Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_yalcinimanovv.jpg
Vəkillər Kollegiyası Rəyasət Heyətinin noyabr ayının 20-də keçirdiyi iclasında Siyasi məhbusların hüquqlarının müdafiəçilərindən biri, tanınmış vəkil Yalçın İmanov Vəkillər Kollegiyasından xaric edilib.

Məsələyə münasibət bildirən İcitmai-siyasi qurumlar, o cümlədən tanınmış şəxslər Yalçın İmanovun Vəkillər Kollegiyasından çıxarılmasını hüquqa zidd və  hakimiyyətin rəqiblərini müdafiəsiz qoymaq üçün həyata keçirdiyi sifarişli  qərar kimi qiymətləndiriblər.

Milli Şuranın sədri, professor Cəmil Həsənli məsələyə münasibət bildirərkən deyib ki, Yalçın İmanov  işgəncə faktlarının ifşasında böyük peşəkarlıq nümayiş etdirdiyi üçün ondan qisas alırlar: “Siyasi məhbus kimi tanınan şəxslərin bir çoxunun vəkilidir Yalçın. Öz peşəsinə, şəxsiyyətinə, ölkə qanunlarına hörmətlə yanaşan bir hüquqşünasdır Yalçın İmanov. Dəfələrlə onun vəkil kimi çıxış etdiyi siyasi işlərdə iştirak etmişəm və doğrusu peşə hazırlığına, hüquqi məntiqinə, qanunlara hörmətinə, həqiqəti tapmaq əzminə heyran olmuş. Əlbəttə, Yalçın bəyi Vəkillər Kollegiyasından çıxarmaq tək onu cəzalandırmaq deyil, eyni zamanda müdafiə etdiyi siyasi məhbusları cəzalandırmaq, onları etibarlı hüquqi yardımdan, hüquqi müdafiədən məhrum etmək cəhdidir. Formal olaraq onu Qobustan həbsxanasında siyasi məhbus Abbas Hüseynə işgəncə verilməsi faktının yayılması bəhanəsi ilə Kolllegiyadan çıxarıblar. Lakin nədənsə nə Kollegiya, nə də Yalçın bəyin müraciət etdiyi müvafiq hüquq mühafizə orqanları belə bir faktın olub-olmamasını araşdırmayıblar. Axı, Abbas Hüseynin özünün “çarmıxa çəkilməsi”, cəzaçəkmə müəssisəsinin həyətində dirəyə bağlanması, ona işgəncə verilməsi barədə yazılı məktubu olub. Doğrudanmı qanun məhbusun başına gətirilən belə işgəncələr barədə danışmağı vəkillərə qadağan edir? Yalçın İmanov digər vəkil həmkarları ilə birlikdə Nardaran prosesində həqiqətin ortaya çıxmasında, işgəncə faktlarının ifşasında böyük peşəkarlıq nümayiş etdirdi. Bunun qisasın alırlar ondan. Yalçın öz peşə fəaliyyətini vicdan meyarları ilə cilalayan bir vəkil idi. Belə adamların saxta ittihamlarla peşə fəaliyyətindən uzaqlaşdırılması Vəkillər Kollegiyasının cəmiyyət qarşısında yalnız hüquqi məsuliyyətini deyil, eyni zamanda etimad yükünü azaldır, hüquqi qurum üçün ədalət qədər vacib olan vicdan “maddələrini” tədricən ixtisara salır”.

Müsavat Partiyası məsələ ilə bağlı yaydığı bəyanatda Vəkillər Kollegiyasının qərarını Ədalət mühakimə sisteminin məhv edilməsi kimi qiymətləndirib:

“Azərbaycan hakimiyyəti demokratik institutların sıradan çıxarılması, siyasi fəallara, jurnalistlərə, vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təzyiq və repressiya siyasətini davam etdirir.

Bu siyasət indi də hüquqşünaslara və vəkillərə qarşı yönəlib. Hüquqi nümayəndəlik institunu ləğv edilməsi, paralel olaraq sayları bir neçə nəfərdən çox olmayan müstəqil vəkillər, daha çox siyasi məhbusların təmənnasız müdafiəçiləri kimi tanınan Nemət Kərimli, Asabəli Mustafayev, Fəxrəddin Mehdiyev, Yalçın İmanov və Aqil Layıca qarşı təziqlər göstərir ki, rejim vətəndaşların hüquqi yardım almaq, qanunsuz həbs olunan siyasi məhbusların müstəqil müdafiə olunmaq imkanlarını tamamilə aradan qaldırmağa çalışır.

