Xəbər lenti

oktayqasim.jpg"İslam-müsəlman həmrəyliyi deyilən utopik anlayışın, düşüncənin dalınca getməklə Türkiyə daha çox problemlərlə üz-üzə qala bilər" 

Mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi, tanınmış ictimai-siyasi xadim Oqtay Qasımov Teleqraf.com-a müsahibə verib. Sozcu.az saytı həmin müsahibəni istinadla təqdim edir:  

- Oqtay bəy, Türkiyədə müşahidə edilən daxili durum, eləcə də Türkiyənin xarici siyasəti heç də ürək açan deyil. Sanki qardaş ölkədə siyasi vulkan püskürür, böyük mərkəzlər burada nələrəsə nail olmaq üçün qərarlı görünür. Siz, vəziyyəti necə qiymətləndirirsiniz?

- Türkiyədə nələrin baş verdiyi mövzusunda danışmaq üçün ilk növbədə onun yerləşdiyi coğrafiya və  ətrafda baş verən proseslərə diqqət yetirilməlidir.  Həm ölkənin daxilində problemlər var, həm də qonşuluqda İraq, Suriya kimi münaqişə bölgələri mövcuddur. İraqda, Suriyada vətəndaş  müharibəsi  gedir,  İŞİD, PKK, PYD, YPG, Əl-Nusra, Həşti Şabi, Hizbullah  və s.  kimi   terror təşkilatları bu ölkələrin ərazisinin bir hissəsini ələ keçirib, mərkəzi hakimiyyətlər ölkələrə nəzarət edə bilmirlər. Bu terror təşkilatlarının hər birinin arxasında bu və digər böyük dövlət dayanır, yönləndirir.  Bu coğrafiyada baş verənlər Türkiyənin təhlükəsizliyinə və daxili siyasi mühitinə mənfi təsir edir. Burada beynəlxalq güclərin Türkiyəyə qarşı hesablanan maraqları var, təzyiqlər göstərməyə çalışırlar. Müasir dünyada müharibələr bir qədər də fərqli format alıb. Savaş meydanlarında artıq üz-üzə gələn dövlətlər deyil, onların idarə etdiyi qüvvələr müharibə aparır. Türkiyəyə qarşı hibrid müharibə aparılır. Daxildə terror hadisələri törədilir, xaricdə ölkə əleyhinə əks-təbliğat kampaniyası aparılır, qonşularla münasibətlərə mane olunur və s. Eyni zamanda Türkiyənin daxilində də bəzi problemlər, yol verilən xətalar var ki, bu da vəziyyətə mənfi təsir göstərir.


- Siz idarəçilik xətalarını nəzərdə tutursunuz?

- İndiki Türkiyə hökuməti  artıq 15-ci ilə yaxınlaşır ki, iqtidardadır. Hesab edirəm ki, AKP hökumətinin siyasətindəki bəzi yanlışlar da vəziyyətə təsir edir. Bu həm daxili, həm də xarici siyasətlə bağlı olan məsələlərə aiddir. Bu gün Türkiyədə ən çox ehtiyac hiss edilən məsələ daxili milli həmrəylikdir. 100 il əvvəl Atatürk və silahdaşları bu həmrəyliyə nail olaraq indiki cağdaş cümhuriyyəti ortaya qoydular. Məncə, indiki mərhələdə də milli həmrəyliyə nail olunmalıdır. Başqa sözlə, insanlara siyasi və ideoloji baxışlarına görə münasibət qəbuledilməzdir. Fikrimcə, indi türk hökuməti daha çox birləşdirici daxili siyasət aparmalı, toplumun bütün kəsimlərini qucaqlamalıdır. Amma ortada ideoloji yanaşma mövcud olduğundan təəssüf ki, bu gün hələ ki, milli həmrəyliyə nail olmaq mümkün olmur.


- İndi Türkiyədə daha çox başqanlıq sisteminə keçid məsələsi müzakirə edilir...

