Xəbər lenti

eldarmahmudovistintaq.jpg
“Sabiq nazirin üzünə lənət oxudum, tüpürdüm, səsi çıxmadı”; İllər əvvəl “mahmudovçu”lar tərəfindən günahsız tutulan şəxslər və yaxınları ikinci dəfə ifadə verməyə gələn sabiq nazirin qarşısını kəsdilər; “Onun həbsini tələb edirik”...

 Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şefi Eldar Mahmudovu noyabrın 10-da növbəti dəfə istintaqa çağırıblar. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə 3 saata yaxın dindirilən sabiq nazir oradan çıxarkən şok yaşayıb. Sabiq nazirin həftə sonu növbəti dəfə dindiriləcəyini “Yeni Müsavat”dan oxuyan, “MTN işi” üzrə zərər çəkmiş bir qrup şəxs Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin qarşısına toplaşıblar. Toplaşanlar Eldar Mahmudovun MTN-də rəhbərliyi dövründə günahsız olaraq həbs edilən şəxslər və onların yaxınları olub.

Həmin şəxslərdən biri Sevda Süleymanova olub. O, əməkdaşımızla söhbətində deyib: “Bəli, qəzetinizi oxuyub istintaq idarəsinin qarşısına getmişik. Eldar Mahmudov istintaqdan çıxdı, qabağını kəsib üzünə lənət oxuduq. Dedik ki, görürsən, istintaqa çağırılmaq nə deməkdir? Həyat yoldaşım Qüvvətəli Süleymanov "Afina" MMC-in direktoru olub. Onun heç bir günahı yox idi. Bunu Eldar Mahmudov da bilirdi. Tutdurdu həyat yoldaşımı. Biz onun qanunsuz əməllərinin qurbanları, zərərçəkmişlərik. Mənim həyat yoldaşımı həbs etdirib bizi zəlil etdi. İndi isə özü zəlil olub. Ürəyimdən keçənləri üzünə dedim, lənət oxudum, tüpürdüm. O bizim başımıza oyunları “Akula Akif” ləqəbli Akif Mustafayevin, “Afina” MMC-nin payçısı Nail Şahverdiyevin əli ilə açıb. Bizi uşaqlarımızın başını kəsməklə hədələyib, başımıza müsibətlər açıblar. Tələb edirik ki, Eldar Mahmudovu həbs etsinlər, bizi də zərərçəkən kimi tanısınlar. Eldar Mahmudova dedim ki, izahat vermək necədir? Ləzzət edirmi sizə? Bax, siz bizləri 5 ildir ki, küçələrə salmısız, gecəmiz-gündüzümüz, qışımız-yayımız yoxdur. Həyat yoldaşım bu gün günahı olmaya-olmaya həbsdə yatır. Biz ona sözlərimizi deməklə mənəvi qisasımızı aldıq. Ona dedim ki, Eldar Mahmudov, nazir olmusan, ömrün boyu vəzifələrdə işləmisən, bizim kimi günahsız insanların mal-mülkünü, sağlamlığını, azadlığını əlindən alıb özün üçün yüksək səviyyədə həyat sürmüsən. Ancaq bu gün bizim sənin üzünə lənət oxuduğumuz, tüpürdüyümüz bundan sonra yaşadığın illərdə daim səni təqib edəcək. Bizim ah-naləmiz sənin üzərindədir. Daşdan-divardan səs çıxdı, Eldar Mahmudov susdu. Biz Baş Prokurorluqdan xahiş edirik ki, Eldar Mahmudovun barəsində hüquqi ölçü götürülməsi üçün addımlar atsın, biz də zərərçəkən kimi tanısınlar".

Xatırladaq ki, “Akula Akif” kimi tanınan iş adamı Akif Mustafayev Eldar Mahmudovun ən yaxın adamı hesab olunurdu. Sabiq nazirin şəxsi “işverəni” kimi tanınırdı. E.Mahmudov vəzifədən uzaqlaşdırılan kimi “Akula” Bakıdan qaçıb, hazırda onun Fransada olduğu bildirilir.

