Xəbər lenti

vladimirvasilyevv.jpg
Rusiya müdafiə naziri Sergey Kujuqet oğlu Şoyqu bu günlərdə Suriyadakı antiterror əməliyyatının artıq sona çatmaq üzrə olduğunu açıqladı. Görünür, Suriya cəbhəsində artıq aktiv döyüşdən siyasi həllə keçid olacaqdır.

 Fəqət, Rusiya bunun da fərqindədir ki, Suriya cəbhəsi sakitləşdikcə, digər cəbhələr qızışacaq.

WW 3.0-ı (III Dünya Müharibəsi) bir hibrid maharibə olaraq qəbul etsək, – belə olduğunu bir çox mütəxəssis artıq dilə gətirməkdədir, – hibrid müharibələrin kiber cəbhələrdən siyasi cəbhələrə qədər, fərqli istiqamətlərinin olduğunu da söyləməmiz lazımdır.

Rusiyanın zəif olduğu cəbhə isə Suriya qədər uzaq olmayan Şimali Qafqaz cəbhəsidir. Burada qaynar münaqişələr siyasi polemikalarla davam edir. Rusiya buralarda başını ağrıdan “ifrat” ünsürləri Suriyaya göndərərək, qaynar münaqişələri minimuma yendirmiş olsa da, regional problemləri həll edə bilməyib.

Şimali Qafqazda yaşayan xalqlar ruslar üçün müəyyən zamanlarda yaxşı döyüşçülər olsalar da, döyüşdəki ustalıqlarını hər fürsətdə ruslara qarşı istifadə etməkdən də çəkinməyiblər. Bu durum üç əsrdir ki, belə davam edir. Qafqaz Rusiyanın “Axilles dabanı” olmağa davam edir. 1990-cı illərdə müstəqillik elan edən Çeçenistanla problemini həll etmiş olan Rusiya, müstəqillik tələb etməyən Dağıstanınn problemlərini nədənsə həll edə bilmir. Dünyada ən kiçik ərazidə ən çox millətin yaşadığı yer olan Dağıstan, bu günlərdə Rusiya üçün böyük problem təşkil edir. Çeçenistan müharibələri davam edərkən, yerli tayfalarına güclü maliyyə dəstəyi verilən, tam muxtariyyata buraxılan Dağıstan hazırda Suriya qədər mürəkkəb bir problem təşkil edir. Fəqət, Suriyanın əksinə, uzaq deyil, yaxından da yaxındır.

Putinin 2018-ci il seçkilərnə yönəlik hazırlığında, bəlkə də, ən həssas nöqtəni bu bölgə təşkil edir. Bu, Orta Şərq problemlərini həll edə bilən bir lider üçün “xarizma cızıcı” bir durumdur. Çünki uzaqlarda təsirli ola bilən bir liderin daxildə daha çox təsirli olması gözlənilir.

Putin öz torpaqları daxilindəki Dağıstanın problemlərini bir fərmanla həll edə bilməliydi. Amma yerli hakimiyyət orqanları Putinin əmrlərini ya tərs anlayır, ya da onu dinləmirdilər. Öz xalqını hər cür təzyiqlə susdurub, Moskvaya gözəl rəsm göndərmək dərdinə düşən yerli idarəçilər burdakı problemləri həll etmir, tam tərsinə – problem üstünə problem yaradırdı.

Dağıstan Muxtar Respublikasının prezidenti olan Ramazan Abdulatipovu regiona göndərən də Putin idi. 4 il yarım öncə Abdulatipovu Dağıstana göndərən Putin ona hər cür dəstəyi vermişdi. Xüsusən onu hakimiyyətdən uzaqlaşdıra biləcək klanları mərkəzə bağlı təhlükəsizlik qüvvələrilə “təmizləmişdi”. Abdulatipovdan öncəki prezident Maqomedsalam Maqomedova da federal mərkəzdə onu incik salmayacaq bir vəzifə verilmişdi. Federal Təhlükəsizlik Xidməti (FTX) Dağıstanın paytaxtı Mahaçqalanın bələdiyyə başçısını isə macəra filmlərindən geri qalmayan bir əməliyyatla həbs etmişdi.

Ramazan Abdulatipov özünə qarşı üsyankar olan digər klan liderlərini də siyasi sistemin xaricinə itələmişdi.

Ramazan Abdulatipov bu dəstək qarşılığında, idarəçiliyndə klanların ağırlığı qalmayan Dağıstanı Moskvanı qane edəcək şəkildə idarə edəcəkdi.