- Açığı, indi daha çox səbəbini anlayıb qiymət verməkdə çətinlik çəkdiyim bir məsələ önə çıxarılır. Söhbət Türkiyədə başqanlıq sisteminə keçid və ya mövcud dövlət sisteminin dəyişikliyi. Məncə, bu məsələ ümumi vəziyyəti bir qədər də gərginləşdirən səbəblərdən biridir. Çünki Türkiyə dövləti 100 ilə yaxındır parlament sistemilə idarə olunur. 1923-cü ildən mövcud olan Cümhuriyyətdə parlamentar sistem özünü xeyli dərəcədə  doğruldub. Dünya demokratiyasının mənimsədiyi parlament üsul-idarəsindən prezidentli respublikasına keçid anlayışının Türkiyənin ən vacib məsələsi kimi ortaya atılması və bu  sistemə keçiddən sonra ölkənin bütün problemlərinin sürətlə həll ediləcəyi fikirləri başadüşülən deyil.  Bunun doğru olduğuna inanmıram və düşünmürəm ki, tək adamın idarəçiliyi olan bu sistemə keçid Türkiyənin problemlərini çözə bilər. Parlamentar sistemin qüsurları olsa da,  parlament həm də cəmiyyətin müxtəlif kəsimlərinin fikirlərinin ifadə olunduğu və qərarların alındığı məkandır. Bu baxımdan indiki vəziyyət  mürəkkəbdir. Bu gün Türkiyə atəş çəmbəri içərisindədir. Əlbəttə, Türkiyə min illik dövlətçilik təcrübəsinə malik, bu bölgənin sayılan dövlətidir. Ancaq nədən bütün  rıçaqlar işə salınmır, dövlət sistemi tam olaraq işləmir kimi məsələlər müəyyən suallar doğurur, problemlər yaradır. Bunun da bəlli səbəbləri var. 2008-ci ildə Türkiyə Silahlı Qüvvələrinin atatürkçü sayılan 100-dən yuxarı generalı, o cümlədən 26-cı Baş Qərargah rəisi, çox nüfuzlu Ordu generalı İlkər Başbuğ və minlərlə hərbçi qurama Ergenekon, Balyoz və s.  əməliyyatları ilə şərlənib həbs edilərək (doğrudur, son zamanlar onların demək olar ki, hamısı bəraət aldılar) ordu zəiflədildi, onların yerinə gətirlənlər  isə 2015-ci ildə dövlət çevrilişinə cəhd etdi ki, bu da təhlükəsizliklə bağlı ciddi problemlər yaratdı. Türk ordusu, polis sistemi, xüsusi xidmət orqanlarında məsələlər eyni anlayışla fərqli yönə çəkildi. Təəssüf ki, bürokratik aparatda da “liyakat” (ləyaqət) sistemi pozularaq savadlı, intellektual, amma AKP dünyagörüşünü paylaşmayan, onlar  kimi düşünməyən  insanlar kənarlaşdırıldı, əvəzində eyni dünyagörüşün daşıyıcısı və intellektual səviyyəsi nisbətən aşağı olan mühafizəkar dinçi kəsimin nümayəndələri bürokratik aparata yerləşdirildi. İndi də Türkiyə bunun sancısınıı çəkməkdədir.  Bu prosesi ağrı ilə izləyir, arzu edirik ki, yenidən qurulacağı vəd olunan dövlət aparatı daha sağlam təməllərlə qurulsun. Ancaq  hələlik bu müşahidə olunmur.


- MHP-dən olan millət vəkili, başqan müavini Atilla Kaya istefa verdi. Sanki qardaş ölkədə siyasi qüvvələr daxilində də çaxnaşma müşahidə edilir. Vəziyyəti necə qiymətləndirirsiniz?

- Siyasi partiyalarda baş verənlər daha çox idarəetmə və demokratiya ilə bağlı problemlərdir.  MHP-yə gəlincə, onun türk toplum və cümhuriyyətlərinə münasibətdə digər partiyalardan daha həssas olduğu üçün mənəvi yaxınlığımız var. Ona görə bu  partiyada baş verənlərə həssas münasibət bəsləməyimiz təbiidir.  Müəyyən məsələlərə münasibətdə razılaşmadığımız məqamlar da var. Atilla Kayanın istefana gəlincə, o,  ərizəsində səbəbləri qeyd edib. Bunda başqa,  prezident  Ərdoğana ünvanlandığı açıq məktubunda da konkret olaraq mövqeyini ortaya qoyub. Mən Atilla Kayanın məktubunu diqqətlə oxudum. Atilla Kaya məsələlərə doğru prizmadan yanaşıb.


Bu gün də anlamaqda çətinlik çəkdiyim məsələlərdən biri MHP Başqanı hörmətli Dövlət Baxçalının bir neçə ay əvvəl partiyanın qrup toplantısındakı çıxışı oldu. O, qeyd etdi ki, əgər prezident Ərdoğan konstitusiya sərhədləri çərçivəsində fəaliyyət göstərmirsə, biz konstitusiyanı ona uyğunlaşdıraq. Bu qanunun aliliyi prinsipini heçə sayan yanlış yanaşma idi. Dövlətin  taleyi ilə bağlı olan məsələyə bu cür rəftarı anlaya bilmədim. Baxçalı kifayət qədər biliyi və təcrübəsi olan siyasət, dövlət adamıdır. Bunu  fəaliyyəti zamanı daima isbat edib. Onun bu yanaşması partiyada problemlər yaratdı, xeyli istefalar oldu. Atilla Kaya istefa verən son yüksək vəzifəli , ülkücü camiənin sayıb-sevdiyi şəxsdir. Onun 30-40 illik siyasi həyat təcrübəsi var, dörd dönəm millət vəkili olub. 


Şübhəsiz ki, Türkiyədə nələrin baş verdiyini, hansı təhlükələrin yaşandığını onlar daha yaxşı görürlər. Təəssüf ki, AKP hökuməti belə bir gərgin dönəmdə cəmiyyəti ancaq bir məsələ ilə məşğul edir: Başqanlıq sistemi. Düşünmürəm ki, bu sistemin gəlməsi ilə qardaş ölkədə problemlər çözüləcək. Məncə, çıxış nöqtəsi bu mərhələdə Türkiyə cəmiyyətinin bütününü qucaqlayan siyasətə keçilməsi,  Atatürk ideyalarına uyğun Türkiyənin dövlət maraqlarını önə çəkən praqmatik siyasətin yürüdülməsidir.


