Xəbər lenti

seckii.jpg
Yadigar Sadıqov

Hər dəfə seçki ilinə qədəm qoyanda ölkə əhalisinin siyasi cəhətdən fəal hissəsi iki hissəyə bölünür: seçkilərdə iştirakın tərəfdarlarına və əleyhdarlarına. İkincilərin dəyişməz arqumentləri əsasən aşağıdakılardan ibarətdir:

- seçki hakimiyyətin oyunudur, onda iştirak etmək xəyanətdir;
- seçkidə iştirak hakimiyyətə beynəlxalq aləmdə öz legitimliyini sübut etdirir;
- seçki mühiti yoxdur;
- nəticələr əvvəldən məlumdur.

İlk yanaşmadan elə təəssürat yaranır ki, sanki seçki hakimiyyətin çox sevdiyi bir prosesdir, onu keçirməkdən, hər dəfə öz legitimliklərini təsdiqləməkdən zövq alırlar. Müxalifətin iştirakı da onlara bu zövqü yaşamaqda kömək edir. Halbuki, daim əksini müşahidə edirik. Seçkini tamam ləğv edə bilməyən hakimiyyət onu əhəmiyyətsiz hadisəyə çevirmək üçün əlindən gələni edib.

Vaxtilə Azərbaycanda seçki kampaniyasının müddəti 120 gün, təşviqat kampaniyasının müddəti isə 60 gün idi. 2008-ci ildə bu rəqəmlər müvafiq olaraq 75 və 28 günə endirilib. 2010-cu ildə edilən dəyişikliklərlə isə seçki kampaniyasına 60 gün, təşviqat kampaniyasına isə cəmi 23 gün ayrılıb.

Hakimiyyət istər prezident, istər parlament seçkilərində, istərsə də referendum zamanı televiziya və radio çıxışlarına ayrılan pulsuz efir vaxtını minimuma endirib.

2008-ci il prezident seçkiləri zamanı 7 namizədə hər həftə ümumilikdə 6 saat pulsuz efir vaxtı ayrılmışdı. Bunların 3 saatı televiziyada, 3 saatı isə radioda idi. O zaman təşviqat kampaniyasının 4 həftə sürdüyünü nəzərə alsaq, hər namizədə 200 dəqiqədən artıq pulsuz efir vaxtı düşürdü.

Təşviqat kampaniyasının artıq 23 gün olduğu son (2013-cü il) prezident seçkilərində isə qeydə alınmış 10 namizədə hər həftə ümumilikdə 1 saat televiziyada, 1 saat radioda olmaqla cəmi 2 saat vaxt ayrılıb. Nəticədə hər namizədə 108 dəqiqə pulsuz efir vaxtı (54 dəqiqə televiziyada və 54 dəqiqə radioda) düşüb.

2009-cu ildə keçirilən referendum zamanı qeydə alınmış təşviqat qruplarına həftə ərzində 3 saat efir vaxtı ayrıldı ki, bunun da yarısı televiziyaya, yarısı isə radioya aid idi. Qeydə alınmış 9 təşviqat qrupuna həftədə 20 dəqiqə vaxt düşdü. Beləcə, 2 müxalif təşviqatçı qrup ümumən 80 dəqiqə televiziyada və 80 dəqiqə radioda təklif olunan dəyişiklikləri və hakimiyyəti tənqid etmək imkanı qazandı. 2016-cı ildə müxalifətdən yalnız Müsavat Partiyası təşviqat qrupu yaratmağa çalışdı, lakin qeydə alınmadı. Qeydə alınan 3 hakimiyyətyönlü təşviqat qrupu isə pulsuz efirdən imtina etdilər.

2010-cu ildə deputatlığa namizədlərə cəmi 4 dəqiqə efir vaxtı ayrılmışdı. 2015-ci ildə isə ümumiyyətlə, ayrılmadı. Pullu efir vaxtının ayrılması təcrübəsinə isə 2005-ci ilin parlament seçkilərindən etibarən faktiki son verilib. Başqa ölkələrdə çox gəlirli sayılan seçki reklamları Azərbaycan telekanalları tərəfindən bəlli səbəblərdən ləğv edilib.

Burada xüsusi bir məqamı vurğulamaq lazımdır. Məsələ heç də yalnız müxalif namizədlərin vaxtının azaldılmasından və ya ləğv edilməsindən getmir. Son referendumda 3 təşviqat qrupunun və son parlament seçkilərində YAP-ın qanuni olaraq pulsuz efir vaxtı hüquqları vardı. Lakin onlar bundan imtina etdilər.

Müxalifətdən fərqli olaraq hakimiyyətin və onun namizədlərinin pullu efir vaxtı əldə etmək, öz təbliğatlarını aparmaq imkanları var. Lakin ilk baxışda qəribə görünə bilər ki, hakimiyyət müxalifət üzərindəki bu vacib üstünlüyündən yararlanmaq istəmir. Əslində isə qəribə heç nə yoxdur, hər şey çox sadədir.

