Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_trampyehudif.jpg
Müsəlman dünyasının etirazına, hətta Roma Papası Fransiskin çağırışına baxmayaraq, ABŞ prezidenti Donald Tramp dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıdı. Tramp bildirdi ki, bu addım həm Birləşmiş Ştatların İsrail-Fələstin münaqişəsinin tənzimlənməsinə yeni yanaşmasını simvolizə edir, həm də Qüdsün İsrailin paytaxtı olmasına dair mövcud reallığın etirafıdır. Trampın fikrincə, Qüdsün statusu məsələsini ertələməklə ABŞ problemin sülh yolu tənzimlənməsi istiqamətində heç nəyə nail olmayıb: "İsrailin öz paytaxtını sərbəst şəkildə müəyyənləşdirmək hüququ var. Bizim bu qərarımız ABŞ-ın İsrail-Fələstin probleminin sülh yolu ilə həllinə dair mövqeyindən uzaqlaşacağı anlamına gəlmir".

 Qüdsə doğru…

trampquds.jpg

ABŞ prezidenti Dövlət Departamentinə Amerika səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsinə dair tapşırıq da verib. Düzdür, bu prosesin reallaşması üçün illər lazımdır. Amma istənilən halda, onun başlanması üçün düyməyə basılıb.

 Trampın bu bəyanatı o mənaya gəlir ki, ABŞ Qüdsün hər iki hissəsini İsrailin ərazisi kimi tanıyır. Ərəb dövlətlərinin əksəriyyəti isə hesab edir ki, şəhərin şərq tərəfi müstəqil Fələstin dövlətinin paytaxtı olmalıdır.

 Həm israillilər, həm də fələstinlilərin paytaxt kimi görmək istədiyi Qüds hazırda bütünlüklə İsrailin nəzarəti altındadır.

 Qüdsün beynəlxalq hüquqi statusu heç vaxt sonadək müəyyənləşməyib. Beynəlxalq hüquqa görə şəhər BMT-nin nəzarəti altında olmalıdır. Bunun belə olmasını BMT Baş Assambleyasının 1947-ci ildə qəbul etdiyi qərar tələb edir.

 Arayış

quduss.jpg

 Qüdsün statusu 1974-cü ilin noyabrında BMT Baş Assambleyasının 181 saylı qətnaməsi ilə müəyyənləşib. Qətnaməyə əsasən Qüds iki hissəyə ayrılmalı idi – yəhudi və ərəb dövlətinə. Lakin nə İsrailə, nə də Fələstinə məxsus olmamalı, beynəlxalq nəzarətə verilməli idi. Buna səbəb müsəlmanların, xristianların və yəhudilərin müqəddəs məkanlarının (Müsəlmanlar üçün ən müqəddəs yerlərdən biri Həram əs-Şərif məscidinin yerləşdiyi müqəddəs məbədgah kompleksidir. Bura İslam dünyası üçün əhəmiyyətinə görə 3-cü ibadət yeri sayılan əl-Aqsa məsçidi də daxildir. Burada yəhudilərin ən müqəddəs saydığı Ağlama Divarı və xristianların Müqəddəs Məzar Məbədi də yerləşir) bu şəhərdə yerləşməsidir.

 10 il sonra referendum keçirilməli və Qüds sakinləri tərəfindən şəhərin sonrakı statusu müəyyənləşməli idi. Lakin həm yəhudi, həm də ərəb tərəfində bu planın əleyhdarları vardı.

 Bugünədək dövlətlər Qüdsü nə İsrail, nə də Fələstinin paytaxtı kimi tanıyırdı. Bütün xarici səfirliklər isə Tel-Əvivdə yerləşirdi.

 Qüdsün statusu İsrail-Fələstin münaqişəsində ən mübahisəli və kəskin məqamlardan biri hesab olunur. Şəhərin qərb hissəsi 1947-1949-cu illərdə ərəb-İsrail savaşı zamanı İsrail silahlı qüvvələri tərəfindən nəzarətə götürülüb. Savaşın nəticəsi olaraq şəhər İsrail və İordaniya tərəfindən iki hissəyə bölünüb. 1949-cu ildə İsrail Qüdsü öz paytaxtı elan edib.

 1967-ci ildə 6 gün davam edən savaş zamanı İsrail şəhərin şərq hissəsinə də nəzarəti ələ keçirib.

 İsrail hökuməti Qüdsü paytaxtı kimi qəbul edir, onun bütövlüyü və bölünməzliyində israr edir. Fələstinlilər isə bu fikirlə razı deyillər. Onlara görə, Şərqi Qüds gələcək Fələstin dövlətinin paytaxtı olmalıdır.

 Qüds kimindir?

