Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_turalabbasli.jpg
Tural Abbaslı: "Müsavat Partiyası ilə istənilən məsələdə müttəfiqlik və ya əməkdaşlıq eləyə bilərik"

Tural Abbaslı Sozcu.az saytına müsahibə verib.

O, 2007-2013-cü illərdə Müsavat Gənclər Təşkilatının sədri olub. 2014-cü ildə Müsavat Partiyası başqanlığına namizəd olan Tural Abbaslı başqan seçkilərindən 2 il sonra 2016-cı ildə Ağ Partiyanı yaradaraq partiyanın sədri vəzifəsinə seçilib və hazırda siyasi fəaliyyətini bu partiyada davam etdirir. Tural Abbaslı ilə müsahibəmizi sizə təqdim edirik:

– Tural bəy, Ağ partiya 2018-ci ildə seçkilərə qatılacaq, yoxsa baykot taktikasını seçəcək?

 - Biz baykotun əleyhinəyik. Azərbaycan kimi siyasi rejimləri olan dövlətlərdə baykot heç bir effekt vermir. Çünki baykotların məqsədi hakimiyyətlərin leqitimliyini şübhə altına salmaqdır və hakimiyyətlərin qeyri-leqitim olduğunu nümayiş etdirərək, həmin hakimiyyəti təzyiqi altında saxlamaq, dolayısı ilə hansısa nəticələr əldə eləməkdir. Amma tarixə baxsaq görərik ki, Əliyev hakimiyyətinin bu günə qədər istər beynəlxalq aləmdə, istərsə də daxildə legitimlik kimi bir problemi olmayıb. Əksinə birinci elə Əliyevləri təbrik edən Qərb dünyası olub, Amerika olub, bizim demokratik dünya dediyimiz qurluşlar olublar. Odur ki, baykota heç bir lüzum görmürük. Biz seçkilərə qatılıb, seçki prosesində mübarizə aparıb və burda nəyəsə nail olmağın tərəfdarıyıq. Bununlada bağlı qərarımız var. İnşallah 2018-ci il prezident seçkilərində də öz namizədimizlə iştirak edəcəyik.

– Partiyanız 2018-ci ildə seçkilərə hər hansı bir birliklə getmək haqqında düşünür?

– Azərbaycanda bu günə qədər təcrübəni nəzərə alsaq görərik ki, partiyalar bütün seçkilərə demək olar ki, birlikdə gediblər. Bu nəticəyə heç bir təsir göstərmir, əksinə seçkidən sonra həmin birliklərin dağılması və yaxud da artıq funksiyasını itirməsi daha böyük fəsadlara gətirib çıxarıb. Müxalifət arası daha böyük qarşıdurmalara gətirib çıxarıb və daha böyük ziyanlar vurub. Odur ki, biz funksioanl əməkdaşlığın tərəfdarıyıq. Yəni seçkinin və yaxud da hər hansı bir prosesin mərhələlərində əməkdaşlığın tərəfdarıyıq. Misal üçün imza toplama kompaniyasında müxalifət namizədləri olaraq təbliğat-təşviqat dönəmində və yaxud da kütləvi aksiyalar keçirəndə bir-birimizə dəstək verə bilərik. Amma bu o demək deyil ki, hamımız yığışıb bir Rüstəm İbrahimbəyov tapmalıyıq və yaxud da kimsə bir Cəmil Həsənli tapacaq, bizdə gəlib onun ətrafında yığışmalıyıq. Odur ki, bizim hansısa bir koalisiya-birlik adıyla seçkilərə qoşulmaq kimi bir niyyətimiz hələlik yoxdur.

– Tural bəy, Azərbaycanı hazırki durumunu necə qiymətləndirirsiniz?

