Xəbər lenti

eliyevputunerdo.jpg
Azərbaycan prezidenti ölkəsinin Avropa Şurasından çıxmaq imkanına eyham vuraraq, demək olar, Türkiyənin Avropa Birliyinə (AB) münasibətini təkrar edib.

 Azərbaycan KİV-ləri respublika prezidenti İlham Əliyevin rəsmi saytına isnadən, onun Avropa İttifaqının (Aİ) Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşdəki bəyanatını geniş tirajlayıb. Bu, bütünlükdə buna müncər olunur ki, Əliyev Azərbaycanın Avropa Şurasından çıxmaq imkanına olduqca şəffaf şəkildə işarə vurub. Həm də onu “açıq etiraf”a Almaniyanın Aİ səfiri Mixael Flüger “sövq edib” – Əliyevdən Azərbaycanın Avropa Şurasından çıxması haqda söhbətlərin respublikada fəal şəkildə yayılmasına münasibətini ifadə etməyi xahiş edib, bu zaman vurğulayıb ki, uyğun ideya həm bu təşkilat, həm də Azərbaycanın özü üçün də ziyanlıdır. Avropalı diplomat ümidini ifadə edib ki, Əliyevin “göstərişi” ilə AŞ-dan çıxmaq üzrə mövqe yenidən nəzərdən keçiriləcək.

Əliyevin cavabı Şərq diplomatiyasının ən yaxşı nümunəsinə layiqdir. Yəni, birincisi, o bildirib ki, yuxarıda göstərilən ideyanı respublika rəsmiləri deyil, istənilən məsələni işıqlandırmaqda sərbəst “azad KİV-lər” səsləndirib. Əliyev qeyd edib ki, amma hakimiyyət Avropa Şurasına münasibətdə müsbətiylə seçilməyən ictimai rəyi nəzərə almalıdır. Onun sözlərinə görə, Dağalıq Qarabağ münaqişəsinin həllində AŞ tərəfdən yardımın olmaması bunun səbəbləri sırasındadır, halbuki Azərbaycan Avropa Şurasına girərkən onun dəstəyinə ümid edirdi.

O, həmçinin AŞ-ı “Ermənistanla müqayisədə Azərbaycana mənfi münasibətdə” təqsirləndirib. Azərbaycan prezidentinin iddiasına görə, AŞPA-dakı lobbiçi qruplar “həmişə Ermənistana hamilik edir, amma bu ölkədə seçkilər daim saxtalaşdırılır, parlamentdə siyasətçiləri öldürürlər, terrorizm isə rəsmi siyasət səviyyəsinə qaldırılıb”.

Əliyev Avropa diplomatlarına həmçinin xatırladıb ki, AŞ Azərbaycanı sanksiyalar və təşkilatdan çıxarmaqla təhdid edir, buna görə də yerli siyasətçilərin, deputatların, jurnalistlərin və sıravi vətəndaşların “adekvat reaksiyası” ona təbii görünür.

Azərbaycan prezidenti AŞ-ya İnsan Haqları üzrə Avropa Məhkəməsinin (İHAM) 10 mindən yuxarı qərarının icrasını təmin etməyi, bundan sonra isə sanksiyalar və AR-nın Avropa Şurasından çıxarılması haqda danışmağı tövsiyə edib. O deyib ki, Azərbaycan başqa ölkələrdən fərqli olaraq İHAM-ın qərarlarını icra edir. Onun sözlərinə görə, Azərbaycana məqsədyönlü həmlələr ictimaiyyətdə məyusluq doğurur və onun səsləndirdiyi sualı yaradır: “Bizim bu təşkilatda nə işimiz var?”