Məhkəmə və İttiham orqanlarını tam nəzarətdə saxlayan rejim, çəkişmə sisteminin digər tərəfi olan müdafiə sistemini də hakimiyyətdən asılı olan Vəkillər Kollegiyası vasitəsi ilə tam nəzarət altına almaq, ölkədə ədalət mühakiməsi sisteminin tamamilə məhv edilməsi prosesini başa çatdırmaq planını həyata keçirir.

Müsavat Partiyası hakimiyyətin hüquqşünaslara qarşı bu total hucumunu qətiyyətlə pisləyir. Azərbaycan cəmiyyətini baş verən bu qanunsuzluqlara qarşı səfərbər olmağa, ölkəmizin üzv olduğu Beynəlxalq təşkilatları, demokratik dövlətlərin Azərbaycandakı diplomatik nümayəndəliklərini hakimiyyətin ölkədə hüquq sistemini birdəfəlik məhv etmək planınına qarşı aydın münasibət və qəti mövqe bildirməyə çağırır”.

Məsələyə münasibət bildirən AXCP sədri Əli Kərimli  bildirib ki, məqsəd vəkilləri tam olaraq öz iradələrinə tabe etmək, tabe olmayanları məhv etməkdir: Artıq bu ölkədə vicdanlı və peşəkar olmaq da cəzalandırılır. Yalçın İmanov siyasətlə məşğul deyil, qarşısına rejimin dəyişməsinə kömək etmək kimi bir vəzifə də qoymayıb. Sadəcə savadlı və vicdanlı vəkildir. Gözünün qabağında cinayət törədiləndə, hüququnu qoruduğu şəxslərə qarşı cinayət işi quraşdırılanda, onlara işgəncə veriləndə vicdanı onu susmağa qoymur. Vəzifəsini vicdanla yerinə yetirir, qanunsuzluğun aradan qaldırılması üçün hüquqi yollara baş vurur, baş verənlərdən cəmiyyəti xəbərdar edir.

Bir də Yalçın bəy cəsarətli insandır. Hakimiyyətin özünə şəxsi düşmən seçdiyi şəxsləri də müdafiə etməkdən çəkinməyib. Xədicə İsmayılın, Fuad Qəhrəmanlının və bir çox digər tanınmış siyasi məhbusların vəkili olub, hüquqlarını qorumağa çalışıb. Hacı Tale Bağırzadə başda olmaqla “Naradaran məhbuslarını” müdafiə etməkdən çəkinməyib. “Nardaran” işininin saxtalığını təkcə biz azərbaycanlılar üçün deyil, bütün dünya üçün ifşa edib (bəlkə də hakimiyyəti ən çox bu qəzəbləndirib). “Nardaran məhbusu” Abbas Hüseynin cəzaçəkmə müəssisəsində çarmıxa çəkilməsindən xalqımızı və dünyanı xəbərdar edib. Bir sözlə, peşəkar və vicdanlı vəkil nə etməli idisə, Yalçın bəy onları edib. Və elə buna görə də düşüb hökumətin qara siyahısına. Onun vəkil kimi fəaliyyətini artıq dayandırıblar. Vəkillik fəaliyyətinə tamamilə xitam vermək üçün məhkəməyə müraciət edilib. Məhkəmələr də bir qayda olaraq belə təqdimatları gözüyumulu qəbul edib, rəsmiləşdirir. Ancaq bu prosesi hələ də durdurmaq olar.

Mən hamını Yalçın bəyin müdafiəsinə qoşulmağa çağırıram. Başa düşməliyik ki, söhbət təkcə Yalçın bəyin hüququnun qorunmasından getmir, rejimin niyyəti bütün müstəqil və müxalif fikirli insanları, əslində bütövlükdə cəmiyyəti vicdanlı və cəsur vəkillərin müdafiəsindən məhrum etməkdir. Niyyətləri vəkilləri tam olaraq öz iradələrinə tabe etmək, tabe olmayanları məhv etməkdir. Bəli, təkcə Yalçın İmanovun deyil, hər birimizin taleyindən söhbət gedir! Biz bu ölkədə vicdanlı peşəkarların məhv edilməsinə susa bilmərik, susmamalıyıq! Birgə səylərimizlə elə ictimai qınaq yaratmalıyıq ki, hakimiyyət Yalçın İmanovu Vəkillər Kollegiyasından çıxarmağın onun vəkil kimi fəaliyyətinin nəticələrindən daha ağır nәticә doğuracağını anlasın.

