Xəbər lenti

mirvariqehraman.jpg
”Küləyi günahkar çıxarmaları ayıbdır”

Dekabrın 15-də “Azneft” İB-nin Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsində baş verən qəza nəticəsində 10 nəfər itkin düşüb. Oxşar faciələr əvvəlki illərdə də baş verib, 2011-ci ildə 2, 2014-cü ildə 7, 2015-ci ildə isə 32 nəfər bu cür hadisələrdə həyatlarını itirib. Meydan TV Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı ilə söhbətində faciələri yaradan amillərə, rəsmi orqanların fəaliyyətinə və digər məqamlara işıq salmağa çalışıb.

– Mirvari xanım, hadisə baş verən gün idarənin baş mühəndisi Balamirzə Ağarəhimov keçirdiyi mətbuat konfransında bir sıra məqamlara aydınlıq gətirib. Bildirib ki, platforma və estakadalarda təmir işləri aparılıb. Eyni zamanda, SOCAR ötən il trend.az vasitəsilə təmir işləri aparıldığı haqda xəbər yaymışdı. Əgər bu işlər görülübsə, belə hadisələr niyə olur? 

– Əvvəlki illərdəki faciələrlə bağlı sadaladığınız rəqəmlər yalnız qəza nəticəsində ölənlərin siyahısıdır. Amma ölüm hadisələri sadaladıqlarından çoxdur, 2015-ci ildə 30-dan çox, 2013-cü ildə 10 nəfərə yaxın insan ölüb. Demək istəyirəm, bunlar yalnız qəza nəticəsində ölənlərin siyahısıdır. İstehsalatda isə ölüm hadisələri getdikcə artır. Bu həyacan təbili 2011-ci ildən çalınır.

– Neft gəlirləri 2011-ci ildə ən yüksək həddə olub, 19 milyard. Bunu nəzərə alsaq, “niyə məhz həmin ildən” sualı yaranır…

– Məncə, yox, ən yüksək gəlir 2010-cu ildə olub, sonrakı il enmə başladı. Bəli, ona qədər də qəza hadisələri olub, 2006-cı ildə Qum adasında gəmi meydançaya çırpılanda dənizə düşüb ölənlər olub. Amma o zaman sosial şəbəkələr yox idi, informasiya qıtlığı yaşanırdı, həm də bu cür məlumatları gizlədə bilirdilər. Ölüm halları hətta Əmək Müfəttişliyindən və statistik hesabatlardan da gizlədilirdi. Bu gün də SOCAR-ın hesabatlarında gizlədilmə faktları var. Şirkətin 2015-ci il üzrə illik hesabatında yazılıb ki, 2014-cü ildə 12 nəfər ölüb, amma mənim dəqiq araşdırmama görə 14 nəfər dünyasını dəyişib. Balamirzə Ağarəhimovun dediklərinə gəldikdə, o, rəsmi mövqeni nümayiş etdirir. Bəli, o, vəsait ayrıldığını, təmir işləri aparıldığını deyir. Sual yaranır; əgər bu işlər görülürsə, niyə son 2 ildə Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə bu qədər ölüm halları olub?

– Doğrudan da, niyə ölüm halları olur?

– Birinci amil təmirin keyfiyyətsizliyindən irəli gəlir. Ən əsası təmirə ayrılan vəsaitin monitorinq qiymətləndirilməsi aparılmayıb. Əvvəllər idarənin dəniz qurğularına nəzarət şöbəsi vardı, indi də qalır, sadəcə, şübhələrimi sübut edə bilməyəcəyimdən məsələyə fərqli yanaşacam. Məsələn, sizə 100 manat təmir üçün pul ayırıblarsa, onun 30 manatını təmirə  xərcləmisiniz. Əgər yoxlama aparılsa, bu istiqamətdə olan mənimsələr üzə çıxacaq. Bir daha deyirəm, estakadalar necə təmir olunur ki, faciələr baş verir? Çünki estakadalar svaylar üzərində dayanır, svayların içərisində ankerlər olur, ankerlər isə sementlənir və svayların üzərinə fermalar qoyulur. Beləliklə, baş verən hadisələr əsaslı yox, cari təmir aparıldığını göstərir.

– Bir məqam da var: platformanın 1969, yoxsa 70-ci illərdə inşa olunması, o cümlədən, istismar müddətinin 1994-cü ildə bitməsi məsələsi. Bu barədə nə deyə bilərsiniz?