– Azərbaycanın hazırkı durumu son 20 ildə necədirsə, elədir. Yəni, bu məsələni müxtəlif rakurslardan dəyərləndirmək olar. Məsələn, Beynəlxalq rakursdan baxanda Azərbaycandakı sabitlik, regionda baş verən istər Yaxın Şərqdə olsun, istərsə Ərəb dünyasında olsun, zaman-zaman qonşu Türkiyədə baş verən xoşagəlməz hadisələrin, indiki qarışıq məqamda Azərbaycanda olmamasını müsbət hal kimi qiymətləndiririk. Amma daxili demokratik vəziyyətə gəldikdə isə təbii ki, vəziyyət ağırdır, günü-gündən də ağırlaşır. Artıq uzun illərdir ki, eyni insanların, eyni vəzifələrdə qalması, verimliliklərinin olmaması Azərbaycanı nəyinki demokratik siyasi sahədə kənarda saxlayıb, artıq bu yalnış siyasi iqtisadi, sosial vəziyyətində ağırlaşmasına gətirib çıxarıb. İnsanların həyat tərzi pisləşir, yaşam keyfiyyəti aşağı düşür, yəni istənilən sahələrdə iqtisadi, mədəni-sosial sahələrdə demək olar ki, geriləmə baş verir. Bunun qarşısını almaq üçün də hakimiyyət ya böyük real islahatlar eləməlidir, yəni bir naziri çıxardıb onu başqa nazirliyə, onunda yerinə başqa nazir getirməklə yox, real islahatlara getməlidir. Ya da ki, artıq demokratikləşmə prosesinə start verməlidir bunun alternativi yoxdur.

- Ölkənin mövcud durumunda Ağ partiya aksiyalar təşkil etmək haqqında düşünür?

- Bizim aksiya təşkil etmə təcrübəmiz keçmiş partiyalarımızdan da var. Bu bizim üçün qəliz, yaxud da əlçatmaz bir şey deyil. Lazım olsa bunu təşkil eləmək olar. Amma indiki məqamda mən düşünmürəm ki, hər hansı bir aksiya hakimiyyəti bu və ya digər addım atmağa məcbur eləsin. Çünki hakimiyyəti bu və ya digər addım atmağa məcbur etmək üçün həmin keçiriləcək aksiyalar çox böyük və genişmiqyaslı olmalıdır ki, hakimiyyət ondan çəkinsin və müəyyən addımlar atsın. Amma bu günki xalq Əliyev hakimiyyətini dəstəkləmir, eyni dərəcədə də təəssüflər olsun ki, 20 illik uğursuz mübarizənin nəticəsi olaraq müxalifətə də inamı azalıb və kütləvi aksiyalara, etiraz aksiyalarına qoşulmur. Çox kiçik bir hissə qoşulur aksiyalara bu da effekt vermir. Əksinə tərs effekt verir. Yəni insanlar aksiyalara bir-iki dəfə çıxırlar və görürlər faydası yoxdur, daha da ümüdsüzləşirlər. Odur ki, mən düşünmürəm indiki məqamda aksiyalar fayda verə bilər. Həm də nəzərə alsaq ki, Ağ partiya yeni formalaşır, bir ildən biraz artıqdır ki, fəaliyyət göstərir indiki məqamda bizim daha çox təşkilatlanmağa, təbliğat-təşviqat, güclənmə prosesinə diqqət ayırmağımız lazımdır. Nəyinki kütləvi aksiyalar eliyərək insanlarımızı, üzvlərimizi represiyalara məruz qoyub, sonrada onların azadlığı uğrunda mübarizəyə başlamağa.

- Ağ partiya hakim partiya olacağı təqdirdə Güney Azərbaycanla bağlı hər hansı bir addımlar atacaq?

