Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_muqeddes.jpg
Son vaxtlar KİV-lərdə Rusiyanın xarici siyasəti ilə bağlı müxtəlif yazılar dərc olunur. Bir çoxları iddia edir ki, Moskva yeni-yeni işğal planları hazırlayır. Bunun nə dərəcədə doğru olub-olmadığını zaman göstərəcək. Lakin məntiqlə və reallıqla yanaşanda deyilənlərin heç də əsassız olmadığının şahidi olursan. Özünü Azərbaycanın dostu və strateji tərəfdaşı sayan rəsmi Kremlin addımları narahatçılığın heçdən yaranmadığını göstərir.

Son aylar Moskva Azərbaycanla bağlı bir sıra məsələlərdə elə mövqe nümayiş etdirir ki, şübhələnməyə bilmirsən. Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi, TAP və TANAP-a yönəlik yumşaq hədələyici bəyanatlar, rus-erməni hərbi birləşməsinin yaradılması, Bakı-Supsa neft kəmərinin Gürcüstandan keçən bir hissəsinin rus əsgərləri tərəfindən tutulması və sair məsələlər əslində bizim üçün təhdid xarakteri daşıyır. Bütün bunları etməklə sanki rəsmi Kreml Azərbaycana mesaj verir ki, xarici siyasət kursunu təcili dəyişsin. Azərbaycan-ABŞ yaxınlaşması, ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin müsbət məcraya yönəlməsi də Rusiya rəhbərliyini qıcıqlandırmamış deyil.

Axır vaxtlar Azərbaycan ictimai rəyində də müəyyən dəyişikliklər hiss olunur. İstər sosial şəbəkələrdə, istərsə də cəmiyyət arasında rusiyapərəst qüvvələrin nəzərəçarpacaq fəallaşması diqqətdən kənarda qala bilməz. Hətta ölkənin bir sıra siyasi partiyaları və mətbu orqanları Rusiyanın son hərəkətlərinə müəyyən qədər loyal yanaşırlar. Bu da onun göstəricisidir ki, bəziləri “olmadı elə, oldu belə” prinsipi ilə hərəkət edirlər.
Heç kəsə sirr deyil ki, Vladimr Putin və onun komandası dünyada təcavüzkar bir dövlətin rəhbərləri kimi tanınırlar. Krımın işğalı, Donetsk və Luqanskda qondarma dövlətlərin yaradılması, Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ və Dnestryanı bölgələrin separatçılarına açıq-aşkar dəstək verilməsi rəsmi Moskvanın MDB məkanında yeritdiyi əsas siyasi xəttdir. Doğrudur, Vladimr Putinin gücü elə bu məkan daxilində vurnuxmağa çatır. Çünki Avropa ölkələrinə baş soxmağa qüvvəsi və iradəsi yetməz. MDB isə rusların köhnə imperiyasıdır. Bu ərazilərdə beşinci kolonlar da, etnik separatçılar da, yaratdıqları münaqişə ocaqları da var.Öz suverenliyini və dövlət müstəqilliyini ciddi şəkildə qoruyan, balanslaşdırılmış siyasət yeridən, heç bir hərbi blokun üzvü olmayan Azərbaycan ehtiyyatlı olmalıdır. Rəsmi Kremlin məkrli planlarının toruna düşməməliyik. Bununla belə mövqeyimizi də birmənalı şəkildə ortalığa qoymalıyıq.

