Xəbər lenti

raminns.jpg
Sonolay.org saytının baş redaktoru, jurnalist Ramin Məhəmmədoğlu ataısnın həbsi ilə bağlı ölkə başçısına müraciət edib.

R. Məhəmmədoğlu Prezident İlham Əliyevə etdiyi müraciətində atasının həbsini özünün jurnalist fəaliyəti ilə əlaqələndirib. O bildirib ki, atasını həbs etməklə onu cəzalandırırlar.

Sozcu.az saytı Ramin Məmmədovun  müraciətini olduğu kimi təqdim edir:

"Möhtərəm Cənab prezident!

Düzü deyim ki, Sizə etdiyim saysız hesabsız müraciətlərimin cavabsız və nəticəsiz qalacağına heç inanmırdım. Hesab edirdim ki, bu qədər müraciətlərimin ən azından cavabı olacaq. Ancaq çox təssüf edirəm ki, bütün yazdıqlarım yalnız özümə qaldı.

Möhtərəm Cənab Prezident!

İnanın ki, əvvəldən bilmiş olsaydım dövlətin maraqlarını qoruduğum üçün başıma müsibətlər gələcək heç o qələti eləməzdim.Artıq hər şey gecdir. Mənim oduma 60 yaşlı, heç bir günahı olmayan atam yandı. Mənim jurnalist fəaliyyətimə görə, ixtiyar yaşlı atam Qurbanov Məhəmməd Rəşid oğlu şərlənərək həbs edildi. Sifarişli şəkildə. Atamın kimlər tərəfindən və nə üçün şərlənərək həbs olunması haqqda Sizə çox saylı müraciətlər edərək geniş məlumatlar vermişəm. Ona görə də təkirarçılıq etmək istəmirəm. Amma qısa da olsa demək istəyəirəm ki, atam mənim jurnalist fəaliyyətimdən dolayı, Ağcabədi rayon təhsilində mənimsənilən 897 min manat dövlət vəsaitini aşkara çıxardığım üçün icra başçısı Şahin Məmmədovun sifarişi ilə şərlənərək həbs edildi. Əslində hədəf mən idim. Onların mənə qarşı iyrənc əməlləri baş tutmadıqda atamı hədəf seçdilər. Atamın isə hümanistliyi, insanlığı, dosta inamı onların iyrənc məqsədlərinin həyata keçməsinə imkan yaratdı. Şahin Məmmədovun sifarişi ilə, bu sifarişi isə canla-başla Baş Prokurorluq, Korrupsiyaya qarşı Mübarizə İdarəsi böyük şövqlə öhdəsinə çəkdi və atam Qurbanov Məhəmməd Rəşid oğluna qarşı qanunsuz ittiham irəli sürərək Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə şərləyərək 03 (üç) il müddətində azadlıqdan mərhum etmə cəzasına məhkum etdilər.

Ümumiyyətlə, korrupsiyaya qarşı mübarizə idarəsi saxta ittiham irəli sürməkdə əvəzsiz bir quruma çevrildiyi heç kəsə sirr deyil. Heç bir məhkəmə və hakim onların ittihamını araşdırmır. Çünki hakimlər özləri də bu zəhrimar idarədən, onun əməkdaşlarından qorxub çəkinirlər. Elə ona görə də nə Şirvan Apellyasiya, nə Ali Məhkəmə işin hallarını düzgün qiymətləndirmədi. Atam barəsində çıxarılan qanunsuz hökmü qüvvədə saxladı. Bu isə illərlə mücadilə apararaq öz müstəqilliyini qazanmış demokratik ölkə olan Azərbaycanın beynəlxalq aləmdə qazanmış olduğu nüfuzuna zərbədir. Mən bunu əminliklə deyirəm ki, Azərbaycan adlı məmləkətdə ədalət mühakiməsi düzgün işləmir, məhkəmə hakimləri sifarişlə adam həbs edirlər. Artıq indi bütün ümüdlərimiz qalıb bir tək Allaha. Günahsız atam 8(səkkiz) aydır ki, Xəzər rayon, Binə qəsəbəsində 17 saylı Cəzçəkmə Müəssisəsində cəza çəkir. Mənim və atamın bir tək günahımız odur ki, Ağcabədi rayonunda mənimsənilmiş 897 min manat dövlət vəsaitini aşkara çıxarmışam. Bu isə bizim cinayətimizdir. Buna görə atam günahsiz yerə cəza çəkir.

Cənab Prezident!

Sizdən çox xahiş edirəm günahsiz atamın həbsdən azad olmasına köməklik edin. Mən söz verirəm ki, bir daha belə qələtlər etməyəcəm. Gözümü kor, dilimi lal edib susacağam".

Ramin Məhəmmədoğlu,
Sonolay.org -un baş redaktoru

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.