– Güney Azərbaycan Azərbaycanda fəaliyyət göstərən istənilən partiyanın proqramında xüsusi bir yerə malikdir. Eyni zamanda da bizim üçün həmçinin. Biz Güneydə yaşayan 40 milyona yaxın türkün taleyinə, onların hüquqlarının pozulmasına, həyat tərzinə müdaxilə olunmasına biganə qala bilmərik. Təbii ki, bununla bağlı addımlar mütləq olacaqdır. Tək Güney Azərbaycanla yox, Borçalı ilə, Dərbəndlə və digər bizim türk millətimizin yaşadığı regionlarla da təbii ki, dövlət olaraq maraqlanmalıyıq. Düzdü İlham Əliyev də prezident seçiləndə elan elədi ki, "mən 50 milyon Azərbaycan Türkünün prezidentiyəm". Amma təəssüf ki, bəzən görürük ki, hakimiyyət maraqları naminə neçə milyon türkün haqqına, yəni İrandakı Azərbaycan türkünün haqqını tapdalayan hökümətlərlə, öz hakimiyyətində qalması naminə razılıqlara, iş birliyinə gedirlər. İnşallah zamanı gələndə bununla da bağlı konkret geniş şəkildə fikirlər söyləmək olar. Amma hələlik bizim üçün bu daha uzaq perspektivdir. Biz birinci hədəf olaraq Azərbaycanda mövqe tutub, burada möhkəmlənməyə çalışmalıyıq ki, burda siyasi gücə çevrilməyi bacaraq ki, nəsə edə bilək.

– Müsavatda başqan seçkilərindən sonra partiyanı tərk etməklə, Ağ partiyanı yaradaraq mübarizənizə davam etdiniz. Bu mübarizəni Müsavatda qalaraq davam etdirmək mümkün deyildi? Sizi ordan uzaqlaşaraq yeni partiya yaratmağa nə vadar etdi?

– Əslində bu bizim üçün asan qərar deyildi. Çünki mən özüm və mənim ətrafımda olan bir çox gənclər 18 yaşından biz Müsavatın üzvü olmuşuq. Bu da 1999-2000- ci illər edir. Demək olar ki, siyasi həyatımızın 16 ilini Müsavatda keçirmişdik və ən ağır siyasi represiyalara məruz qalmışdıq. Bütün fiziki və mənəvi gücümüzü partiyanın inkişafına və güclü olmasına sərf eləmişdik. Nəyinki, biz şəxsimiz hətta ailə üzvlərimiz, qohum-əqrəbalarımızın hamısını Müsavat partiyasına cəlb eləmişdik, Müsavatın üzvləri idilər və Müsavat həyatımızın böyük bir hissəsini əhatə edirdi. Bizim üçün bu asan qərar olmadı. Yəni bir çırpıda, Arif Hacılı başqan seçildi gəlin çıxaq gedək deyə qərar vermədik. Araşdırsanız görərsiniz ki, biz Arif Hacılı başqan seçiləndən sonra 2 il partiyada qaldıq. İki il partiya daxilində başqan kim olur-olsun bizim öz ideologiyamız var, mübarizə aparmaq niyyətindəyik və bizim üçün vəzifələr yox, hədəf önəmlidir prinsipi ilə 2 ildən də artıq Müsavat partiyasında qaldıq və fəaliyyət göstərməyə çalışdıq. Amma sonradan gördük ki, Arif Hacılı nəyinki, bizim partiyada fəaliyyətimiz üçün şərait yaradır, əksinə bizi ordan sıxışdırmağa çalışır. Düzdür bunu bəlkə də dərk edirdi ki, bizim ordan sıxışdırılmağımız partiyanın da ziyanınadır, amma çox rahat idarə etmək xətrinə, bizi partiyadan sıxışdırmağa başladılar. Nəzərə alsaq ki, Qubad İbadoğlu və onun komandası, artıq bir çoxları könüllü istefa vermişdi, bəziləri partiyadan uzaqlaşdırılmışdı, biz demək olar ki, 2 il ərzində Arif Hacılı ilə partiya daxilində tək mübarizə apardıq. Nəzərə alın ki, bütün seçkili orqanlarda Arif Hacılının tərəfdarları idi, hamısını özü yerləşdirmişdi və bizim bir nəfərimiz belə yox idi. Baxmayaraq ki, İsa Qəmbər dönəmində müşavirlərimiz, divan üzvlərimiz, məclis üzvlərimiz var idi seçkili orqanlarda. Arif Hacılının dönəmində heç biri, bir seçki orqanına seçilmədi. Biz hətta 3 dəfə: mən və ətrafımdakı gənclər partiyamızın məclisinə namizədliyimizi vermişik. Nəticə belə oldu ki, heç birində seçilmədik. Partiyanın məclis siyahısına baxsaz görərsiz ki, orda kimlər var. Bizim partiyaya üzvlüyə gətirdiyimiz insanları partiyanın məclisinə seçdirdilər ancaq bizə imkan vermədilər siyahılarla, tapşırıqlarla. Biz gördük ki, burda ancaq vaxt itiririk, yəni bizim siyasətə gəlməkdə məqsədimiz burada Arif Hacılı ilə mübarizə aparmaq deyil. Əliyev rejimi ilə mübarizə aparıb, Azərbaycanın demokratikləşməsinə nail olmaq idi. Biz gördük ki, burda qalıb Hacılı ilə mübarizə aparmaq vaxt itkisidir. Qərar verdik ki, çıxaq və hər şeyi yenidən, sıfırdan başlayaq. Bu qərarın ardınca gələn fəaliyyətdə ağırdır ancaq, daha faydalıdır nəyinki, orda qalıb sosial şəbəkələrdə, partiya dəhlizlərində, kabinetlərində Arif Hacılı və onun tərəfdarları ilə mübarizə aparmaq.