1980-ci ilin 30 iyulunda İsrail parlamenti Qüdsün statusunu müəyyənləşdirən qanun qəbul etdi. Orada Qüdsün İsrailin bütöv və bölünməz paytaxtı olduğu bəyan olunurdu.

 BMT Təhülkəsizlik Şurası da buna cavab olaraq 1980-ci ilin avqustunda 478 saylı qətnamə qəbul etdi. Yeri gəlmişkən, həmin vaxt ABŞ qətnamənin qəbuluna səs verməkdən imtina etmişdi.

 Sənəddə İsrailin qəbul etdiyi məlum qanun qınanmış və bu addım beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirilmişdi. Qətnamədə dövlətlərdən öz diplomatik missiyalarını Qüdsdən çıxarmaq da tələb olunurdu.

 Buna baxmayaraq, ABŞ Konqresi 1995-ci ildə Amerika səfirliyinin Qüdsə köçürülməsi barədə qanun qəbul etdi. Bu müddət ərzində qanun qüvvəyə minməmişdi. Bütün ABŞ prezidentləri hər 6 aydan bir qanunun icrasını ertələyən sənəd imzalayır və bu yolla İsrail-Fələstin münaqişəsinin gərginləşməsinin qarşısını almağa çalışırdılar.

 1989-cu ildə Vaşinqton Qüdsün qərb hissəsində – «Baraki Allenbi» rayonunun ərazisində 99 illiyə sahə icarəyə götürdü. ABŞ öz səfirliyinin məhz həmin bölgədə yerləşməsini istəyir.

 Hələ seçkiöncəsi kampaniyası zamanı Tramp ABŞ-ın İsraildəki səfirliyinin Qüdsdə yerləşməsini istədiyini bildirmişdi. Həmin vaxt verdiyi vədlərin bir çoxu gerçəkləşmədiyi üçün çoxları Trampın bu məsələdə qətiyyət göstərəcəyinə şübhə edirdi.

 Fəaliyyətə başlayanda Tramp da özündən əvvəlki prezidentlər kimi məlum qanunun icrasını daha 6 ay müddətinə ertələdi. Lakin bu ilin yayında Senatın Tramp administrasiyasını qanunun icrasına çağıran qətnaməsini dəstəklədi.

 Deyilənlərə görə, dövlət katibi Reks Tillerson, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Pompeo və Pentaqon şefi Mettis Trampın bu addımının əleyhinə olublar. Çünki ABŞ-ın bu addımı Vaşinqtonu münaqişənin tənzimlənməsi baxımından izolə edilmiş duruma salır. Münaqişənin bu formada həllini isə dünyada İsraildən başqa heç kim dəstəkləmir.

 BMT və Avropa narazıdır

 BMT baş katibi Antoniu Quterreş bildirib ki, təmsil etdiyi qurum münaqişənin sülh yolu ilə həllinə təhdid yaradan birtərəfli addımlara ilk gündən qarşı olub: "Qüds problemi iki tərəfin də iştirak etdiyi birbaşa danışıqlarda həll olunmalıdır. Və bu həll BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının qətnamələri əsasında olmalıdır. Bu məsələdə "B" planı ola bilməz".

 Fransa prezidenti Emmanuel Makron ölkəsinin bu qərarı dəstəkləmədiyini bildirib və onun beynəlxalq hüquq normaları, həmçinin BMT Təhülkəsizlik Şurasının bütün qətnamələri ilə ziddiyyət təşkil etdiyini deyib: "Fransa və Avropa həmin ərazidə iki dövlətin – İsrail və Fələstinin sülh şəraitində, beynəlxalq normalar çərçivəsində birgə mövcudluğu ilə bağlı qərarı dəstəkləyir".

 Britaniya baş naziri Tereza Mey, Almaniya kansleri Angela Merkel Trampı bu qərarına görə qınayıblar.

 "Bu addım on illərdir konfessiyalar arasında barışıq üçün aparılan işləri məhv edir. Bu, iki tərəf arasında körpü yarada bilməyən pis siyasətdir", – deyə Corctaun Universitetinin imamı Yəhya Xendi bildirib.

 İslam aləmi hərəkətə keçdi

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qərara sərt təpki verərək İsraillə diplomatik əlaqələri kəsməklə hədələyib. O bildirib ki, Qüdsün İsrailin paytaxtı kimi tanınması Türkiyə və bütün müsəlmanlar üçün "qırmızı xəttin" keçilməsi kimi qəbul olunur: "Bu qərar müsəlman dünyasında təlaş dalğası yaradacaq. Öz ambisiyaları naminə heç kim milyardlarla insanın taleyi ilə oynaya bilməz. Bu addım ancaq terror təşkilatlarının işinə yaraya bilər".