Moskva Abdulatipovdan çox şey istəmirdi: gənclərdən, etnik qruplara və ya klanlara bağlı olmayan, bir texnokrat kasta yaradıb, korrupsiyanı minimuma endirməli, gənclərin radikallara qoşulmasını önləməli və öncəki iqtidarların yaratdığı dövlətə inamsızlığı aradan qaldırmalı idi. Qısası, yaşlı və təcrübəli Abdulatipov Dağıstan xalqının Rusiya Federasiyasına, xüsusən də Putinə olan inamını gücləndirməli idi. Bu durumda Putinin səslərini də artıracaqdı.

Rusiyanın Qərbə yaxın olan araşdırma mərkəzləri öz hesabatlarında Dağıstanın problemlərinin korrupsiyadan qaynaqlandığını göstərmişdilər. Mütəxəssislərin hesabatlarına görə, korrupsiya və klançılıqla sosial pillələrdəki yüksəlişlərinin qarşısı kəsilən gənclər Dağıstandan Rusiyaya köç edir və ya radikal qurumlara qatılırlar. Sovet dövründə universiteti bitirən və diplom sahibi olan hər bir gəncə dövlət həmən iş verirdi. Sovet İttifaqının dağılması və bu praktikanın ortadan qalxması Qafqaz küçələrində diplomlu işsiz gənclərin çoxalmasına səbəb oldu. Bu gənclər ədalətli iş tapma imkanına sahib deyildilər. Dağıstanda gənclər, eynən “ərəb baharı”nda olduğu kimi, üsyan etmək nöqtəsinə gəlmişdilər. Ancaq Qafqazda, “ərəb baharı”ndan fərqli olaraq, Çeçenistanın müstəqillik hərəkatı ilə başlayıb, Şimali Qafqazın şərqini əhatə edən ayrılıqçı hərəkat dini bir kimlik də yaratmışdı. Yerli hakimiyyət orqanlarının arxasında Moskvanın dəstəyini görən gənclik, artıq onlara qəzəblənmirdi; bütün üsyanlarını mərkəzi hakimiyyət orqanlarına, yəni, Moskvaya qarşı bir “cihada” çevirmişdilər.

Rusiya bölgəni nə qədər klanlara təslim etsə də, klanlar artıq bu gənc “cihadcılığa" qarşı təsirli ola bilmirdi. İkinci Çeçenistan müharibəsilə birlikdə döyüşlər bütün şərqi Qafqaza yayılmışdı. Xöşbəxtlikdən, İŞİD ortaya çıxaraq, bu problemi həll etməkdə Moskvaya yardımçı oldu. Ruslar bu üsyançı gəncləri Orta Şərq səhralarına apararaq, orada quma quyladı.

Ancaq gəlinən nöqtədə İŞİD bitmək üzrədir və onun əridə bilmədiyi, amma öyrətdiyi bu gənclər geriyə dönməyə başlayacaqlar. Əgər Qafqazdakı mövcud durum davam edərsə, Dağıstan dağlarında yeni “mücahid” qruplarının yaranması üçün Suriya və İraqdan 5 və ya 10 yaxşı təlim görmüş insanın geri dönməsi kifayətdir.

Regiondakı federal təhlükəsizlik qüvvələrinin İŞİD-in uyuyan hücrələrinə qarşı mübarizəsi davamlı olaraq xəbər agentliklərinə çatır. Bu hücrələrin başına təcrübəli idarəçilər gəldikdə, Rusiya Suriyada bitirdiyi müharibəni öz torpaqlarında tapa bilər.

Bu ehtimalları ortadan qaldırmaq istəyən və hər şəraitdə Dağıstanı yerli qüvvələrlə idarə etməyə çalışan Moskva yeni bir proses başladır. Rusiya Federasiyasına bağlı olan bir çox muxtar respublika vardır. Ayrıca, vilayətlər də öz məclislərilə və prezident statusundakı qubernatorlarla idarə edilir. Ancaq Putin həyata keçirdiyi islahatlarla, vilayət qubernatorlarının və muxtar respublikaların prezidentlərinin yerli seçkilərlə seçilmələrinin qarşısını aldı, onların Moskvanın təklifi və yerli məclislərin təsdiqi ilə təyin edilmələrini təmin etdi. Sonradan bir dəfə də dəyişdirilən bu sistemdə, bəzi regionlarda təyinat məclisin razılığı ilə olduğu halda, bəzilərində prezident (qubernator) xalq tərəfindən seçilir. Nəticə olaraq, yenə də Moskvanın izn vermədiyi bir namizədin seçkilərə girməsi mümkün deyildir. Ancaq Moskva da bu idarəçiləri ümumiyyətlə, yüksək səviyyəli yerli bürokratlar və ya siyasətçilər arasından seçir.