– Müsavat Partiyası ilə nə zamansa hər hansı bir məsələdə əməkdaşlıq etmək haqqında düşünmüsüzmü?

– Bizim üçün birmənalı olaraq siyasi arenada, buraya Yeni Azərbaycan Partiyası da daxildir, heç bir təşkilat və siyasi partiya düşmən deyil. Biz ümumiyyətlə siyasətdə düşmənçilik siyasətinin əleyhinəyik. Bizim üçün bütün partiyalar rəqiblər, tərəfdaşlar qismindədir. Müsavat Partiyası bizim üçün düşmən deyil, olmayıb və olmayacaq da. Baxmayaraq ki, bizə orada haqsızlıqlar olunub, amma siyasətdir, ola bilər. Yəni onun qarşılığını fərqli ödəyəcəklər. Amma nə vaxtsa üst-üstə düşərsə maraqlarımız bir araya gələriksə, niyə də olmasın? Maraqlarımız üst-üstə düşərsə Müsavat Partiyası ilə istənilən məsələdə müttəfiqlik və ya əməkdaşlıq eləyə bilərik. Necə ki, digərləri ilə həmçinin. Biz siyasətdə düşməçiliyin yox, rəqabətin tərəfdarıyıq.

– Müsavat partiyasından ayrıldıqdan sonra Tural Abbaslı özünü yenə də müsavatçı sayır?

– Bilirsiz müsavatçılıq bir firqəyə sığışdırıla bilməz bir ideologiyadır. Sən Ədliyyə Nazirliyində Müsavat adı ilə qeydiyyatdan keçmisənsə bu o demək deyil ki, müsavatçılıq ideologiyasının sahibi sənsən. Müsavatçılıq Rəsulzadə və onun komandasının, Nəsib bəy Yusifbəylinin, Əhməd bəy Ağaoğlu kimi insanların ərsəyə gətirdiyi ideologiyadır. Hər bir Azərbaycan türkü, hər bir Azərbaycan vətəndaşını zatən özünü müsavatçı hesab edir. Mən də təbii ki, özümü Müsavatçı hesab edirəm, Müsavat partiyasının üzvü yox. Necə ki, özümü həmçinin də cəbhəçi hesab edirəm. Yenə qeyd edirəm, bu günki Əli Kərimli və yaxud da Razi Nurullayevin rəhbərliyindəki Azərbaycan Xalq Cəbhəsi Partiyasının yox, Cəbhə Hərəkatının! Bilirsiz, müsavatçılıq və cəbhəçilik Azərbaycan xalqının siyasi qazancıdır, simvoludur. Mən bunu ümumiyyətlə dar çərçivədə, qazanclar naminə bu adların xərclənməsinin əleyhinəyəm. Odur ki, mən özümü ideologiya olaraq Müsavatçı hesab edirəm.

– Bu gün Tural Abbaslı Müsavat Partiyasının başqanı olsaydı partiyada nələr fərqli olacaqdır.

