Xəbər lenti

akiftagii.jpgSabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. 

Prosesdə zərərçəkənlərin dindirilməsi mərhələsi başlayıb. Əldə etdiyimiz məlumata görə, bu həftə keçiriləcək prosesdə Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov ifadə verəcək. T.Əhmədov Akif Çovdarovun üzünə qarşı ondan 3 milyon manat alınması epizodu haqda danışmalı, pulu geri tələb etməlidir. Tağı Əhmədovun adının “MTN işi”nə qarışması haqda bilgilər yeni deyil. Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə şahid qismində dindirilmiş bəzi MTN əməkdaşlarının ifadələri məlum olub. 

Şahid qismində dindirilmiş MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin 3-cü İdarəsinin sabiq rəisi Rəsul Mösüm oğlu Rəsulov ifadəsində göstərib ki, MTN-də 6-cı Baş idarəsinin tərkibində olan Nəqliyyat idarəsində rəis müavini işləyərkən 6-cı Baş idarənin rəisi Akif Çovdarov ona bildirib ki, Bakı Metropoliteninin rəisi Tağı Əhmədova MTN-nə avtomaşın alınması ilə bağlı imkanı daxilində kömək etməsi barədə onun sözünü çatdırsın. O da Akif Çovdarovun bu sözlərini Tağı Əhmədova görüşdə çatdırıb, Tağı Əhmədov isə deyib ki, imkanı yoxdur. 

Tağı Əhmədovla Hüseyn Cavid parkında cəmi bir dəfə görüşüb, həmin görüşün təşəbbüskarının onun, yaxud Tağı Əhmədov olmasını dəqiq xatırlamır. Lakin onu bilir ki, o vaxta qədər onun Tağı Əhmədovla bir neçə dəfə telefon danışıqları olub. Tağı Əhmədov işdən çıxdıqdan sonra Bakı Metropoliteni ilə əlaqədar şikayətlər barədə ona öz narahatlığını bildirib və bu telefon danışıqlarının birində onlar Hüseyn Cavid parkında görüş təyin edib görüşüblər.

Həmin görüş təxminən 5-10 dəqiqə çəkib. Görüşdə Tağı Əhmədova bildirib ki, həmin şikayətlər və Bakı Metropoliteninin əməliyyat təminatı sahəsi onun rəisi olduğu idarəyə aid deyil. O, Tağı Əhmədova hər hansı köməklik göstərə bilməyəcəyini deyib və sağollaşıb. Nə öz adından, nə də Akif Çovdarovun adından Tağı Əhmədovdan heç bir məbləğdə pul istəməyib, ümumiyyətlə, hər hansı məbləğ barədə razılaşmayıb.

Həmçinin, Akif Çovdarovun Tağı Əhmədovdan və yaxınlarından hər hansı məbləğdə pul alıb-almamasından məlumatı olmayıb. Bundan başqa o, Tağı Əhmədova onun hakim işləyən oğlu Rauf Əhmədov barəsində heç nə deməyib, ümumiyyətlə Rauf Əhmədovun MTN-in nəzarət-buraxılış məntəqəsinə gəlməsini, gəlməyəcəyi təqdirdə onun başına torba salınıb qara maskalılar vasitəsilə nazirliyə gətirdəcəyi barədə heç bir söz deməyib. 

“Bildiyimə görə, həmin vaxtlar əməkdaşı olduğum Baş idarənin Nəqliyyat idarəsi tərəfindən Bakı Metropolitenində müəyyən əməliyyat tədbirləri həyata keçirilib, bəzi Metropoliten işçiləri MTN-ə dəvət olunub, orada izahatları alınıb. Lakin mən heç vaxt bu məsələlərə qarışmamışam, çünki bu mənim səlahiyyətlərim daxilində deyildi. Tağı Əhmədovla telefon danışıqlarımız onun oğlu Raufa görə narahatlığı ilə əlaqədar olub. 

Bundan başqa, Tağı Əhmədovla Akif Çovdarov arasında olan pul məsələsindən məlumatım olmayıb, Akif Çovdarov pulla bağlı Tağı müəllimə söz çatdırmaq barədə mənə heç bir göstəriş verməyib, Akif Çovdarovun Tağı Əhmədovdan 3 milyon manat məbləğində pul tələb edib almasından, həmçinin Tağı Əhmədovun qardaşı oğlu Şövqü Xeyrulla oğlu Əhmədovun və Elşən Namiq oğluTağıyevin 11 aprel 2014-cü il tarixdə MTN-ə dəvət edilib orada qanunsuz saxlanılmaları və döyülmələrindən xəbəri olmayıb”, - deyə o ifadəsində qeyd edib. 

