Xəbər lenti

enesdemir.jpg
Bu gün İraq Kürd Muxtariyyətində müstəqillik referendumu keçirilib. Bölgə dövlətlərinin böyük əksəriyyəti bu referenduma qarşı çıxıblar. Bəzi ölkələr, xüsusilə İran və Türkiyə bu referendumu Yaxın Şərq üçün təhdid saydıqlarını bildiriblər.

 Bəzi ekspertlər isə bu referendumdan sonra hətta Türkiyənin bölgəyə müdaxilə edə biləcəyini gündəmə gətiriblər. Ankara, Lozanna və Sevr müqavilələrini önə çəkən ekspertlər buna Türkiyənin hüquqi əsası çatdığını bildirirlər.

Bu fikirlərə qarşı çıxan siyasi analitiklər də az deyil. Onlar isə Türkiyənin keçmiş Mosul vilayəti – Mosul-Kərkük ərazilərinə heç bir səlahiyyəti qalmadığını vurğulayırlar.

Sozcu.az xəbər verir ki,bütün bu polemikanı nəzərə alaraq, Axar.az saytı türkiyəli tarixçi, sözügedən dövr və hallanan tarixi sazişlərlə bağlı əsaslı araşdırmaların müəllifi, həmçinin siyasətçi Enes Mərd Dəmirdən müsahibə alıb.

- Enes bəy, İraq Kürd Muxtariyyətindəki müstəqillik referendumu bölgə üçün hansı təhdidlər yarada bilər?

- Bu referendum bildiyiniz kimi təktərəfli, hüquqi olmayan zəmində icra edilir. Kürd referendumu İraq Konstitutsiyasına ziddir. Türkiyənin İraqla imzanlamış bir neçə beynəlxalq razılaşmaları var. Dolayısı ilə burada həyata keçiriləcək təktərəfli referendum Türkiyə-İraq sərhədindəki anlaşmanın hüquqi qüvvəsini itirməsinə səbəb olacaq. Hüquqi olmayan bu şey bölgədəki sıxıntılara şərait yaradacaq. Ayrıca bu bölgədə böyük türkman əhalisi var. Təxminən onlar 1,5 milyon nəfərdir. Bu türkmanların yaşadığı bölgələrin bir hissəsinin də bu referenduma daxil edilməsinə çalışırlar. Təbii ki, bu, tamamilə hüquqi bir şey deyil və eyni zamanda bu bölgədəki ərəblər də, digər qeyri-müsəlman ünsürlər də bu referenduma qarşı çıxırlar.

- Bu referendumun nəticəsi Türkiyədə daha çox “ikinci İsrail” kimi təqdim edilir. İran da artıq rəsmən bu referendumu “ikinci İsrail”in yaradılması istiqamətində atılmış addım kimi dəyərləndirir. Sizcə, bu referendum nəticəsində yaradıla biləcək kürd dövlətini həqiqətən “ikinci İsrail” adlandırmaq olarmı?

- Bildiyiniz kimi, 1916-cı ildə imzalanmış Sayks-Pikot, daha sonra isə San-Remo anlaşmaları ilə İngiltərə və Fransa bölgəni dizayn edib, yenidən formalaşdırmağa çalışırdılar. Böyük Kürdüstan layihələsi əslində İraq və Suriyanın şimalını alıb, sonra da Türkiyənin cənubundan və İrandan torpaq əldə etməklə burada nəsə yeni qurum yaratmaq xəyalıdır. Bütün ictimaiyyət tərəfindən bilinir ki, bu, İsrail layihəsidir. Suriyanın şimalının böyük hissəsi PYD-YPG terror təşkilatının əlindədir. İraqın şimalının bir hissəsi PKK-nın əlindədir, digər hissəsində isə Bərzani müstəqillik referendumu keçirir və İsrail bunu dəstəkləyir. Bildiyiniz kimi, dünən beş İsrail təyyarəsi hətta kürdləri qorumaq məqsədi ilə Ərbilə də gəldi. Burada ən önəmli məsələ Türkiyənin Yaxın Şərqdə gücünün yox edilməsidir. Yəni Türkiyəyə təhdidlər yaradaraq Türkiyənin gücsüz buraxılmağa çalışılmasıdır. Türkiyənin sərhədlərində federal qurum və ya müstəqil dövlət yaratmaqla onun Yaxın Şərqdə gücünü sındırıb daha sonra özünün birbaşa hədəfə çevrilməsinə çalışırlar. Bu həmlələrin hamısı buna hesablanıb. Bunu İsrail özəlliklə bölgədə özü etməsə də, Amerikanın əliylə reallaşdırır.

