Xəbər lenti

dedegunes.jpgŞamaxıda eyni adda kənd var -Dədəgünəş. Həmin kənddəki türbəsi 1602-1603-cü illərdə tikilib. Türbə iki otaqdan ibarətdir. Otaqların birində iki qəbir var. Türbənin üzərindəki kitabədə bu sözlər yazılıb: "Bu məqbərə mərhum, bağışlanmış, xoşbəxt, şəhid, möminlərin qulu, həqiqəti axtaran övliyalarının rəisi Dədəgünəş övladlarından Şeyx Məhəmməd ibn Dədəqulunundur".
Həmin kitabəyə görə, türbə Dədəgünəşin nəslindən Şeyx Dədəqulunun oğlu Şeyx Məhəmmədə məxsus olub.

 Rəvayətlərə görə, dərman bitkiləri ilə zəngin təbiəti və müalicə suları ilə məşhur olan Dədəgünəş kəndində orta əsrlərdə məşhur elm mərkəzlərindən biri yerləşib. Dədəgünəş XII əsrdə yaşayıb yaradan məşhur Azərbaycan şairi və mütəfəkkiri Əfzələddin Xaqaninin əmisi Kafiəddin Ömər ibn Osmanın ləqəbi olub.

Türbə hazırda ziyarətgah kimi istifadə olunur. Ağsu çayının sol sahilindən bir qədər aralı, dağətəyi ərazidədir. Kənd adını oradakı Dədəgünəş pirinin adından alıb. Yerli əhali bu piri Piri-Sultan Dədəgünəş adlandırır.

Bir başqa rəvayətə görə, Dədəgünəş quduzluğa tutulan xəstələri müalicə edirmiş. Odur ki, vəfatından sonra türbəsi müqəddəsləşdirilib. Zəngin təbiəti və müalicə suları ilə məşhur olan Dədəgünəş orta əsrlərdə məşhur elm mərkəzlərindən biri olub.

Moderator.az xəbər verir ki, Dədə Günəş şəxsiyyəti haqqında daha real fərziyyələr də irəli sürülüb. Burada onun hər hansı kəramət sahibi olması deyil, həddindən artıq savadlı bir həkim olduğu göstərilir.

Bir rəvayətə görə Şamaxının Məlhəm kəndində çox qədim zamanlarda olduqca bilikli bir həkim yaşayırmış. Onun hazırladığı məlhəmlər uzaq yerlərdən gələn xəstə insanları tezliklə və tamamilə müalicə edirmiş. Hətta bu məlhəmlər hələ o zaman geniş miqyasda xaricə satılmaq üçün də göndərilirdi, belə hesab edilir ki, Şamaxının yaxınlığında olan Məlhəm kəndi həmin həkimin məlhəmlərinin adı ilə adlandırılıb. O, günəşin şüalarının məlhəmlərin müalicəvi effektini artıra bilməsinə böyük əhəmiyyət verirdi. Rəvayətə görə bu alim dünyasını dəyişdikdən sonra onu yaşadığı yerin yaxınlığında olan günəşli bir təpədə dəfn ediblər. Həmin təpənin adı hələ indiyə qədər xalq arasında “Dədə Günəş” adlanır. Dədə Günəş sonralar ziyarətgaha çevrilmişdir. Məlhəm kəndinin yaxınlığında Ömər İbn Osman böyük bir tibb məktəbi yaratmışdır ki, orada həm gənc həkimlər hazırlanırdı, həm də həkimlər öz biliklərini təkmilləşdirirdilər. Bu tibb məktəbinin nəzdində xüsusi klinikalar, dərmanxanalar və laboratoriyalar var idi. Bu laboratoriyalarda xəstələrin müayinəsi ilə məşğul olurdular. Tibbin nəzəri fənlərindən anatomiya, fiziologiya, patologiya və gigiyenaya xüsusi yer verilirdi. Tibb məktəbinin nəzdində olan dərmanxanalarda müxtəlif xəstəliklərin müalicəsində işlədilən məlhəmlər ilə bərabər həblər, tozlar, plastrlar, dəmləmələr, şərbətlər, məcunlar da hazırlanırdı. Tibb məktəbinin yaxınlığında dərman bitkilərini becərmək üçün xüsusi sahələr də ayrılıb.
Sozcu.az

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.