Bizlər siyasi müxalifət olaraq bu işə sahib çıxacağıq.Yalçın bəyə və Vəkillər Kollegiyasından çıxarılmağa namizəd digər vəkillərimizə, nümayəndəlik institunun ləğvilə peşəsindən ayrı salınan minlərlə hüquqşünasımıza sona qədər dəstək olmağa hazırıq. Vətəndaş cəmiyyətini səfərbər olmağa, Yalçın bəyə, əslində onun indiki və potensial müştərilərinə, bütövlükdə cəmiyyətimizə qarşı bu təhqiramiz münasibətlə barışmamağa çağırıram. Vətəndaş cəmiyyəti yenidən toparlana bilsə, hakimiyyət anlayar ki, bir çox hallarda bütün hədləri aşmaq əks nəticələr verir. Olduqca vacibdir ki, daha çox sayda vəkil bu ədalətsizliyə qarşı səsini ucaltsın. Zatən hakimiyyətin kursu məlumdur. Vəkillər Kollegiyasından bütün vicdanlı və peşəkar vəkilləri çıxarmaq istəyirlər. Hörmətli vəkillərimiz gərək bir-bir kollegiyadan çıxarılmaq növbəsini gözləməsinlər. Bu anti-insani siyasətə indidən, həm də uca səslə etiraz etmək lazımdır. Beynəlxalq birlik də zəhmət çəkib, öz öhdəliyinə əməl etsin, Azərbaycanda ədalət mühakiməsinin məhv edilməsinə seyrçi qalmasın.

Azərbaycan hakimiyyətinin yadına salıram ki, o heç də xalqı əzmək, ölkəsində diktatura qurmağa çalışmaq siyasətində tək və orijinal deyil. Bu yolu gedənlərin mütləq əksəriyyəti artıq cəzalarını alıblar, tarixin zibilliyindədirlər, xalqları tərəfindən lənətlə anılırlar. Sonuncu “gözü çıxan qardaşınızdan” - Muqabenin də başına gələnlərdən ibrət götürmürsünüzsə, deməli ki, o mütləq ədalət sizlərin də ağlınızı alıb, yolunuzu “o tərəflərə” aparır. Ancaq hələ də dayanmaq imkanınız var. Kaş ki, ölkəmizi, millətimizi və şəxsən özünüzü daha ağır nəticələrə sürükləmədən, hələ də dayanmaq imkanınızın varlığının necə böyük şans olduğunu anlayasınız!

Keçmiş vicdan məhbusu Bəxtiyar Hacıyev  məsələyə münasibət bildirərkən qeyd edib ki, vətəndaşlar hakim köməkçisinə, "əşi nə yazırsan yaz, tez ol ver, qollayım gedim də" deyən ödənişli vəkillərin ümidinə qalacaq: Yalçın İmanov Vəkillər Kollegiyasından xaric edilib. Müstəqil mövqeyi olan, vətəndaşın yanında, onun hüquqlarını qoruyan digər vəkillər barədə də bənzər addımların atılacağı gözlənilir. Bundan bir müddət əvvəl isə müstəqil hüquqşqünasların nümayəndə kimi məhkəmələrdə iştirakına son verən qanun qəbul edilmişdi.

Sonra da deyirlər ki, bütün hüquqlar təmin olunur. Milyonlarla vətəndaş bundan sonra hakim köməkçisinə "əşi nə yazırsan yaz, tez ol ver, qollayım (imzalayım) gedim də" deyən ödənişli vəkillərin ümidinə qalacaq”.

REAL hərəkatının idarə heyətinin üzvü Azər Qasımlı bildirib ki, bu gözlənilən idi: ”Nümayəndəlik institutunun ləğvindən sonra vəkillərin sayını artırmaq əvəzinə, tam əksinə müstəqil vəkilləri Vəkillər Kollegiyasından çıxarırlar. Bu gözlənilən idi, çünki nümayəndəliyin ləğvini özündə ehtiva edən qanunun məqsədi vəkilliyi hakimiyyətin tam nəzarəti altına almaqdır. Vətəndaşların hüquqlarının qorunması heç vecinə də deyil. Belə olmasaydı Yalçın İmanov kimi peşəkar və müstəqil vəkili Kollegiyanın üzvlüyündən çıxarmazdılar”.