Hakimiyyət və onun namizədləri hətta öz lehinə təbliğat aparmaq hesabına olsa belə səsverməni populyarlaşdırmaq, seçiciləri duyuq salmaq istəmirlər. “Birdən seçicilər hesab edərlər ki, doğrudan da, onların səsi nəyisə həll edir, iştiraka həvəslənərlər”, deyə düşünülür. Hesab olunur ki, səsverməyə nə qədər az adam gəlsə, seçki komissiyalarının “başağrısı” bir o qədər az olar, lazımi nəticələri “düzüb-qoşmaq” asan olar.

Çap materiallarının yayılması ilə bağlı vəziyyət də xeyli pisləşib. Faktiki olaraq yalnız seçki məntəqələrinin önündəkı lövhələrdə onları yapışdırmaq olar. Özəl obyektlərdə yalnız sahibinin icazəsi ilə mümkündür. Aydındır ki, heç kəs müxalifətin təşviqat materiallarına icazə verməklə özünə problem yaratmaq istəmir. Hakimiyyət nümayəndələrinin bu sahədə də üstünlüyü var, lakin istifadə etmirlər. Səbəb də eynidir – seçkiləri insanların yadına salmasan, daha yaxşıdır.

Nəhayət, hakimiyyət prezidentin səlahiyyət müddətini 7 ilə qədər uzadaraq, prezident seçkilərini bacardıqca gec-gec keçirmək istəyini ortaya qoydu. Dünyada parlamentin də 7 illik seçilməsi təcrübəsi olsaydı, şübhəsiz ki, ona da müraciət edərdilər.

Bütün bunlar göstərir ki, seçkilər hakimiyyətin vaz keçmək imkanı olmadığı məcburiyyətdən başqa bir şey deyil. Tamamilə ləğv etmək imkanı olmadıqları prosesi bacardıqca maraqsız, əhəmiyyətsiz etməyə, insanların iştirakını minimuma endirməyə çalışırlar. Onlara yalnız kameraya çəkib telekanallarda göstərəcək sayda seçici iştirakı lazımdır.

Hakimiyyət bu siyasəti o qədər aşkar həyata keçirir ki, “seçki hakimiyyətin oyunudur” iddiasının səthiliyinə heyrətlənməmək mümkün deyil.

Beynəlxalq aləmdə legitimlik qazandırmaq iddiası isə, ümumiyyətlə, heç nəyə əsaslanmır. Halbuki məhz müxalifətin fəal iştirak etdiyi seçkilərdə beynəlxalq müşahidəçilərin rəylərində qanun pozuntuları ilə bağlı ciddi müddəalar əksini tapır. “Azərbaycan landromatı” adı ilə tanınan qalmaqaldan da aydın olur ki, belə hallarda hakimiyyətin xarici xərcləri xeyli çoxalır.

Əksi baş verəndə, yəni seçki boykot olunanda hakimiyyət necə və harada legitimlik problemi yaşayacaq? Və ya 2008-ci ildə müxalifətin boykot etdiyi prezident seçkiləri legitimliklə bağlı hansı problem yaratmışdı ki? Bu sualların cavabı hələ ki rastımıza çıxmayıb.

Seçki mühiti yoxdursa, iştirak etməməklə nəyə nail olacağıq? Acıq edib evdə oturmaqla kimsə bizə seçki mühiti yaratmayacaq axı. Nəticələr isə hətta demokratik dövlətdə də əvvəlcədən məlum ola bilər. Bu seçkilərdə iştirak etməyə, özünün və təmsil etdiyin təşkilatın, düşərgənin təbliğatını aparmağa mane olmamalıdır.

Razıyam ki, hazırkı vəziyyətdə qələbə qeyri-real görünür. Lakin seçkilərdə ən ümidsiz vəziyyətdə belə iştirakı yalnız o seçkilərlə əlaqələndirmək düzgün deyil. Qələbə mümkün olmadığı halda belə gələcək qələbələr üçün toxum səpmək, seçicilərə mesajlar ötürmək vacibdir. Ən nəhayət, insanlara sınmayan, satılmayan, həqiqəti cəsarətlə söyləyən şəxslərin hələ də mövcud olduğunu göstərmək olduqca əhəmiyyətlidir.

Təcrübə göstərir ki, Azərbaycan vətəndaşları məhz seçki dövründə daha fəal olurlar. Hakimiyyətin hətta ən qeyri-populyar addımlarına belə əhali o qədər də fəal reaksiya vermir. Nə 2007-ci ildə elektrik tariflərinin 3 dəfə, qaz pulunun 50% artırılmasından sonra, nə də son illər 2 devalvasiya, elektrik və qaza tətbiq olunan limitlərdən sonra keçirilən aksiyalarda əhalinin fəal iştirak etdiyini söyləmək olmaz.