–  Platforma 1978-ci ildə tikilib. Amma istismar müddəti barədə dəqiq heç nə deyə bilmərəm. Mənə verilən məlumata görə, estakada 70-ci illərdə salınıb, sadəcə, Balamirzə Ağarəhimov bir məqamı demədi ki, estakada idarənin balansında qəzalı kimi qeydiyyatdan keçib.

– Bəs qəzalı estakadada neftçilərin işə çıxması nə dərəcədə düzgündür?

– Ağarəhimov bu suala cavab verə bilmədi. Jurnalistlərdın biri sual verdi ki, 2014-cü ildə baş verən qəzalara görə günahkar kim olub? Cavab verildi ki, fəhlələr.

– Ölənlərmi?

– Bəli, ölənlər. Cavab verirlər ki, fəhlələr ora getməsəydi, heç belə hadisələr də olmazdı. Orda 40-a yaxın işçi vardı, onun 30 nəfəri təxliyyə olundu, niyə hamısı yox?!

– Sizin dediklərinizdən belə anlaşılır ki, qəzalara görə heç kim cəzalandırılmayıb?

– Xeyr, cəzasızlıq sindromu cinayətin inkişafıdır. 2011-ci ildən sonrakı hadisələrə nəzər yetirirəm; “Abşeron” qazma qurğusundakı partlayışa görə rəis İsgəndər Şirəliyev cəzasız qaldı, ölən olmasa da, dövlətə çox böyük ziyan oldu. Sual yaranır, partlayışın vurduğu ziyan kimin hesabından silindi? İsgəndər Şirəliyevin? Yaxud 28 May İdarəsinin 10, 14, 19-cu platformalarında baş verənlərdən sonra rəislərin yeri dəyişdi. İdarənin rəisi Qaz Təchizatı İdarəsinə təyin olundu.

– Balamirzə Ağarəhimov bildirib ki, əlverişsiz hava şəraiti ilə bağlı əvvəlcədən tədbirlər görülüb, amma küləyin sürəti saniyədə 41 metr olub. Belə çıxır ki, günahkar küləkdir?

– Tanrı sonra bu adamları küləklə cəzalandıracaq. Qabaqlayıcı tədbirlər ondan ibarət olub ki, fəhlələrə jilet geyindiriblər, yəni dənizə düşdükcə, o batmağa qoymur. Ancaq həmin fəhlələrin əynində jilet olub-olmamasının fərqi artıq yox idi. Küləyi günahkar çıxartmaları ayıbdır. Hamısı mühəndisdirlər, heç olmasa itkin düşən fəhlələrin ailələri qarşısında günahlarını yumaqdan ötrü özlərinin cəzalandırılmalarını istəsinlər.

– Balamirzə Ağarəhimov bu barədə suala cavabında məsuliyyətin hamının üzərində olduğunu dedi.

– O, sualdan yayına bilməyəcəyini görəndə həmin ifadəni işlətdi. Onsuz da qəzalı estakada uçacaqdı. Külək isə hadisənin sürətlənməsinə səbəb olub.

– Mən diqqətinizi sosial şəbəkələrdəki fikirlərə yönəltmək istərdim. Həmkarımız Nailə Bağırova bildirir ki, niyə SOCAR-ı günahlandırırsınız, məktəb tikilir, xərcini SOCAR verir. xəstəxana tikilir, yenə SOCAR, o cümlədən, təmir işlərini şirkətin hesabına etdirirlər. Ona cavab olaraq SOCAR prezidenti Rövnəq Abdullayevin 200 min dollarlıq avtomobilini və ya neft şirkətinin 335 milyonluq binasını ortaya qoydular. Ehtiyac vardımı bu cür xərclərə?

– Neftçilər varlı atanın müdafiəsiz, dilənçi uşaqlarıdır. Nailə Bağırovaya da, ona verilən cavablara da haqq qazandırıram. Məsələ ondadır ki, tikinti-təmir işləri SOCAR-ın yox, hökumətin apardığı siyasətin nəticəsindən doğur. Sosial şəbəkələrdə hədəf düzgün göstərilmir,  hədəf hökumətin neft strategiyası olmalıdır. Hakimiyyət SOCAR-ı ikinci dövlət büdcəsinə çevirib, bu məsələləri hədəf göstərmək lazımdır.

– Ancaq hökumət rəsmiləri həmişə bildirir ki, Heydər Əliyevin uğurlu neft strategiyasınəticəsində analoqu olmayan inkişaf yaranıb.

