Xəbər lenti

ayazmutellibov.jpg
1991-ci ilin 20 noyabrında baş verən vertolyot terroru ilə bağlı Azərbaycanın ilk prezidenti olmuş Ayaz Mütəllibov Musavat.com-a müsahibə verib.

 Sozcu.az müsahibəni ixtisarla dərc edir:

- Ayaz müəllim, 26 il sonra Qarakənd faciəsi barədə həm də tarix naminə danışmağınız daha faydalıdır. Susmağınızın mənası nədir ki?

- İldönümlərdə mən danışırdım, öz münasibətimi bildirirdim. İndi yeni bir fikir də yoxdur ki, deyəsən. Ürək ağrısından başqa...

- Ötən illərdə elə bizimlə söhbətinizdə demişdiniz ki, hələ 20 noyabr cinayətləri açılmayıb. Açılması üçün həm də danışmaq lazımdır. Bəlkə sizin deyəcəkləriniz həm də hansısa həqiqətlərin açılmasına ipucu verə bilər, elə deyilmi?

- (Pauza) Nə deyim vallah...

- Ayaz müəllim, əminliklə deyə bilərsinizmi ki, 20 noyabrla bağlı artıq hər şeyi danışmışınız?

- Bilirsiniz, siyasətdə elə şeylər var ki, lazımi məqamda həm danışmaq olur, həm də danışmaq məsləhət olmur. Mən bunu deməklə bildirirəm ki, məsələyə ehtiyatla yanaşmalıyıq. Əgər diqqət varsa, demək, bu suallar nahaq yerə verilmir, kimsə nəyisə öyrənmək istəyir, mənə istinad edərək. Sözün doğrusu, mən də hələ danışmağa səbəb tapmıram. Bu o deməkdir ki, mən sabah sizin sualınıza “hə”, “yox” cavablarını verməliyəm. Ancaq mən bunu edə bilmirəm, çünki əlimdə əsas da yoxdur. Kölgəli məsələlər bu vaxta qədər qalıb. Düzdür, söz-söhbətlər illər boyu geniş miqyasda gedir, ancaq tərpəniş yoxdur. Həqiqəti ayırd etmək üçün tərpəniş lazımdır.

- Deməli, sizin də şübhələrə son qoyulmayıb. Üstəlik də bu günə qədər vertolyot faciəsi ilə bağlı hər şeyi deməmisiniz, eləmi?

- Yox, hər şeyi demək də mümkün deyil. Bir-iki sözlə də qurtarmaq olmur. Niyə belə olub? Kimdir bunun arxasında dayanan? Bu hadisələri törədənlər kimlərdir? Mən bu haqda müsahibələrimdə çox demişəm, müsahibələrimdə vurğulamışam. İndinin özündə vertolyot qəzasına aid olan bildiklərimi kifayət qədər demişəm...

- Sabiq daxili işlər naziri İsgəndər Həmidov qəzetimizə müsahibəsində “İstintaq bilavasitə gəlib Rusiyanın üstünə çıxırdı”, “O vaxt nə ermənilərdə, nə də bizdə hava qurğusunu vuran raketlər yox idi” kimi çox ciddi fikirlər səsləndirib. Siz necə, keçmiş prezident kimi bu fikirlərlə razılaşırsınızmı?

- Mən bilmirəm hansı silahlardan, raketlərdən söhbət gedir. Bunlar Rusiyada olub, ya olmayıb, deyə bilmərəm.

- Bəs siz inanırsınızmı ki, vertolyotu vuran ermənilər olub, yaxud öz təşəbbüsləri ilə bu terroru törədiblər?

- (Sükut) Nə deyim vallah...

“Həlak olanlar mənim komandam, mənim arxam idi”- Bakıdan yüksək çinli məmurların olduğu vertolyotun Qarabağa uçacağı barədə məlumat erməni terrorçularına sızdırıla bilərdimi? Yoxsa bu hadisənin bir təsadüf olması versiyasına üstünlük verirsiniz?

- (Yenə də pauzadan sonra) Elşad, gəl bu söhbəti gələcəyə saxlayaq. Mənim indi danışmaq imkanım yoxdur. Ona görə də indi heç nə deyə bilmərəm. Zaman gəlsin, danışaram. Siz oturub düşünmüşünüz, hansı sualları mənə verəcəksiniz... O sualları da verirsiniz, ancaq mənə imkan vermirsiniz ki, düşünüm, analitika edim, görüm budur, bu deyil. Heç olmasa bir balaca fikirləşim.

- Fikirləşmək üçün 26 il bəs eləmədimi?

