Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_niss34.jpg
"Mən haqqın qalib gəlməsinə heç vaxt inanmamışam"

Qadın-kişi bərabərliyi anlayışı dünyanın bir çox xalqlarında sonradan formalaşsa da türk millətində qadının cəmiyyətdə hər zaman özünəməxsus yeri olub. Türk qadını hər zaman elinə-obasına sədaqəti ilə yanaşı, çox zaman vətəninin azadlığı uğrunda savaşlara qatılıb və bu savaşlarda kişilərdən heç də geri qalmayıb. İstər siyasi idərçilikdə, istərsə də elm, sənətkarlıq sahələrində özünün yüksək mövqeyini qoruyub saxlayan türk qadını tarixə adınını qızıl hərflərlə salmağı bacarıb. Azərbaycanda başlayan Milli Azadlıq Hərəkatında da Azərbaycan qadınları ilk gündən hərəkata qoşularaq Azərbaycanın müstəqilliyi uğrunda mücadilə aparıblar. Ancaq təəssüf ki, son dövrlərdə qadınların ictimai-siyasi prpseslərdə roları demək olar ki, çox zəif müşahidə edilir.Azərbaycanda fəaliyyət göstərən təşkilatların sıralarında qadınlar demək olar ki, gözə dəymirlər. Təşkilatların rəhbərliyində təmsil olunan qadınları isə barmaqla saymaq olar.

Sozcu.az-ın bu dəfəki müsahibi Milli Azadlıq Hərəkatının ilk günlərindən Bakı Kondisionerləri zavodundan hərəkata qoşulan və bu gün də ictimai-siyasi proseslərdə fəal olan KXCP Yasamal rayon şöbəsinin sədri Nisəxanım Vəliyevadır.  Azərbaycan qadınının bu günki durumu, cəmiyyətdə olan mövqei bəradə Nisəxanım Vəliyevanın fikirlərini öyrəndik.

Siyasi partiyaların rəhbər sturukturlarında təmsil olunan qadınların azlıq təşkil etməsinin səbəbi nədir, bu Gender bərabərliyi prinsipinin pozulmasıdır yoxsa qadınlar özləri ictimai-siyasi proseslərdə öndə olmağa meylli deyillər?

- Azərbaycan qadınının siyasi partiyaların rəhbər sturukturlarında zəif təmsil olunmasının başlıca səbəbi bizim millətin ailə institutunun xüsusiyyətləri ilə bağlıdır. Beləki, bizlərdə kişinin ailə başçısı kimi statusu daha güclüdür. Ailədə ikinci olan (bəzən evin böyük oğlundan sonra üçüncü olan) və ya demək olar ki, ailə başçısının iradəsindən asılı olan adamın ictimai-siyasi həyatda birinci sırada olma ehtimalı çox aşağıdır. Əgər, diqqət etsək görərik ki, partiyaların rəhbərliyində olan qadınların böyük əksəriyyəti ərsiz qadınlardır, başqa sözlə ailə başçılarıdır. Məsələn mən etiraf edim ki, həyat yoldaşım olsaydı mənim ictimai-siyasi fəaliyyətim ondan asılı olacaqdı. Çünki ailə bir ittifaqdır. Mən o ittifaqi pozmaq istəmərəm.

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_nisexx6.jpg

Bəzən deyirlər ki, “Qadın yeganə varlıqdır ki, ailədə rəhbərlik uğrunda ömrünün axrına qədər mübarizə aparır”. Ancaq Azərbaycan qadınının ictimai həyatda mübarizəsi az gözə çarpır. Qadınlarımızı məişətdən bir balaca ayrılaraq ictimai proseslərə qoşulmasına mane olan səbəb nədir?

- Əvvəla qadınların ailədə rəhbərlik uğrunda ömrünün axırına qədər mübarizə aparması fikrini siz kisilər deyirsiniz. Qadın yalnız sevgi, diqqət, qayğı istəyir. Əgər kişi zəif xarakterə malik, qadın ağıllıdırsa o halda qadının bunu istəməyə haqqı çatır. Qadınların kişilərlə müqayisədə ailə-məişət həyatına daha çox bağlıdır və bu səbəbə görə onların sosial aktivliyi də uyğun olaraq bir o qədər məhdudlaşmış olur.