Son zamanlar bəzi saytlarda və sosial şəbəkələrdə artıq naftalin iyi verən rusiyayönümlülər peyda olublar. Məqsədləri və məramları bəllidir. Öz dövlət müstəqilliyini qanı bahasına əldə etmiş Azərbaycanı yenidən Kremlin qucağına atmaq. Nail olmayacaqlar, çünki sosial bazaları yoxdur. Həm də xalqımız 20-25 il bundan qabaqkı xalq deyil. Belə nadürüstlərin və xəyanətkarların hiyləsinə aldanmayacaq. Mənim bu zavallılara bir neçə sualım var: Ermənistan, Tacikistan və digər ölkələr Moskvanın diktəsi ilə durub-otururlar. Rusiya onları hansı xoş günə çıxarıb ki, bizi də çıxarsın? Başqa bir tərəfdən, Kreml heç öz qan qardaşları olan ukraynalılara da rəhm etmir. Bu ölkəni parçalamağı bir yana, hələ yerində bir “Malorossiya” adlı qondarma dövlət də yaratmaq istəyir. Vladimr Putinin qüvvəsi yalnız belə çirkin siyasi oyunlar oynamağa çatar. Bu çar üçün strateji tərəfdaş, qardaş və dost ölkə yoxdur. 1941-45-ci illərdə 300 mindən çox azərbaycanlı məhz Rusiya torpaqlarının faşistlər tərəfindən işğalına qarşı mübarizədə həlak oldu. Hamı bilir ki, həmin dövrdə keçmiş SSRİ-nin hərbi texnikası Azərbaycan neftinin hesabına işlədi və bu da savaşda əhəmiyyətli rol oynadı. 70 il sonra isə rusların xalqımıza “sağ ol”u Dağlıq Qarabağı bizdən qopararaq daşnaklara vermək oldu. Gürcü torpaqlarında isə iki oyuncaq dövlət yaratdı.Məhz birbaşa ruslar 1990-cı ilin yanvarında əhalimizi güllə-baran etdilər. Məhz onların rəhbərliyi və iştirakı ilə Xocalıda azərbaycanlılara qarşı soyqırım törədildi. İndi bu rusbaşlılara yenə sual verirəm: Hansı əxlaq və namusla yenidən xalqımızı boyunduruğa sürükləyirsiniz? Məgər şərəfinizi o qədər itirmisiniz ki, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olanların qanlarını belə tapdalamağa cürətiniz çatır? Qorxun, Allahın qəzəbindən və bu millətin nifrətindən. Fikriniz ötən əsrlərə getməsin. Azərbaycan 26 ildir ki, müstəqildir. Nəyik, nə deyilik özümüz bilərik. Daha İvanın qarşısında kölə kimi durmaq milli qürurumuza yaraşmaz. O qürur ki, sizlər çoxdan itirmisiniz. Yox, satqınlıq və xəyanət yolundan əl çəkməyəcəksinizsə sizlərə həddini göstərən tapılar. Daha bəsdir, millətin heysiyyatı ilə bu qədər oynamayın.

Bu yaxınlarda bir jurnalist dostum mənə dedi ki, Rusiyadan yazanda ehtiyyatlı olum. Çünki dünyanın işini bilmək olmaz. Cavabım çox sərt oldu. Dedim ki, mən arxivə atılmalı atalar sözlərini qəbul etmirəm, mövqeyimidən geri çəkilmək fikrim də yoxdur. Azərbaycanın müstəqilliyini və azadlığını itirməkdənsə, kiməsə boyun əyməkdənsə şərəfli ölüm yaxşıdır.