- Elə məqamlar var ki, hələ növbəsi çatmayıb.

- Bir dəfə demişdiniz ki, bu hadisə ilə mənim qol-qanadımı vurdular...

- Vurdular da. Mənim komandam, mənim arxam idi bu həlak olanlar.

- Hadisəni Ayaz Mütəllibovun təşkil etməsi, onları bir vertolyotda göndərməsi barədə iddialar barədə nə deyə bilərsiniz?

- Yox, mən elə şey eşitməmişəm. Əgər deyirlərsə, bunu deyən axmaq adamdır.

- Kifayət qədər nüfuzlu dövlət xadimləri idi. Siz necə hesab edirsiniz, onlar sağ qalsaydı, Qarabağda vəziyyət indikindən fərqli ola bilərdimi?

- Bəli, bəli. Hər şey ola bilərdi. O zaman təlatümlü bir dövr idi.

- Rusiyaya aparılan “qara qutu”nun sonrakı taleyi haqda sizdə nə xəbər var?

- Yox, mənim xəbərim olmadı, bu vaxta qədər də yoxdur. Bircə onu eşitdim ki, dedilər “qara qutu” elə bir vəziyyətdədir ki, ondan istifadə etmək mümkün deyil.

- Tamerlan Qarayevin son anda vertolyota minməməsinin səbəbləri barədə uzun illərdir danışılır. Siz bu barədə nə deyə bilərsiniz? Bu istiqamətdə sualların cavabı varmı sizdə?

- Yox. Mən bu haqda danışmaq istəmirəm. Əsasım da yoxdur. Ümumi sözlərlə nə deyə bilərəm ki? “Ola bilər”, “çox güman”... Bu cür danışmaq yersiz olar. Ancaq müasir tariximiz araşdırılanda imkan tapıb bu məsələlərə qayıtmaq olar, əgər cəmiyyətin tələbatı olarsa.

- Ayaz müəllim, həlak olan komanda üzvlərinizin arasında sizə ən yaxın olan kim idi ki, bu günə qədər onun yoxluğunu qəbul edə bilmirsiniz?

- Hamı mənə əziz idi, hamısının mənim qəlbimdə yeri var idi. Mən burada ayrı-seçkiliyə yol verə bilmərəm. Məsələn, daxili işlər naziri Məhəmməd Əsədov çox böyük kömək edirdi. Onunla birgə Tofiq İsmayılov... Bunlar mənim əl-qolum idi. İsmət Qayıbovun özü. Çox işgüzar adamlar idilər, bunlar can-başla işləyirdilər. Vəzifə, hansısa şəxsi məqsədlər, xal qazanmaq üçün çalışmırdılar. Onlar Vətənə xidmət üçün gəlmişdilər. Tofiqin özü gəlib mənə dedi ki, sənə kömək lazımdır. Özü də biz bir-birimizə “sən” deyirdik. Dedim, a kişi, sən Moskvada böyük yük götürmüsən çiyninə, Ali Sovetin tərkibində ermənilərə qarşı danışan təkcə sənsən. Deyirdi, eybi yoxdur, başqa adam taparıq, ancaq bura vacibdir. Dedim, çox gözəl, sabahdan etibarən çıx işə! Elə də oldu. Məhəmməd Əsədov da gəldi yanıma ki, bax, mən heç kimə xahiş etməmişəm, Ayaz müəllim, bilavasitə sizə bildirirəm ki, mən Vətənimə, sizə kömək etmək istəyirəm. Heç kimə həvalə eləməmişəm, özüm gəlmişəm. Mən onu hələ Sumqayıt partiya təşkilatından tanıyırdım, olduqca istedadlı adam idi. Onun əhəmiyyətini mən indi də təsəvvür edəndə istiliyini hiss edirəm.

- İldönüm günü onların məzarlarını ziyarət etməyə imkanınız oldumu?

- Getdim, ziyarət elədim, qohum-əqrəbalarına başsağlığı verdim. Kifayət qədər adamlar var idi. Ancaq fürsətdən istifadə edərək demək istəyirəm ki, onların ailələrinin müəyyən problemləri var. Mən uzaqdan-uzağa eşitmişəm ki, bəzi xahişləri var.

- Bu barədə bəlkə siz konkretləşdirib ölkə başçısına müraciət etsəniz, daha effektli olardı...

- Mən də ehtiyatımı əldən buraxmıram. Çünki mənim sahəm deyil. Sözün doğrusu, heç elə imkana da malik deyiləm. Ancaq siz dediyinizdə həqiqət var. Lazımdır. Prezidentin də o qədər vaxtı olmur, başı qarışıqdır, mühüm məsələlərlə məşğuldur. Lakin kimsə bu məsələ ilə məşğul olmalıdır.