D18 Hərəkatı məsələ ilə bağlı yaydığı bəyanatında bildirib ki, Məqsəd isə siyasi məhbusları müdafiə edən vəkillərin prosesdən uzaqlaşdırılmasıdır:

”31 oktyabr 2017-ci ildə parlamentin qəbul edilən və ölkə başçısı İlham Əliyev tərəfindən imzalanan yeni qanun nümayəndəlik institutunun məhdudlaşdırdı və nəticədə 8.000 məhkəmə təcrübəsi ilə məşğul olan hüquqşünasların fəaliyyəti iflic olundu.

İndi isə "həssas işlərini" (siyasi) aparan vəkillər Əsabəli Mustafayev, Yalçın İmanov, Nemət Kərimli, Aqil Layıc, Fəxrəddin Mehdiyev və Elçin Sadıqovun barəsində prokurorluq Vəkillər Kollegiyasına şikayət göndərdi.

D18 Hərəkatı hesab edir ki, bu, siyasi bir qərardır. Məqsəd isə siyasi məhbusları müdafiə edən vəkillərin prosesdən uzaqlaşdırılmasıdır. Hakimiyyətdən tələb edirik ki, vəkillərə qarşı hücumlara son qoysun”.

Elşən Əlisoy 

Sozcu.az

 

Bölmənin digər xəbərləri

15 Yanvar 2018 Vəhdət Partiyasından Zəka Sahibə cavab: "Xamneyi Ağa ifadəsi hörmət anlamındadır"
14 Yanvar 2018 Məni zorla mətbuat katibi etdilər - Zaxarova
11 Yanvar 2018 PKK dövləti yaradılır: Türkiyə geciksə... – Politoloq
30 Dekabr 2017 ABŞ: “Dünya İrandakı etiraz aksiyalarını dəstəkləməlidir”
29 Dekabr 2017 Tofiq Zülfüqarov Əli Həsənovun ermənilərə muxtariyyat vədinə münasibət bildirdi
24 Dekabr 2017 Yunan nazirin “Bacarırsınızsa, gəlin 18 adanı geri alın” ultimatumuna CHP liderindən sərt cavab:"Kipr üçün də belə deyirdiniz..."
15 Dekabr 2017 Rəsmi Bakının Qüdslə bağlı mövqeyi necədir? – Şərh
13 Dekabr 2017 Türkiyə Əsədlə bağlı mövqeyini niyə dəyişdi? – Şərh
11 Dekabr 2017 Qüds yəhudilər üçün hansı anlam kəsb edir? – İncil
28 Noyabr 2017 Test üsulu ləğv edilməlidir - Millət vəkili
24 Noyabr 2017 Səlim Müslümov Zahid Oruca cavab verdi:“Niyə əlillərin deputatlığa namizədliyini irəli sürmürsünüz?!”
21 Noyabr 2017 Bakı heç vaxt status-kvo ilə razılaşmayacaq - Ariye Qut
15 Noyabr 2017 "Fəzail Ağamalının ilə eyni adı daşıdığım üçün əziyyət çəkirəm" - DEPUTATLARIN QALMAQALI
14 Noyabr 2017 Rafiq Əliyev: “Ancaq 3-5 nadan adam hesab edər ki, Rafiq Əliyev niyə pulu özünə götürmədi"
10 Noyabr 2017 İlham Rəhimov:"Sülhməramlıların yerləşdirilməsində Moskvanın şərti var" - MÜSAHİBƏ
31 Oktyabr 2017 İspaniya Azərbaycan üçün presedent yaradır - Politoloq
30 Oktyabr 2017 Tahir Kərimlidən müxalifətə sərt ittihamlar:“Ölkədə YAP-dan başqa sabitliyi saxlaya biləcək partiya yoxdur”
20 Oktyabr 2017 Elçibəyin köməkçisindən Ayaz Mütəllibova – Şillə kimi suallar
13 Oktyabr 2017 Türkiyə generalı: “ABŞ türk millətini hədəfə alıb” – Şok sözlər
26 Sentyabr 2017 Türkiyəyə qurulan böyük tələ: “kürd oyunu” – Türk tarixçi açıqladı
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.