Xəbər lenti

natiqceferli.jpg
Kriptovalyuta, yəni elektron pulla bağlı dünyada birmənalı düşüncə yoxdur.

 Bunu iqtisadi-ekspert Natiq Cəfərli Azərbaycan Mərkəzi Bankının getdikcə bahalaşan kriptovalyutadan istifadəsi məsələsinə münasibət bildirərəkən deyib. Onun sözlərinə görə, bitkoinə investisiya yatırmaq riskli hərəkətdir:

"Hətta, iqtisadiyyat üzrə Nobel mükafatı laureatlarından tutmuş FES-in (Federal Ehtiyat Sistemi) müavininə qədər, hər kəs bununla bağlı yaxın günlərdə ciddi açıqlamalar veriblər. Onlar elektron pulla bağlı gələcəkdə ciddi problemlər yaşana biləcəyini bildiriblər. Rusiya Mərkəzi Bankı da bununla bağlı açıqlama yayıb. Onlar gələcəkdə bu valyutanın maliyyələşməsində, qeyri-qanuni pul dövriyyəsində, pul yuyulmasında istifadə edilə biləcəyini bildiriblər. Ona görə də hələ ki, kriptovalyuta riskli görünür. Çünki bunun bir və ya bir neçə mərkəzdən idarə olunması və nəzarət mexanizmləri yoxdur. Hələlik bu kriptovalyutanın qiymətinin artımının yeganə səbəbi dünya mətbuatında, müxtəlif çevrələrdə yayılan söhbətlərdir. Bu valyutanın qiymətinin 100 min dollara qədər qalxacağını iddia edirlər. Bir neçə böyük yatırım şirkətləri bu valyuta ilə maraqlandığı barədə açıqlama yaydı. Bu da qiymətlərə ciddi təsir göstərdi. Belə xəbər axını qiymətlərin artmasına səbəb olur. Bunun əksi də ola bilər. Yəni sabah böyük yatırım şirkəti və ya böyük bank rəhbərləri bu elektron valyutanın əleyhinə danışsalar və ya ABŞ, Britaniya kimi nüfuzlu ölkələr bu valyuta növünün araşdırılması ilə bağlı komissiya qurulduğunu elan etsə, onun qiyməti dəfələrlə düşə bilər. Ona görə də hələlik Azərbaycan Mərkəzi Bankının da, Azərbaycan Neft Fondunun da belə bir riskli yatırıma vəsait qoyması, məncə, doğru deyil. Bu məsələlər tam aydınlaşana qədər kriptovalyutaya ehtiyatlı yanaşmaq lazımdır. Əgər bir gün ərzində həmin kriptovalyuta 2 min dollar dəyər itirir növbəti gün yenidən 2 min dollar dəyər qazanırsa, yəni bir gündə bu boyda qiymət fərqi yaranırsa, demək, burada qeyri-sağlam əsaslar var. Bu qeyri-sağlam əsaslar aradan qalxmayınca, həmin valyuta növünə böyük yatırımlar eləmək doğru yanaşma olmazdı".

İqtisadçı ekspert Sənan Hüseynov isə Mərkəzi Bankın artıq kriptovalyutalarla maraqlandığını bildirib:

“Bu yaxınlardan bankçılıq forumu keçirilirdi. Bu forumda Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev çıxış etmişdi. O, Mərkəzi Bank tərəfindən kriptovalyuta mövzusunun araşdırıldığını bildirmişdi. Ona görə düşünürəm ki, Azərbaycanda da bu proseslə bağlı müəyyən işlər görülür. Ümumiyyətlə, bir çox ölkələrin universitetlərində “blockchain” (blokçeyn) mövzusunun araşdırılması üçün bu texnologiyaları tədris edən ayrıca fakültələr yaradılır. Blokçeyn texnologiyası (mərkəzləşdirilməmiş məlumatlar bazası) zamanla bütün aktivlərin idarə olunması mövzusunda ən təkmil texnologiyalardan biridir və zamanla da inkişaf edəcək. Bitkoin və kriptovalyutalar isə aysberqə bənzəyir. Bu aysberqin görünən hissəsidir, amma blokçeyn texnologiyası daha böyük və təkmil bir texnologiyadır".

Qeyd edək ki, bitkoin kriptovalyutası artıq rekord həddə çatıb. Onun dəyəri 11 min dolları keçib./axar.az/
Sozcu.az

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.