Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_rufmurd.jpgRüfət Muradlı

Yanvarın 9-da İsrail prezidenti Reuven Rivlin həyat yoldaşı ilə bərabər Gürcüstanda rəsmi səfərdə olacaq. Söhbət əlbəttə ki, ölkələrarası diplomatik ənənələrə uyğun bir səfərin baş tutacağından gedir. Amma xəbəri oxuyarkən istər istəməz  ilk öncə son günlər qonşu İran rəsmiləri tərəfindən mətbuatımızın gündəmini məşğul edən təhdidedici xəbərləri xatırladım.

İsrailin Baş naziri Benyamin Netanyahunun ötən ay Bakıya səfəri zamanı Ermənistan tərəfinin kəskin reaksiyası ilə yanaşı İranın xəbər saytları da ölkə rəsmilərinin sərt bəyanatlarını dərc etdilər. Elə isə o bəyanatlara ötəri nəzər salaq.

İran İslam Şurası Məclisi sədrinin baş müşaviri Hüseyn Əmir Əbdollahian dedi ki, Netanyahu Bakı səfəri ilə “yeni qəsdlər” hazırlayır. İİR-nın Azərbaycandakı keçmiş səfiri Möhsin Pak Ayin isə " Netanyahu öz səfəri ilə rəsmi Bakı və Tehran münasibətlərindəki müsbət irəliləyişlərə zərər vermək istəyir”- deyə nigaranedici bəyanat verdi. İranlı tələbələrin də Ərdəbildə etiraz aksiyası keçirdiyi haqda xəbərlər aldıq. Bunun ardınca özünü müdafiə nazirindən daha çox diplomat kimi aparan General Hüseyn Dehqanın Rusiya kanallarından birinə müsahibəsi ilə bağlı cəmiyyətimizdəki reaksiyaya da hamımız şahid olduq.  İranın müdafiə naziri sözü gedən müsahibədə Azərbaycanda hədə kimi qəbul olunan belə bir açıqlama vermişdi: “Biz Azərbaycandakı dostlarımızın diqqətinə çatdırmışıq ki, İsrailə bu regiona çıxış imkanı vermək onların xeyrinə olmayacaq. İran buna dözməyəcək".  Bu açıqlama verildiyi günlərdə Azərbaycan Prezidenti İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası birgə komissiyanın həmsədri Mahmud Vaizinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərək, hətta qonşu ölkə rəsmisini təltif də etdi. Yəni mövcud durumu diplomatik münasibətlərdə balanslaşdırma prinsipinin tətbiqi kimi də yozmaq olar. Xeyli xub!? Təbii ki, bu , həm də Azərbaycan Respublikasının illərdir dəyişməyən xarici siyasət kursunun tərkib hissədir.

Qayıdaq İsrail Prezidentinin  Gürcüstan səfərinə..

Hal hazırda Gürcüstan Cənubi Qafqazın Azərbaycandan sonra müsəlmanlar yaşayan sayca ikinci ölkəsi sayılır. Gürcüstanda, özəlliklə soydaşlarımızın kompakt yaşadığı Borçalıda İranın dini təbliğatının aşkar təzahürlərini müşahidə etmək də çətin deyil. Gürcüstanla İran arasında vizasiz gediş gəliş mövcuddur. Və nəhayət diqqət edilməli ən əsas nöqtə budur ki, illərlə İsrailin israrlarına baxmayaraq sırf Fələstin faktoruna görə Təl Əvivdə səfirlik açmayan Azərbaycan Respublikasından fərqli olaraq qonşu Gürcüstanın uzun zamandır İsraildə diplomatik missiyası fəaliyyət göstərir. Bəs İsrail Prezidentinin Tiflis səfərinə qonşu İran tərəfindən analoji reaksiyalar oldumu görəsən?! Ya bu reaksiyalar yalnız Azərbaycanın boyuna biçilmiş, Azərbaycanın diplomatik aparatının kövrəkliyinə hesablanmış təhdidlərdir?