– Bizim gənclər təşkilatında olduğumuz dönəmə baxın və bu günkü Müsavata baxıb müqayisə edin. İndi siz nəzərə alın ki, biz həmin partiyanın nə divan üzvüyük, nə də ki, gənclər təşkilatının üzvüyük, birinci adam olsaydıq bu günki Müsavat hansı gücdə olardı. Təbii ki, mən inanmadığım, konkret planlarımın olmadığı bir yerə, siyasi şou xatirinə namizədlik vermirdim. Mənim də fikirlərim var idi. Sizi əmin edirəm ki, əgər biz seçilsəydik bu gün siyasi arenada tam fərqli, daha güclü başqa bir Müsavat olardı. Bu günkü duruma düşmüş Müsavat olmayacaqdı. Bunu sizə əmin edirəm. Düzdü bunun əksini də demək olardı ki, daha zəif olacaqdı. İndi bu qismət olmadı. Bu fikri də, əksini də demək olar. Amma mən özümə inanıram və əminəm ki, bu günkü Müsavatdan ən azı 5 il əvvəlki Müsavat olardı.

Vüsal Əfəndi
Sozcu.az

Bölmənin digər xəbərləri

20 Yanvar 2018 Moskvada ticarət mərkəzində baş verən yanğında həmyerlilərimizə ziyan dəyib
19 Yanvar 2018 “Bu adam bir zaman deyirdi ki, cismani atam Əhəd, mənəvi atam Elçibəydir”
19 Yanvar 2018 “Silahlı Qüvvələri haqqında” yeni qanun qüvvəyə minib –Prezident imzaladı
17 Yanvar 2018 TÜRKİYƏ ÜÇÜN AFRİN TƏHLÜKƏSİ –Ankara terrorçuların Aralıq dənizinə çıxışını kəsə biləcəkmi? - TƏHLİL
13 Yanvar 2018 Gürücstanda türk (Azərbaycan) toponimlərinə qarşı savaş açılıb:soydaşlarımız isə “gəlmələr” elan olunub - Araşdırma
13 Yanvar 2018 Qaçırdığı avtomobillə qəza törədən şəxs saxlanılıb
13 Yanvar 2018 ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad etməyə çağırırıq”
13 Yanvar 2018 Dünya Çempionu dərman almağa pul tapmır
10 Yanvar 2018 Oktay Gülalıyev "Qafqazın qəhrəmanı" adına layiq görüldü
10 Yanvar 2018 Azərbaycandakı məscid, kilsə və sinaqoqların sayı açıqlandı- Rəsmi
09 Yanvar 2018 Dövlət başçısı RO-RO terminalının açılışında - Foto
03 Yanvar 2018 "Əgər ABŞ ağılsızlıq edib, İrana hücum edəcəksə..." - TAHİR ABBASLI
02 Yanvar 2018 Milli Məclisin yeni ildə ilk iclasının vaxt bəlli olub
02 Yanvar 2018 Güney Azərbaycanda İran bayrağı ayaqlar altına atıldı - Video
28 Dekabr 2017 Fazil Məmmədovun villasını yandırıblar? - FOTOLAR
25 Dekabr 2017 Putinin əsas rəqibi seçki marafonundan kənarda qaldı –Navalnının namizədliyi qeydə alınmadı
25 Dekabr 2017 SSRİ-nin dağıldığı gün Yeltsin və Qorbaçovun ABŞ prezidenti ilə gizli telefon danışığı:“Corc, meşədə gizlənməyə hazırlaşmıram” – TARİX
23 Dekabr 2017 BMT-də ABŞ-ın Qüds qərarına qarşı çıxanları nə gözləyir?- Tramp "barmaq silkələdiyi" ölkələri cəzalandıracaqmı?
22 Dekabr 2017 Yaşa görə əmək pensiyası hüququnun hansı hallarda yarandığı açıqlanıb –ŞƏRTLƏR
21 Dekabr 2017 Putinin köməkçisindən S-400 açıqlaması:"Rusiya və Türkiyə arasında bütün məsələlər həll olunub"
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.