Xəbər lenti

qubadibad.jpg
Yola saldığımız 2016-ci ilin ən böyük özəlliyi son illər önə çıxmış və sürətlə baş verən müxtəlif iqtisadi hadisə və proseslərin aktuallığı fərqləndi. İl ərzində iqtisadiyyat həm hökümətin, həm də vətəndaşın gündəliyində əsas məsələ olsa bu sahədə bir çox problemlər həll olunmadan növbəti ilə ötürüldü. İqtisadi proseslərlə zəngin olan il həm də zidiyyətli və gecikən yanaşmalarla da yadda qalan oldu. 2016-dan iqtisadi gözləntilər özünü doğrultmadı. İl nəinki dönüş, heç keçid ili belə ola bilmədi. Səmərəsiz və uzun müzakirələr, eləcə də bu ilin yaratdığı imkanların vaxtında dəyərləndirməməsi böhrandan çıxış şansını da bu ilə qismət etmədi. İl ərzində iqtisadi böhran həm üfüqi və həm də şaquli istiqamətdə dərinləşdi. İlin sonunda böhrana məruz qalan sektorların siyahısına milli iqtisadiyyatın əsas və real bölməsi olan sənaye də qoşuldu, kənd təsərrüfatında artım tempi aşağı düşdü.Bu il son 5 ildə qeyri-neft ixracatının potensialından ən az istifadə olunan, son 10 ildə ən kiçik dövlət büdcəsi formalaşdırılan il kimi tarixdə qaldı. 

2016-cı il xüsusilə istehlakçılar üçün gərgin oldu.İl ərzində müşahidə olunan davamlı devalvasiyaya görə, onsuz da çox olmayan gəlirləri dəyərsizləşən büdcə sferasında çalışan orta və aşağı məmurlar, müəllimlər, həkimlər, mədəniyyət, idman, KİV işçiləri, cüzi gəlirlərə malik olan pensiyaçılar ikirəqəmli inflyasiyanın yaratdığı əlavə xərclərin əsirinə çevrildilər, onların qazancları ehtiyaclarını minimum səviyyədə ödəməyə güclə çatdı. 50 mindən çox iş yerlərinin ixtisarıı nəticəsində yaranan ixtisaslı və struktur işsizliyi, istehlak xərclərinin çoxalmasına görə genişlənən borclanma 2016-ci il böhranının ən böyük fəsadları sayıla bilər. Xüsusilə də iş yerini itirənlər yüksək inflyasiyanın yaratdığı əlavə xərclərin altında əzilərək qara günlər yaşadılar. 
İlin sonunda Tarif Şurasının elektrik enerjisinin və təbii qazın tariflərinin differensiallaşdırılması ilə bağlı əsaslandırılmayan, bazar tələblərini, alıcılıq qabliyyətini və sosial vəziyyəti nəzərə almadan verilən qərarı ilin ən uğursuz qərarı oldu.
Yola saldığımız ilin ən riskli qərarı Dövlət Neft Fondunun Beynəlxalq Bankda yerləşdirdiyi 1 milyard dollar depozitlə bağlı oldu. 

2016-cı ilin ən səmərəsiz iqtisadi siyasəti manatın məzənnəsinin inzibati tənzimlənməsinin davam edirilməsi oldu. 

İlin ən böyük itkisi islahatların imitasiyası səbəbindən baş verdi və nəticədə 2016-ci il nəinki islahatlar, heç islahatlara start ili kimi də yadda qalmadı. Sistemsiz və ziddiyyətli idarəetmə qərarları, fərman və sərəncamlar yalnız islahat göüntüsü yaratmağa xidmət etdi. 
İlin ən mənasız iqtisadi siyasəti aqraq sahədə, xüsusilə də pambıqçılıqla bağlı oldu. İlin fiaskosu da bu sahədə pambıqçılıqda qeydə alındı.

İlin ən çox əzilən təbəqəsi sahibkarlar oldu. Onlar yalnız böhranın deyil, həm də haqsız müdaxilənin və əsassız cərimələrin məngənəsində sıxıldılar. 

Bu il ərzində dövətin ən aciz siyasəti kapitala nəzarətlə bağlı oldu. Ölkədən çıxan kapitalın qarşısını almağa yönələn məhdudlaşdırıcı tədbirlərə baxmayaraq Azərbaycandan xaricə külli miqdarda kapital çıxarıldı. 

İlin əziz qonağı ərəblər oldu. Onların sayəsində xidmət sektoru mövsümi olsa da canlandı və əsil turist gördü. 

İlin ən səmimi etirafları yeni iqtisadi modelin axtarışı, savadlı iqtisadçıların sayının azlığı oldu.
İlin ən böyük iqtisadi yalanı keçmiş rabitə nazirinin aylıq xərclərinin 200-300 min manat təşkil etməsi oldu. 

Nəinki bu ilin hətta ötən 5 ilin ən iri maliyyə mənimsəməsi Beynəlxalq Bankla bağlı oldu. 
İlin ən böyük korrupsiyaları MTN və Rabitə işi ilə yadda qaldı.

İlin ən böyük kreditoru Asiya İnkişaf Bankı oldu, Asiya bankları ilə sayəsində Azərbaycanın borcları son 25 ildə ən böyük sürətlə artdı 

İlin ən uzun təqdimatı i Strateji Yol Xəritələri ilə bağlı oldu. Hələ də davam edir.
İlin ən uzun müqaviləsi ARDNŞ və ВР arasında 2050-ci ilə kimi “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi barədə saziş oldu.

İlin ən bahalı reklam kampaniyası SOCAR-ın istiqrazları ilə bağlı sayılsa bu istiqrazların da əsas alcıısı vətəndaşlar deyil, şirkətlər oldu.

Maliyyə sektorunda ilin ən radikal qərarı «Bank Standart»ın bağlanması sayıla bilər. 

Qubad İbadoğlu, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədir

Sozcu.az

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.