– Heydər Əliyevin qurduğu neft strategiyası 1994-cü ildəydi. Ondan sonra neft strategiyası təkmilləşib neftdən alınan gəlirə uyğunlaşmalı idi. Vitse-spiker Bahar Muradova dediyi kimi, ayağını yorğanına görə uzatmalıydı. Qayıdaq sualınızın məğzinə, 2013-cü ildə sosialyönümlü layihələrin monitorinqini aparmışıq. Təsəvvür edirsinizmi, SOCAR artezian quyusunun qazılmasından tutmuş Balakən rayonunda YAP-ın binasının təmirinə qədər vəsait ayırıb. Hətta dövlət proqramlarının xərclərinə də SOCAR-ı daxil edirlər. Baxın, xarici şirkətlər nə zamansa öz dövlətlərinin büdcəsinin rolunu oynayarlarmı? Biri var korporativ sosial məsuliyyət, biri də var kənarda qalan zonalarda iş görmək. Sonuncunu bp şirkrəti də edir. SOCAR-ı isə səhiyyə, nəqliyyat nazirliklərinin, ya da bələdiyyələrin işlərinə cəlb edirlər. Prezident tapşırıq verir ki, dənizdə itkin düşənlər tapılsın. Prezident tapşırıq verməlidir ki, SOCAR öz işlərilə məşğul olsun, yəni biznes fəaliyyəti və hasilatıyla. Belə getsə, SOCAR-ın bu yöndə ixtisarlara ehtiyacı qalmayacaq.

– Son məlumatlara görə, şirkətin xarici borcu 8 milyard dollardan çoxdur…

– Siz gördünüz ki, SOCAR istiqraz da satdı. Bunu heç də yaxşı günündən etmirdi. Yəqin ki, istiqrazları kimlərəsə aldıracaqlar. Maşınlara gəlincə, 2-3 il əvvəl şirkətdə bəzilərinin avtomobilinin alınması barədə daxili əmr oldu. Bəziləri deyəndə, mən bir müddət əvvəl Neft daşlarında, “Azneft”də rəislərin qohumlarının fəaliyyət göstərdiyini sübut etmişdim, sxem də tutmuşdum.

– Yəni Rövnəq Abdullayev barədə bunu demək olarmı?

– Məndə “Azneft”in rəisi Daşqın İsgəndərovun qohumlarını yanına gətirdiyi barədə məlumat vardı, Neft daşları haqda oxşar mənzərəydi. Suala gəldikdə, araşdırmanı o səviyyədə aparmamışıq. Çünki güclü komandamız olmadığından əhatə edə bilmirik. “Azneftyağ” Zavodu vardı, sonradan “Azərneftyanacaq”a birləşdilər, həmin birlikdə fizika müəllimini idarə rəisi qoyandan sonra təkidlə maşın istədi. Bir qohumunu isə bağbanlara rəhbər qoydular, o da katibə və maşın tələb etdi.

– Maşınların qiyməti neçəyədir? Məsələn, Rövnəq Abdullayevin avtomobilinin qiymətinin 200 min dollar olduğu deyilirdi…

– SOCAR həmişə adına layiq avtomobillər alıb, təbii ki, “Niva”, yaxud “Jiquli” almayacaq. Əgər həqiqətən SOCAR bu qəzaların qarşısını almaq istəyirsə, cəzalandırma aparılmalıdır.

– Yəqin ki, Respublika Prokurorluğu bu deyilənləri araşdıra bilər? 

– Respublika Prokurorluğu araşdırsaydı, 2015-ci ilin 4 dekabr faciəsinin səbəblərini açıqlayardı. Biz komitə olaraq günahkarların adlarını açıqladıq. Amma Dövlət Komissiyası bu barədə araşdırma aparmadı. Araşdırma aparılması üçün hökumətin ARDNŞ siyasətində dəyişiklik olmalıdır, şirkət ikinci büdcə rolundan çıxmalıdır. Şirkətdə hansı estakadaların qəzalı olması barədə məlumatlar var, sadəcə, ARDNŞ-in bu yöndə istifadə etdiyi vəsait tam xərclənirmi?

– Deməli, xərclər məsələsində şəffaflıq problemi var?

– Bəli, şəffaflıq poroblemi var. Sosial layihəyə nə qədər xərclənməsi barədə sorğu göndərirsən, heç bir cavab yoxdur. Bir daha deyirəm, SOCAR öz fəaliyyətinə yenidən baxmalı, strukturunda birdəfəlik islahatlar aparmalı, hasilatla məşğul olmalı, nəhayət, işçilər üçün sağlam şərait yaratmalıdır. Əmək Məcəlləsinin müvafiq maddələri var, 11, 12, 13, 14 və 15-ci maddələri. Bildirilir ki, SOCAR-ın işçisi bu şərtləri yerinə yetirmirsə, cinayət məsuliyyətinə cəlb olunur.