 Yeri gəlmişkən, Ərdoğanın təşəbbüsü ilə dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə toplantısı keçiriləcək. Toplantının əsas müzakirə mövzusu Trampın Qüdslə bağlı məlum qərarıdır.

 Trampın qərarını Ərəb Dövlətləri Liqası, hətta ABŞ-ın yaxın tərəfdaşları Səudiyyə və İordaniya da sərt tənqid edib.

 "Fələstinlilərin, müsəlmanların və xristianların haqlarını görməzdən gəlmək ekstremizmi bir az da alovlandıracaq", – deyə İordaniya kralı Abdalla II ibn Hüseyn bildirib.

 Birləşmiş Ştatların bu qərarı ilə bağlı bu gün BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclası olacaq. İclası Ərəb Liqası Dövlətlərinin xarici işlər nazirləri çağırıb.

 İstisna olunmur ki, iclasda Vaşinqtondan qərarını yenidən gözdən keçirmək və ya ən azından diplomatlarının Qüdsə köçürülməsini dayandırmaq istəniləcək. Çünki məlum qərarı ilə Tramp ABŞ-ın xarici siyasətində əsas istiqamət olan məsələ ilə bağlı 70 ildir sadiq qalınan xəttə son vermiş olub.

 Bu arada, Fələstin lideri Mahmud Abbas dünya liderlərini məsələyə müdaxilə etməyə və ABŞ-a təzyiq göstərməyə çağırıb.

 İranın ali dini lideri Ayətullah Xamenei bildirib ki, islam düşmənlərinin Qüdsü sionist rekimin paytaxtı elan etməsi onların acizliyi və gücsüzlüyünün göstəricisidir: “İslam dünyası heç şübhəsiz, bu çirkli planın qarşısında duracaq və sionistlər daha böyük zərbə görəcək. Fələstin heç şübhəsiz, sonda azad olunacaq”.

 Netanyahunun keçmiş müşaviri Benni Briskin Trampın qərarına qarşı etirazların olacağını bildirib. Lakin əlavə edib ki, bu etirazların miqyası və xarakteri İsrail və ABŞ-ın təxribatlara nə dərəcədə uyacaqlarından asılı olacaq.

 Bir çox ekspertlər və KİV-lər Trampın İsrailə dəstəyini kürəkən amili ilə izah edirlər. Belə ki, Trampın qızı İvankanın əri Cared Kuşner iudaizmə etiqad göstərir və İsrail baş naziri Binyanmin Netanyahu ilə dostluq əlaqələri var. Bundan başqa, Trampın müşaviri olaraq Ağ Evdəki bir missiyası da İsrail-Fələstin münaqişəsinin tənzimlənməsidir.

 Ekspertlər nə deyir?

 Yaxın Şərq münaqişələri üzrə ekspert A.Şumilin hesab edir ki, Trampın bu addımı şəxsi motivlərə söykənə bilər. Belə ki, ABŞ prezidenti bu yolla daxili siyasətdəki vəziyyəti öz xeyrinə dəyişmək istəyə bilər. Diqqəti Yaxın Şərqdəki problemə yönəltməklə Tramp həm də Rusiya ilə əlaqələrinə dair ittihamlardan yayınmağa cəhd göstərə bilər.

 Brukinq institutunun Yaxın Şərq üzrə eksperti Şibli Telxami Trampın qərarında məntiq görmədiyini deyir. Bu il Merilend Universitetinin keçirdiyi sorğunun nəticələrinə toxunan Telxami bildirir ki, nəticələr amerikalıların 59 faizinin Fələstin-İsrail münaqişəsində tərəf tutmamasına tərəfdar olduğunu üzə çıxarıb. Üstəlik respondentlərin 63 faizi ABŞ səfirliyinin Qüdsə köçürülməsinə qarşıdır.

 Telxami hesab edir ki, məlum qərar Tramp administrasiyasının Yaxın Şərqlə bağlı prioritetləri (islamçılarla mübarizə və İranın nüfuz dairəsinin genişlənməsinə qarşı müqavimət) ilə ziddiyyət təşkil edir: «Son qərar İrana, islamçılara və Ağ Evin siyasətini bəyənməyənlərə ABŞ-a qarşı birləşmək üçün çox yaxşı səbəb yaradır".

 Vudro Vilson Analitik Mərkəzinin eksperti Aaron Devid Miller CNN-ə müsahibəsində Trampın bu addımını təhlükəli adlandırıb. Miller ABŞ-ın İsrail-Fələstin məsələsində ən həssas məqamla oyun oynadığını bildirib.