Əliyev Avropa Şurası ilə əməkdaşlığı 16 il bu təşkilatda olmuş Azərbaycan üçün “prioritet” adlandırıb. Lakin qeyd edib ki, “Azərbaycan Avropa Şurasını tərk etsə, heç kim buna fikir verməyəcək və həyatımızda heç nə dəyişməyəcək. Nə varlanacağıq, nə də kasıb düşəcəyik. … Beynəlxalq öhdəliklərimizi ona görə yerinə yetirmirik ki, Azərbaycana əsassız hücumların başında duran Avropa Şurası baş katibinin xoşuna gələk. Biz bunu ölkəmizin inkişafı üçün edirik”.

Bu kəskin cavab Əliyevin Azərbaycanın Avropa Birliyi ilə münasibətlərdə “yeni səhifə açmaq”, iqtisadiyyat, ticarət, siyasət, energetika və s. sahəsində Avropa dövlətləri ilə qarşılıqlı fəaliyyəti uğurla inkişaf etdirmək üçün yeni saziş bağlamağa hazırlaşdığı xəbəri ilə yumşaldılıb.

Azərbaycanın Avropa Şurasından getmək ehtimalı aşağıda nəzərdən keçiriləcək. Burada isə qeyd edək ki, Əliyevin əks-sədalı bəyanatı praktik olaraq Avropaya mahiyyətcə Əliyevinkinə bənzəyən, amma ənənə üzrə daha təmkinli “siqnal” göndərən Türkiyə prezidenti Rəcəb Ərdoğanın çıxışından dərhal sonra səslənib.

Xatırladaq ki, Ərdoğan bu günlərdə xəbərdar edib ki, Türkiyənin əlli il ərzində uğursuzcasına nail olmağa çalışdığı AB üzvlüyünə daha ehtiyacı yoxdur və ölkə “bundan heç nə itirmir və öz yoluyla getməyi davam etdirəcək”.

O da AB tərəfdən dəstəksizliyə görə türklərin “məyusluğunu” qeyd edib. Lakin Ərdoğanın da bəyanatı yaxın silahdaşı və müttəfiqi Əliyevinki kimi yumşaldılıb: o deyib ki, Ankara AB-yə girmək haqda danışqıları öz təşəbbüsü ilə kəsməyəcək.

Yeri gəlmişkən, buna oktyabrda, ən azı, Avstriya və Fransanın fəal müdafiə etdiyi AFR kansleri Angela Merkel təşəbbüs edib və car çəkib.

Ümumiyyətlə “kollektiv Qərb”in, xüsusən isə Avropanın insan haqlarını pozmağa (gerçəklikdə – xarici və daxili siyasətdə izafi müstəqillik və neft-qaz maraqlarına) görə Azərbaycan və Türkiyə rejimlərini hey tənqid etdiyi və onların dəyişdirilməsinə ümid bəsləməyindən son dərəcə narazı Ərdoğan və Əliyev sinxron hərəkət ediblər. Bu, Avropadan aşkar siyasi aralanma tendensiyasıdır, yoxsa şantaj?

Bundan başqa, hər iki prezident Türkiyə və Azərbaycana münasibətdə potensialca əlverişsiz hökmü ilə (birinciyə – AB-yə qapıları bərk-bərk bağlamağa, ikinciyə “ciddi xəbərdarlıq etmək”, sanksiyalar tətbiq etməyə görə. AŞ baş katibi isə ümumiyyətlə təşkilatdan çıxarmaqla hədələyib) Avropanı qabaqlayıb, hər ikisinin Rusiya təmsilçiləri ilə əvvəlcədən ən yüksək səviyyədə təmasları olub. Deməli, Ərdoğan prezident Vladimir Putinlə görüşüb və hərbi daxil olmaqla bir çox məsələlər üzrə onunla yola gedib, Bakıya isə RF Təhlükəsizlik Şurası katibi Nikolay Patruşev baş çəkib.

