Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_rasimcc.jpgRasim Cəlalov

Mən orta məktəbdə oxuyarkən  IHH fənnindən bizə dərs deyən müəllimimizin bizə dediyi bir söz məni düşündürdü. O, deyirdi ki, hərbi vəziyyətdə əsgər döyüş aparmaqla yanaşı öz komandirlərini də qorumalıdır. Sonra ali məktəbdə Mülki Müdafiə müəllimimiz də bu sözü dedi. Mən həmişə fikirləşirdim döyüş gedir, hərə öz hayında olduğu halda komandiri qorumaq əlavə yük deyilmi? Nəhayət hərbi xidmətə yollandım.  Bir gün bizi hərbi hissədə toplayıb atəş hazırlığına apardılar. Bizə atəş hazırlığını I Qarabağ savaşında döyüşmüş hərbi hissənin qərərgah rəisi özü bir başa keçirdi. Bir-bir əsgərlərə nişan almağı öyrətdikdən sonra bizi tirə apararaq hər birimizə üç güllə verib hədəfə atəş açmağı əmr edirdi.  Hədəfi vuran əsgərlər sıraya düzülüb vura bilməyən əsgərlərin hədəfi dəqiq vurmalarına qədər davam edəcək dərslərinə tamaşa edərdilər.  Mən də hədəfi dəqiq vuranların sırasında olurdum.  Qərərgah rəisi əsgərlərə atış təlimatını izah etdikdən sonra ruhlandırırdı.  Komandirimiz deyirdi ki, “silahı oyuncaq kimi hiss etməlisən,  soyuqqanlı ol, sən Azərbaycan əsgərisən,  Təsəvvür et ki, hədəfdə erməni dığasıdır və sən onu vurmalısan!” Komandirimiz məhs bu cür ruhlandırmaqla əsgərləri atəş mövqeinə çıxardaraq atəş əmrini verirdi. Atışların birində hər kəs doğru atəş atdıqdan sonra hədəfi vura bilməyən iki əsgər qalmışdı. Komandir onları öyrətməyə çalışsa da onlar hədəfi dəqiq vura bilmirdilər. Axırda qərərgah rəisi ayaq üstündə tək əllə silahı hədəfə tuşlayaraq tək-tək üç dəfə atəş açdı. Biz hədəfə baxanda gördük ki, açılan hər üç atəş hədəfə dəyib. Avtomat silahdan ayaq üstündə tək əllə atəş açmağın çətin olduğunu bildiyimiz üçün bu bizi çox heyrətləndirdi.

Bu hadisədən sonra məni düşündürən suala cavab tapdım. Döyüşdə əsgər nəyin bahasına olursa olsun komandirini qorumalıdır! Peşəkar zabitlərin varlığı  əsgərlərin doğru hərəkət etmələrinə və döyüş əməliyyatlarını uğurla başa çatdırmalarına ciddi zəmin yaradır. Hələ gənc olan Müstəqil Azərbaycanın peşəkar kadrlarını qorumaq hər birimizin borcu olmalıdır.

Hərbiçi, həkim, mühəndis, memar və bunun kimi digər kadrlarımıza dəyər verib qiymətləndirməliyik. Dövlətimizin uzun illərlə yetişdirdiyi peşəkar kadrlarına qiymət verməklə onlarda vətənə bağlılığı daha da artırmış oluruq. Siyasi mənsubiyyətindən aslı olmayaraq hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, ölkəmizin gələcəyinin təminatçıları peşəkar kadrlarımızdır!

Ordumuzun keçirdiyi hərbi təlimlərə baxarkən qürur hissi keçirməmək olmur. Hərbi texnikaların nizamlı hərəkəti, əsgərlərimizin döyüş tapşırıqlarının dəqiqliklə həyata keçirmələri hərbi xidmət dövrümdə inadla, yorulmadan bizlərə döyüş təlimini öyrədən komandirimizi bir daha xatırlamağıma səbəb oldu. Peşəkarlara qiymət vermək, peşəkar orduya sahib olmaq deməkdir !

 

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.