İlk cavabın ənənəvi olaraq Azərbaycanın İslam dünyasının bir parçası olması ilə şərtlənməsi yəqin ki, istisna olmayacaq. çox gözəl. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, əhalisinin 95 faizi müsəlmandır, hətta İrandan sonra şiə məzhəbinə malik ikinci müsəlman ölkədir. Şübhəsiz bu faktı Tehranda daha yaxşı bilirlər. Nəinki indi, Azərbaycanın müstəqilliyə qovuşduğu ilk illərdən bu tendensiya İranın Azərbaycan siyasətinin (İİR rəsmilərinin Azərbaycanı dəfələrlə Şimali İran adlandırmaları kimi xülyalarını nəzərə almasaq) əsas prioritetinə çevrilib. İran isə 4-cü onillikdir ki, islam respublikası kimi, eləcə də islam dünyasında əsas din mərkəzlərindən birinə sahib olmaqla müsəlman təəssübkeşi obrazında təzahür etməkdədir. Yəni konstitusiyasında dünyəvi dövlət olması təsbit olunan qonşu Azərbaycandan fərqli olaraq, İran həm də özünü dünya müsəlmanları ilə bağlı  məsuliyyətli hesab edir. Şübhəsiz bu yanaşma ilə bağlı müvafiq şəriət hökmləri də mövcuddur. Şəri hökmlərə görə müsəlman bir ölkənin ərazisini işğal edən, əhalisini, varını yoxunu yağmalayan ekspansionist bir ölkənin müqabilində əsas islami vəzifə həmin ölkə ilə hər hansı əlaqənin olmaması və müsəlmanın torpaqlarının təcili azad olunmasına yardım etməkdir. İranın, daha doğrusu Güney Azərbaycanın tanınmış ruhanilərindən birinin təbirincə desək “işğalçı ilə nəinki münasibət qurmaq, hətta bir iynə həddində ticarətin olması belə haramdır”.  Heç Qarabağ savaşına, savaş zamanı baş verənlərə işarə etməyək. Təkcə son on il ərzində İranın Ermənistanın qaz və elektrik təminatı ilə bağlı mövqeyinə nəzər salsaq təəssüf ki, həmin şəriət hökmlərinin dəyərsizliyi tablosu ilə üzləşəcəyik. Yaxşı xatırlayıram. İranda çalışdığım dönəmdə dövlətə bağlı olan bir ruhaniyə bu haqda sual verəndə, o zaman cavab çox sadə olmuşdu:" Siyasətdə bəzən səriət qaydalarını görməzdən gəlməlisən?!"

2000-ci illərin əvvəllərində Xəzər dənizindəki neft yataqlarının istismarı ilə bağlı iki ölkə arasında yaranan müvəqqəti gərginlik, eləcə də Türk şahinlərinin Xəzər üzərindəki manevrlərilə Azərbaycana açıq dəstək nümayiє etdirdiyi ötəri dönəmi nəzərə almasaq, iki ölkə arasında daim stabil qonşuluq münasibətləri hakim olmuşdur. Özəlliklə Azərbaycan Respublikasında Bütöv Azərbaycan idealarına bağlı olan, əsasən də müxalif kəsimi təmsil edən bir sıra qeyri-hökumət qurumu və medya orqanının açıqlamaları xaricində ölkə rəsmilərinin son iki onillikdə qonşu İİR-nın ərazi bütövlüyü ilə bağlı hər hansı açıqlamasına rast gələ bilmərik. Bunun müqabilində İran Silahlı Qüvvələri Baş qərargah rəisi Firuzabadinin, İran İslam İnqilabı rəhbərinin Şərqi Azərbaycandakı nümayəndəsi Ayətullah Şəbüstərinin Azərbaycan Respublikasının ərazi bütövlüyünü hədəf alan bəyanatlarını unutmadıq.

