Xəbər lenti

erkqalasi.jpg
Baxımsızlıq ucbatından dağılmaq təhlükəsi ilə üz-üzə qalan Təbrizin tarixi və əzəmətli Ərk Qalası rejim tərəfindən müxtəlif bəhanələrlə tədricən sıradan çıxarılır.

Son günlərdə mətbuatda Qalanın yaxınlığında parking tikmək məqsədi ilə ağır texnikanın işlədiyi barədə geniş məlumat yayılıb. Bundan sonra yerli əhali tarixi Qalanın məhv edilməsi ilə bağlı sosial şəbəkələrdə sərt xəbərdarlıq etdilər, bu məsələ günlərlə kütəvi informasiya vasitələrinin gündəmini təşkil etdi. Etirazlar geniş vüsət aldıqdan sonra Ərk Qalası ətrafında nəzərdə tutulan layihənin icrası dayandırıldı.

Məsələyə münasibət bildirən Təbriz Şəhər Şurasının üzvü tarixi abidələrlə bağlı Mədəni İrs Təşkilatının qanunlarına işarə edib. “Mədəni İrs Təşkilatının qanunlarına görə hər bir tarixi abidənin ətrafında sahəsi 150 kvadrat metr (metr-i murəbbə) olan ərazi olmalıdır. Ona görə də, 15 metr radiusa qədər tarixi abidənin kənarından avtomobil keçə bilməz. Çox təəssüflər olsun ki, bu qanun Ərk Qalası haqda keçərli deyil. Hazırda əhalinin bu məsələyə həssas olması, həmçinin yerli məsullar və mətbuatın səyi nəticəsində tarixi Qalanın ətrafında parking tikintisi işləri dayandırılıb, lakin sözügedən layihənin icrası davam edərsə, bu, Mədəni İrs Təşkilatının qanunları çərçivəsində olmalı və tarixi Qalaya ziyan vurulmamalıdır”- deyə Əli Şiyari “Təsnim” xəbər agentliyinin müxbiri ilə danışıqda bildirib.

“Ərk Qalası kimi tarixi abidələri qorumaq, Təbrizin kimliyini qorumaq deməkdir. Doğrudur, abidə şəhərin mərkəzində yerləşdiyinə və Müsəlla ilə qonşu olduğuna görə çox gedişli-gəlişli bir məkanda yerləşir və belə yerlərdə parkingə ehtiyac var. Lakin heç bir halda Ərk Qalası kimi bir tarixi abidəyə ziyan vurmaq olmaz. Üstəlik, Təbriz şəhəri İslam Ölkələrinin 2018-ci ildə turizm paytaxtı kimi seçilib. Ona görə də, məsullar Təbrizin tarixi abidələrinə daha çox həssas olmalı və onları qorumalıdırlar” - deyə  vurğulayıb.

Qeyd edək ki, tarixi Ərk Qalası Elxani hökmdarları Sultan Xudabəndənin və Əbu Səidin vəziri olmuş Tacəddin Əlişahın göstərişi ilə hicri-qəməri təqvimi ilə 716-724-cü (miladi 1338-1345-ci) illərdə tikilib. Qacarlar dövrünə qədər Ərk qalası dövlət qəsri kimi istifadə edilib, sonralar isə Səttarxan, Bağırxan və digər Təbriz mücahidlərinin sığınacaqlarından biri olub. Ərk qalası bir dəfə zəlzələdən, bir dəfə də çar Rusiyası ordusunun hücumundan ağır xəsarət alıb.