Sonuncunun Azərbaycan Prezidenti Administrasiyası rəhbəri Ramiz Mehdiyevlə görüşünü şərh edən Patruşevin müavini Rəşid Nurqaliyev, SİTA-nın xəbər verdiyinə görə, deyib: “Beynəlxalq informasiya təhlükəsizliyi sahəsindəki müasir durum getdikcə daha çox narahatlıq doğurur. Ölkələrin bir qismi informasiya məkanında dünyanı özəl, ancaq onlara sərfəli oyun qaydalarına vadar etməyə səy göstərir”.

Onun sözlərinə əsasən, “buna görə də beynəlxalq birliyin səylərini informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində münaqişənin önlənməsinə, hərbsizləşdirilməsinə və onda dövlət suverenliyinə sayğı, başqa dövlətlərin daxili işlərinə qarışmamaq, insanın əsas hüquq və azadlıqlarına riayət prinsiplərinin möhkəmləndirilməsinə yönəltmək lazımdır”.

Ehtimal ki, yuxarıda göstərilən məsələlərin müzakirə edildiyi Azərbaycan kontekstində “başqa dövlətlərin daxili işlərinə qarışmamaq” və bir sıra ölkələrin “dünyanı özəl, onlara sərfəli oyun qaydalarına vadar etmək cəhdləri” sözlərini açar saymaq olar. Bu, Rusiya da istisna olmamaqla dünyanın əsas oyunçularının xəta etdiyi məsələdir. Amma düşünmək lazımdır ki, indiki mərhələdə Azərbaycan maraqları Avropa maraqlarındansa Rusiya və Türkiyəninkinə daha yaxındır: ən azı, Moskva və Ankara hələlik Əliyev rejiminin sabitliyini təhdid etməkdə əsasa malik deyil. Axı onun süqutu halında Cənubi Qafqaz, Yaxın Şərq və Xəzər hövzəsi bölgələrində geopolitik durum kəskin şəkildə dəyişiləcək. Bu da təkcə Ankara və Moskvanı deyil, postsovet məkanının, demək olar, bütün dövlətlərini, xüsusən də Xəzərə dənizinə çıxışı olanları qane etmir.

Yeri gəlmişkən, Əliyevin Avropa Şuası haqda bəyanatından sonra qəflətən (ya qanunauyğun şəkildə?) Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) yalnız Ermənistanın əngəl ola biləcəyi mümkün girişi haqda məlumat yayılıb, lakin rəsmi Bakı AİB-ə üzvlüyə cəhdini açıq şəkildə bir dəfə də bildirməyib. Ancaq burası da var ki, bu təşkialtın siyasi səhnəarxasında, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kontekstində nələr baş verdiyini söyləmək çətindir.

Lakin yada salaq ki, Avropadan narazı Türkiyə Rusiya və Çinin “şeflik etdiyi” Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) girəcəyi, həmçinin Avrasiya İqtisadi Birliyi ilə azad ticarəti nəzərdə tutan gömrük sazişi bağlamaq üzrə danışıqların başlandığından danışmağa başlayıb. Məlum olduğu kimi, AİB-in “lokomotivi” isə Rusiyadır.

Bütün bunlar ona oxşayır ki, hazırda Türkiyə və Azərbaycan sinxron hərəkət edir, bununla da Rusiyanın mövqelərini gücləndirir. Amma güman etmirik ki, Əliyev ölkəsinin milli maraqlarına ziyan vuran addımlar atar və buna görə də sanmaq lazımdır ki, Avropaya münasibətdə son dərəcə kəskin addımlar atacaq: bu, bir sıra səbəblərə görə mümkün deyil.

