracaq, xəbərlərə rahat baxa biləcəm.

 

 

 

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.