– Mirvari xanım, ARDNŞ-in Həmkarlar İttifaqı varmı və varsa, indiyə qədər olan faciələrə reaksiya veribmi?

– Azərbaycan Əmək Məcəlləsinin 309-cu maddəsinə əsasən, idarə və müəssisələrdə təhlükəsizliyin icrasına nəzarət həmkarların üzərindədir. Çox təəssüf ki, qurumun tabeliyində olan idarə və müəssisələrdəki yerli şöbələr işə götürən rəhbərliyin qeyri-rəsmi strukturundadır. Yəni fəhləni işə götürənin icazəsi olmadan bu qurum heş bir reaksiya vermir.

– 2015-ci ilin 4 dekabr qəzasından 1 ildən çox keçib, amma komissiyanın yekun rəyi yoxdur. 15 dekabrda 10 nəfər itkin düşüb, belə davam edərsə, növbəti faciələr gözlənilirmi?

– Bəli. Yuxarıda sadaladıqlarımı Respublika Prokurorluğu araşdırsın. Təəssüf ki, bu yöndə araşdırma olsa, ictimaiyyətə məlumat verilməyəcək. SOCAR isə məlumatı Balamirzə Ağarəhimov kimi verəcək. Fikir verdinizmi,  ikinci mətbuat konfransını keçirmədilər, canlı yayımdan qorxdular. Düşünürəm ki, bundan sonrakı illik hesabatlar da təriflərlə dolu olacaq və bütün saytlar “Yaşasın SOCAR” yazacaq, bircə neft daşları mahnısı qalıb, onu da oxuyarlar. Nə qədər ki, neft gəlirlərinin müəyyən hissəsi neftçilərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların əməkhaqqına, xüsusi geyimlərlə, qidalarla təminatına ayrılmayacaq, qəzalar davam edəcək. Baxın, 2013-cü ildən bəri təhlükəsizliyə ayrılan vəsaitlər azala-azala gedir.

Bölmənin digər xəbərləri

12 Mart 2017 Covdarovun vəkili: "Türkiyədə belə adamları zindanda saxlamırlar, saxlamağa ixtiyarları yoxdur"
06 Mart 2017 Fikrət Fərəməzoğlu həbsinin gerçək səbəbini açıqladı
27 Fevral 2017 "Bəxtimiz gətirib ki, AzTV-ni xaricdə başa düşmürlər" - Qubad İbadoğlu
24 Fevral 2017 Ayaz Mütəllibov BƏYANAT YAYDI: "Güya mən demişəm ki,..."
24 Fevral 2017 “Azərbaycan səhiyyəsi Almaniya səhiyyəsindən çox inkişaf edib” - Baş həkim
19 Fevral 2017 İran işğalçı İrəvana yardım edən yeganə müsəlman ölkədir
14 Fevral 2017 “Probasiya Xidmətinin yaradılması çox yaxşı haldır” –Novella Cəfəroğlu
03 Fevral 2017 “Araz Əlizadə ağlını itirib”
27 Yanvar 2017 Sərdar Cəlaloğlu: “Bizim Cavanşir Quliyevə qarşı kinimiz yoxdur”
25 Yanvar 2017 “Tarix göstərir ki, yoxsullar və yaşayış təminatı zəif olanlar sabitliyi daha çox pozurlar”
17 Yanvar 2017 "Razılığa gəlsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər" - Məmmədyarov
09 Yanvar 2017 Oqtay Qasımov: “MHP-nin gələcək taleyi ilə bağlı ciddi suallar yaranacaq”
07 Yanvar 2017 “Rusiya dövlət quruluşu dağıla bilər”
06 Yanvar 2017 Adil Əliyevdən Aslan İsmayılova sərt ittiham: “Sumqayıt hadisələrində...”
26 Dekabr 2016 Hafiz Hacıyev: “Astan Şahverdiyev ermənilərlə qarışığı olan insandır”
24 Dekabr 2016 “Bəziləri kimi arvadımız erməni deyil deyə vəzifəyə gəlmirik” -ATMACA...
21 Dekabr 2016 ABŞ-dan Moskva bəyanatına – Reaksiya
16 Dekabr 2016 “Azərbaycanda siyasi mübarizə üçün normal mühit yoxdur”
12 Dekabr 2016 BAO Azərbaycan dövlətini İrana nota verməyə çağırdı
12 Dekabr 2016 Mədət Quliyev "reket jurnalist"lərin həbsinə münasibət bildirib
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.