Övlada daha çox ana tərbiyə verir. Bizim anaların övlada bağlılıqları deyərdim ki, bütün millətlərdən olan qadınlardan daha aşırı bir vəziyyətdədir. Övladı nə qədər yaşlı olsa da, ana qayğısı hər zaman özünü göstərir. Bəzən hərbi xidmətə gedəndə də, “Bala kim nə desə cavab qaytarma, nə desələr sözə bax” kimi məsləhətlərlə əslində övladının “sözə baxan” biri olması yönündə tərbiyə edirlər. Bzdə nəyə görə ana tərbiyəsi daha çox mütilik istiqamətində olur. Bu qadınlarımızın daimi üzləşdikləri yaşamla bağlıdır?

- Şübhəsiz ki, uşaqların tərbiyəsində qadının aparıcı rolu var. Dünyada ana məhəbbəti kimi güclü məhəbbət yoxdur. Ancaq bu məhəbbət savadsız (əlbətdə ki, söhbət mütiliyi təbliğ edən təhsil sisteminin verdiyi saxta savaddan getmir), dünyəvi düşüncəsi olmayan bir ananın məhəbbəti olarsa, yəni bütün canlılara xas olan instiktiv ana məhəbbətidirsə, dərrakəylə, intellektlə tamamlanan bir məhəbbət deyilsə, belə ana övladı üçün sağlam olmasından, yaxşı yeyib-yatmasından, toy edib evləndirməkdən başqa nə istəyi ola bilər. Yəni, mütilik istiqamətindəki kimi qəbul etdiyimiz tərbiyə əslində instiktiv ana məhəbbətindən başqa bir şey deyil. Hər bir dişi heyvan da öz balasınıın can sağlığına, təcavüzdən qorumağa, ac qoymamağa çalışır. Ancaq geniş intellektual düşüncə ilə bərkişən ana məhəbbəti əksinə, hərtərəfli inkişaf etmiş müasir bir insanın yetişməsi deməkdir.

Bütün bunlara baxmayaraq övlad tərbiyəsində kişilər öz yaxalarını kənara çəkməməli və məsuliyyəti tək ananın üstünə atmamalıdırlar. Kişilər oğul istəyir, amma onun tərbiyəsini qadına həvalə edir. Dədə Qorqudda Turalın əlində qılınc yox, gül olur, Qazan xanın buna halı dəyişir. Bu halda Tural "Hünəri atamı oğuldan öyrənər, yoxsa oğul atadan? "deyə sorur. Bizdə isə övlad düzgün tərbiyə olanda kişilər bunu öz üzərlərinə, pis olanda ananı təqsirləndirirlər.Təəssüf!
b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_nisexan1.jpg

Bəzən diribaş, çılğın bir qadın haqqında, “Kişi kimi qadındır”  ifadəsi işlədilərək, həmin qadın haqda təriflər deyilsə də həmin o “kişi kimi” qadınla ailə qurmaq istəyən insanlar çox az olur. Bu nə ilə bağlı ola bilər. Bəlkə kişilər ailədə özlərinə rəqib görmək istəmirlər. Ümumiyyətlə qadının ailədə rolu necə olmalıdır?

 - Bizlərdə kişi evlənərkən təbii ki, özünü ailə başçısı kimi görür. Demək ki, kişi kişi ilə (kişi xarakterli qadın nəzərdə tutulur) evlənmək istəyində olmaz. Yəni, iki qoçun başı bir qazanda qaynamaz. Onu da deyim ki, bu baximdan qadınlar da qadın xarakterli kişilərə ərə getməyi heç sevməz. Bircə o maraqlıdır ki, kişi kimi qadin olmaq, qadın kimi kişi olmaqdan yaxşıdır.

Qadının üzərində çox ağır yüklər var. Bütün məsuliyyət ailədə qadının üzərinə düşür.Özünü başçı bilən kişi yalnız ailəyə maddi cəhətdən baxmaqla işini bitmiş hesab edir. Bunu yarımçıq həll edəndə, bəzən qadınları məsxərəyə də qoyurlar ki, qadın pulu daha çox  istəyir. Üzr istəyirəm qadın pulu başqa kişilərə xərcləmək üçünmü istəyir?  Qadın əyninə gözəl bir paltar geyinirsə bu kişinin adı deyilmi? Qadın evladının ayaqqabısının sökülməsinə narahat olur, olmasinmi? Qadın əri işdən gələndə onun üçün gözəl süfrə salmaq istəyir, istəməsinmi? Qadın kişi kimi işə gedir, bununla yanaşı kişi işdən gəlib yorğunluğunu alır, qadın isə ev işləri, xörək bişirib süfrə salmaq, uşaqların dərsi ilə məşğul olmaq kimi işlərlə məşğuldur. Qadın insan deyilmi? O yorulmurmu? Bax siz bir kişi olaraq qadınların ailədə rolu sualını verdiniz, amma bəs kişilərin ailədə rolu nədir? Kişilər oz rolunu bilsə qadınlar onlara qulluq etməkdə həzz alarlar. Bu movzu çox vaxt aparacaq. İctimai-siyasi proseslərə qatılan qadınların işi daha ağırdır.

