Xəbər lenti

gomruk.jpg
Hökumət məqsədinə nail ola biləcəkmi?

 Ölkəmiz yeni ilə bir sıra sahələrdə tarif və rüsumların artımı, bəzilərində isə azalması ilə qədəm qoydu. Bunların bir qismi daxili istehsalı qorumaq məqsədli olmaqla, yerli sahibkarlara dövlətin dəstəyi xarakteri daşıyır.

Belə ki, Nazirlər Kabinetinin qərarı ilə bu il yanvarın 1-dən xətti polietilen, neft, kumaron, inden və ya kumaron-inden qatranları və politerpenlər, karboksimetilsellüloz və onun duzları istisna olmaqla, Azərbaycana idxal edilən plastmas xammalları idxal gömrük rüsumundan azad edilib.

Bundan başqa, Azərbaycana idxal edilən foto və kino mallarına, o cümlədən partlayıcı maddələrə yeni və artan gömrük rüsumları tətbiq ediləcək.

Bundan əlavə, tikinti materiallarından mərmər və travertin, və ya əhəngli tuf daşı (emal edilməmiş və ya qaba xırdalanmış - mişarlanmış və ya digər üsulla bloklara və ya düzbucaq (kvadrat da daxil olmaqla) formasında lövhələrə bölünmüş), qumdaşı və qranitə tətbiq edilən idxal gömrük rüsumu 15 faizdən 5 faizə endirilib. Həmçinin təbii qrafit, silisiumlu qum və kvarslı qum, kvars və kvarsit, kaolin və digər kaolin gilləri, əhəng flüsu (əhəngin və ya sementin hazırlanması üçün istifadə edilən əhəngdaşı və digər əhəngli daş), sönməmiş əhəng, susuzlaşdırılmamış və ya bişməmiş dolomitə tətbiq edilən 0,50 faizlik, şist, qaba xırdalanmış və ya xırdalanmamış, mişarlanmış və ya mişarlanmamış, və ya digər üsulla düzbucaqlı formalı (kvadrat formalı daxil olmaqla) bloklara və ya plitələrə ayrılmış), gipsli bağlayıcılara tətbiq edilən 15 faizlik, pemza və sumbata, təbii korund, təbii qranat və digər təbii abraziv materiallara tətbiq edilən 3 faizlik idxal gömrük rüsumu da ləğv edilib. Sönmüş əhəng və hidravlik əhəngə tətbiq edilən idxal gömrük rüsumu isə artıb - bu məhsullara 10 faiz deyil, 15 faiz idxal gömrük rüsumu tətbiq olunub.

Yanvarın 1-dən səpin üçün ölkəyə gətirilən qabığı soyulmamış düyüyə yanvar, fevral, mart və aprel aylarında gömrük idxal rüsumu tətbiq olunmur. Digər aylarda isə səpin üçün ölkəyə gətirilən qabığı soyulmamış düyüyə gömrük dəyərinin 5 faizi həcmində gömrük idxal rüsumu tətbiq ediləcək. İstehlak məqsədi ilə ölkəyə gətirilən düyüyə tətbiq edilən 15 faiz gömrük idxal rüsumu qüvvədə qalıb. Bundan başqa, ölkəyə toxumluq üçün gətirilən çovdara, arpaya, toxumluq qarğıdalıya, o cümlədən istehlak məqsədi ilə gətirilən qarğıdalıya tətbiq edilən gömrük idxal rüsumu ləğv edilib. Ölkəyə istehlak məqsədilə gətirilən çovdar və arpaya tətbiq edilən 5 faiz gömrük idxalı rüsumu isə qüvvədə qalır.

Azərbaycana idxal edilən qızılgül və qönçələrlə bağlı tətbiq ediləcək gömrük idxal rüsumları da artırılıb, yanvarın 1-dən isə qızılgül və qərənfilin 1 kiloqramı üçün 1 dollar gömrük idxal rüsumu alınır.

Bəzi rüsumlar isə büdcə gəlirlərinin artırılması məqsədilə artırılıb. Belə ki, bu aydan Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu dəyişib.

Yeni qərara əsasən, mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500 kubsantimetrdən çox, lakin 1800 kubsantimetrdən çox olmayan, mühərrikinin silindrlərinin işçi həcmi 1800 kubsantimetrdən çox, lakin 3000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrlərinin işçi həcmi 3000 kubsantimetrdən çox olan təzə və istismar olunmuş minik avtomobilləri üçün idxal gömrük rüsumu artırılıb. Bu kateqoriyalardan olan təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri üçün 0,70 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün 1,2 dollar olub.

Eyni zamanda yanvarın 1-dən satış məqsədilə idxal ediləcək qızıl və gümüş məmulatları gömrük dəyərinin 15 faizi həcmində gömrük idxal rüsumuna cəlb ediləcək. Xatırladaq ki, bundan əvvəl qızıl birləşmələri və gümüş 0,5 faiz gömrük idxal rüsumu ilə idxal olunurdu.

Büdcə daxilolmalarını çoxaltmağa yönəlik daha bir qərar tütün məmulatları və alkoqollu içkilərin idxalına tətbiq olunan aksiz vergisinin 2 dəfə artırılmasıdır. Bu artım digərlərinə nisbətən daha çox sayda ailənin büdcəsinə təsir edəcək qərar hesab olunur. Çünki ölkə üzrə demək olar ki, hər ailədə alkoqollu içki qəbul edən, yaxud siqaret çəkən var. Bu isə aksiz vergisi ilə bərabər hər iki məhsulun pərakəndə satış qiymətinin də artması nəticəsində xərclərin yüksəlməsi deməkdir. Bundan əlavə, əksər ekspertlər hesab edirlər ki, qərar hər iki məhsul üzrə qaçaqmalçılığı gücləndirəcək, saxtakarlıq hallarını çoxaldacaq.

Bununla yanaşı, qızıl və gümüş məmulatlarının, həmçinin minik avtomobillərinin aksiz vergisi və idxal rüsumlarının artması da müəyyən qisim (avtomobil alan, toy edən və sair) ailələrin xərclərini artırmış olacaq./musavat.com/
Sozcu.az

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.