Xəbər lenti

aaayert.JPG
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Avropa İttifaqı ilə birgə həyata keçirilən “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsinə dair” Tvinninq layihəsinin yekunlarına həsr olunan tədbir keçirilib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavini Niyazi Rəhimov qeyri-neft sektorunun inkişafının, ixrac potensialının artırılmasının əsas alətlərindən biri olan keyfiyyət infrastrukturunun, xüsusilə metrologiya sahəsinin inkişaf etdirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Bu istiqamətdə komitə Avropa İttifaqı ilə onun “Tvinninq” və “Taieks” proqramları çərçivəsində uzun illərdir ki, sıx və müvəffəqiyyətlə əməkdaşlıq etməkdədir.” Onun sözlərinə görə, icra olunmuş layihənin məqsədi də Azərbaycanda metrologiya sisteminin təşkilati idarəetmə və planlaşdırılmasının Avropa İttifaqı və beynəlxalq təcrübəyə uyğun olaraq inkişaf etdirilməsi, metrologiya sahəsində hüquqi və tənzimləyici sənədlərin Avropa İttifaqı və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın tələbləri ilə uyğunlaşdırılması, texniki bazanın təkmilləşdirilməsi və metrologiya sisteminin inkişafı vasitəsilə Azərbaycanın dünya bazarına çıxışının dəstəklənməsidir”.

N. Rəhimov bildirib ki, Azərbaycanda qeyri-neft ixrac potensialının genişləndirilməsi məqsədilə prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq keçirilən sınaqların, kalibrləmə nəticələrinin, həmçinin verilən sertifikatların tanınması istiqamətində komitə tərəfindən işlər aparılır: “Bundan başqa, Milli Etalon Mərkəzində fəaliyyət göstərən etalon laboratoriyalarının beynəlxalq tanınması ilə bağlı müvafiq prosedurlar icra olunur. Hazırda ölkəmizdə dövlət etalonlarının saxlandığı və ölçmələrin izlənilməsini həyata keçirən 7 laboratoriya fəaliyyət göstərir. Yaxın zamanlarda bu laboratoriyaların sayının 20-dək artırılması planlaşdırılıb”.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, fövqəladə və səlahiyyətli səfir Kestutis Yankauskas Avropa İttifaqı və Azərbaycan arasındakı ikitərəfli əlaqələrdən danışaraq bu əməkdaşlığın davam edəcəyinə əminliyini vurğulayıb. Səfir keyfiyyət infrastrukturu sahələrinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə Avropa İttifaqını təmsil edən ölkələrin müvafiq qurumları ilə SMPDK arasında qarşılıqlı işgüzar fəaliyyəti yüksək qiymətləndirib.

Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka təmsil etdiyi ölkə ilə Azərbaycan arasında həm ikitərəfli, həm də müxtəlif layihələr çərçivəsində əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. Xüsusilə Çexiya ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan qarşılıqlı marağın önəmini qeyd edən səfir “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” adlı Tvinninq layihəsinin rolunu xüsusi vurğulayıb. Səfir qeyd edib ki, layihə Azərbaycanda metrologiya sisteminin müasirləşdirilməsi və gücləndirilməsi məqsədi ilə SMPDK, Çex Metrologiya İnstitutu və Almaniyanın Fiziki-Texniki İnstitutunun birgə yaratdığı konsorsium ilə əməkdaşlıq şəraitində həyata keçirilib.

Sonra Çex Metrologiya İnstitutunun və Almaniya Milli Metrologiya İnstitutunun mütəxəssisləri tərəfindən Tvininq layihəsinin nəticələrinə dair təqdimatlarla davam etdirilib.

Tədbir çərçivəsində “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi və Çex Metrologiya İnstitutu arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsini təmin etmək məqsədi daşıyan əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsinə dair” Tvinninq layihəsinin icrasına 2016-cı ildən başlanılıb. Layihə çərçivəsində müəyyən olunmuş 4 komponent icra olunub. Belə ki, Azərbaycan Metrologiya İnstitutunun mövcud milli etalon laboratoriyalarının fəaliyyətinin beynəlxalq səviyyədə tanınan qabaqcıl təcrübəyə uyğunlaşdırılması və milli etalonların beynəlxalq səviyyədə tanınmasına nail olunması üzrə işlər aparılıb. Azərbaycanın metrologiya sistemi üçün hüquqi və tənzimləyici çərçivənin Avropa İttifaqının və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın tələblərinə uyğunlaşdırılması, həmçinin Azərbaycanda metrologiya sisteminin təşkilati və idarəetmə strukturunun Avropa və beynəlxalq təcrübəyə uyğunlaşdırılaraq təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərilib. Bundan başqa metrologiya sistemində çalışan əməkdaşların öz vəzifələrini Avropa və beynəlxalq təcrübəyə uyğun yerinə yetirmələri üçün təlim ehtiyacları müəyyənləşdirilib və təlim proqramları hazırlanıb.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.