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_nisexanim765.jpg
Son zamanlar boşanmaların sayı  həddindən artıq çoxalıb. Bunlardan bir çoxunun səbəbi sosial problemlərlə bağlı olsa da, bəzən boşanmaların səbəbi cütlüklərin valideyinləri tərəfindən baş verir. Əsasən analarının həmin gənc ailəyə müdaxilələri sonda ailənin dağılmasına səbəb olur. Bəzi insanlar hesab edirlər ki, qadın idarə etməyə meyillidir, sadəcə gücü çatmayanda mübarizəsini müvəqqəti dayandırır. Gənc ailələrin zəif olması isə qadın valideyinlərin onların üzərində hakimiyyətlərinin formalaşmasına gətirib çıxardır. Sonda da məlum boşanmalar...

 - Bu mövzu mənim üçün çox ağrılıdır. Çünki birbaşa mənim ailə həyatımla əlaqədardır. Bu haqda danışmaq istəməzdim. Çünki “heç kəs öz ayranına turş deməz” fikrini yaratmış oluram. Əslində isə analar dalaşdı biz ayrıldıq.  Mənim üçün boşanma həm maddi, həm fiziki, həm bioloji cəhətdən ağır olsa da üzüldüyüm mənəvi cəhətdir. Mən boşanmış qadın kimi tanınmaq istəməzdim. Kimsənin mənə aşağılanmış formada baxmasını istəməzdim. Kimsənin mənə şübhə kimi baxmasını istəməzdim. Geyinmirsən, özünə baxmırsan sənə yazıq kimi baxirlar, geyinirsən, özünə fikir verirsən “bunun adamı olmamış olmaz” deyirlər. Nə isə ...

Ümumi belə demək olar ki, bütün hallarda boşanmanın günahkarı kişidir. Bunu bir qadın olduğum üçün demirəm. Məsələn sosial durum ilə bağlı olan boşanmalarda kişi işləmir, qadın dözməyib ayrılır. Sual kişi niyə işləmir? Tənbəl kişilərə heç vaxt iş olmur. Onlar üçün indiki vəziyyət bir bəhanədir. Və yaxud da qadınların pulgir olmasını deməklə gunahı boyunlarından atmadır. Kişi kanalizasiyaya da girər, hambal da olar, evə pul gətirər. Bu pul ailədə ehtiyacları ödəmək üçündür. Boşanmaların səbəbinin kişidə olmasına başqa bir misal. Valideynlər tərəfindən ailənin dağılmasında kişinin zəif xarakterə malik olması. Kişi ana sözünə baxırsa “maminki snoçik” deyirlər, arvad sözünə baxirsa “arvadağız” deyirlər. Gərəkməzmi ki, öz sözü olsun?

Deyirsiniz ki, bəzi insanlar boşanmalara səbəbi qadınların idarə etməyə meyilli olmasında görür və  gücü çatmayanda mübarizəni dayandırır. Kişi prizmasından yanaşmanı görsəm də deyə bilərəm ki, kişilərdə kişilik xarakteri olsa qadınlarda bu istək yarana bilməz.
b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_nise33.jpg
Sizin qadin-kişi bərabərliyinə münasibətiniz necədir, həqiqətəndə qadılarla kişilər bütün sahələrdə bərabərhüquqlu olmalıdlar?

- Qadın və kişi – hər ikisi insandırsa deməli bu baxımdan bərabərdirlər. Şiddətə kişi dözə bilmədiyi kimi qadın da dözə bilməz. Bu baxımdan bərabərdirlər. Demək olmaz ki, mən kişiyəm, qadını döyə bilərəm. Fiziki güc baxımından cinslər fərqlidirlər. Bəzən qadın “hüququmuz bərabərdir” deyəndə kişilər rişxənd edərək fiziki güclərini ortalığa atırlar. Bu düzgün deyil. Fiziki gücə görə hərənin öz funksiyası ola bilər. Zehni cəhətdən də alimlərin hansı qənaətə gəldiklərini deyə bilmərəm. Alim kişidirsə öz xeyrinə, qadındırsa qadınların xeyrinə söz söyləyəcək. Bir sözlə hüquq bərabərdir. Sadəcə bunu görmək istəməyənlər var. 