Elə şeylər var ki, hakimiyyət istəyindən asılı olmayaraq ləğv edə bilmir. Seçkini tamamilə ləğv etmək olmur. Bunu hətta Zimbabvedə Muqabe edə bilmədi, Azərbaycanda heç mümkün deyil. Seçki kampaniyasından doğan amilləri – sərbəst toplaşmaq azadlığının nisbətən genişləndirilməsini, prezidentliyə namizədlərin televiziya çıxışlarını, müxalif partiyaların təşviqat materiallarının yayılmasını ləğv edə bilmir.

Seçkidə iştirak etməməklə isə müxalifət hakimiyyətin ləğv edə bilmədiyindən özü könüllü imtina edir. Hakimiyyətin qapada bilmədiyi son nəfəslikləri müxalifət özü qapadır. İştirak isə seçkilərin hakimiyyət üçün arzuolunan səssizliyinin pozulması deməkdir. Müxalifətin iştirak etdiyi ən passiv seçkilər belə ölkənin siyasi həyatında hadisəyə çevrilir.

Ən əsası, iştirakdan imtina xüsusi hazırlıq tələb edən addım deyil. Seçki prosesinin istənilən mərhələsində boykot qərarına qayıtmaq mümkündür. İştirak isə belə deyil, müəyyən hazırlıq, vaxt tələb edir. Axı ən ölgün cəmiyyətlərdə belə prosesləri tam əminliklə proqnozlaşdırmaq olmur. Prosesin iştirakçısı olanda isə gözlənilməz sürprizlərə daha tez reaksiya vermək olur.

1991-ci ildə Azərbaycan Xalq Cəbhəsi fövqəladə vəziyyəti əsas gətirərək prezident seçkilərində iştirakdan imtina etmişdi. Səsvermə gününə 20 gün qalmış isə Moskvada uğursuz QKÇP çevrilişi baş verdi. Bu hadisədən sonra SSRİ kardon ev kimi sökülməyə başladı. AXC iştirak qərarı versəydi, artıq o zaman hakimiyyətə gələ bilərdi.

Bölmənin digər xəbərləri

17 Fevral 2018 ABŞ, İsrail, Türkiyə... - Savaşın gizlinləri açıldı
15 Fevral 2018 Tofiq Zülfüqarov: Krakovda bizə dalana dirənmiş istiqamət təklif olunur
05 Fevral 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL
05 Fevral 2018 Amerikalı casusdan Türk ordusu və “dərin dövlət”lə bağlı SENSASİYALI ÇAĞIRIŞ
25 Yanvar 2018 “STRATFOR” Rusiyanın 2018-ci ildəki xarici siyasətindən yazdı:Avrasiya, Qarabağ, seçkilər –– TƏHLİL
24 Yanvar 2018 Türkiyə hücumu: “Böyük İsrail” və Sevr məhv edildi – General
16 Yanvar 2018 ABŞ DAHA BİR “KÜRDÜSTAN”I DA SURİYADA QURUR –Əsədin ölkəsini parçalamaq planı qüvvədədir - TƏHLİL
09 Yanvar 2018 NİYƏ ETİRAZÇILAR RUHANİYƏ QARŞI BU QƏDƏR QƏZƏBLİ İDİLƏR? –İran prezidentinin 24 milyon seçiciyə borcu var
05 Yanvar 2018 ABŞ-da NƏ QƏDƏR MÜSƏLMAN YAŞAYIR? –Yaxın gələcəkdə Birləşmiş Ştatlarda ikinci ən böyük dini qrup - ARAŞDIRMA
03 Yanvar 2018 Azər Qasımlı İranda baş verən hadisələrdən yazdı
01 Yanvar 2018 Putinin məxfi ordusu: ondan necə istifadə olunur?
27 Dekabr 2017 "İsrailin Azərbaycanın yanında olması erməni lobbisinə daha bir mesajdır" - ekspert
25 Dekabr 2017 ABŞ-dan şok hesabat – Rusiyanın hərbi imkanları...
19 Dekabr 2017 2018-ci ildə gözlənilən müharibələr:Şimali Koreya, Suriya və Ukraynada nələr baş verəcək?
14 Dekabr 2017 ABŞ YAXIN ŞƏRQDƏ HAKİM ROLUNU İTİRİR –Tramp “yaşıl xətt”i niyə dağıtdı? –TƏHLİL
08 Dekabr 2017 YPG-PYD-RUSİYA HƏRBİ ƏMƏKDAŞLIĞI:Suriya kürdləri indi Moskvaya daha çox meyillənirlər - TƏHLİL
06 Dekabr 2017 Fazil Məmmədov niyə vəzifədən çıxarıldı? – Səbəblər
04 Dekabr 2017 Donald Tramp Qüdsü İsrailin paytaxtı olaraq tanıyacaqmı?
30 Noyabr 2017 KÖRFƏZ ÖLKƏLƏRİNƏ SİLAH KÖÇÜ –Rusiya silah bazarında BƏƏ-nin əsas satıcısına çevrilib - TƏHLİL
20 Noyabr 2017 MOSKVA KÜRD KARTINI VAŞİNQTONUN ƏLİNDƏN NECƏ ALDI?-Təhlil
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.