- Lakin Amerika son açıqlamalarında bölgədə müstəqil Kürdüstan istəmədiyini bəyan etdi. Hətta bu məsələdə bir qədər Türkiyənin mövqeyini müdafiə etmiş kimi də göründü...

- Amerika müstəqil Kürdüstanın əleyhinə digər dövlətlər kimi qarşı çıxmadı. Sadəcə, referendumun ertələnməsi ilə bağlı açıqlama verdi. Digər dövlətlər “qarşıyıq” deyirlər, onlar isə bunu söyləmirlər. Referendumun ertələnməsi demək, 5 ay və ya 1 il sonra yenidən keçirilməsi anlamına gəlir. İkincisi, Amerikanın “burada referendum olarsa, biz buradakı proseslərə nəzarət edə bilmərik” deməsi, bu referendumu altdan-altdan dəstəklədiyini göstərir. Bir də Amerikanın açıqlamaları ilə hərəkətləri bir-birinə uyğun deyil. Məsələn, Amerika “Türkiyə müttəfiqimizdir” deyir, amma PYD-yə 100 TIR-lıq silah yardımı edir. Digər tərəfdən, PYD-ni terror təşkilatı qəbul etmədiyi kimi, ona 4000 TIR-lıq silah da göndərir. Amerikanın açıqlamaları yox, onun hərəkətləri önəmlidir. Amerika hərbçilərinin İraq Kürd Muxtariyyətində olması və PYD-yə gedən silahların Bərzaninin nəzarətindəki bölgələrdən keçərək aparılması onlar arasındakı ortaq hərəkətin sübutudur.

- ABŞ həm də Türkiyənin hərbi və siyasi müttəfiqidir. Digər tərəfdən ən önəmli məqamlardan biri də Rusiya ilə bağlıdır. Son günlər Türkiyə ilə yaxınlaşan Rusiya bu referendumdan bir neçə gün öncə Bərzani ilə böyük neft razılaşmasına imza atdı. Bir sözlə, bölgə üzərində eyni anda bir neçə böyük gücün marağı kəsişir. İllərdir latent formada toqquşmaların yaşandığı bu bölgə niyə görə bu qədər dəyərli hesab olunur?

- İlk olaraq türk, kürd, ərəb və digər qeyri-müsəlmanların hamısı bu bölgədə cəmləşib. İkincisi, bura strateji baxımdan önəmlidir. Üçüncüsü. coğrafi baxımdan çox önəmlidir. Üstəlik, burada gündəlik 900 min barrel neft hasil edilir və hasil olunan qara qızıl dünyanın ən keyfiyyətli neftlərindən sayılır. Dolayısı ilə buranın neft bölgəsi olması digər dövlətlərin də buraya marağını cəlb edir.

Rusiyanın burada mövqeyi digər dövlətlərə görə səssiz və daha əlaqəsizdir. Sadəcə Rusiya ABŞ-a mesaj göndərir ki, mənə Suriyada ilişmə, mən də sənin İraqdakı mənfəətlərinə qarışmayacağam. Əslində Rusiya kürd referendumu məsələsində bir az səssizdir.

Dolayısı ilə Türkiyənin burada gerçəkləşdirəcəyi ən böyük həmlə həm İran, həm İraq, hətta İngiltərə ilə diplomatik işbirliyi ilə bu məsələni beynəlxalq hüquq çərçivəsində BMT Təhlükəsizlik Şurasına, Haaqa Beynəlxalq Ədalət Məhkəməsinə çıxara bilməsi olacaq. Burada əsas məsələ bu referendum və bu qurumun beynəlxalq aləmdə leqallaşdırılmadan öncə ortadan qaldırılmasıdır. Dolayısı ilə Türkiyənin bura ilə bağlı tarixi haqları da var. Burası Türkiyənin Misaki-Milli sərhədləri çərçivəsindədir. Bu ərazilər Birinci Dünya savaşında Osmanlı imperiyasının itirmədiyi, amma ingilislər tərəfindən qanunsuz işğal olunan yerlərdir. 1926-cı il Ankara razılaşması ilə Türkiyə buranı İraqda qalmaq şərti ilə tərk etdi. Burada yeni bir qurum ortaya çıxsa, Türkiyənin bu şərti ortadan qalxdığı üçün Ankaranın buraya müdaxilə haqqı da beynəlxalq hüquq çərçivəsində ortaya çıxa bilər. Hərbi əməliyyatlar da gündəmə gələ bilər. Dolayısı ilə həm diplomatik, həm iqtisadi, həm də hərbi məqamları Türkiyə dəyərləndirəcək. Bu planda gərəkli qərarlar uyğun şəraitə görə alınacaq.