Sabiq naziri istintaq idarəsinin önündə gözləyənlərdən biri də Elmidar Məhərrəm oğlu İsmayılov olub: “Eldar Mahmudov istintaq idarəsində qara rəngli, "BMW" markalı, Az 90 KU 868 nömrə nişanlı maşında gəlmişdi. Yanında 1 qara eynəkli köməkçisi, 1 də sürücüsü vardı. Köməkçisi qara gödəkçəsini maşından götürüb içəri getdi. Başa düşdük ki, Eldar Mahmudov istintaqdan çıxır. Biz onu orada səhər 10-dan gözləyirdik. Ora gedəndə artıq Mahmudovu içəri salmışdılar. Oradan 2-yə 15 dəqiqə işləmiş çıxdı. Qabağını kəsdik. Eldar Mahmudov nazir olanda da onun qabağını kəsmişdim. “Qurd qapısı”nda kortejinin qabağını kəsib sözümü üzünə demək istəmişdim. Bunun əvəzində anamla məni MTN-ə apartdırıb, həbs etdirmişdi. Həbsdən çıxıb gedib MTN-in qabağında 5 plakat asmışdım. Haqqımızı tələb etmişdik. İndi isə dövlətin gücündən istifadə edə bilmir. Nazir kreslosu yoxdur. Qabağımızda dayanıb gözlərimizə baxa bilmirdi. Dedim, necəsən? Yadındadır, kortejində oturub mənim həyatımı məhv etdirməyin? İndi həyatın ləzzətini görürsən? 2014-cü ildə mənim həyatımı məhv etmisən, yadındadır? Yoxsa unutmusan? Gördün ki, vəzifə boş şeydir? Gördün ki, etdiklərinə görə bir gün mütləq cavab verməli olursan? Xoşdur sənə? Danışa bilmədi. Səsini çıxara bilmədi. Maşınına minib getdi".

E.İsmayılov həyatını altına-üstünə çevirilən hadisəni də danışıb: “2014-cü il yanvarın 7-də atam Məhərrəm İsmayılov "Jiquli" markalı avtomobillə yas mərasimindən qayıdarkən “Kia Optima” markalı avtomobillə toqquşub. Qəza evimizin yaxınlığında baş vermişdi. Avtomobildə olan 5 nəfər idmançı görkəmli mülki şəxs MTN əməkdaşı olduqlarını deyərək, atamı döyməyə başladılar. Onlardan atamı vurmamalarını xahiş etsəm də, mənə məhəl qoymadılar. “Sənin başına oyun açarıq, səni öldürəcəyik”-, deməklə bizi hədələdilər. Bu azmış kimi, üstəlik, məni də döydülər. Hadisə yerinə qonum-qonşular tökülüb, gəldilər. Həmin şəxslər isə “gedin nə istəyirsiniz edin, onsuz da bizə heç nə edə bilməzsiniz, bizim arxamız güclüdür. Vurub atamın protez ayağını da sındırmışdılar. 7 ay istintaq getdi, nəticəni saxtalaşdırdılar. Yazıdlar ki, guya atam və mən MTN-in ”Qartal" xüsusi təyinatlı dəstəsinin 5 əməkdaşını döyüb xəstəxanalıq etmişik. İlk gündən təhqiqat birtərəfli aparıldı. Araşdırmalar zamanı saxta şahidlər ortaya atdılar. Həmin maşının sürücüsü tibbi yoxlanışdan keçirilmədi, ekspertizanın nəticələrini saxtalaşdırdılar. Hadisə yerinə gələn Təcili Tibbi Yardım əməkdaşları bizi 1 saylı Şəhər Kliniki Xəstəxanasına apardılar. Orada həm atama, həm də mənə tibbi yardım göstərildi. Amma buna baxmayaraq qəzadan sonra mənə və atama qarşı cinayət işi başladılar. Bizi MTN Baş Xüsusi Təyinatlılar İdarəsinin “Qartal” - məxfi qurumunun 5 nəfər əməkdaşını döyməkdə ittiham edirlər. Şər atdılar ki, guya 5 xüsusi təyinatlını 57 yaşlı atamla mən döymüşük. Söyülən də, döyülən də, şərlənən də biz olduq. Məni və ailəmi çıxılmaz vəziyyətdə qoyublar, həyatımızı məhv ediblər. Xəstə qardaşım, himayəmizdə olan həyat yoldaşı rəhmətə getmiş bacımı, onun azyaşlı körpəsini çörəksiz qoydular. Həmin günlərdə Eldar Mahmudovun qəbulunda olmaq üçün ona məktub və teleqramla müraciətlər edirdim. MTN-nin qarşısında “Eldar Mahmudov, məni qəbul et!” lövhəsi ilə saatlarla dayanırdım. Mənə əhəmiyyət verən olmurdu. Məni tutub inzibati qaydada həbsə göndərirdilər. Cəzamı çəkib azadlığa çıxdıqda Eldar Mahmudovun Badamdar tərəfdə yerləşən evinin qarşısına getdim. İşə gedən Eldar Mahmudovun kortejinin qabağına çıxdım və məni qəbul etməsini istədim. Yenə qəbul etmədi. 57 yaşlı atamı günahsız olsa da, həbsə məhkum etdirdi. Eldar Mahmudovun bu gün yaşadıqları mənim kimi, bizim ailəmiz kimi günahsız insanlara qarşı etdikləridir. Bu gün onun qarşısını kəsib sözümü dedim. Məhkəmədə də onun üzünə deyəcək sözlərim qalır".