Lakin istintaq belə qənaətə gəlib ki, Rəsul Rəsulov qeyri-səmimilik nümayiş etdirib, yaxın münasibətlərdə olduğu Akif Çovdarovu müdafiə xarakterli ifadə versə də, onunla zərərçəkmiş şəxs Tağı Əhmədov arasında keçirilmiş üzləşdirmə zamanı Tağı Əhmədovun ifadəsini onun üzünə qarşı təsdiq etməsi ilə Rəsul Rəsulovun işin hallarına zidd ifadə verməsi müəyyən edilib. Şahid qismində dindirilmiş Nurxan Aslan oğlu Atakişiyev isə ifadəsində göstərib ki, 2014-cü ilin mart-aprel aylarında “Land Rover Discovery” markalı nəqliyyat vasitəsini idarə edərək sürücüsü olduğu Akif Çovdarovla birlikdə Ruslan Əhmədov və Əli Əhmədov adlı şəxslərlə görüşməyib. 

Ümumiyyətlə, Ruslan Əhmədov (Tağı Əhmədovun oğlu) və Əli Əhmədov (Tağı Əhmədovun qardaşı oğlu) adlı şəxsləri tanımır, onlarla heç vaxt heç bir tanışlığı, ünsiyyəti olmayıb. İdarə etdiyi “Land Rover Discovery” markalı nəqliyyat vasitəsinin yük yerinə qara rəngli idman çantasında 3.000.000 manat pulun onun iştirakı ilə qoyulması, onun Əli Əhmədovla kənarda gözləməsi, Ruslan Əhmədovun “Land Rover Discovery” markalı maşına əyləşərək Akif Çovdarovla söhbət etməsini xatırlamır. Ümumiyyətlə, Akif Çovdarovla arasında həmişə “pərdə” olub, sonuncu öz işləri barədə heç vaxt onunla heç bir söhbət etməyib.  

İstintaq Nurxan Atakişiyevin də ifadəsində qeyri-səmimilik nümayiş etdirdiyi qənaətinə gəlib, Akif Çovdarovu müdafiə xarakterli ifadə versə də, onunla şahid Əhmədov Əli Xeyrulla oğlu arasında keçirilmiş üzləşdirmə zamanı Əli Əhmədovun ifadəsini onun üzünə qarşı təsdiq etməsi ilə Nurxan Atakişiyevin işin hallarına zidd ifadə verdiyi ortaya çıxıb. Şahid qismində dindirilən, ləğv olunmuş MTN-in Energetika və nəqliyyat sahələrində təhlükəsizlik baş idarəsinin 3-cü idarəsinin 2-ci şöbəsinin sabiq əməliyyat müvəkkili Rüfət Zülfüqar oğlu Bağırov ifadəsində göstərib ki, Tağı Əhmədovun qardaşı oğlu Şövqü Əhmədovu MTN-in əsas girişində, komendaturada görüb. Həmin vaxt işlədiyi baş idarənin 2-ci idarəsinin rəisi Akif Əliyev ondan Şövqü Əhmədovdan izahat alınmasına köməklik göstərməsini xahiş edib. 

O da xidməti otağından çıxıb komendaturaya gəlib, orada Şövqü Əhmədovu görüb. Şövqü Əhmədovun yanında olan 3-cü idarənin 2-ci şöbəsinin rəis müavini Orxan Osmanov ona Şövqüdən izahat almağı tapşırıb. Orxan Osmanov ona deyib ki, ümumi suallar versin, daha sonra özü əlavə suallar verəcək. Otaqda videokamera da quraşdırılıb, onun işləyib-işləmədiyini dəqiq bilməyib. Orxan Osmanov hərdən otağa daxil olub Şövqüyə suallar verib, onun sualları əsasən metrodakı ticarət obyektləri barədə olub. Özü məsələnin mahiyyətini bilmədiyi üçün sualları əsasən Orxan Osmanov, bir də metropolitenin kuratoru Tural Rzayev verib. R.Bağırov bildirib ki, Orxan Osmanov onun yanında Şövqü Əhmədovun sifət nahiyəsinə bir neçə dəfə şillələr vurub, daha sonra otaqdan çıxıb, bir müddət sonra qayıdıb yenidən vurub. 

“Hətta bir dəfə Orxanı otaqdan çıxarıb, ona döymək lazım olmadığını dedim. Otaqda olmadığım müddətdə Şövqünün başqa əməkdaşlar tərəfindən döyüldüyündən xəbərim yoxdur. Yalnız Orxan Osmanovun Şövqüyə şillə vurduğunu görmüşəm. İdarə rəisi Akif Əliyev bir dəfə otağa gəlib Şövqüyə bir neçə sual verib getdi. Suallar metroda ticarət obyektlərindən yığılan pulların Tağı Əhmədov tərəfindən mənimsənilməsi barədə idi. Şövqü Əhmədov əmisinin əleyhinə ifadə vermədikdə Orxan Osmanov onu vururdu. İzahatı alındıqdan sonra isə buraxıldı”, - deyə o bildirib.

Məhkəmədə Tağı Əhmədovla yanaşı onun oğlu, qardaşı oğlu və iş üzrə digər şəxslər də ifadə verəcəklər.(musavat.com)

 

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.