İki Elxani hökmdarının vəziri olan Əlişahın göstərişi ilə 1338-1345-ci illər arası tikilmiş Ərk qalası (başqa adla Əlişah qalası) Təbrizin əsrlər boyu simvolu olmaqla yanaşı, adı kimi ərkin təbrizlilərin dözüm iradə qalası olub. Qala tikildiyi dövrdən bəri hərbi və mülki qərargah kimi istifadə edilərək şanı bütün İranı bürümüşdü. Hətta XX əsrin əvvəllərində bu qala “Məşrutə hərəkatı”nın da istehkam qalalarından sayılırdı. Ərk qalası tikildiyi gündən əsrlər keçsə də, heç zaman əzəmətini itirməmişdi, hətta bir dəfə güclü zəlzələdən öz nəsibini alsa da ayaq üstdə qalmış, bir dəfə isə rus əsgərlərinin topları qarşısında dim-dik dayanmışdı. Amma arxiv fotolarına baxanda məlum olur ki, ərkin, dözümlü qala tarixin sınaqlarından sağ çıxsa da, XX əsrdə Qacarlar sülələsindən sonrakı dövrlər – Pəhləvi xanədanlığı və teokratik rejim zamanı ona qarşı edilən zorakılıqlardan taqətsiz qalmış, dağıdılmışdı. Hər dəfə “yenidən bərpa etmə” adı ilə qala dağıdılmış, əzəmətindən indiyə sadəcə bir divarı qalmışdı. XX əsrin əvvəllərinə aid bir fotoda görünür ki, Ərk qalası dörd qalın divarla örtülmüş əzəmətli istehkamdır. Sonrakı on illikdə qala “restavrasiya” bəhanəsi ilə hər tərəfdən əhatəyə alınmış və arxa divarı tamamilə uçurdularaq bərbad hala salınmışdır. 1967-ci il arxiv fotosuna baxdıqda isə Ərk qalası üç divarıyla yenə möhtəşəm görünür. Fotoda qalanın sol divarında qala başına çıxmaq və şəhəri yüksəklikdən görmək üçün enli pilləkanın olduğu görünür. Bundan əlavə qalanın qarşısı bağ və böyük hovuzla bəzənir. Amma sonrakı fotolarda bu detallar yoxdur. Niyə? Çünki 70-ci illərdə qala yenidən “bərpa edilib”. Yəni qalanın yan divarları da dağıdılıb, qala başına qalxan pilləkan sökülüb, qalanın qarşısındakı bağ və hovuz qeyb olub. Təbii ki, bu “restavrasiya”ların məqsədi aydındır – Ərk qalası Təbrizin inqilabi ruhudur, bunu nəinki təbrizlilər, bütün İran bilir.

 Ərk qalasının fotolarında görünməyən qara bəxtli bir mədəniyyət abidəsi də var idi: Təbriz Opera binası. Bu bina Ərk qalasının təqribən 30 m uzaqlığında, Sovetlər zamanı tikilmişdi. Təbriz Opera binası Bakı Opera və Balet teatrının bir kopyası idi. İranda İslam İnqilabından sonra bu Opera binası partladıldı, yerlə yeksan edildi. Onun üzərində isə indi həddindən artıq böyük bir məscid tikilib. Hansı ki, bu məscidin qapıları həftədə sadəcə bir gün Cümə namazı üçün açılır. Güneyli aydınların fikrincə dini rejim bu addımla bir daşla iki quş vurmaq istəyirdi və bunu bacardı:

1. Nəinki Təbrizdə, İranın heç bir şəhərində tayı-bərabəri olmayan bir mədəniyyət abidəsini dağıtmaqla təbrizlilərin akademik musiqi həvəsinin qarşısını almaq.

2. Onun yerində həddən artıq böyük məscid tikməklə Ərk qalasının hər tərəfdən əzəmətli görünürlüyünü kiçiltmək.

Əvvəllər Təbrizin bir çox yerindən baxdıqda böyük əzəmətli Ərk qalası görünürdüsə, indi o, Cümə məscidinin arxasında gizlənib sanki, artıq diqqəti çəkmir. Bu isə şüurlu “restavrasiya”nın nəticəsidir. Bundan əlavə Ərk qalasının arxasında təzəlikcə qalaya az qala bitişik anbar tikilib. Yerlilərin dediyinə görə məqsəd qalanı hər tərəfdən mühasirəyə almaqdı. Qalanın özündə isə yenidən “restavrasiya” işləri başlayıb.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.