 Qeyd edək ki, bir neçə gün öncə E.Mahmudovun əmisi oğlu, köməkçisi və “qara kassası” olmuş Vüqar Mahmudov həbs edilib. Gələn məlumatlarda bildirilir ki, növbə Eldar Mahmudovundur, yaxın günlərdə o da qandallanacaq. (Musavat.com)
Sozcu.az

Bölmənin digər xəbərləri

23 Yanvar 2018 Azərbaycandan bu ay üçün nəzərdə tutulan Ümrə ziyarəti səfəri ləğv olundu –QMİ-dən açıqlama
20 Yanvar 2018 Türkiyə Silahlı Qüvvələri:"Afrindəki 113 hədəfin 108-i vurulub"
20 Yanvar 2018 Türkiyə Baş Qərargahı:"Afrindəki terrorçulara qarşı "Zeytun budağı" əməliyyatı başlayıb"
19 Yanvar 2018 Qadağan olunmuş yerlərdə siqaret çəkənləri cərimələmək səlahiyyəti 2 nazirliyə verildi
18 Yanvar 2018 İlham Əliyev "Soyqırım" haqqında sərəncam imzaladı
17 Yanvar 2018 Müəllimlərin dərs yükü 1,5, aylıq maaşları 2 dəfə qalxdı –Prezident sərəncam verdi
17 Yanvar 2018 Ərdoğanın anonsunu verdiyi müharibə başladı - 30 ölü
16 Yanvar 2018 İranın "Sepəh" bankı Azərbaycan türk millətini təhqir edib
15 Yanvar 2018 "Əgər Tahir Kərimli kimi deputat Xamneyiyə "Xamneyi Ağa" deyirsə..." -ZƏKA SAHİB
14 Yanvar 2018 Bayraqdardan "irançı"lara tərs şillə:"İranı yerlə bir edəcəyik!"
12 Yanvar 2018 Fazil Məmmədov Mehriban Əliyevanın yaxın adamını vəzifədən çıxartdı
11 Yanvar 2018 Türkiyəni bu yolla pis vəziyyətə salmaq istəyirlər – “Yeni Şəfəq”
11 Yanvar 2018 Lənkəranda Müsavatçıya təzyiq: Mülkü əlindən alınır
10 Yanvar 2018 Bəzi ərazilərdə yaşıllıq sahəsinin azaldılmasına icazə veriləcək- Nazirlər Kabineti
10 Yanvar 2018 Şahın oğlu İrana qayıtmağa hazırlaşır: "Vaxtı çatıb"
09 Yanvar 2018 Yeni infoqrafika: Bu ölkələrə vizasız gedə bilərik
09 Yanvar 2018 Vəzifədən çıxarılan 64 vergi məmurundan bəzilərinin adları açıqlandı –SİYAHI
08 Yanvar 2018 Petrosyanın "Qarabağı qaytaraq" tələbi gündəmdə - Güzəşt…
07 Yanvar 2018 Əhmədinejadın həbsi xəbəri yalan çıxdı:“Bu məlumat həqiqətə uyğun deyil”
07 Yanvar 2018 Əhmədinejad həbs edildi
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.