Dağıstanda olduğu kimi, İnquşetiyada və Kabardin-Balkar Respublikasında da prezidentlik edənlər həmişə yerli, lakin Rusiyanın federal dövlət qurumlarında işləyərək yüksəlmiş adamlar olub. Məsələn, İnquşetiyanın başında olan Yunusbek Yevkurov general, Kabardin-Balkar Respublikasını idarə edən Yuri Kokov da Rusiya Federasiyasının daxili işlər nazirliyindən yüksələn birisidir. Dağıstanda vəzifədən azad edilən R. Abdulatipov isə sovet dövründə mərkəzdə yüksək vəzifə sahibi olmuş adamdır. Bunlar arasında Moskvada vəzifədə olmadan, prezident olan yeganə adam Ramzan Kadirovdur. Çünki son iki müharibə təcrübəsinə görə, Çeçenistanda mərkəzdən göndərilən bir adamın uğurlu olması mümkün deyildi. Yeltsin dövründə, yenə köhnə bir sövet bürokratı olan Zavqayevi təyin edən Rusiya onun uğursuzluğunu xatırlayaraq, Çeçenistanda çox fərqli bir strategiya izlədi. Kadırova verilən muxtariyyat Rusiyada heç bir yerli hakimiyyət orqanına verilməmişdi və bu durum həm Kremlin daxilindən, həm də xaricindəki müxalifətdən çoxsaylı tənqidlər alır.

Kadırova yönəlik Moskva mərkəzli hücumlar miqyası dəyişsə də, hələ davam edir və beləcə davam edəcəyini təxmin etmək də çox asandır. Lakin Çeçenistan fərqli və detallı analiz edilməsi lazım olan bir bölgədir. Rusiya son 15 ildə Çeçenistanda tətbiq etdiyi hər taktikanı inkişaf etdirərək ölkə xaricində də istifadə edib. Bu taktikaları tətbiq edərkən uğurlu da olub. Hətta özünə qarşı döyüşən çeçen milislərlə anlaşaraq, onları daxildə və xaricdə hərbi güc olaraq istifadə etməyi belə bacarıb.

Dağıstana və Abdulatipova dönərsək, Moskvanın yeni daxili siyasi strategiyasının diqqətlə izlənməsinin lazım olduğunun altını cızmalıyıq. Daha öncəki yazılarımızda, Rusiyada federasiyadan unitar bir quruluşa keçidin zənglərinin çalındığına işarə vurmuşduq.

Tatarıstanın muxtariyyat anlaşmasının müddətini uzatmayan federal mərkəz artıq problemli regionlarda mərkəzi bir idarəçilik tətbiq edəcəyini göstərir. Ramazan Abdulatipovun bacarıqsızlığı artıq o qədər gözə batmışdı ki, Maksim Şevçenko və Ruslan Kurbanov kimi Qafqazı yaxşı bilən təhlilçilər bu durumu birbaşa Putinə çatdırmışdılar. Ancaq Kremlin bu qərarı alması üçün bir neçə mütəxəssisin şikayəti yetməzdi. Kreml vilayət və muxtar region idarəçilərinin xalq dəstəklərinin öyrənilməsini dövlətə bağlı olan araşdırma mərkəzlərinə tapşırdı. Bu məsələdə stəkanı daşıran son damla Putinin televiziya vasitəsilə xalqla ənənəvi görüşü oldu. Putin xalqın problemlərini hər il televiziyadakı canlı yayında dinləyir. Daha öncəki canlı yayınlarda Putinə sual verən xalq onu tərifləyərdi və ya şəxsi həyatı ilə bağlı suallar verərdi. Ancaq bu il bütün Rusiyanı təəccübləndirən bir canlı yayın oldu. Proqramda verilən suallar, senzuradan keçməmiş deyiləcək qədər sərt idi.

Təbii ki, Abdulatipovun Dərbənd şəhərinin ildönümünə həsr olunmuş bayram tədbirlərindəki uğursuzluğu kimi, bir çox problem də vardı. Amma bunlar sadəcə, Kremlin qərarını sürətləndirən yan ünsürlər ola bilər. Nəticədə, Kreml Dağıstana etdiyi yeni təyinatla bərabər, 10 ilin idarəçisini dəyişdirdi. Lakin Dağıstana edilən yeni təyinat Rusiyanın yeni tarixində Şimali Qafqazda edilən təyinatların ən qəribəsidir. Kremlin Dağıstana göndərdiyi yeni idarəçi oralı olmamaqla bərabər, federal mərkəzdə tutduğu vəzifələrə görə də ağırlığa sahib olan birisidir. Vladimir Vasilyev kimi biri üçün bu təyinat bir sürgün olaraq da qiymətləndirilə bilərdi. Lakin bu, Putinin etibar etdiyi bir bürokrata, bir yaxın dosta önəmli bir vəzifə yükləməsi olaraq qiymətləndirilir.