Ömrünüzün ən gözəl çağlarını Milli Azadlıq Hərəkatında müstəqillik uğrunda mübarizəyə həsr etdiniz. Bu gün də demokratik cümhuriyyətin bərpası uğrunda mübarizədə ön sırada olan şəxslərdənsiniz. Qadın həm də ana deməkdir,  hər birimizin, o cümlədən analarımızın da xoşbəxt olacağı cəmiyyətin qurulmasına çoxmu qalıb?

- Belə suallara cavab vermək üçün ya qarşındakını ruhdan salmamaq, mübarizə əzmini qırmamaq naminə gözəl sözlər seçib yalan danışmalıyam, ya da şəxsən nə düşündüyümü olduğu kimi söyləməliyəm. İkincini seçib demək istərdim ki, mən haqqın qalib gəlməsinə heç vaxt inanmamışam. Baxmayaraq ki, liderimiz Elçibəy demişdi ki, biz qalib gələcəyik. Haqqın qalib gəlməsinin ömrünü 1918-ci  və 1992-ci illər göstərdi. Çox qısa  oldu. Nədən? İnsanlıq yoxdur,  namərdlər isə çoxdur. Bəşəriyyətin xilası isə insanlıqdadır. Bu inamsızlıq məndə indi yaranmayıb, Elçibəy vaxtından bu cür düşünmüşəm. Hətta dostlarım sual ediblər ki, belə inamsızlıqla necə mübarizə apara bilmisiniz? Cavabım o olub ki, getdiyim yolun düzgünlüyünə inanmışam. Bilirəm ki, qalib gəlməsəm də, bundan gözəl yol yoxdur. Yəni qatığa ağ deməklə heç nə qazanmasaq da mən qatığın ağlığını dana bilmərəm.

Elşən Əlisoy 

 

Bölmənin digər xəbərləri

18 Noyabr 2017 "5 rayon qarşılığında Dağlıq Qarabağ...?"-TƏHLİL
11 Noyabr 2017 Göyçayın icra başçısı jurnalisti həbs etdirmək istəyir
08 Noyabr 2017 İran terrorçulara raket satır: İDDİA
28 Oktyabr 2017 Elşən Əlisoy: “Əgər jurnalist yazdığı yazıya görə həbsxanaya salınırsa, hansı azadlıqdan danışmaq olar?”
25 Oktyabr 2017 Elçibəy sağ olsaydı…
18 Oktyabr 2017 Həbsxanada vəziyyəti pisləşən jurnalist müalicə müəssisəsinə aparılıb
27 Sentyabr 2017 Sayt rəhbəri separatizm dəstəkçiləri ilə bağlı Mədət Quliyevə müraciət etdi
21 Sentyabr 2017 Şaumyanın Azərbaycanda olan "balaları" baş qaldırır - FOTOLAR
17 Sentyabr 2017 Ziya Məmmədovun lisey direktoru olan bacısının "pul yığımı" davam edir" - VİDEO
07 Sentyabr 2017 "İlham Əliyev bu ciddi ittihamlarla bağlı xalq qarşısında izahat verməlidir"
19 Avqust 2017 Ərdoğanın mühafizəçiləri ülküçülərdir? - FOTOLAR
14 Avqust 2017 Müsəlman ermənilər Qarabağı erməni torpağı kimi qəbul edir
05 Avqust 2017 Azərbaycanın və Gürcüstanın başı üzərində bir Putin kabusu dolaşır
27 İyul 2017 "Rusiya Azərbaycana mesaj verir ki, Ermənistanla bir yerdəyəm" -HİKMƏT HACIZADƏ
26 İyul 2017 Lamiyyə Əhmədova: "Aziz Orucova qarşı aqqressiv rəftarın arxasında hakimiyyətin mahiyyəti durur"
07 İyul 2017 Körpə balamıza dəstək olaq!
27 İyun 2017 “Hakimiyyət gənclərin arzularını əllərindən almaq istəyir” – ŞURA ƏMİRASLANOVA
17 İyun 2017 QAT Ağsu rayonunda tədbr keçirib -FOTO +VİDEO
02 İyun 2017 Tural Abbaslı: "Hələ çox dəhşətlər görməli olacağıq"
08 May 2017 Azərbaycan heyəti Türkmən Elinə dəstək toplantısı keçirdi- Türkiyədə-FOTO
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.