Yəqin ki, beynəlxalq basqılar Əliyevin hakimiyyətini təhdid edən miqyas almasa, Azərbaycan prezidenti xarici siyasətdə balansa can atacaq. Çünki Avropadan qırılma, ən azı, neft qiymətlərinin düşməsi və onun Avropa qaz bazarında əsas olmasa da, böyük oyunçu olmaq iddiaları fonunda Azərbaycan üçün maliyyə-iqtisadi itkiləri bildirəcək. Ölkənin “dünyəvi” imici də ziyan görəcək ki, bu da azərbaycanlıların Avropadakı humanitar, təhsil, işgüzar və digər manevrlərində mütləq əksini tapacaq. Və ümumiyyətlə Azərbaycanın üzərinə indikindən daha böyük tənqid fırtınası axışacaq. Xüsusən də ona görə ki, ölkə insan haqları, söz, toplantı azadlığı, “demokratik dəyərlər” deyilən baxımdan olduqca dişbatandır.

Amma qeyd edək ki, Avropa və ABŞ-ın özü ikili standartla oynamağa qızışıb, buna görə də Əliyevdən “almalı nəsə yoxdur”. O, Qarabağ tənzimləməsində təsirli səylərin olmaması və ikili standartlara görə Avropanı əbəs yerə tənqid etmir. Və doğrudan da: millətin BMT nizamnaməsində təsbit edilmiş öz müqəddəratını təyinetmə hüququ və onda yazılmış dövlət sərhədlərinin pozulmazlığını Avropa son dərəcə sərbəst təfsir edir. Yəni Qərb Yuqoslaviyanın tam parçalanması üçün hər şeyi edib, lakin nədənsə Kataloniyada referenduma etiraz edir, Krımı tanımayıb və bunula belə, Azərbaycan hakimiyyətinə Qarabağ ermənilərinin hüquqlarını və münaqişəyə cəlb edilmiş Ermənistanın mövqeyini nəzərə almağı tövsiyə edir. Niyə birilərinə olar, başqalarına isə yox? Bəli, çox sadədir – burada başlıcası bu “başqaları”nın kimliyidir; onlar Qərbə nə qədər itaətkardır və bütün həvəs və maraqlarına əməl edirlər.

Azərbaycan, Türkiyə və Rusiya itaətkar deyil, deməli, cəzalandırılmalıdır. Başlıcası, bunlardan ikisinin neft-qaz, üçüncünün, Türkiyənin isə həm Rusiya, həm də Azərbaycan karbohidrogenlərinin ixracat imkanlarını gücləndirən tranzit ölkə olmasıdır. Moskva və Bakı fürsəti əldən vermir – elə hey boru kəmərləri çəkir, bununla da ABŞ-ı Avropanın bahalı sıxılmış qaz bazarından məhrum edirlər. Və bu işdə onların yardımçısı Türkiyədir. Bu bildirir ki, üç ölkənin üçündə də rejimi dəyişmək və qaz hasilatını nəzarətə götürmək lazımdır.

Məntiqcə, hadisələrin bu cür inkişafında Avropanın marağı hamıdan az olmalıdır, lakin o, hələ nə Amerika təsirindən tam azaddır, nə də “güclüyə” yarınmaqda Avropadaxili “can yandıranlardan” və bunlarla birlikdə özgəsinin işinə burun soxmaqdan.

Və burada həm Əliyev, həm Ərdoğan, həm də Putinin bəxti heç gətirməyib. Həm də o qədər əsaslı şəkildə ki, sabah Moskva, Bakı və Ankara istər-istəməz müttəfiq olmalı olacaq – özlərinin satellit dövlətləri ilə bir yerdə. İran da onlara birləşsə, təəccüblü olmayacaq.

Ümumiyyətlə, hazırda Azərbaycan üçün son dərəcə mühümdür ki, Avropa onun daxili işlərinə qarışmasın və ultimatumlar dilində danışmasın. Əgər Avropa İraq, Suriya və Livandakı durumlardan ibrət götürübsə, bu, ona da əlverişli olmalıdır. Nisbətən ucuz enerji daşıyıcılarını fasiləsiz şəkildə Rusiya, Azərbaycan və bir-iki keçmiş sovet respublikasından, o cümlədən Türkiyə üzərindən ala biləcəyi haqda özünə coğrafi hesabat verirsə.