- Necə bilirsiniz, nə zamansa Qarakənd terrorunun sirri açılacaqmı? Yoxsa daha bundan sonra mümkün deyil?

- Bu da təbii məsələdir. Getdikcə tarix öz sözünü deməlidir. Gələcəkdə də tarixə maraq olacaq. Heç kim deyə bilməz ki, bu məsələyə nöqtə qoyulub, bitib. Xeyr!

- Ermənistanda zəlzələ baş verəndə, 1989-cu ilin dekabrında da Azərbaycanın İL 76 təyyarəsi müəmmalı şəkildə qəzaya uğradı, 76 nəfər həlak oldu.

- Hə, yadımdadır, zəlzələ ilə bağlı gedənlər idi.

- O hadisə barədə sizdə nə kimi məlumatlar var?

- Yox, məlumatsızam. Ermənilər təyyarəni qəbul etməkdən imtina etdilər.

- Ermənistandan azərbaycanlılar qovulan vaxtda, ərazi iddiaları irəli sürülən zaman Azərbaycandan yardım üçün adamlar göndərilirdi. Niyə?

- O zaman SSRİ-nin olduğu zaman idi. Mərkəz belə bir qərar qəbul etmişdi. Ancaq ermənilərin bizim addımımıza qarşı münasibəti çox sərt oldu. Ağılsız...

- O heyəti siz göndərdiniz?

- Yox, yox. Mən bu işlə məşğul deyildim.
Sozcu.az

Bölmənin digər xəbərləri

13 Dekabr 2017 “Şərqi Qüds Fələstinin paytaxtıdır” –İslam Əməkdaşlıq Təşkilatından tarixi qərar
13 Dekabr 2017 Bu, ən böyük riyakarlıqdır – İlham Əliyevin Zirvə çıxışı
12 Dekabr 2017 Ərdoğanla Putin mühüm mesajlar verdi-Mətbuat konfransı-Video
08 Dekabr 2017 “Dərin dövləti” razı salmaq, “rus izini” itirmək, impiçmentdən qurtulmaq…- Tramp "Qüds kartı"nı işə salıb "cəhənnəmin qapısını" niyə araladı?
06 Dekabr 2017 Tramp Qüdslə bağlı qərarı elan etdi - İslam aləmi şokda-VİDEO
04 Dekabr 2017 Hacı Məmmədovun intiharı ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlandı –RƏSMİ
01 Dekabr 2017 Fəlakət ssenarisi: 413 min insan öləcək, 527 min isə...
01 Dekabr 2017 Polisin axtardığı oğru “Payitaht Abdülhamid” serialının aktyoru imiş
29 Noyabr 2017 Ermənilər Dağlıq Qarabağa muxtariyyatı necə verdiriblər? - Sirlәr açılır
28 Noyabr 2017 MİT-in Afina agenti Yunanıstanı çalxalayır – Silah...
25 Noyabr 2017 Çavuşoğlu: Trampın sözünü tutmasını gözləyirik...
23 Noyabr 2017 "Yeni doğulan uşağa 45, buzova görə 140 manat verilir" - Fazil Qəzənfəroğlu
21 Noyabr 2017 Rəsulzadənin həyat yoldaşının məzarı tapıldı - Foto
21 Noyabr 2017 Lavrovdan İrəvanda Qarabağla bağlı mühüm mesaj:"Problem mürəkkəbdir, danışıqlar tezliklə başa çatmayacaq”
19 Noyabr 2017 MHP lideri NATO-nu tərk etmək mesajı verdi:"Baş verən hadisə izahı olmayan rəzillikdir"
18 Noyabr 2017 Qarabağla bağlı İqtidar -müxalifət dioloqu başlayacaq?
15 Noyabr 2017 AVROPA TARİXİNDƏ YENİ MƏRHƏLƏ BAŞLANIR:23 ölkə Ümumavropa Ordusunu yaratmağa hazırlaşır – Araşdırma
15 Noyabr 2017 Ağsu rayonunda aksiya keçirilib -VİDEO
14 Noyabr 2017 SƏUD EVİNİN YENİ NƏSLİ ATALARIN HAKİMİYYƏT EHTİRASINA QARŞI –Varis-şahzadə yüksəlişində gənclərə güvənir – TƏHLİL
14 Noyabr 2017 "KXCP sədrliyinə iddiam bu prinsiplərlə mümkün ola bilər" - ZƏLİMXAN MƏMMƏDLİ
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.