Və nəhayət Netanyahunun Bakı səfəri öncəsi səslənən təhdidlər..

Heç kəsə sirr deyil ki, illərdir beynəlxalq səviyyəli səsvermələrdə Azərbaycan bilavasitə Fələstini, Fələstin xalqının mövqeyini dəstəkləyib. Rəsmi Bakının mövqeyindən də əlavə, ölkə əhalisi  Fələstindəki müsəlman bacı qardaşlarının durumuna heç zaman biganə qalmamışdır. Baxmayaraq ki, Ermənistanla münasibətdə  analoji yanaşmanı Fələstin Adminstrasiyasından heç zaman müşahidə etmədik. Ədalət xatirinə etiraf etməliyik ki, müstəqilliyinin üçüncü on illiyini yaşayan Azərbaycan, ölkə daxilində müxtəlif sorunlarla üzləşsə də xarici siyasət kursunda qonşuları ilə ( Ermənistan xaric) kifayət qədər güzəşt siyasəti izləyərək hər hansı konfrontasiyadan qaçmağa çalışmış və müəyyən "bədəllər" ödəsə də buna nail ola bilmişdir. Bəs qonşu, müsəlman, bəradər İran İslam Respublikasının xarici siyasətimizə müdaxilə etməsi nədən və haradan qaynaqlanır?!

Sozcu.az

 

 

 

Bölmənin digər xəbərləri

19 Yanvar 2017 İranda Yeni “Türk açılımı”. Türk fraksiyası İranın Qarabağ siyasətinə təsir edə bilərmi..
07 Yanvar 2017 ABŞ kəşfiyyatı təsdiqlədi: Putin Trampa kömək edib
02 Yanvar 2017 ÜFÜQDƏKİ TRAMP-PUTİN PAKTI – ”Mən Rusiya ilə yola getmək istəyirəm”
28 Dekabr 2016 Stratfor: “2017-ci ildə Rusiya üçün şans yaranacaq”
26 Dekabr 2016 “Putinin İttifaqı”nda dekorativ müvəffəqiyyət: qaliblər və bəxtsizlər
22 Dekabr 2016 Polşada böhran: Avropada ilk inqilab cəhdi, yoxsa şişirdilmiş siyasi qarşıdurma? - TƏHLİL
20 Dekabr 2016 “Səfir o zaman öldürülsəydi...” – Nyu York Tayms
19 Dekabr 2016 Yaxın Şərqdə İran-Türkiyə toqquşması
12 Dekabr 2016 Avropanın iç üzü: İstanbul olayı niyə terror sayılmadı?- Heyrәtamiz faktlar
06 Dekabr 2016 RUSİYANIN QARŞISINI YALNIZ NATO ALA BİLƏR! – Britaniyanın müdafiə naziri
04 Dekabr 2016 Kölgə MKİ-dən köhnə SSRİ proqnozu - Stratfor
27 Noyabr 2016 Qloballaşma- ümumbəşəri proses kimi
23 Noyabr 2016 “Türkiyə ABŞ və NATO çərçivəsində müttəfiqliyindən uzaqlaşmayacaq”
20 Noyabr 2016 Yeni Monro doktorinası: ABŞ dünyanı Rusiya ilə bölür?
14 Noyabr 2016 Rus-erməni ordusu Azərbaycana nə vəd edir?- TƏHLİL
12 Noyabr 2016 "Kürdüstan" projesində Azərbaycanı nə gözləyir?
10 Noyabr 2016 Amerikanın İraqda etdiyi kimi, Rusiya da Suriyada qalib gəlir?
08 Noyabr 2016 “Canavarlar” Putinin müharibəsinə qoşuldu – “CUKANOVİÇ İŞİ”
06 Noyabr 2016 “HDP kürdləri təmsil etsəydi sülh istəyərdi”
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.