Bu ölkələrlə qalmaqallar, onlarda “demokartik dəyərlərin” təsbiti və “azadlıq ixracatı” zəminində “rəngli” inqilablar təşkil etmək cəhdləri, çətin ki, uğurla nəticələnsin – bu, ancaq Qərbi bölgəyə hələ mövcud olmayan nəzarətdən məhrum edər. Amma hərc-mərclik təşkil etmək mümkün olsa, bu, Qərbin artıq yaşamış olduğu və rüşeymlərinin yenidən meydana çıxdığı terrorizm, təcavüzkar separatizm, nasional-faşizm formasında birinci növbədə Qərbə dönə bilər…

İrina Corbenadze

rosbalt.ru, 10.10.2017

Tərcümə Strateq.az-ındır.
Sozcu.az

Bölmənin digər xəbərləri

20 Noyabr 2017 MOSKVA KÜRD KARTINI VAŞİNQTONUN ƏLİNDƏN NECƏ ALDI?-Təhlil
15 Noyabr 2017 Yaxın Şərqdə böyük müharibə potensialı:sonda İran dağılar, Səudiyyə parçalanar, İsrail isə sağ çıxmaya bilər
14 Noyabr 2017 Yıldırımın “şiə təhlükəsi” açıqlamasında məqsədi… – Şərh
07 Noyabr 2017 SƏUD XANƏDANININ ƏN DOLAŞIQ DÖVRÜ:Varislik iddiası hələ çox qan tökdürəcək - TƏHLİL
06 Noyabr 2017 Amerika gizli Çin-Rusiya rəqabətindən nə uda bilər? –Təhlil
03 Noyabr 2017 ANKARA-BAĞDAD İTTİFAQININ BAŞ TUTMA EHTİMALI:kürd partiyaları arasında rəqabət PKK-nı gücləndirə bilər
28 Oktyabr 2017 Rusiya dağılacaq, İrəvan silinəcək, Azərbaycan və Türkiyə... – ABŞ kəşfiyyatının ŞOK PROQNOZU
25 Oktyabr 2017 RUSİYANIN “AXİLLES DABANI” – ŞİMALİ QAFQAZ:Putin ən etibarlı bürokratını niyə məhz Dağıstana göndərdi? - TƏHLİL
24 Oktyabr 2017 Kataloniya “daxili problemdir”, Qarabağ qlobal? – Təzad
17 Oktyabr 2017 Politoloq: "Kərkük taktikası Qarabağa tətbiq oluna bilər"
02 Oktyabr 2017 Britaniya mətbuatı: “Şimali Kipr Türk Respublikasını tanımağın vaxtı çatıb”
29 Sentyabr 2017 İraq-Kürdüstan savaşı başlasa, kim qalib gələcək? –Tərəflərin hərbi imkanları haqda fərqli rəylər var - TƏHLİL
23 Sentyabr 2017 General Sisinin Suriya və İraq həmləsi:Ehramlar ölkəsi köhnə bazarlarda Rusiya, Çin və İranla rəqabətə başlayır - Təhlil
14 Sentyabr 2017 İsrail üçün qara xəbər:Yaxın Şərqdə qüvvələr balansı dəyişilir – Təhlil
09 Sentyabr 2017 “Böyük İsrail” və Kürdüstan:Yaxın Şərqdə “İnon planı” gerçəkləşdirilir – Təhlil
06 Sentyabr 2017 Putin Sarkisyanı söydü
03 Sentyabr 2017 Rusiyanın növbəti Qarabağ riyakarlığı
30 Avqust 2017 Berlinin Ankaraya aqressiyasının gizli səbəbi – Bakı faktı da...
25 Avqust 2017 Türkiyə Ermənistanla sərhəddi açacaqmı? -TƏHLİL
14 Avqust 2017 MİLLƏT – ORDU”, YOXSA MƏZARLIQ?
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.