- Prezident Rəcəb Tayyib Ərdoğan da Türkiyənin “Misaki-Milli” sərhədləri ilə bağlı sərt açıqlamalar verir. Siz bundan öncə bəyan etdiniz ki, kürd dövləti yaranacağı təqdirdə Türkiyənin İraqa müdaxilə haqqı yaranır. Əslində, 1926-cı il Ankara anlaşmasında burada hər hansı dövlətin yaranacağı təqdirdə Türkiyənin İraqa girib Misaki-Milli sərhədlərini bərpa etməsi haqqında heç bir maddə yoxdur. Bütün bunlar olmadığı halda Türkiyə İraqın şimalında necə hərbi əməliyyatlar keçirə bilər?

- Ankara anlaşmasının 5-ci maddəsi tam aydın şəkildə yazılıb. Burada deyilir ki, Türkiyə və İraq sərhədi Millətlər Cəmiyyəti tərəfindən müəyyənləşdirilmiş Brüssel Sərhəd Xəttidir, bu sərhəd beynəlxalq aləm tərəfindən təsdiqlənmiş sərhəd xəttidir və iki dövlət bu sərhədin pozulmazlığına əməl etmək məcburiyyətindədir. Bilirsiniz ki, İraq onsuz da İŞİD-lə mübarizə ucbatından parçalanmış vəziyyətdədir. Hələ təzəlikcə bu ölkə özünə gəlməyə başlayır. İndiki zamanda müstəqil kürd dövləti yaransa, Türkiyənin İraqla heç bir quru sərhədi qalır. Bütün sərhədi avtomatik türk-kürd sərhədinə çevrilir. Türkiyə İraqla sərhəd anlaşmasını imzalayıb və Mosulu İraqda qalması şərti ilə tərk edib. Bu, beynəlxalq sənədlərdə yer alan ifadədir. Burada kürd dövləti yaranacağı halda keçmiş statusa dönmə vəziyyəti yaranacaq və Türkiyə dolayısıyla beynəlxalq hüquqdan doğacaq haqları ilə buraya müdaxilə edə biləcək. Yəni Türkiyə deyəcək ki, mən bu sərhəd razılaşmasını İraqla imzalamışam və burada yeni bir dövlət yaransa, mənim onunla sərhədim ortadan qalxır. Başqa sözlə, imzalanan müqavilə qüvvədən düşür və burada istənilən həmləni həyata keçirmək gücünə sahib olursan. “Türkiyənin hərbi əməliyyat keçirmək haqqı yoxdur” deyə bir şey yoxdur. Ankara anlaşmasında həmçinin “Türkiyə kürd dövləti yaransa, Şimali İraqa girə bilər” kimi bir maddə də yoxdur. Burada ən önəmli olan Birləşmiş Millətlər Təşkilatı tərəfindən müəyyən edilmiş haqlardır. Əgər Türkiyə-İraq sərhədi məcburi şəkildə dəyişdirilirsə, o zaman Ankaranın da burada avtomatik haqları ortaya çıxır. 1926-cı il Ankara anlaşması, 1946-cı il II Ankara anlaşması Türkiyənin haqqıdır və bunun təktərəfli dəyişdirilməsinə səssiz qalmaq olmaz.

- Türkiyədə kifayət qədər kürd yaşayır. Onların yaşadığı bölgələr də məhz Şimali İraqla sərhəddir. Türkiyənin bura müdaxiləsi həm də ölkə daxilində narahatlıq yaratmazmı?

- Türkiyənin Şimali İraqda problemi kürdlərlə deyil. Türkiyə Bərzaninin bölgəsindəki kürd xalqını çox sevir. Buradakı kürdlər onsuz da keçən əsrin əvvəllərindən Türkiyəyə bağlıdırlar. Türkiyə Habur sərhəd-keçid məntəqəsini bağlamadığına görə bu insanların ticarətləri inkişaf edib. Türkiyə zamanla buradakı kürdlərə çox yardım edib. Xalqın da Türkiyəyə qarşı böyük sevgisi var. Burada Ankaranın problemi tam Bərzani ilə əlaqədardır. Buradakı xalq Türkiyə düşməni deyil, əksinə, onlar Türkiyə heyranıdırlar. Məsələn, bunu Azərbaycanla müqayisə edin. Azərbaycanlılar Türkiyəni necə sevirlərsə, oradakı kürdlərin də əsas qismi eyni hislərlə yaşayır. Türkiyə sayəsində bu bölgənin insanı zənginləşməyi bacarıb.