Vladimir Vasilyev keçmişdə daima ən kritik vəzifələri yerinə yetirən bir adamdır. Onun keçmişində Nord-Ost hücumundan Beslana qədər uzanan xüsusi vəzifələr vardır. Yəni, Putin Vladimir Vasilyevə keçmişdə də kritik vəzifələr verib. Rusiya, xüsusən Nord-Ost və Beslan hücumlarından sonra, mərkəz ilə federal bölgələr arasındakı münasibətlərdə köklü dəyişikliklər etmişdir. Əgər Putin bu qədər etibar etdiyi bürokratı bir muxtar respublikanın rəhbərliyinə təyin edirsə, ondan gözlədiyi xidmət də sıradan bir vəzifə deyildir.

Rusiya öz torpaqlarına geri dönə biləcək bir milis müharibəsinə qarşı sağlam addım atır; federal mərkəzin siyasi xəttindən çıxan muxtar respublikaların və vilayətlərin elitalarına da sərt bir mesaj verir. Bu təyinatla birlikdə, tanıdığımız köhnə federal Rusiya yox olarkən, yeni Rusiya həm xaricdəki, həm də daxildəki hibrid müharibənin cəbhələrində öz mövqeyini gücləndirir.

Suriya müharibəsi bitsə də, WW 3.0 bitməyib. Rusiya bunun fərqindədir və yaxın cəbhələrdə hazırlıqlı olmaq üçün addımlar atır.

Saslanbek İsayev
“Anadolu” Agentliyi, Türkiyə

Tərcümə Strateq.az-ındır.
Sozcu.az

Bölmənin digər xəbərləri

20 Noyabr 2017 MOSKVA KÜRD KARTINI VAŞİNQTONUN ƏLİNDƏN NECƏ ALDI?-Təhlil
15 Noyabr 2017 Yaxın Şərqdə böyük müharibə potensialı:sonda İran dağılar, Səudiyyə parçalanar, İsrail isə sağ çıxmaya bilər
14 Noyabr 2017 Yıldırımın “şiə təhlükəsi” açıqlamasında məqsədi… – Şərh
07 Noyabr 2017 SƏUD XANƏDANININ ƏN DOLAŞIQ DÖVRÜ:Varislik iddiası hələ çox qan tökdürəcək - TƏHLİL
06 Noyabr 2017 Amerika gizli Çin-Rusiya rəqabətindən nə uda bilər? –Təhlil
03 Noyabr 2017 ANKARA-BAĞDAD İTTİFAQININ BAŞ TUTMA EHTİMALI:kürd partiyaları arasında rəqabət PKK-nı gücləndirə bilər
28 Oktyabr 2017 Rusiya dağılacaq, İrəvan silinəcək, Azərbaycan və Türkiyə... – ABŞ kəşfiyyatının ŞOK PROQNOZU
24 Oktyabr 2017 Kataloniya “daxili problemdir”, Qarabağ qlobal? – Təzad
17 Oktyabr 2017 Politoloq: "Kərkük taktikası Qarabağa tətbiq oluna bilər"
12 Oktyabr 2017 Əliyev, Ərdoğan və Putinin sinxron hərəkətinin sirri:“ABŞ BU 3 ÖLKƏDƏ HAKİMİYYƏTİ DƏYİŞMƏK İSTƏYİR” – TƏHLİL
02 Oktyabr 2017 Britaniya mətbuatı: “Şimali Kipr Türk Respublikasını tanımağın vaxtı çatıb”
29 Sentyabr 2017 İraq-Kürdüstan savaşı başlasa, kim qalib gələcək? –Tərəflərin hərbi imkanları haqda fərqli rəylər var - TƏHLİL
23 Sentyabr 2017 General Sisinin Suriya və İraq həmləsi:Ehramlar ölkəsi köhnə bazarlarda Rusiya, Çin və İranla rəqabətə başlayır - Təhlil
14 Sentyabr 2017 İsrail üçün qara xəbər:Yaxın Şərqdə qüvvələr balansı dəyişilir – Təhlil
09 Sentyabr 2017 “Böyük İsrail” və Kürdüstan:Yaxın Şərqdə “İnon planı” gerçəkləşdirilir – Təhlil
06 Sentyabr 2017 Putin Sarkisyanı söydü
03 Sentyabr 2017 Rusiyanın növbəti Qarabağ riyakarlığı
30 Avqust 2017 Berlinin Ankaraya aqressiyasının gizli səbəbi – Bakı faktı da...
25 Avqust 2017 Türkiyə Ermənistanla sərhəddi açacaqmı? -TƏHLİL
14 Avqust 2017 MİLLƏT – ORDU”, YOXSA MƏZARLIQ?
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.