 Qold Meir Strateji Araşdırmalar İnstitutunun direktoru Albert Feldman məlum qərarı Trampla "dərin dövlət" arasında münaqişə ilə bağlayır. Və hesab edir ki, Tramp bu yolla ona qarşı olan bu qüvvəni razı salmağa çalışıb: "Hələ seçki kampaniyasından "dərin dövlət" Trampa qarşı mübarizə aparırdı. Tramp hakimiyyətə gələndən sonra isə onun impiçmentinə nail olmaq üçün çalışır. Görünür, məhz bu səbəbdən Tramp çoxdan hazır olan "kartı" üzə çıxardı və asimmetrik cavab verməyi qərara aldı. Bu qərarı isə ABŞ-ın nüfuzlu biznes dairlərindən tutmuş, müsəlmanlara qarşı olan seçicilərə qədər xeyli adam dəstəkləyir".

 Qəzəb günü…

 Trampın qərarına etirazlar artıq başlayıb. "Hizbullah" rəhbərliyi bəyan edib ki, ABŞ lideri bu addımı ilə cəhənnəmin qapısını aralamış oldu. Türkiyədə və Qəzzada minlərlə insan küçələrə axışaraq qərara üsyan edib, ABŞ bayrağını yandırıb.

 "Həmas"ın Fələstin qolunun rəhbəri bəyan edib ki, dekabrın 8-i "Qəzəb günü" elan olunub. Və cümə xütbəsindən sonra fələstinlilər İsrailə etirazlarını bildirəcəklər.

 Fələstin avtonomiyasının Britaniyadakı səfiri Manul Xasasian isə bəyan edib ki, Tramp məlum qərarı ilə 1,5 milyardlıq müsəlmana və yüz milyonlarla xristiana savaş elan etmiş oldu…

 Strateq.az

Sozcu.az

 

Bölmənin digər xəbərləri

19 Yanvar 2018 “Bu adam bir zaman deyirdi ki, cismani atam Əhəd, mənəvi atam Elçibəydir”
19 Yanvar 2018 “Silahlı Qüvvələri haqqında” yeni qanun qüvvəyə minib –Prezident imzaladı
17 Yanvar 2018 TÜRKİYƏ ÜÇÜN AFRİN TƏHLÜKƏSİ –Ankara terrorçuların Aralıq dənizinə çıxışını kəsə biləcəkmi? - TƏHLİL
13 Yanvar 2018 Gürücstanda türk (Azərbaycan) toponimlərinə qarşı savaş açılıb:soydaşlarımız isə “gəlmələr” elan olunub - Araşdırma
13 Yanvar 2018 Qaçırdığı avtomobillə qəza törədən şəxs saxlanılıb
13 Yanvar 2018 ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad etməyə çağırırıq”
13 Yanvar 2018 Dünya Çempionu dərman almağa pul tapmır
10 Yanvar 2018 Oktay Gülalıyev "Qafqazın qəhrəmanı" adına layiq görüldü
10 Yanvar 2018 Azərbaycandakı məscid, kilsə və sinaqoqların sayı açıqlandı- Rəsmi
09 Yanvar 2018 Dövlət başçısı RO-RO terminalının açılışında - Foto
03 Yanvar 2018 "Əgər ABŞ ağılsızlıq edib, İrana hücum edəcəksə..." - TAHİR ABBASLI
02 Yanvar 2018 Milli Məclisin yeni ildə ilk iclasının vaxt bəlli olub
02 Yanvar 2018 Güney Azərbaycanda İran bayrağı ayaqlar altına atıldı - Video
30 Dekabr 2017 Müsavatçılıq və cəbhəçilik Azərbaycan xalqının siyasi qazancıdır – Tural Abbaslı
28 Dekabr 2017 Fazil Məmmədovun villasını yandırıblar? - FOTOLAR
25 Dekabr 2017 Putinin əsas rəqibi seçki marafonundan kənarda qaldı –Navalnının namizədliyi qeydə alınmadı
25 Dekabr 2017 SSRİ-nin dağıldığı gün Yeltsin və Qorbaçovun ABŞ prezidenti ilə gizli telefon danışığı:“Corc, meşədə gizlənməyə hazırlaşmıram” – TARİX
23 Dekabr 2017 BMT-də ABŞ-ın Qüds qərarına qarşı çıxanları nə gözləyir?- Tramp "barmaq silkələdiyi" ölkələri cəzalandıracaqmı?
22 Dekabr 2017 Yaşa görə əmək pensiyası hüququnun hansı hallarda yarandığı açıqlanıb –ŞƏRTLƏR
21 Dekabr 2017 Putinin köməkçisindən S-400 açıqlaması:"Rusiya və Türkiyə arasında bütün məsələlər həll olunub"
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.