Əks halda, islam-müsəlman həmrəyliyi deyilən utopik anlayışın, düşüncənin dalınca getməklə Türkiyə daha çox problemlərlə üz-üzə qala bilər. Bu siyasətin  əsas müəlliflərindən biri “Stratejik dərinlik” kitabını yazan Əhməd Davudoğludur. Bu yanaşma Türkiyənin xarici siyasətində problemlər yaratdı. Hesab edirəm ki, Türkiyə layiq-dünyəvi  cümhuriyyət  olaraq  qalmalı, demokratik parlamentarizm əsasında idarə edilməli, cəmiyyətin bütün kəsimini qucaqlayacaq siyasət yürüdülməlidir.


- MHP-nin gələcək taleyi bundan sonra necə olacaq?

- MHP-də xeyli sayda yaxın olduğumuz insanlar var. MHP Türkiyə dövlətinin siyasi həyatında 50 il ərzində öz missiyasına uyğun fəaliyyət göstərən, kritik məqamlarda dövlətçilik mövqeyi ortaya qoyan təşkilat kimi tanınıb. Üstəlik Türkiyədən kənar türk toplumları ilə hər zaman yaxşı münasibətlər quran bir partiyadır. Təbii ki, biz bu partiyanın taleyi ilə bağlı narahatlıq keçiririk. Təəssüflər olsun ki, MHP-nin 2015-ci ilin iyun seçkilərindən sonra apardığı siyasət təşkilatı böhrana saldı. İyun seçimlərində 80 deputat mandatı qazanan MHP yanlış siyasəti üzündən 5 ay sonrakı seçkilərdə iki dəfə az deputat mandatı qazandı. Əgər bu yanlış siyasət davam edəcəksə, Türkiyəyə xeyir gətirməyəcək başqanlıq sistemi deyilən xətt müdafiə ediləcəksə, açığı, MHP-nin gələcək taleyi ilə bağlı ciddi suallar yaranacaq. Bu zaman MHP daha ciddi problemlərlə qarşılaşa bilər. Əlbəttə, biz bu durumun baş verməsini istəmirik.  Yəqin  partiya və onun rəhbərliyi optimal çıxış yolunu tapacaq. Doğru çıxış yolu tapılmazsa onda,  nəticələrinə qatlanmaq lazım gələcək. 

Bölmənin digər xəbərləri

19 Fevral 2017 İran işğalçı İrəvana yardım edən yeganə müsəlman ölkədir
14 Fevral 2017 “Probasiya Xidmətinin yaradılması çox yaxşı haldır” –Novella Cəfəroğlu
03 Fevral 2017 “Araz Əlizadə ağlını itirib”
27 Yanvar 2017 Sərdar Cəlaloğlu: “Bizim Cavanşir Quliyevə qarşı kinimiz yoxdur”
25 Yanvar 2017 “Tarix göstərir ki, yoxsullar və yaşayış təminatı zəif olanlar sabitliyi daha çox pozurlar”
17 Yanvar 2017 "Razılığa gəlsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər" - Məmmədyarov
07 Yanvar 2017 “Rusiya dövlət quruluşu dağıla bilər”
06 Yanvar 2017 Adil Əliyevdən Aslan İsmayılova sərt ittiham: “Sumqayıt hadisələrində...”
26 Dekabr 2016 Hafiz Hacıyev: “Astan Şahverdiyev ermənilərlə qarışığı olan insandır”
24 Dekabr 2016 “Bəziləri kimi arvadımız erməni deyil deyə vəzifəyə gəlmirik” -ATMACA...
21 Dekabr 2016 ABŞ-dan Moskva bəyanatına – Reaksiya
16 Dekabr 2016 ”Neftçilər varlı atanın müdafiəsiz, dilənçi uşaqlarıdır”
16 Dekabr 2016 “Azərbaycanda siyasi mübarizə üçün normal mühit yoxdur”
12 Dekabr 2016 BAO Azərbaycan dövlətini İrana nota verməyə çağırdı
12 Dekabr 2016 Mədət Quliyev "reket jurnalist"lərin həbsinə münasibət bildirib
10 Dekabr 2016 Alman politoloq Qarabağa gör ATƏT-i sərt tənqid etdi
09 Dekabr 2016 İqtisadçılardan Türkiyənin dollar təklifinə reaksiya
06 Dekabr 2016 “Hökumət nümayəndələrini ekranlarda görmək olmur”
28 Noyabr 2016 Əli Kərimli: Əgər “Monarxiyaya yox! Talana son!” tələbini müdafiə etsəydik...”
25 Noyabr 2016 Ərdoğanın müşaviri: “Aİ ilə Gömrük İttifaqı müqaviləsi ləğv edilməlidir”
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.