Bəli, indi təkcə Azərbaycanın yox, Gürcüstanın da başı üzərində bir Putin kabusu dolaşır. Bundan sevinənlər də var. Amma sevincləri içlərində qalacaq. Bu kabus millətimizin birliyi və nifrəti qarşısında tab gətirə bilməyəcək. Qoy ruslar öz məmləkətlərinin qayğısına qalsınlar. Ucqarlarda ac-yalavac yaşayanlarının, yüz milyardlarla qanunsuz varidata sahib olan çarlarının dərdini çəksinlər. Biz öz problemlərimizi daxilimizdə həll etməyə qadirik. Daha burunlarını iç işlərimizə soxmasınlar. Azərbaycan Qafqaz regionunun ən güclü dövlətidir. Bunu mən demirəm, xarici politoloqlar və ekspertlər də həmin qənaətdədirlər. Gürcüstana gəldikdə isə, tülkü kimi gecələr hərəkət edib neft kəmərimizi tutan, namərdcəsinə ayda beş metr irəliləyən rus əsgərləri hesab edirlər ki, belə də davam edəcək. Yəqin rəsmi Kreml ümid edir ki, Gürcüstanda daxili çaxnaşmalar yaradıb bu dövlətin müstəqilliyinə son qoyacaq. Bundan sonra Qafqazda yeganə müstəqil ölkə kimi qalan Azərbaycanla asan olacaq. Xam xəyallardır.Separatizm ocaqları yaradaraq işğalçılıq siyasətini həyata keçirən Rusiyanın çanaq elə öz başında partlayacaq. Tatarıstanda, Çeçenistanda, Dağıstanda və digər subyektlərdə öz konstitusiyasını işlədə bilməyən bir ölkə yalnız bu cür əməllər törədib öz xalqının başını qata bilər. Lakin elə həmin xalq da bir gün ayılıb deyəcək ki, süni vətənpərvərlik yetər, biz normal bir dövlətdə yaşamaq istəyirik. Əlbəttə, hadisələrin necə cərəyan edəcəyini zaman göstərəcək. Bizsə ehtiyat tədbirlərimizi öz zamanında görməliyik. Xalqımız bir yumruq kimi birləşib bu Vətənə xor baxanları, yenidən köləliyə sürükləmək istəyənləri yerində oturtmalıdır.

Müqəddəs Mehdiyev

“Şimal xəbərləri” qəzetinin baş redaktoru

Bölmənin digər xəbərləri

13 Fevral 2018 Gəncədə polis özbaşınalığı - QHT rəhbərindən prezidentə müraciət
10 Fevral 2018 "Seçkidə iştirak etmək lazım idi, boykot nə verəcək? Bir-iki qotur bəyanat" - ƏHMƏD ORUC
30 Yanvar 2018 Türk ordusu daha bir yüksəkliyi ələ keçirdi
28 Yanvar 2018 Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyi elan edildi
28 Yanvar 2018 Türk ordusunun zərərsizləşdirdiyi terrorçuların sayı 484 nəfərə çatıb –Açıqlama
27 Yanvar 2018 TSK-nın Afrin hesabatı: 394 terrorçu, 340 hədəf...
25 Yanvar 2018 Türkiyə HHQ Suriyanın Mənbic şəhərinə zərbələr endirdi- İlk dəfə
14 Yanvar 2018 Tanınmış siyasətçilər Xamneyiyə "dəstək aksiyası"na münasibət bildirdilər
08 Yanvar 2018 "Azərbaycan gəncliyinin gələcəyi sual altındadır" - Gənclər problemlərdən danışdılar
01 Yanvar 2018 Gənclərin Bütöv Azərbaycan arzusu: “Vahid təşkilata ehtiyac var”
28 Dekabr 2017 İşdən çıxarılan ermənipərəst müəllimlə bağlı - Rəsmi açıqlama
26 Dekabr 2017 “ İT İLİ” KİMLƏRƏ DÜŞƏRLİ, KİMLƏRƏ QƏNİM OLACAQ?!”
18 Dekabr 2017 220 saylı məktəbdə erməni təbliğatı aparan müəllim kimdir? - FOTOLAR
17 Dekabr 2017 BAO Məhəmməd Əmin Rəsulzadənin məzarını təmir etdi - VİDEO
15 Dekabr 2017 Senator Dik Durbin Mehman Əliyevlə görüşüb
13 Dekabr 2017 AXCP sədri Azərbaycanda hakimiyyətin necə dəyişəcəyini açıqladı - VİDEO
04 Dekabr 2017 Bütöv Azərbaycan Birliyinin dirçəldilməsi təklif edildi - ZİYALILAR DƏSTƏK VERİR
18 Noyabr 2017 "5 rayon qarşılığında Dağlıq Qarabağ...?"-TƏHLİL
11 Noyabr 2017 Göyçayın icra başçısı jurnalisti həbs etdirmək istəyir
08 Noyabr 2017 İran terrorçulara raket satır: İDDİA
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.