- Enes bəy, müsahibədən öncə sizin Feysbuk səhifənizdə maraqlı bir ifadə ilə qarşılaşdım. İngilis agent Mark Sayksa aid olan bu ifadədə Ermənistanın təhlükəsizliyi üçün kürdlərin müstəqil olması gərəkdiyi söylənilir. Digər məqam isə həm Bərzani, həm də Qərbdə bir sıra tarixçilərin Sevr müqaviləsini yenidən dilə gətirmələridir. Sizcə, bu gün Türkiyə üzərindən həm Sayksın ifadə etdiyi bu təhdid, həm də Sevrin təkrarlanması təhdidi qalxıbmı?

- Burada əsas məqsəd Türkiyənin bölgədəki gücünü zəiflədib və yekunda torpaqlarını hədəf almaqdır. 1918-1919-cu illərdə edilmiş açıqlamanın günümüzdə qarşılığının olmadığını söyləyə bilmərik. Bir tərəfdə Ermənistan dövləti var, cənubumuza da Suriya, İraqdan alınaraq bütünlənmiş Kürdüstanı qursan, Türkiyəni tam əhatələmiş olacaqsan. Bu, Ankara üçün sıxıntılara səbəb olacaq. Bununla da Türkiyənin strateji, siyasi, coğrafi, iqtisadi gücünü qırmağa çalışırlar. Bu da ingilis agenti Mark Sayksın 1919-cu ildə verdiyi açıqlamanı təsdiq edir. Bu referendum Yaxın Şərq və Türkiyənin çevrəsindəki sıxıntıları artıracaq addımdır. Əslində, referendum bölgədəki sükunətə və sülhə vurulacaq böyük zərbədir. Bu məsələ hər şeydən öncə Türkiyəni maraqlandırır.

Bölmənin digər xəbərləri

13 Oktyabr 2017 Türkiyə generalı: “ABŞ türk millətini hədəfə alıb” – Şok sözlər
23 Sentyabr 2017 Millət vəkili: “Bakıda erməni deputatların başına araq butulkası çırpsaydılar, ürəyimdən tikan çıxardı...”
18 Sentyabr 2017 “Çingiz Qənizadə haqqında həqiqətləri söyləsəm, heç kəs ona salam verməz” — şeyxin qudasından SENSASSİON AÇIQLAMA
15 Sentyabr 2017 Jirinovskidən Türkiyəyə təhdid:“Ağrı dağını Ermənistana qaytaracağıq”
07 Sentyabr 2017 "Təəssüf ki, müxalifət qüvvələri bu gedişata sağlam münasibət bəsləmirlər" - VİP sədri
06 Sentyabr 2017 Azərbaycan Sarkisyanı Qarabağa gətirən helikopteri vura bilərmi?
25 Avqust 2017 "Elçi Bəy xalqına töhvə etdiyi testi üsulunu, ali məktəbə rüşvətsiz qəbul sistemini 20 ildən çox, hətta özündən sonra belə yaşatdı."
16 Avqust 2017 "Astan Şahverdiyevə qulaqburması veriləcək" - Ağacan Abıyev
12 Avqust 2017 Mənasız yerə idmanımıza "Köçəri quşlar" gətiririk -FAZİL MUSTAFA
08 Avqust 2017 "Nəzarətsiz pulların mənbəyi kəsilərsə..." - QAT sədri
04 Avqust 2017 "Ox yaydan çıxıb, Rusiyanın çökdürülməsi prosesinə başlanılıb" - POLİTOLOQ
23 İyul 2017 “2018-ci ilə kimi həbslərin sayı daha da artacaq” – ZÜMRÜD YAĞMUR
15 İyul 2017 Aqil Abbas: "Azərbaycanda benzinin qiyməti 2 manat olmalıdır"
14 İyul 2017 "Müxalifətdəkilərin övladları bu millətə fəxarət gətirib" - ƏLİ ƏLİYEV
09 İyul 2017 "Hakimiyyət seçkilərə qədər əsas rəqibi olan AXCP-ni sıradan çıxartmaq istəyir" -Nürəddin Məmmədli
04 İyul 2017 "Devalvasiya olacaq"-Qubad İbadoğlu
02 İyul 2017 Qənirə Paşayeva: "Sosial mediada bir qrup tərbiyəsiz var..."
18 İyun 2017 "Bu vəzifəli şəxslər həbs olunmalıdır" - HAFİZ HACIYEV
01 İyun 2017 1992-ci ildə Ermənistan Dağlıq Qarabağın istənilən muxtariyyət statusuna razı olub
29 May 2017 Millət vəkili 28 May günü “Babək” filminə qarşı çıxdı
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.